12 Mart 2019 12:06
663
İQTİSADİYYAT
A- A+

“Qazprombank”ın Azərbaycana investisiya imkanlarına dair biznes-seminar keçirilib


Martın 12-də Bakıda İqtisadiyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan-Rusiya İşgüzar Şurası və Rusiyanın "Qazprombank”ının birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikası investisiya layihələrinin həyata keçirilməsi yolunda: "Qazprombank”ın imkanları” mövzusunda biznes-seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olan Azərbaycan-Rusiya əlaqələrinin strateji səviyyədə olduğunu, dövlət başçılarının ölkələrimiz arasında əlaqələrin inkişafına xüsusi önəm verdiklərini vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan və Rusiya prezidentləri ötən il 6 dəfə görüşüb, Prezident İlham Əliyev Rusiyaya 3 dəfə səfər edib, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin isə IX Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib. Dövlət rəsmilərinin və iş adamlarının çoxsaylı qarşılıqlı səfərləri əlaqələrin daha da genişlənməsinə verilən böyük önəmin göstəricisidir.

Nazir qeyd edib ki, təkcə son 10 ildə hər iki ölkə sahibkarlarının iştirakı ilə 60-dan çox tədbir keçirilib. Bu ilin fevralında Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin ölkəmizə səfəri çərçivəsində Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın "Azərmaş” şirkətinin Rusiyanın "Qorki Avtomobil Zavodu” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının fəaliyyəti iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.

"Ümumilikdə, hazırda Azərbaycanda Rusiya kapitalı 700-dək müəssisə sənaye, tikinti, ticarət, xidmət, bank, sığorta, İKT, nəqliyyat, kənd təsərrüfatı və sair sahələrdə uğurla fəaliyyət göstərir. İndiyədək Rusiya tərəfi Azərbaycan iqtisadiyyatına 4,2 milyard dollar investisiya qoyub. Azərbaycanın Rusiyaya yatırdığı investisiyaların həcmi 1 milyard dollardan çoxdur”, - deyə nazir əlavə edib.

Ş.Mustafayev diqqətə çatdırıb ki, Azərbaycan və Rusiya arasında bir çox sahələrdə, o cümlədən enerji, nəqliyyat-tranzit, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivli istiqamətlərdir.

Vurğulanıb ki, Azərbaycan-Rusiya əməkdaşlığının vacib istiqamətlərindən biri də ticarət əlaqələridir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və qeyri-neft məhsullarının ixracına görə birinci yeri tutur. Təkcə 2018-ci ildə Rusiya ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20 faizədək artaraq 2,55 milyard dollar təşkil edib. Hazırda qarşılıqlı ticarət əlaqələrinin daha da artırılması və şaxələndirilməsi üçün bir sıra tədbirlər görülür.

İqtisadiyyat naziri birgə reallaşdırılan layihələrin ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini, "Qazprombank”ın ölkəmizdə uğurla fəaliyyətini qeyd edib. Bildirib ki, "SOCAR Polymer” zavodunun tikintisinin birgə maliyyələşdirilməsi SOCAR və "Qazprombank” arasında uğurlu əməkdaşlığın nümunəsidir. "Qazprombank”la, həmçinin "Azərikimya” zavodunun modernləşdirilməsi layihəsi üzrə kredit sazişi imzalanıb: "Azərbaycan Rusiyanın "Qazprombank” SC ilə ölkə iqtisadiyyatının digər sahələrində də əməkdaşlıq etməkdə, eləcə də aqrar-sənaye kompleksinin, kiçik və orta biznesin bankın imkanlarından yararlanmasında maraqlıdır”.

Ş.Mustafayev bildirib ki, ötən ilin dekabrında Moskvada Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 17-ci iclası çərçivəsində "Qazprombank”ın rəhbərliyi ilə keçirilmiş görüşdə biznes-seminarın təşkili barədə razılığa gəlinib: "Bugünkü tədbirdə ikitərəfli maliyyə əməkdaşlığının istiqamətləri, "Qazprombank”ın layihələrin maliyyələşdirilməsi təcrübəsi və perspektivləri, aqrar-sənaye sahəsində investisiya layihələrinin maliyyələşdirilməsi təcrübəsi, bankın dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində infrastruktur layihələrinin reallaşdırılması imkanları, kapital bazarlarının qarşılıqlı əlaqələrinin genişləndirilməsi kimi mövzularda müzakirələr aparılacaq”.

"Qazprombank”ın idarə heyəti sədrinin müavini Famil Sadıqov təmsil etdiyi maliyyə qurumunun Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib. O, "Qazprombank”ın Azərbaycandakı fəaliyyəti barədə məlumat verib, SOCAR-la uğurla əməkdaşlıq edildiyini, bankın bundan sonra da Azərbaycandakı layihələrdə fəal iştirak etməkdə maraqlı olduğunu vurğulayıb, etibarlı tərəfdaş kimi tanınan Azərbaycanla əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb.

F.Sadıqov qeyd edib ki, hazırda "Qazprombank” Azərbaycanda kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə layihələr üzrə əməkdaşlıq imkanlarını araşdırır.

Azərbaycan-Rusiya İşgüzar Şurasının idarə heyətinin sədri Səməd Qurbanov "Qazprombank”ın Azərbaycanda uğurlu fəaliyyətini vurğulayıb, biznes seminarın əhəmiyyətini qeyd edərək şuranın ikitərəfli iqtisadi əlaqələrin inkişafında bundan sonra da fəal iştirak edəcəyini diqqətə çatdırıb.

Biznes-seminarda "Qazprombank”ın birinci vitse-prezidenti Aleksey Çiçkanov "Qazprombank”ın Azərbaycanda dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində infrastruktur layihələrinin həyata keçirilməsində təcrübəsi və imkanları”, bankın icraçı vitse-prezidenti Pavel İsayev "Rusiya və Azərbaycanın kapital bazarlarının qarşılıqlı əlaqəsi: əməkdaşlıq perspektivləri”, bankın layihə şöbəsinin müdir müavini Vyaçeslav Oxotin "Azərbaycanda layihələrin maliyyələşdirilməsi təcrübəsi və perspektivləri”, bankın Maliyyələşdirmə İdarəsinin rəhbəri İqor Blandin "Rusiya və MDB ölkələrində kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsində "Qazprombank”ın təcrübəsi”, bankın təhlil şöbəsinin müdiri Gülnarə Xaydarşina "Azərbaycan və Rusiyanın iqtisadiyyatı: əməkdaşlığın inkişafı üçün imkanlar” mövzusunda məruzələrlə çıxış ediblər.

Biznes-seminarda "Qazprombank"ın fəaliyyəti barədə videoçarx nümayış olunub, əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb.

Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 100-dən çox sahibkar iştirak edib.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video