Alternative content

20:09 25 May 2019
ONLINE XƏBƏR LENTİ
11:07 25.05.2019 Saxta balın zərərləri
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünyanın hər yerindən görünən mənəviyyat zirvəsi
Dünyanın hər yerindən görünən mənəviyyat zirvəsi
ANA SƏHİFƏ / SİYASƏT
02:29 07.03.2019


Bu gün müstəqil Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla bərabər, həm də regionun dini mərkəzi kimi qəbul olunur. Niyə? Çünki Qafqaz xalqları arasında sülhün qorunub saxlanılmasında ruhani rəhbər kimi Şeyxülislam fenomeni əsas amillərdən biridir. Şeyxülislamlıq titulu-vəzifəsinin əsas məramı, ilk növbədə, öz zamanəsinin mərhəmət elçisi olmaqdır!

Bu vəzifənin yükünü qırx ilə yaxındır çiyinlərində daşıyan Hacı Allahşükür Paşazadə öz yorulmaz fəaliyyəti sayəsində onu dünyanın hər bir guşəsindən görünən bir zirvəyə qaldırmışdır. Uca Allahın Azərbaycan xalqına bəxş etdiyi, görkəmli din xadimi olmaqla yanaşı, tanınmış ictimai xadim kimi fəaliyyət göstərən Hacı Allahşükür Paşazadənin çağdaş dünyamızın ən nüfuzlu dövlət və din xadimləri tərəfindən ehtiramla qarşılanan dəyərli şəxsiyyətlərdən biri olduğunu bu gün heç kimi dana bilməz!

Uzağa getməyək, bu ilin fevralın ortalarında Moskvada baş verən həyəcanlı bir hadisə - azərbaycanlılarla çeçenlər arasında "Neolit” kafesindəki münaqişə bir anlığa bizim rahatlığımızı əlimizdən almışdı. Gərginliyi aradan qaldırmaq məqsədi ilə müxtəlif səviyyələrdə münasibət bildirildi. Rusiyanın paytaxtında yaşayan çeçen və azərbaycanlı ağsaqqalların görüşü keçirildi.

Nəhayət, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazədə də məlum hadisəyə öz müraciətilə son nöqtə qoydu və bu təxribatı Ermənistanın ölkəmizə qarşı apardığı mənfur siyasətin tərkib hissəsi adlandırdı.

Möhtərəm şeyximiz çox səmimi şəkildə qeyd etdi ki, "Çeçenistan lideri Ramzan Kadırov öz əmisinin yanında məni qucaqlayıb "əmi” deyir. Əgər mən əmiyəmsə, hər iki dövlətin, xalqın nümayəndələrinə müraciət etməyə haqqım var. Müraciət edirəm ki, bütün Qafqaz xalqı qardaş kimi olmalıdır. Bizi birləşdirən səbəblər daha çoxdur...”

Hadisə zamanı səfərdə olsalar belə, Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırovun və ölkənin müftisi Salax Mejiyevin Şeyxülislamın telefon zənginə və müraciətinə həssas yanaşmaları, hətta çeçen dini rəhbərin öz səfərini yarımçıq qoyub dərhal Qroznıya qayıtması Hacı Allahşükür Paşazədənin bu gün Qafqaz xalqları, eləcə də onun din xadimləri arasında böyük nüfuzundan soraq verir.

Fevralın sonunda Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasına səfərində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də bu məsələyə Qafqaz Xalqları Ali Dini Şurasının yüksək tribunasından bir daha aydınlıq gətirdi. Bildirdi ki, Qafqaz xalqları arasında bu cür təxribatlar yolverilməzdir, biz hamımız din qardaşlarıyıq.

***

Onu qeyd edim ki, Çerkessk şəhərinin hava limanında nümayəndə heyətimizə başçılıq edən Şeyxülislam Allahşükür Paşazadə duz-çörəklə qarşılandı. Bu səfərdə mənimlə birgə deputat həmkarlarım Cavanşır Paşazadə və Hikmət Məmmədov da iştirak etdirdilər.

Həmin gün Allahşükür Paşazadə Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov tərəfindən qəbul edildi. Qaraçay-Çərkəz Respublikasının rəhbəri öz iqamətgahında Şeyxülislamı səmimi salamlayaraq Azərbaycana bu yaxınlarda etdiyi səfərin xoş təəssüratlarından söz açdı. Hacı Allahşükür Paşazadə öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezova çatdırdı və xalqlarımız arasında qarşılıqlı görüş və səfərlərin böyük önəm daşıdığını, ölkələrimiz arasında dostluq, qardaşlığın dərinləşməsinə, həyatın bütün sahələrində - iqtisadi və mədəni-mənəvi müstəvilərdə əlaqələrin inkişafına xidmət etdiyini vurğuladı.

Söhbət zamanı bir gün əvvəl - fevralın 26-da Azərbaycanda Xocalı soyqırımının 27-ci ildönümünün geniş şəkildə qeyd olunduğu barədə danışan Allahşükür Paşazadə XX əsrdə erməni ekstremistləri tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı cinayətinin dünyada tanıdılmasının vacibliyinə də diqqəti çəkdi.

Sonra Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəni Şimali Qafqaz və Azərbaycan xalqları arasında sülhün möhkəmləndirilməsi, dinlərarası münasibətlərin inkişafı və dostluğun dərinləşdirilməsi işinə verdiyi şəxsi töhfələrinə görə "Qaraçay-Çərkəz Respublikası qarşısında xidmətlərinə görə” ordeni ilə təltif etdi.

Şeyxülislam Allahşükür Paşazadə Çerkessk şəhərində sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) növbəti toplantısının keçirilməsi barədə respublika rəhbərinə məlumat verdi və bildirdi ki, bu dəfəki toplantı Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Müftisi İsmayıl Berdiyevin anadan olmasının 65 illik yubileyinə həsr olunub. Şimali Qafqaz müsəlmanları əlaqələndirmə mərkəzinin sədri İsmayıl Berdiyev də həmin görüşdə iştirak etdi.

***

Daha sonra Çerkessk şəhərində Qafqaz Xalqları Ali Dini Şurasının növbəti iclası keçirildi. İclasda QMİ sədri A.Paşazadə Şimali Qafqaz müsəlmanları əlaqələndirmə mərkəzinin sədri, Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyevi anadan olmasının 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik etdi, bütün Qafqaz müsəlmanları, bölgə dindarları adından ona cansağlığı, uzun ömür və dəyərli fəaliyyətində yeni uğurlar arzuladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yubilyara təbrik məktubunu oxuyan Şeyxülislam A.Paşazadə Prezidentin təbriknaməsini və hədiyyəsini müftiyə təqdim etdi.

Şimali Qafqaz müftiləri adından Şimali Osetiya-Alaniya müftisi Hacımurat Qatsalov, habelə Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr çıxış edərək müfti İsmayıl Berdiyevin dini lider və əlaqələndirmə mərkəzinin sədri qismində fəaliyyətini qiymətləndirərək, xidmətlərini sadalayaraq ona gələcək işlərində uğurlar dilədilər.

Tədbirdə mən də çıxış etdim. Qeyd etdim ki, qlobal mənada din əxlaq deməkdir. Bəşəriyyətin tərəqqisində din xadimlərinin müstəsna xidmətləri var. Müfti İsmayıl Berdiyevin Azərbaycanla Qaraçay-Çərkəz xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsi işinə verdiyi töhfələri hər iki xalqın yüksək dəyərləndirdiyini bildirdim və yubilyara ümumqafqaz əhəmiyyətli fəaliyyətində yeni nailiyyətlər dilədim.

İclasda QXADŞ-nin bu ilin yanvarında Vladiqafqazda keçirilən toplantısından sonrakı dövrün hesabat məruzəsi ilə şuranın sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış etdi. Şuranın iclasında həmçinin, cari məsələlər, Qafqaz xalqlarının qarşılıqlı dostluq, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müzakirə edildi.

***

Vladiqafqazda 1996-cı ildə terrorçular tərəfindən törədilən partlayış zamanı xeyli zərər görmüş Muxtarov məscidinin Azərbaycan Prezidentinin şəxsi yardımı sayəsində bərpa edilməsi bölgə dindarlarının, dini icma və konfessiya rəhbərlərinin böyük sevincinə səbəb olmuşdu. 110 illik tarixə malik Vladiqafqaz məscidi təkcə Şimali Osetiya-Alaniya Respublikasının deyil, bütün Qafqazda İslam mədəni irsinin əsas simvollarından biri hesab edilir.

Bəli, çox fərəhli haldır ki, yeni həyat qazanmış Muxtarov məscidi Vladiqafqaz şəhərinin gözəl rəmzi, Şərq memarlığının nadir incisi, mənəvi vəhdət rəmzi, xalqlar arasında dostluq abidəsi, Şimali Osetiya müsəlmanlarının əsas ibadətgah yeri olmaqla yanaşı, həm də Azərbaycan Prezidenti İlham Əliyevin böyük humanistliyinin, mesenatlığının bariz nümunəsidir.

Öz çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin Qafqazda millətlərarası dostluq və dinlərarası anlaşmanın təmini işində Şimali Qafqaz müftilərinin rolunu xüsusi qeyd edən Şeyxülislam Allahşükür Paşazadə bildirdi ki, sədri olduğu Qafqaz Xalqları Ali Dini Şurası bu yöndə bundan sonra da səy göstərəcək.

Dünya iqtisadi böhran, siyasi gərginlik, mənəvi səciyyəli problemlər yaşadığı bir dövrdə Azərbaycan Prezidenti bütün bunların fövqündə dayanmaq qüdrəti nümayiş etdirir, beynəlxalq humanitar forumlar, mədəniyyətlərarası dialoq forumları keçirərək Azərbaycandan bütün dünyaya multikulturalizm ideyalarını təbliğ edir, millətlər, dinlərarası dialoqu təşviq edir, ədalətə və beynəlxalq hüquqa söykənən dünya düzəninə çağırışlarını bəyan edir.

Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərinin - başda məhz Şeyxülislam Allahşükür Paşazadə olmaqla, Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Şurasının sədri, Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyev, Çeçenistan Respublikasının müftisi Salax Mejiyev, Dağıstan Respublikasının müftisi Əhməd Abdullayev, Kabardino-Balkar Respublikasının müftisi Həzrətəli Dzasejev, Şimali Osetiya (Alaniya) Respublikasının müftisi Hacımurat Qatsalov, Kalmıkiya Respublikasının müftisi Soltanəhməd Karolayev, Adıgey və Krasnodar Respublikasının müftisi Askarbiy Kardanov və Stavropol diyarının müftisi Muhammad Raximovun imzası ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanan təşəkkür məktubunun məzmunu da bu gün Qafqazda, eləcə də MDB məkanında Azərbaycanın nə qədər böyük nufuza malik dövlət olduğunu göstərir.

***

Hamımıza yaxşı məlumdur ki, Qafqazda, eləcə də Azərbaycanda şeyxülislam titulunun və şeyxülislamlıq vəzifəsinin böyük tarixçəsi var. Şeyxülislamlıq institutunun yaranma tarixinin kökləri çox qədimlərə gedir və təqribən min illik bir dövrü əhatə edir. Şeyxülislam - İslam rəhbəri və ya ağsaqqalı mənasını özündə ehtiva edir.

Orta əsrlərdə Azərbaycanda da şeyxülislamlıq institutu mühüm rol oynamışdı. Təbriz, Dərbənd və s. şəhərlərin şeyxülislamları mötəbər, hörmətli din xadimləri sayılır, molla, qazı və haciblərə göstərişlər verirdilər. XIV-XV əsrlərdə - Səfəvilər hakimiyyəti dövründə şeyxülislam müstəqil fikir yürüdür, yalnız Quran və şəriət hökmlərindən çıxış edərək, qərəz güdmədən ümumi işin, əmin-amanlığın və ictimai sabitliyin xeyrinə hökm çıxarırdı. XVI əsrdə Osmanlı sultanlarının hakimiyyəti dövründə şeyxülislamlar dövlət idarəçiliyi və qanunların tənzimlənməsində daha böyük rol oynamağa başladılar.

Qafqazda şeyxülislamlıq təsisatı 1823-cü ildən yaranıb və o vaxtdan etibarən Qafqazın bütün şeyxülislamları Azərbaycandandır. 1917-ci ildə Bakı ruhanilərinin təşəbbüsü ilə "İsmailiyyə” binasında Qafqazın müsəlman ruhanilərinin I qurultayı keçirildi. Üç gün davam edən qurultayda Qafqazın müsəlmanlar yaşayan əksər bölgələrinin nümayəndələrinin iştirakı ilə mühüm məsələlər müzakirə edildi. Sonuncu gün Təzəpir məscidində şeyxülislam və müftinin iştirakı ilə camaat namazı qılındı.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti quruldu və ölkə siyasi müstəqilliklə yanaşı, din sahəsində də müstəqillik əldə etdi. Həmin ilin avqustunda Şeyxülislam Məhəmməd Pişnamazzadə (1913-1918) və müfti Mustafa Əfəndi Əfəndizadə Gəncəyə gəldilər. 1918-ci il sentyabrın 1-də onlar könüllü olaraq "Məşixə” deyilən vahid orqanda birləşmək qərarına gəldilər. Bununla da müsəlmanların dini işlərinin idarə edilməsində ikili ruhani rəhbərliyi aradan qaldırıldı, Qafqaz müsəlmanlarının vahid idarəsi yarandı. Şeyxülislam idarənin rəhbəri, Qafqaz müsəlmanlarının ruhani başçısı, müfti isə onun müavini oldu. O zamandan etibarən Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərir. 1918-ci il dekabrın 11-də Qafqazın Şeyxülislamı Məhəmməd Pişnamazzadə istefa verdi və onun səlahiyyətlərini axund Ağa Əlizadə (1918-1920) öz üzərinə götürdü.

1920-ci ildə hakimiyyətə gələn bolşeviklər mayın 15-də Şeyxülislamlıq təsisatını ləğv etdilər. 1941-ci ildən başlayaraq Hitler rejiminə qarşı mübarizədə dindarların, o cümlədən müsəlmanların rəğbətini qazanmağa ehtiyac duyan sovet hökuməti 1944-cü ildə Qafqaz müsəlmanlarının Ruhani İdarəsinin bərpa edilməsi haqqında qərar qəbul etdi. Mayın 25-28-də keçirilən qurultayda axund Ağa Əlizadə (1944-1954) yenidən Qafqazın Şeyxülislamı seçildi, müfti İbrahim Əfəndi Əfəndizadə isə onun müavini oldu. Bununla şeyxülislamın seçilməsi ənənəsinin əsası qoyuldu. Sonralar bütün şeyxülislamlar-axund Mir Möhsin Həkimzadə (1955-1966), axund Əliağa Süleymanzadə (1968-1976), axund Mir Qəzənfər İbrahimov (1977-1979) müsəlmanların qurultaylarında seçiliblər.

1918-1920-ci illərdə yaradılan Azərbaycan Xalq Cümhuriyyətində İslamiyyə İdarəsinin başçısı "şeyxülislam” adlanırdı. Həmçinin, şeyxülislam 1921-ci ildən 1991-ci ilə qədər keçmiş SSRİ-də Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin, 1991-ci ildən bu günə qədər Azərbaycan Respublikasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) başçısına verilən addır.

Şeyxülislamı digər din adamlarından fərqləndirən əsas xüsusiyyət onun öz biliyini bir məscidin, bir şəhərin, bir icmanın maraqları baxımından deyil, bütövlükdə Allaha, Vətənə və xalqa xidmət naminə tətbiq etməsi idi.

***

1823-cü ildən bu günə kimi Qafqazda 12 şeyxülislam olmuşdur. 1980-ci ildən Qafqazın Şeyxülislamı Allahşükür Paşazadə həzrətləridir. Şeyxülislam Hacı Allahşükür Paşazadə bu vəzifəyə Qafqaz müsəlmanlarının qurultayında seçilib və indiyədək dini rəhbər kimi fəaliyyət göstərir. Bu gün Qafqaz Müsəlmanları İdarəsi öz səlahiyyətləri çərçivəsində Azərbaycanda islam dini icmalarına rəhbərlik edir, şəriət qayda-qanunlarının düzgün yerinə yetirilməsinə nəzarət edir.

Şeyxülislam başda olmaqla Qafqazın din xadimləri, Azərbaycan dövlət başçısının xüsusi önəm verdiyi və şəxsən dəstəklədiyi dinlərarası dialoq, multikulturalizm kimi bəşəri əhəmiyyətli ideyaları dünyada təbliğ etməkdən böyük qürur duyur. Din-dövlət münasibətlərinin düzgün məcraya yönəldilməsi, vətəndaş birliyinin təmin olunması, cəmiyyətdə dini-mənəvi sabitliyin qorunub saxlanılması işində fəal mövqe tutur.

Hacı Allahşükür Paşazadə həm sovet dövrünün, həm də müstəqillik tarixinin şeyxülislamıdır. Bir Şeyxülislam kimi onun müasir Azərbaycan tarixində milli şüurun inkişafı və Azərbaycan dövlətçiliyinin qorunması yolunda danılmaz xidmətləri var.

Şeyxülislam Allahşükür Paşazadə 1989-cu ildə SSRİ Ali Sovetinə xalq deputatı seçilən ilk müsəlman din xadimi oldu. Həmçinin 1990-1995-ci illərdə Azərbaycan parlamentinə Naxçıvan seçki dairəsindən millət vəkili seçilmişdi. Onun həm sovet, həm də müstəqillik dönəmində ali qanunverici orqanlarda millət vəkili kimi təmsil olunması xalqın öz din rəhbərinə olan yüksək etimadının göstəricisi kimi dəyərləndirilmişdir.

1991-ci ilin dekabrında Şeyxülislam Allahşükür Paşazadənin bilavasitə təşəbbüsü və təkidi sayəsində Azərbaycan SSRİ-nin müsəlman respublikaları arasında ilk olaraq İKT - İslam Konfransı Təşkilatının (indiki adı ilə İƏT - İslam Əməkdaşlıq Təşkilatı) üzvlüyünə qəbul edildi.

1990-cı ilin Qanlı Yanvar hadisələri Şeyxülislam Allahşükür Paşazadənin tərcümeyi-halında kulminasiya nöqtəsi sayılmalıdır. Azğınlaşmış sovet ordusu silahsız xalqımıza divan tutanda bu qanlı faciə ilə əlaqədar ilk etiraz səsini qaldıranlardan biri məhz şeyx həzrətləri oldu. Hacı Allahşükür Paşazadənin əli xalqımızın günahsız qanına batmış Qorbaçova göndərdiyi məşhur müraciəti o zaman bir bomba kimi partlayıb bütün dünyada əks-səda verdi. Şeyxin "Azərbaycan xalqı ilə silah gücünə danışmaq olmaz!” kəlamı da az sonra özünü doğrultdu.

Eləcə də möhtərəm şeyx tərəfindən BMT-nin Baş katibi Peres de Kuelyara, bütün dövlətlərin və dinlərin başçılarına göndərilən müraciətlər Azərbaycanın müstəqillik tarixində imperiya siyasətini lənətləyən ilk manifest sayılmalıdır. Faktiki olaraq, Moskvadan Bakıda törədilən dövlət cinayətinə öz hiddət və etirazını bildirən, dünya ictimaiyyəti qarşısında SSRİ rəhbərliyini ifşa edən ümummilli lider Heydər Əliyev, Azərbaycandan isə M.Qorbaçova - azərbaycanlıların qatilinə nifrət və qəzəblə dolu açıq müraciət ünvanlayan Şeyxülislam Hacı Allahşükür Paşazadə oldu.

O, həmin günlərdə Şeyxülislam kimi dünya ictimaiyyətinin gözü qarşısında özünü əsl dini rəhbər kimi təsdiq etdi. Onun cəllad Qorbaçova ünvanladığı məktubda deyilirdi: "Siz özlərini işğalçı kimi aparan bu cəza qoşununu Bakıya yeritməklə sovet hökumətini rüsvay etdiniz və bu əməlinizlə təsdiq etdiniz ki, müstəqillik və xalqların müqəddəratı kimi anlayışlar idarəçiliyinizə tamamilə yaddır. Siz bu faciənin törədilməsinə rəvac verməklə özünüzü bir siyasi xadim və bacarıqsız bir dövlət başçısı kimi ifşa etdiniz. Bir əli ilə xarici dövlətlərlə sülh sazişi, o biri əli ilə öz vətəndaşlarına qarşı amansız cəza tədbirlərinin həyata keçirilməsinə göstəriş verən adamı "Sülh uğrunda mübariz” adlandırmaq ən azı ləyaqətsizlikdir”.

Allahşükür Paşazadə sovet imperiyasının rəhbəri M. Qorbaçova göndərdiyi məktubda xalqın qəzəbini ifadə edərək yazırdı: "Mən bütün Azərbaycan xalqının iradəsini ifadə edərək qoşunların Bakıdan dərhal çıxarılmasını tələb edirəm. Heç bir xalq ilə, o cümlədən Azərbaycan xalqı ilə silahla danışmaq olmaz. Bu müdaxilə 10 gün və ya Əfqanıstandakı kimi 10 il davam edə bilər, lakin haqq-ədalət əvvəl - axır qələbə çalacaqdır. Dərin inam və iman hissi ilə üzümü Allah-Taalaya tutur və onun ulu dərgahından şəhid olan balalarımıza rəhmət diləyirəm. Qoy Allah-Taala mənim xalqımın başına bu fəlakəti gətirənləri, bu işə rəvac verənləri zəlil etsin! Ya Rəbb, Vətənimin bu ağır günündə özün bizlərə kömək ol! Amin!”

***

SSRİ dağıldıqdan sonra sovet məkanında mövcud olan bütün müsəlman dini təşkilatlar parçalanmış, ancaq Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin fəaliyyəti daha da genişlənmişdir. XX əsrin əvvəllərindən isə Şeyxülislam Cənubi Qafqazın bütün müsəlmanlarına rəhbərlik edən dini lider kimi fəaliyyət göstərməyə başladı.

Ulu öndər Heydər Əliyevin Şeyxülislamın şəxsiyyəti barədə söylədiyi fikirləri onu bariz şəkildə səciyyələndirir: "Müqəddəs dinimiz olan islamın gözəl ənənələrinin ölkəmizdə, eləcə də bütün Qafqaz bölgəsində qorunub saxlanılması və möhkəmləndirilməsində Şeyxülislam Allahşükür Paşazadənin xüsusi xidmətləri vardır. Onun Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik etdiyi illər ərzində bu dini qurum islam dəyərlərinin geniş təbliğ olunması, müsəlmanların dini-mənəvi birliyinin möhkəmləndirilməsi, onların cəmiyyətin həyatında fəallığının artırılması işində böyük rol oynayan mühüm mərkəzlərdən birinə çevrilmişdir. Paşazadənin Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsində tutduğu əsl vətəndaş mövqeyi onun ölkədə cərəyan edən mürəkkəb ictimai-siyasi prosesləri obyektiv qiymətləndirmək, yaranmış problemlərin həllində dini amilin gücündən düzgün istifadə etmək bacarığını nümayış etdirdi”.

Bu gün QMİ bütün dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən tanınır, fəaliyyətinə yüksək qiymət verilir. Qafqaz müsəlmanlarının səsi ən mötəbər beynəlxalq məclislərdən, nüfuzlu təşkilatlardan gəlir. Bunların sırasında BMT, UNESCO, İKT, "Vicdana çağırış” fondu, Ümumdünya Xalq İslam Rəhbərliyi və s. nüfuzlu təşkilatların adlarını çəkmək olar.

QMİ-nin dinlərarası sülhün və həmrəyliyin möhkəmlənməsinə sanballı töhfə verdiyinə görə Rus Pravoslav kilsəsinin I dərəcəli "Şöhrət” və "Şərəf” ordeni, "Müqəddəs Apostol Varfolomey” qızıl medalı ilə təltif edilməsi ölkəmizdə sağlam dini dəyərlərin mövcudluğunu göstərir.

QMİ-yə 40 ilə yaxındır ki, başçılıq edən Şeyxülislam Allahşükür Paşazadə nüfuzlu beynəlxalq təşkilatlarda rəhbər vəzifələrə, o cümlədən Müstəqil Dövlətlər Birliyi Dinlərarası Şurasının həmsədri, Müstəqil Dövlətlər Birliyi müsəlman dini liderlərinin Məşvərət Şurasının və Qafqaz Xalqları Ali Dini Şurasının sədri, Ümumdünya İslam Konqresinin, Ümumdünya Sülh Şurasının, habelə Avrasiya İslam Şurasının rəyasət heyətinin üzvü vəzifələrinə seçilmişdir.

***

Mən möhtərəm şeyx həzrətləri ilə Azərbaycanda və ölkəmizdən kənarda çox yerlərdə dəfələrlə səfərdə olmuşam. Çox vaxrt şeyxin xarici ölkələrdə necə böyük ehtiramla, səmimi, nüfuzlu din xadimi olaraq qarşılanması məni səfər təəssüratlarımı yazmağa vadar edib. Görüb, duyub dərk etmişəm ki, o, dünyanın hər bir guşəsindən görünən çox böyük din xadimidir. Mən Özbəkistanda onun əlini öpən dövlət məmuru da görmüşəm, Gürcüstanın 80 yaşlı patriarxı İkinci İlyanın Tbilisi hava limanında onu necə qarşılamasına, "qardaş” deyib bağrına basmasına, haqqında necə xoş sözlər dediyinə, eləcə də Gürcüstan baş nazirinin şeyxin Tbilisidə Qafqaz Müsəlmanları İdarəsinə məxsus arxivin Azərbaycana verilməsi barədə xahişinin canla-başla əməl olunacağına göstəriş verməsinə şahid olmuşam. Ərəb ölkələrində şeyximizə bütün Qafqazın dini lideri kimi ehtiram olunur, dövlət nazirləri belə onunla məsləhətləşmələr aparırlar.

Gürcüstan Respublikasının sabiq Prezidenti mərhum Eduard Şevardnadze Şeyxülislam Allahşükür Paşazadə ilə bağlı yazırdı: "Harada Şeyxülislam Allahşükür Paşazadə var, orada sülh var, ədalət var. Onun Azərbaycan dövlətinin və Qafqazın dini icmalarının qarşısında duran problemlərə münasibətdə müdrik, uzaqgörən siyasəti regionumuzun xalqları arasında sülhün möhkəmləndirilməsi işinə olduqca dəyərli töhfədir”.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Şeyxülislam Allahşükür Paşazadə haqqında söylədiyi fikirlərdən sətirlər: "Siz Qafqaza dair məsələlərdə dini konfessiyaların ruhani lideri kimi mühüm rol oynayırsınız. Sizin münaqişəli vəziyyətləri nizama salmaq sahəsində sülhməramlı, yaradıcı fəaliyyətiniz, cəmiyyətdə mənəvi iqlimin sağlamlaşdırılması naminə səyləriniz ən yüksək qiymətə və hərtərəfli dəstəyə layiqdir”.

Azərbaycan Prezidenti İlham Əliyev Şeyxülislam A.Paşazadənin çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirərək demişdir: "Şeyx həzrətlərinin Azərbaycanda dini tolerantlığın inkişafında çox böyük əməyi, çox böyük xidmətləri var. Bunu biz bilirik, başqa dinlərin başçıları və nümayəndələri də bilir. Bütün dünyada şeyx həzrətlərinə çox böyük hörmət, çox böyük inam var. Başqa dinlərin başçılarının, Qafqaz xalqlarının dini nümayəndələrinin Azərbaycana səfərləri zamanı və beynəlxalq tədbirlərdə mən şəxsən bunun şahidi olmuşam. Əlbəttə ki, bu, bütövlükdə Azərbaycana olan hörmətin böyük nümunəsidir”.

Möhtərəm dövlət başçımız çıxışlarının birində bu fikri də xüsusilə vurğulayır ki: "Bu gün mənimlə hörmətli şeyx həzrətləri arasında münasibətlər çox səmimidir, dostluq münasibətidir. Biz bu dostluqdan çox məmnunuq. Bu dostluq həm bizim üçün, həm də ölkəmiz üçün lazımdır”.

Mən iştirak etdiyim görüşlərdə Gürcüstan Patriarxı II İlya Qafqaz xalqları arasında dostluğun yaranmasında və inkişafında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin xidmətlərinin böyük olduğunu xüsusi vurğuladığının, Moskvanın və bütün Rusiyanın Patriarxı Kirilin Şeyxülislam Allahşükür Paşazadəyə "mənim qardaşım " deyə mütaciət etdiyinə şahid olmuşam. Etiraf edim ki, şeyxə bu dərin hörmət və səmimi müraciətlər, eləcə də onun Rus Pravoslav kilsəsi ilə münasibətlərin inkişafında və dünyada, eləcə də Azərbaycanda dinlərarası sülhün dəstəklənməsində rolundan bəhs olunması içimi heyrətamiz bir iftixar hissi ilə doldurub .

Vaxtilə müsəlman din xadimləri içərisində ilk dəfə Şeyxülislam Allahşükür Paşazadəni Vatikana dəvət edərək, fəaliyyətini "Müqəddəs Qreqori” ordeni ilə yüksək qiymətləndirən Roma papası II İohan Pavel yazırdı: "Müxtəlif dinlərin nümayəndələri tərəfindən Sizə bəslənən xoş münasibətlərlə fəxr etməyə haqqınız var”.

***

Şeyx həm də fəal xeyriyyəçi, comərd insandır. Onun bir əli, necə deyərlər, həmişə kasıb-kusubun, yeni ailə quranların, qaçqın və köçkünlərin, yurd-yuvasından didərgin düşmüş insanların üstündədir. Hacı Allahşükür Paşazadə ölkədə gedən proseslərdə fəal vətəndaş mövqeyi ilə seçilir.

Hacı Allahşükür Paşazadə eyni zamanda etibarlı dost, mehriban ata, nəvazişli baba, qayğıkeş ailə başçısıdır. Onun çox gözəl, dəyərli bir müsəlman ailəsi var.

Qafqaz bölgəsinin ən nüfuzlu din xadimi kimi 1992-ci ildə Qafqaz Xalqları Ali Dini Şurasının sədri seçilən Allahşükür Paşazadə Çeçenistan və İnquşetiyada dini təfriqə salan radikal təmayüllü qüvvələrin xalqa zidd əməllərinin qarşısının alınmasında əməli tədbirlər görmüş, "Qafqaz evi” çərçivəsində bölgədə barış mühitinin formalaşması istiqamətində gərgin fəaliyyət göstərmişdir. O, Qafqaz müsəlmanlarının ali dini rəhbəri kimi iştirak etdiyi bütün qurum və təşkilatlarda bu bölgənin xalqlarının maraqlarını ən yüksək səviyyədə qoruyur və onların haqq işini müdafiə edir.

1999-cu ildə Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinə çeçen xalqının məhvinə yönəldilən siyasətini tənqid edən etiraz müraciəti göndərərək, islam ekstremizmi və terrorizmi ilə mübarizə şüarından sui-istifadə edərək, bütöv xalqın terrorçu, ekstremist, cinayətkar adlandırılmasını qətiyyətlə pisləmişdir.

Bakıda Beynəlxalq Tolerantlıq Gününə həsr edilmiş konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri A.Paşazadə Qarabağ probleminin din amili ilə bağlı olmasını söyləyən ermənilərin məkrli hərəkətlərinə cavab vermişdir. "Qarabağ münaqişəsinin dinlərarası konflikt kimi təqdim olunması cəhdləri qəti yolverilməzdir və bunu edənlər Yaradan qarşısında ən ağır günah işlətmiş olurlar”.

Bəşəriyyətə Tanrının sözü ilə xidmət edən Şeyxülislam Allahşükür Paşazadə istər Azərbaycan dövlətinin, istərsə də bir çox xarici ölkələrin çox yüksək orden və medallarına layiq görülmüşdür ki, bu da onun təkcə islam dünyasında deyil, beynəlxalq aləmdə böyük nüfuz sahibi olduğunu nümayiş etdirir. Onlardan sadəcə bir neçəsinin adını xatırlamaq istərdim: SSRİ-nin "Xalqlar dostluğu”, Azərbaycanın "Şöhrət”, "İstiqlal” və "Şərəf”, Rus Pravoslav Kilsəsinin I dərəcəli "Müqəddəs Vladimir” və I dərəcəli "Sergi Radonejski”, İordaniya Krallığının I dərəcəli "Kral Hüseyn”, Çeçenistan Respublikasının "Millət qəhrəmanı” və "Çeçen qəhrəmanı” və sair orden və medalları ilə təltif olunmuşdur.

Bizim şeyx həzrətlərinin xahişi ilə 2010-cu ildə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun erməni işğalçılarında qalmış nəşinin doğmalarına qaytarılmasında vasitəçi olmuşdur. Allahşükür Paşazadə həmin ərəfədə Patriarx Kirillə görüşəndə demişdir: "Siz bizim xalqın, bizim müsəlmanların böyük dostu kimi qalacaqsınız və bu, gələcəkdə qarşılaşa biləcəyimiz problemlərin həlli üçün çox vacibdir”.

Möhtərəm İlham Əliyev tərəfindən 2017-ci ilin İslam Həmrəyliyi ili elan olunması XXI əsrdə bəşəriyyətin mənəvi ehtiyac duyduğu və zamanın tələblərinə cavab verən qlobal çağırış kimi, həm də mühüm tarixi əhəmiyyət daşımaqla bərabər, zamanın böyük probleminə çevrilmiş islam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn səmimi təşəbbüs kimi tarixə düşdü.

Bu gün cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi sayəsində dünyanın ən müxtəlif məkanlarında tikilən, bərpa edilən mədəni-mənəvi məbədlər ümumbəşəri irsə dəyərli töhfələrdir.

Dini-ictimai xadim kimi, beynəlxalq aləmdə malik olduğu böyük nüfuzdan istifadə edərək Hacı Allahşükür Paşazadə Azərbaycan həqiqətlərini, Qarabağ probleminin mahiyyətini tanınmış din və dövlət liderləri ilə yüksək səviyyəli görüşlərində, ən yüksək xitabət kürsülərindən etdiyi çıxış və məruzələrdə dünya ictimaiyyətinin diqqətinə çatdırır, Qafqaz regionunda, eləcə də Şərq aləmində sülhün və əmin-amanlığın möhkəmləndirilməsi ilə bağlı geniş təbliğat aparır.

Çox təəssüf ki, sosial şəbəkələrdə, eləcə də bəzi media orqanlarında öz şəxsi maraqlarını hər şeydən uca tutan şəxslər şeyxə qarşı qərəzli qarayaxma kampaniyası aparmaqdan çəkinmirlər. Bütün həyatı boyu xalqına, vətəninə şərəflə xidmət edən, müqəddəs dinimizin ölkəmizdə daha geniş təbliğ olunmasında misilsiz xidmətlər göstərən bir şəxsiyyətə qarşı belə ucuz, qərəzli vasitələrdən istifadə etmək ikrah hissi doğurur. Kimlərinsə maraqları naminə bu böyük insana böhtan atmaq, onun uca və müqəddəs əməllərinə kölgə salmağa çalışmaq ən azından imansızlıqdır.

Şeyx həzrətləri 40 ilə yaxındır ki, ömrünü xalqının böyük vətəndaşı kimi, Şeyxülislam kimi öz vəzifə borcunu şərəflə yerinə yetirir, həm doğma Azərbaycanına, həm islam aləminə, həm də bütövlükdə bəşəriyyətə ruhani qəlbinin töhfələrini bəxş edir.

Filosoflar yazırlar ki, insanlar özlərini təbiətin, Tanrının yaratdığı dünyanın bir hissəsi hesab edəndə, özlərinin bu dünyanın taleyinə məsuliyyət daşıdığını başa düşəndə o zaman şəxsiyyət olurlar. Şeyxülislam Hacı Allahşükür Paşazadə Tanrının yaratdığı bu dünyanın bir hissəsi, bu dünyanın taleyinə məsuliyyət daşıyan bir insandır. Şeyxülislamlıq bir vəzifə olaraq böyük məsuliyyətdir, deyilmi?!

Bəli, hələ cavan yaşlarından Allahşükür Paşazadənin bu məsuliyyəti dərk etməsi və qırx ilə yaxındır ki, həyatının bütün məqamlarında özünü bu müqəddəs işə həsr etməsi gələcək nəsillərin daha dərindən öyrənəcəyi və qiymət verəcəyi misilsiz bir məktəbdir.

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM