08 Mart 2019 01:30
1281
Təhsil
A- A+

Məktəbə qəbul prosesində yeniliklər var


6 yaşı tamam olan, 8 yaşdan yuxarı, habelə xüsusi qayğıya ehtiyacı olan uşaqlar da elektron qaydada I sinfə qəbul ediləcəklər


Artıq 5 ilə yaxındır ki, şagirdlərin məktəbə qəbul prosesi elektron qaydada həyata keçirilir. Və bu proses ilbəil daha da təkmilləşdirilir, yeni hədəflərə çatmaq üçün ardıcıl işlər görülür. Qarşıda qoyulan əsas məqsəd də artıq bütün rayonlarda bu işin elektron qaydada həyata keçirilməsidir.

Bəs bu il bizi hansı yeniliklər gözləyir? Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini İlhamə Abdullayeva bu sualı ətraflı cavablandırıb.


Birinci sinfə elektron qəbulun əhatəsi genişləndirilib


Onun sözlərinə görə, bu il birinci sinfə elektron qəbulun əhatəsi genişləndirilib. Belə ki, Bakı, Sumqayıt, Gəncə və Abşeronla yanaşı, Mingəçevir, Şirvan, Naftalan, Yevlax və Samux rayonlarında I sinfə qəbul elektron qaydada həyata keçiriləcək.

Bu işdə qarşıya qoyulan əsas məqsəd vətəndaş əlçatanlığının, məmnunluğunun təmin olunmasıdır.


Birinci sinfə qəbul nə vaxt başlayacaq?


İlhamə Abdullayeva qeyd edib ki, birinci sinfə qəbul martın 13-də saat 10:00-da başlayacaq. Bu il həmçinin məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün martın 11-dən avtomatik elektron sorğu yaradılması təmin ediləcək.

Belə ki, məktəbəhazırlıq qruplarında oxuyan uşaqların şəxsi kabinetləri artıq avtomatik yaradılacaq. Həmin uşaqların valideynlərinə ayın 11-dən etibarən sms şəklində bildiriş gələcək ki, övladı hansı məktəbdə və hansı müəllimin sinfində təhsil alacaq. O valideynlər də martın 11-12 tarixlərində şəxsi kabinetə daxil olaraq sadəcə ərizəni çap edəcəklər və qeyd edilən məktəbə təqdim edəcəklər.

Əgər valideyn edilən seçimlə razı olmazsa, o halda martın 13-dən sistemə daxil olaraq sorğunu silib, qeydiyyatda olduğu ərazi üzrə başqa məktəb, müəllim seçimi edə bilər.


Qeydiyyatda olduğu ərazidə yerləşməyən məktəbə gedənlər üçün yenilik


Bu il həm də Bakıda qeydiyyatda olduğu ərazidə deyil, başqa ərazidəki məktəbə övladlarını 1-ci sinfə qoymaq istəyən valideynlər üçün yenilik tətbiq edilib.

İlhamə Abdullayevanın sözlərinə görə, əvvəlki illərdə valideynlər yaşamadıqları ərazilərdə yerləşən məktəbləri istəyirdilər və bunun üçün hətta Təhsil Nazirliyinə bununla bağlı müraciət edib göstərirdilər ki, hansı məktəbdə oxutdurmaq istəyirlər. Bu çətinliyi aradan qaldırmaq üçün "mektebeqebul.edu.az” saytında "gözləmə siyahısı” yaradılıb. Valideyn qeydiyyatda olmadığı ərazi üzrə məktəb seçirsə, bu halda üç üstünlük hüququ verilir. Həmin məktəbə yaxın ərazidə yaşamalıdır, uşaqlarından biri o məktəbdə oxumalıdır və valideynlərdən biri həmin təhsil müəssisəsində işləməlidir. Bu üstünlüklər yoxdursa, onda həmin valideyn gözləmə siyahısına düşür, həmin məktəbdə yeni yer açılan kimi bu siyahıda adı olan ilk şəxsə bildiriş gedir və o uşağın həmin məktəbə qəbulu təmin edilir.


Bəzi məktəblərə müsabiqə yolu ilə qəbul keçiriləcək


Bakıda 3 təhsil müəssisəsi - Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına orta ixtisas məktəbi istisna olmaqla, məktəbin yerləşdiyi ərazi üzrə qeydiyyatda olan bütün uşaqlar üçün qalan lisey və gimnaziyalara birinci sinfə şagird qəbulu müsabiqəsiz aparılacaq.

Təhsil idarəsinin nümayəndəsinin sözlərinə görə, uşaq lisey və gimnaziyaların olduğu ərazi üzrə yaşamırsa (rəsmi qeydiyyatla), onda onun lisey və gimnaziyalara 1-ci sinfə qəbulu müsahibə ilə aparılacaq. Müsahibədən keçən uşaq lisey və gimnaziyaya daxil olmuş hesab ediləcək.

İlhamə Abdullayeva deyib ki, lisey və gimnaziyalara sənəd qəbulu martın 13-dən başlayacaq və elektron qaydada aparılacaq: "Valideynlər elektron ərizələrində yalnız 1 lisey adını qeyd edə bilərlər. Liseyə qəbul olunmayan uşaqların adi ümumtəhsil müəssisəsinə qəbulu üçün yenidən sistemə müraciət edilə bilər”.


50 alternativ qeydiyyat mərkəzi yaradılıb


Bu təqvim ili ərzində 6 yaşı tamam olan, 8 yaşdan yuxarı, habelə xüsusi qayğıya ehtiyacı olan uşaqlar da elektron qaydada birinci sinfə qəbul ediləcəklər.

İlhamə Abdullayeva deyib ki, 8 yaşdan yuxarı olan uşaqların valideynləri elektron qeydiyyatdan keçdikdən sonra müvafiq rayon təhsil şöbələrinə müraciət edib övladlarını məktəblərə yerləşdirə biləcəklər.

Həmçinin Bakı, Sumqayıt, Gəncə, Abşeron, Mingəçevir, Şirvan, Naftalan, Yevlax və Samuxda yaşayan məcburi köçkünlərin övladları da elektron sistem vasitəsilə birinci sinfə qəbul oluna biləcəklər.

Bu işdə valideynlər üçün bütün imkanlar yaradılıb. Onlara kömək məqsədilə Bakı üzrə 50 alternativ qeydiyyat mərkəzi yaradılıb.

Fərizə ƏHMƏDOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video