10 Mart 2019 01:18
622
İQTİSADİYYAT
A- A+

Kənd təsərrüfatı yarmarkaları istehsalçını da, istehlakçını da razı salır


Dövlət baçısının göstərişi ilə təşkil edilən kənd təsərrüfatı məhsullarının yarmarkaları məzmununa, miqyasına və satışın təşkili mexanizmlərinə görə sosial tədbir olaraq xüsusi əhəmiyyət kəsb edir.

Bu ayın əvvəlində Elmlər Akademiyasının bağındakı fəvvarələrdən bir qədər yola tərəf elə vur-çatlasın idi ki, kənardan baxanın ağlına yalnız bu gələrdi: yəqin ki, film çəkirlər. Burada qızğın iş gedirdi - əraziyə əvvəl beton plitələr düzüldü, sonra dəmir konstruksiyalar gətirildi, montaj-quraşdırılma işləri başlandı. Konstruksiyaları daşıyan maşınlar, bağda işləyən texnika, ümumiyyətlə, tədricən saray kimi ucalaraq pavilyona çevrilən bu tikinti, prosesi idarə edən, göstəriş verən və nəzarət edənlərin geyimi elə təsəvvür yaradırdı ki, doğrudan da, sanki hansısa bir filmin istehsalı üçün dekorasiyalar qurulur. Özü də işlər elə mükəmməl görülürdü ki, akademiyanın bağında bir daş belə yerindən qopmur, bir tullantı belə ətrafa atılmırdı. Biz və buradan gündə bir neçə dəfə keçənlər isə səbirsizliklə bu boyda işin axırını gözləyirdik.

Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra lövhələr vuruldu, yenə müasir maşınlar pavilyonun ətrafında yer aldı. İçəridə qurulan piştaxtaların üstünə geniş çeşiddə meyvə-tərəvəz məhsulları daşınanda anladıq ki, bu xına o xınadan deyilmiş. Məlum oldu ki, xalqımızın ən əziz və müqəddəs bayramlarından olan Novruzun yaxınlaşması ilə əlaqədar burada müxtəlif bölgələrdən gələn fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətindən 30-40 faiz ucuz təklif edəcəklər. Yarmarkalarda məhsulların keyfiyyətinə və qiymətinə müvafiq qurumlar tərəfindən nəzarət olunacaq.

Prezident İlham Əliyevin tapşırığı ilə artıq paytaxtın 14 ünvanında - ölkənin bütün şəhər və rayon mərkəzlərində martın 2-dən etibarən hər həftənin şənbə və bazar günləri Novruz yarmarkaları fəaliyyətə başlayıb. Martın 16-dan 21-dək isə Novruz yarmarkaları hər gün alıcılara xidmət göstərəcək.

Yarmarkaların yüksək səviyyədə təşkil edilməsinə Prezident Administrasiyasının təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi nəzarət edir. Yasamal rayonunda AMEA-nın binasının qarşısındakı parkda, Nərimanov rayonunda F.X.Xoyski prospektindəki Qələbə meydanında, Nizami rayonunda Qara Qarayev prospektində və C.Naxçıvanski küçəsində, Səbail rayonunda Seyran Məmmədov və Nizami küçələrində, Binəqədi rayonunda 7-ci mikrorayondakı Kunanbayev küçəsində, Xətai rayonunda Məzahir Rüstəmov küçəsi ilə Sarayevo və S.Ə.Şirvani küçələrinin kəsişməsində, Qaradağ rayonunun Lökbatan qəsəbəsində, Nəsimi rayonunda 3-cü mikrorayonda, Pirallahı rayonunun mərkəzində, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində, Xəzər rayonunun Mərdəkan qəsəbəsində, həmçinin Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində fəaliyyət göstərir. Təkcə Bakıdakı yarmarkalara 42 rayondan müxtəlif çeşiddə məhsullar çıxarılır.

Elmlər Akademiyasının bağındakı yarmarkaya bir də baş çəkdik. Burada səliqə-sahman hökm sürürdü, satıcılar da ünsiyyətə meyilli və mehriban idilər. Hacı Fazil arıçıdır, öz məhsulunu gətirib. Balın keyfiyyətini yoxlamaq üçün qoxusunu sinəmizə çəkirik, meşə ətri gəlir. Deyir ki, cökə balıdır. Sonra da arıçılığın əziyyətindən danışır: "Artıq əvvəlki kimi deyil, bal yığmaq üçün pətəkləri az qala tərəkəmə kimi gəzdirəsən ki, arı tez oyansın. Arandan dağlara kimi il ərzində 3-4 dəfə arıları gəzdiririk. Çobanın işi asandır - bir yaylağa qalxır, bir də qışlağa enir. Biz isə peşəmizdən zövq alırıq, pətəkləri də övladımız kimi sevirik”.

Fazil bizə arı tozunu, güləmi, dələmumu göstərir ki, bunlar can dərmanıdır. Sən demə, faydasına və orqanizmə xeyrinə görə bal bütün arıçılıq məhsullarından axırda gəlir.

Fazildən yarmarkadan razı olub-olmadığını soruşduq. "Niyə də razı olmayım?! Yer pulu almırlar, incitmirlər. Nə kömək lazımdırsa, edirlər. Kəndli üçün belə fürsət ələ düşməz. Düzdür, tələb var ki, qiymətləri qaldırmayaq, nəzarət də güclüdür. Amma o da var ki, mən evimdə bir aya satdığımı burda bir günə satıram. Elə gün olur ki, 400 manatlıq alver edirəm. Yəni qiymətin aşağı olması o qədər ziyanımıza deyil”.

Möhsün Ağayev Neftçalanın Bankə qəsəbəsindəndir. Piştaxtasının üstünə 10-dan artıq pendir növü düzüb. Qiymətləri soruşuruq. Aydın olur ki, marketlərdəkindən xeyli ucuzdur.

- Özüm neçə ildir pendir tuturam, - deyir Möhsün. - Asan iş deyil. Amma əziyyət çəkəndə, çeşidi artıranda gəlir də artır. Fransızlar 300 adda pendir istehsal edirlər. Mən də kifli pendir hazırlamışam. Əziyyət çəkmişəm, iki ilə yetişdirmişəm. Müştəri başa düşmür, 9 manata bahadır deyir. Fransızlar isə iki ilə yetişən pendiri 50 avrodan aşağı satışa çıxarmırlar. Amma belə yarmarkalarda bizi başa düşən, dəyər verən, məhsulumuzun ucuzunu da, bahasını da alan müştərilər var. Bu da adamın ürəyinə yatır.

Bayram bazarlığına gələnlərlə də danışdıq. Mədinə xanım ömründə birinci dəfə müsahibə verdiyini deyib gülümsəyir, bayramımızı təbrik edir: "Mən bu yarmarkadan razı qaldım. Bayrama hələ xeyli qalıb, amma görün nə qədər adam var. Əgər bahalıq olsaydı, bura ayaq basan olmazdı. İki il əvvəl, heç yadımdan çıxmır, evimizin yanındakı supermarketə bayram süfrəsinə çərəz almağa getmişdim. 50 manat pula heç üç kiloqram çərəz ala bilmədim. Burda 38 manat xərcləmişəm, 6 kiloqramdan artıq 11 adda çərəz almışam. Adam bazarlığına da, pulunun bərəkətinə də sevinir”.

Dövlət başçısının tapşırığı ilə təşkil edilən bu yarmarkaları əslində kənd təsərrüfatı məhsullarının satışının yeni layihəsi kimi qiymətləndirmək mümkündür. Belə ki, bu yarmarkalara fermerlər birbaşa çıxır, yer pulu ödəmir, qiymətləri aşağı salanda itkiləri yox, qazancları daha çox olur. Bu gün ölkədə ən ciddi problemlərdən biri kənd təsərrüfatı məhsullarının satışında malın alıcıya çatanadək bir neçə dəfə əldən-ələ keçərək qiymətlərin süni şişirdilməsi ilə bağlıdır. Hər dəfə malın qiyməti elə qalxır ki, son nəticədə alıcı ala bilmir, fermerlər isə onları qədərsiz sıxan alverçilərin əlindən malını sata bilmədiklərindən sıxıntıya düşürlər. Bu baxımdan indiki yarmarkalarda ən vacibi odur ki, istehlakçı malı real bazar qiymətlərindən xeyli ucuz ala bilir, kəndli satdığını alverçiyə, aragörənlərə satdığından bir qədər baha satır. Alan da, satan da son nəticədə udur.

Bahadur İMANQULİYEV,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video