10 Mart 2019 01:07
502
İQTİSADİYYAT
A- A+

İnkişaf davam edir


Ölkəmizdə həyata keçirilən infrastruktur layihələri, aparılan abadlıq-quruculuq işləri, yaradılan minlərlə yeni müəssisələr regionların potensial imkanlarını üzə çıxarmaqla bərabər, əhalinin həyat səviyyəsində öz əksini tapmışdır. Bunu Qazax rayonunun timsalında da görmək olar.

Əvvəlki illərdə olduğu kimi, keçən il də rayonda iqtisadiyyatın bütün sahələri üzrə çoxsaylı uğurlar əldə edilmişdir. Taxılçılar orta hesabla hər hektarın məhsuldarlığını 36,6 sentnerə çatdıraraq 33300 tondan çox məhsul istehsal etmişlər. Digər sahələrdən 168,3 ton vələmir, 2,4 ton darı, 519,4 ton noxud, 87 ton lobya, 3038,4 ton qarğıdalı, 176 ton sorqo, 30745 ton kartof yığılmışdır. Meyvəçilikdə də yüksək məhsuldarlığa nail olunmuş, bağlardan 15837,8 ton meyvə dərilmişdir.

Ənənəvi sahə sayılan tütünçülük inkişaf etdirilmiş, tədarük məntəqələrinə 99 tona yaxın məhsul təhvil verilmişdir. 2016-cı ildə 1502 kiloqram, 2017-ci ildə 4623 kiloqram barama istehsal edən kümçülər keçən il bu rəqəmi 6262 kiloqrama çatdırmışlar. İqtisadi cəhətdən gəlirli olan bu sahənin daha da inkişafı üçün hazırda yeni tut bağları salınır.

Dövlətin dəstəyi sayəsində rayonda arı ailələrinin sayı da xeyli artırılmışdır. Hazırda rayonda 7 mindən artıq arı ailəsi var. Ölkə rəhbərinin arıçılığın stimullaşdırılması ilə bağlı imzaladığı sərəncama uyğun olaraq 244 arıçıya 36 min manat subsidiya verilmişdir. Bundan əlavə, keçən il barama istehsalçılarına 30142 manat, tütün istesalçılarına 3990 manat, çuğundur istehsalçılarına 21549 manat subsidiya ödənilmişdir.

Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində rayonda həm mal-qaranın sayı, həm də ət və süd istehsalı xeyli artmışdır. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq üçün süni mayalanma yolu ilə 233 bala alınmışdır.

Kənd təsərrüfatı məhsullarının artırılmasında suvarma böyük əhəmiyyət daşıdığı üçün bu məsələ daim diqqətdə saxlanılır. Qazax Suvarma Sistemləri İdarəsi 17421 hektar kənd təsərrüfatına yararlı torpaq sahələrinin suvarılmasına xidmət edir. Əkin sahələrinin vaxtında suvarılması üçün əsas diqqət suvarma şəbəkələrinin tullantılardan təmizlənməsinə yönəldilmişdir.

Əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün də xeyli iş görülmüşdür. Düşmənlə təmas xəttində yerləşən Kəmərli kəndində subartezian quyusu qazılmış, 1276 metr su xətti çəkilərək 300 ailənin içməli su problemi həll edilmişdir. Aslanbəyli və Qaymaqlı kəndlərində subartezian quyusu istifadəyə verilmişdir. Ağköynək və Qarapapaq kəndlərində 1730 metr uzunluğunda yeni su xətti çəkilmişdir.

Yol infrastrukturunda aparılan yenidənqurma işlərini də kənd və qəsəbə sakinləri rəğbətlə qarşılayırlar. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, son 3 ildə rayonda 7 kəndin yolu təzələnmişdir. Bu da əhalinin rahat gediş-gəlişini təmin etməklə bərabər, kənd təsərrüfatı məhsullarının bazarlara daşınmasını xeyli asanlaşdırmışdır. Cəfərli avtomobil yolunun tikintisi başa çatdıqdan sonra Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun qurulmasına başlanmışdır. Bu yol istifadəyə verildikdən sonra ərazidə yaşayan 13673 nəfər əhalinin gediş-gəlişi də xeyli asanlaşacaqdır.

Ümumtəhsil məktəblərinin yenilənməsində də bir sıra işlər görülmüşdür. Qazax şəhər 2 nömrəli tam orta, Ağköynək, Xanlıqlar, Daş Salahlı kənd 1 nömrəli orta məktəblərdə və Mehdi Hüseyn adına məktəb-liseydə təmir işləri aparılmışdır.

Əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq Qazax şəhər 4 saylı uşaq bağçasında əlavə 3 qrup, 5 saylı körpələr evi-uşaq bağçasında əlavə 2 qrup, 6 saylı körpələr evi-uşaq bağçasında əlavə 1 qrup açılmış və həmin qruplar üçün yeni korpuslar inşa edilmişdir.

Ancaq qazanılan uğurlar qazaxlıları arxayınlaşdırmır. Onlar regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında qarşıya qoyulan vəzifələri də uğurla yerinə yetirmək əzmi ilə qurub-yaradırlar.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video