10 Mart 2019 01:20
425
SİYASƏT
A- A+

99 illik şərəfli yol


Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz fəaliyyətində daim humanizm prinsiplərinə sadiq qalmışdır


Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranmasının 99-cu ili tamam olur. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində, 1920-ci ilin martın 10-da Fətəli Xan Xoyski və general Əliağa Şıxlinskinin təşəbbüsü ilə təsis edilən cəmiyyət ilk gündən humanizm ideallarına sadiq qalmış, məqsəd və prinsiplərinə uyğun olaraq şərəflə fəaliyyət göstərmişdir. Prezident İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamı ilə cəmiyyətin yarandığı gün - martın 10-u Azərbaycan Respublikasında Qızıl Aypara Günü kimi qeyd olunur.

Ümumiyyətlə, çağdaş dövrümüzdə müxtəlif ölkələrdə humanitar missiya daşıyan, o cümlədən xeyriyyəçilik dəyərlərini özündə təcəssüm etdirən bu təşkilatlar istiqamətdə fəaliyyət göstərir. Bunların arasında ən qədimi isə dünyanın hər yerini əhatə edən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatıdır. Hərəkatın banisi və qurucusu isveçrəli tacir, sülh üzrə ilk Nobel mükafatçısı Anri Dünandır.

1859-cu ildə Anri Dünan İtaliyanın şimalına, italyanların və fransızların avstriyalılara qarşı döyüş meydanının yanından keçərkən o, təsadüfən Solferino döyüşündə yaralanmış əsgərlərin arasına düşür və gördükləri onu dəhşətə gətirir. Bu barədə 1862-ci "Solferino xatirələri” adlı kitab yazır. Amma bununla kifayətlənmir və bütün dövlətlərin müharibə qurbanlarını qoruyacaq bir sazişin imzalanması ideyasını irəli sürür. "Niyə müharibə zamanı yaralılara yardım göstərən və ya yardımı təşkil edən, onların qayğısına qalan könüllü cəmiyyətlər yaradılmasın” - deyən Dünan 1863-cü ildə öz dostları ilə birlikdə bütün dünyada yaralılara yardım göstərəcək təşkilat yaratmaq qərarına gəlir. Beləliklə, dünyada ilk humanitar təşkilat olan Beynəlxalq Qızıl Xaç Cəmiyyəti yaranır. A.Dünanın anadan olduğu gün - may ayının 8-i onun şərəfinə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günü kimi qeyd olunur.

Artıq 11-ci ildir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yarandığı gün də respublikamızda təntənə ilə qeyd olunur. Çox fərəhli haldır ki, təşkilatımızın fəaliyyətinə cənab Prezident İlham Əliyev həmişə xüsusi diqqətlə yanaşır və qiymətləndirir. Bunu indiyədək dövlət başçısının cəmiyyətimizlə bağlı imzaladığı fərman və sərəncamlar, təşkilatın fəaliyyəti ilə bağlı qanunvericilik bazasının yaradılması da təsdiq edir.

Öncə onu qeyd edim ki, 1920-ci ildə mart ayının 10-da AzQAC-ın yaranması xalq tərəfindən çox müsbət qarşılanmışdır. Cəmiyyət yarandığı vaxtdan ölkəmizin sosial qayğılarının bir hissəsini öz üzərinə götürərək, humanitar problemlərin həllində fəal iştirak etmişdir. General-leytenant Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Şıxlinskaya birinci dünya müharibəsi zamanı şəfqət bacısı kimi hərbi xəstəxanalarda yaralılara qulluq etmişdir. Məhz Nigar Şıxlinskaya AzQAC-ın "Şəfqət xidməti”nin banisi olmuşdur.

Lakin 1920-ci ilin aprel çevrilişindən sonra AzQAC-ın fəaliyyəti məhdudlaşdırılıb və ona məxsus olan bütün əmlak alınaraq dövlətə təhvil verilmişdir. 1922-ci ilədək Azərbaycanda formal olaraq Rusiya Qızıl Xaç Cəmiyyətinin nümayəndəliyi fəaliyyət göstərmişdir. 1922-ci ilin oktyabr ayından Azərbaycan Xalq Komissarları Şurasının qərarı ilə yenidən AzQAC formalaşıb və 1991-ci ilədək Ümumittifaq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyinin üzvü kimi humanitar fəaliyyətini davam etdirmişdir. Bu milli cəmiyyət sovet hakimiyyəti illərində də bir sıra uğurlar qazanmışdı. Xalqımızın çətin məqamlarında çeviklik və həssaslıq nümayiş etdirən cəmiyyət vaxtilə geniş yayılmış vərəm, vəba, difteriya və digər yoluxucu xəstəliklərin qarşısının alınmasında nəzərəçarpan rol oynamışdır. Bu sırada İkinci Dünya müharibəsi zamanı Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən təşkil edilmiş şəfqət bacıları kurslarını xüsusi olaraq qeyd etmək lazımdır. Qızıl Aypara Cəmiyyətinin şəfqət bacılarının II Dünya müharibəsi illərində yaralı əsgərlərimizə göstərdikləri fədakar və qayğıkeş xidmət ordunun döyüş qabiliyyətinin yüksəlməsinə və faşizm üzərində qələbənin əldə olunmasına mühüm töhfə vermişdir. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının ən yüksək mükafatı - "Florens Nayntingel” medalı ilə təltif olunanlar sırasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin şəfqət bacılarının da olması vətəndaşlarımızın qəlbində qürur hissi doğurur. Bu günə kimi 12 belə tibb işçimiz bu medala layiq görülüb.

1991-ci ildən AzQAC-ın fəaliyyətində yeni mərhələ başlayır. Belə ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra milli cəmiyyət də müstəqil fəaliyyətini elan etmiş və Ümumittifaq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyinin tərkibindən çıxmışdır.

Ötən əsrin 90-cı illərinin əvvəlləri Azərbaycanda təlatümlü dövr idi. Bir tərəfdən torpaqlarımız işğala məruz qalır, digər tərəfdən səriştəsiz iqtidar qan bahasına əldə etdiyimiz müstəqilliyimizi uçuruma aparırdı. Məhz belə bir ərəfədə yenidən təşkilatlanan AzQAC ilk gündən etibarən Azərbaycanın qarşılaşdığı ciddi problemlərin həlli istiqamətində fəal iş aparmışdır. Müstəqilliyimizin ilk illərində ölkədə mövcud olan çətinliklərin, xüsusilə Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış problemlərin aradan qaldırılmasında əsas rol oynayan təşkilatlardan biri məhz AzQAC olmuşdur. Bu mənada o çətin illərdə öz vəzifəsini vicdanla, layiqincə yerinə yetirmişdir.

AzQAC-ın bugünkü inkişaf mərhələsinə çatmasında Azərbaycan dövlətinin rolu, xüsusən ulu öndər Heydər Əliyevin vaxtilə cəmiyyətə göstərdiyi yüksək diqqət və qayğı qeyd edilməlidir. Müstəqilliyin ilk illərində öz missiyasını davam etdirən cəmiyyətin heç bir hüquqi bazasının olmaması, beynəlxalq aləmdə tanınmaması, bütövlükdə, ölkədəki gərgin vəziyyət onun inkişafı üçün böyük problemlər yaradırdı. Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra AzQAC yeni inkişaf dövrünə qədəm qoydu və qurumun fəaliyyətində yeni mərhələ başlandı. Məhz Heydər Əliyevin təşəbbüsü hələ 1994-cü ildə - ölkəmizin çox çətin anlarında AzQAC-ın humanizm, mərhəmət və xeyriyyəçilik məramlı təşkilat kimi tənha adamlara, xəstələrə, qaçqınlara və məcburi köçkünlərə, müharibə, milli zəmində münaqişə, təbii fəlakətlər və bədbəxt hadisələr zamanı zərərçəkənlərə tibbi, sosial maddi yardım göstərməklə məşğul olmasını, beynəlxalq humanitar təşkilatlarla sıx əlaqədə işləməsini və fəaliyyətinin normativ tənzimlənməsinin təkmilləşdirilməsi zərurətini nəzərə alaraq, cəmiyyətin milli bir qurum kimi dövlət tərəfindən tanınması istiqamətində Milli Məclis tərəfindən xüsusi qərar qəbul edildi. Bundan sonra Beynəlxalq Qızıl Xaç Komitəsi cəmiyyətimizi tanıdı və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası AzQAC-ı öz sıralarına tam və bərabərhüquqlu üzv kimi qəbul etdi.

Bundan sonrakı dövrlərdə də ulu öndər AzQAC-ın Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsi, onun fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi üçün diqqət və qayğısını əsirgəməmişdir. Heydər Əliyevin 12 mart 2003-cü il tarixində AzQAC-ın iyirminci qurultayına təbrik məktubu ulu öndərin cəmiyyətimizin fəaliyyətinə verdiyi əvəzsiz qiymətdir. "Qızıl Aypara Cəmiyyəti bu gün öz qüvvələrini səfərbər edərək, müstəqil Azərbaycan Respublikası qarşısında duran vəzifələrin yerinə yetirilməsində yaxından iştirak edir. Ermənistanın respublikamıza qarşı yeritdiyi işğalçılıq siyasəti nəticəsində öz doğma yurdlarından didərgin düşmüş bir milyondan artıq qaçqın və məcburi köçkünlərin sosial-məişət problemlərinin həllində, əsir və girovların azad edilməsi və reabilitasiyasında Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti təqdirəlayiqdir. Azərbaycan Respublikasının müstəqil dövlət kimi həyata keçirdiyi xarici siyasət beynəlxalq aləmdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin də fəaliyyət dairəsini genişləndirir, onun inkişafı üçün yeni perspektivlər açır” - deyə ulu öndər təbrikində yazırdı.

AzQAC-ın inkişafında son 15 il xüsusilə əlamətdardır. Hər bir sahədə ulu öndər Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən, zənginləşdirən, ötən 15 ildə Azərbaycanı böyük inkişaf yoluna çıxaran Prezident İlham Əliyev bu müddətdə AzQAC-ın da fəaliyyətinə yüksək diqqət və qayğı ilə yanaşmışdır. Məhz Azərbaycan Prezidenti, AzQAC-ın fəxri üzvü cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində cəmiyyətimiz bu gün MDB ölkələri arasında ən inkişaf etmiş və ən yaxşı təchiz olunmuş cəmiyyətlərdən birinə çevrilib. Qürur hissi ilə qeyd etmək istərdim ki, cənab İlham Əliyevin prezident kimi fəaliyyətə başladığı ilk aylarda verdiyi qərarlardan biri "Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında” 31 yanvar 2004-cü il tarixli sərəncam olmuşdur.

2007-ci ildə "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” qanunun qəbulu cəmiyyətin statusunun, hüquqlarının və fəaliyyət istiqamətlərinin, dövlət və yerli özünüidarə orqanları ilə qarşılıqlı münasibətlərinin hüquqi əsaslarının müəyyən edilməsi baxımından mühüm addım oldu. Bu qanunun qəbulu da məhz Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü nəticəsində mümkün oldu. Qanun layihəsi 2007-ci il mayın 8-də parlament tərəfindən qəbul edildi və dövlət başçısının 2007-ci il 22 may tarixli fərmanı ilə qüvvəyə mindi. Bu, Azərbaycan Respublikası Milli Məclisinin Qızıl Aypara Cəmiyyəti haqqında qəbul etdiyi ikinci hüquqi sənəd idi.

Yuxarıda qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamına əsasən silahlı münaqişə qurbanlarına, fövqəladə hallar nəticəsində zərər çəkmiş insanlara humanitar yardım və sosial xidmətlərin göstərilməsi sahəsində AzQAC-ın səmərəli fəaliyyəti nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında Qızıl Aypara Günü kimi qeyd olunur. Cəmiyyətin 85, 90 və 95 illik yubileylərində AzQAC əməkdaşlarının orden və medallarla təltif olunması fəaliyyətimizə verilən ali dəyər olmaqla bizlərə humanizm və xeyriyyəçilik kimi müqəddəs missiyamızı daha inamla həyata keçirməyimizə yüksək stimul vermişdir. Xüsusilə qeyd etmək istərdim ki, 2010-cu ildə cəmiyyətin 90 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi də qurumun fəaliyyətinə verilən yüksək qiymətin əyani nümunəsidir. Yubileyimizin dövlət səviyyəsində qeyd olunması təkcə zəhmətlər, fədakarlıqlar hesabına keçilən yolun qiymətləndirilməsi deyil, eyni zamanda, ülvi, bəşəri hisslərin - sevginin, qayğıkeşliyin, məhəbbətin, mərhəmətin təntənəsi idi.

2013-cü ilin mart ayında Prezident İlham Əliyevin AzQAC-ın XXIV Baş Məclisinə göndərdiyi məktubda cəmiyyətimizlə bağlı söylədiyi fikirlər əməyimizə verilən qiymətin göstəricisidir: "Respublikamızın müasir ictimai və sosial həyatında Qızıl Aypara Cəmiyyəti özünəməxsus yer tutur, humanizm və könüllülük prinsiplərinə əsaslanaraq qayğıya ehtiyac duyan insanlara lazımi yardım göstərir. Davamlı inkişaf dövrünü yaşayan Azərbaycan Respublikasında əhalinin sosial rifah halının təmin olunması hökumətin başlıca vəzifələrindən birini təşkil edir. Son illərdə sosial müdafiəyə ehtiyacı olan vətəndaşların, müharibə əlilləri və şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin və rifahının yaxşılaşdırılması istiqamətində əsaslı işlər görülmüşdür. Eyni zamanda, məruz qaldığımız təbii fəlakətlər - daşqın və zəlzələ nəticəsində ölkəmizdə təsərrüfatlara dəymiş ziyanın aradan qaldırılması, dağılmış yaşayış məntəqələrinin bərpası və yenidən qurulması sahəsində genişmiqyaslı tədbirlər həyata keçirilir. Biz bu problemləri kənardan heç bir yardım almadan, dövlətimizin yaratdığı iqtisadi potensiala arxalanaraq həll edirik. Azərbaycan Qızıl Aypara Cəmiyyəti də imkanları daxilində müəyyən sosial çətinliklərlə üzləşən vətəndaşlara maddi və mənəvi dəstək göstərir, bu sahədə üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışır”.

Bu gün ölkəmizdə qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyəti, onların inkişafı üçün hər cür şərait yaradılıb. Həmin şəraitdən istifadə edən Azərbaycan Qızıl Aypara Cəmiyyəti fəaliyyət dairəsini daim genişləndirir. Regionda, MDB məkanında nümunəvi bir quruma çevrilən cəmiyyət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının İdarəetmə Şurasının demək olar ki, bütün strukturlarında təmsil olunur. Biz beynəlxalq arenada qəbul olunan qərarlara təsir etmək gücünə malikik, bizimlə məsləhətləşirlər. Bir sözlə, bu gün biz güclü milli təşkilat qurmağa müvəffəq olmuşuq. Bütün bunlar Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısının sayəsində mümkün olub. Azərbaycan Respublikası Prezidentinin təşkilatımızın fəxri üzvü olması bu qurumun dəyərini, xüsusi çəkisini artırıb. Bu həm də fəaliyyətimizə diqqət və qayğının yüksək göstəricisi olmaqla bizi işimizdə daha məsuliyyətli olmağa, ölkəmizə layiqincə xidmət etməyə sövq edir.

AzQAC Azərbaycanda 350 mindən çox üzvü, 25 minədək könüllüsü olan yeganə qeyri-hökumət təşkilatıdır. Hazırda cəmiyyətin 90-a yaxın yerli bölməsi və 8 regional mərkəzi uğurla fəaliyyət göstərir. Beynəlxalq hərəkatı respublikamızda təmsil edən cəmiyyətin əsas məramı bəşəri fundamental prinsipləri rəhbər tutaraq, müvafiq qanunvericilik çərçivəsində əhalinin aztəminatlı təbəqəsinə, münaqişə, təbii və texnogen fəlakətlər zamanı zərərçəkmişlərə təmənnasız ilkin tibbi-sosial, humanitar yardım və digər zəruri xidmətlərin göstərilməsindən ibarətdir. Bu mənada cəmiyyətin fəaliyyəti çoxsahəlidir. Fəaliyyətimizi koordinasiya etmək məqsədilə Fövqəladə Hallar, Səhiyyə, Təhsil nazirlikləri, Dövlət Miqrasiya Xidməti, ANAMA, Beynəlxalq Miqrasiya Təşkilatı ilə memorandumlar imzalanmışdır.

Bu gün AzQAC 99 yaşını başa vurur. Cəmiyyətimiz qocaman olsa da, ruhən gəncdir. AzQAC-a dövlət və ictimaiyyət tərəfindən göstərilən böyük diqqət fəaliyyətimizin daha səmərəli qurulmasına yol açır. Cəmiyyətimiz bundan sonra da Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi kimi öz müqəddəs missiyasını uğurla davam etdirəcək, müstəqil Azərbaycanımıza layiqincə xidmət göstərəcək.

Novruzəli ASLANOV,

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video