13 Mart 2019 02:56
537
SİYASƏT
A- A+

Həyata keçirilən sosial siyasət insanların güzəranını yaxşılaşdırır


Daim insanları düşünən və onların güzəranlarının yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirən Prezident İlham Əliyevin son iki ayda imzaladığı sərəncamlar onun hər zaman ölkə vətəndaşlarının yanında olduğunu bir daha sübut etdi. Tələbədən tutmuş təqaüdçüyədək hamıya qayğı göstərilir. Şəhid ailələrinə verilən birdəfəlik yardımlar insanlarda ruh yüksəkliyi yaratmaqla onlarda vətənpərvərlik hissini daha da gücləndirdi. Bunlar vətəndaşlarda böyük razılıq doğurdu.

Sakinlərlə söhbət zamanı bunu onların öz dillərindən də eşitdik. İlk müsahibimiz Azərbaycan Dövlət Aqrar Universitetinin professoru, kənd təsərrüfatı elmləri namizədi Firudin Cəfərov oldu. O dedi ki, əhalinin sosial müdafiəsi ilə bağlı qəbul olunmuş qərarlar dövlət başçısının sosial siyasətinin başlıca istiqamətlərindəndir. Şəhid ailələrinin, əlil olmuş şəxslərin, eləcə də qaçqın və məcburi köçkünlərin mənzillərlə təmin olunması, müharibədə əlil olmuş şəxslərə avtomobillərin verilməsi, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı 11 min manat birdəfəlik yardımın verilməsi və digər bu kimi addımlar dövlət başçısının həyata keçirdiyi sosial siyasətin mühüm tərkib hissəsidir. Bu o deməkdir ki, Azərbaycan Prezidentinin sosial siyasətinin mərkəzində ölkə vətəndaşları dayanır.

Şabər Bəşirov Kəlbəcər sakinidir. O, Gəncədəki məcburi qaçqın və köçkünlər üçün salınmış qəsəbədə məskunlaşıb. Kəlbəcər uğrunda gedən döyüşlərdə vuruşub, odun-alovun içindən keçib. Qardaşı Hafiz Bəşirov Kəlbəcərin Narınclar kəndi uğrunda gedən döyüşdə şəhid olub. Rayon işğal olunanda Göygöl rayonuna pənah gətirərək Gəncə Dövlət Universitetinin tələbə yataqxanasında məskunlaşıb. Sonra Gəncədə məcburi köçkün ailələri üçün salınmış qəsəbədə ailəsinə ikiotaqlı mənzil veriblər. Söhbət zamanı Şabər dedi ki, indi hər cür şəraiti olan evimiz var. Dolanışığımız da pis deyil. Var olsun dövlətimiz. Hər ay təqaüd alırıq. Bu yaxınlarda Prezident təqaüdü artıraraq 300 manata çatdırdı. Bundan başqa, 11 min manat birdəfəlik yardımdan da yararlanacağıq.

Şabər Bəşirov bir məsələyə də toxundu. Dedi ki, ölkəmiz gündə-günə inkişaf edir. İqtisadiyyatımız yüksəldikcə həyat tərzimiz də yaxşılaşır. Prezidentin siyasi iradəsi və gərgin əməyi sayəsində yeni müəssisələr açılır, insanların məşğulluğu təmin edilir. İndi Azərbaycan 20 il əvvəlki Azərbaycan deyil. İqtisadiyyatımız inkişaf etdikcə ordumuz da güclənir, vətənpərvərlik hissi yüksəlir. Ən müasir silahlarla təmin olunmuş Azərbaycan Ordusu işğalda olan torpaqlarımızı azad etməyə qadirdir. Bəs, görəsən, bəzi müxalif qüvvələr niyə bu inkişafa xor baxırlar?! Nə üçün uğurlarımıza sevinmək əvəzinə Azərbaycanı gözü götürməyən xarici havadarlarına qoşulub ölkəmizin əleyhinə fəaliyyət göstərirlər?! Belələri bilməlidirlər ki, ölkə rəhbərinin arxasında xalq dayanıb. Xalq ağı qaradan seçməyi bacarır. Xalq əmin-amanlıq yaradan, onun sosial vəziyyətini gündən-günə yaxşılaşdırmağa yönələn qərarlar qəbul edən Prezident İlham Əliyevi dəstəkləyir.

Sənan Hacıyev Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbəridir. Bu sahədə böyük təcrübəsi var. Deyir ki, işindən həmişə zövq alıb. İndi Nizami yurdu sanki muzeylər şəhərinə çevrilib. Şəhərə gələn xarici və yerli turistlərə göstərməyə çox sayda mədəniyyət obyektləri var. Bütün bunların çoxu son 15 ildə qazanılan uğurların nəticəsidir. Xüsusilə dövlət başçısı İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində şəhərimiz durmadan inkişaf edib, çoxlu sayda yeni mədəniyyət obyektləri istifadəyə verilib. Bu inkişafın nəticəsidir ki, bir çox beynəlxalq tədbirlərə də evsahibliyi edir. Xarici qonaqlar yenidən qurulan Nizami Gəncəvi məqbərəsini, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh müzeylərini böyük maraqla ziyarət edirlər.

Gəncədə aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində tarix-memarlıq abidələri də əsaslı şəkildə təmir edilmiş, yeni mədəniyyət obyektləri yaradılmışdır. Ölkə rəhbərinin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə Nəriman Nərimanov parkı yenidən qurulmuş, Gəncə çayı sahilində "Xəmsə” memarlıq kompleksi, Dövlət bayrağı meydanı yaradılmış, Cavad xan küçəsində yenidənqurma işləri aparılmış, "Çökək hamam” tarixi-memarlıq abidəsində təmir-bərpa işləri görülmüşdür. Bundan başqa, "Zərrabi”, "Şərəfxanlı” abidələri əsaslı şəkildə təmir edilmiş, Heydər Əliyev park kompleksi, Gəncə Qoşa Qala Arxeologiya və Etnoqrafiya Muzey abidə kompleksi, Gəncə çayının sağ sahil boyu park-bulvar kompleksi, Miniatür Kitab Muzeyinin filialı, Avropa Gənclər Paytaxtı parkı və Gəncə Dövlət Filarmoniyasının yeni binası istifadəyə verilmişdir.

Bu günlərdə dövlət başçısı İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın mədəniyyət xadimləri ilə keçirdiyi görüşdə də mədəniyyət və incəsənət sahəsində əldə olunan uğurlar və qarşıda duran vəzifələrlə bağlı müzakirələrin aparılması bir daha sübut etdi ki, ölkə rəhbəri respublikamızın bütün sahələri ilə maraqlanır. Görüşdə Prezident

İlham Əliyev qaldırılan bütün məsələlərin həll ediləcəyini, belə görüşlərin müntəzəm keçirilməsinin vacibliyini bildirdi. Hamı bir daha əmin oldu ki, Prezident və ölkənin birinci xanımı Azərbaycan mədəniyyətinin inkişafı və təbliği üçün əllərindən gələni edirlər.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video