07 Mart 2019 02:16
1559
CƏMİYYƏT
A- A+

Daha qəzet almır Hacı Əhməd də...


Bəs onda qəzetçi Rza neyləsin?


Dünya kəşflərlə doludur!
Dünyanı kəşflər irəli aparır:
Təkərin kəşfi...
Buxar maşının kəşfi...
Daxili yanma mühərrikinin kəşfi...
Elektrik enerjisinin kəşfi...
Reaktiv mühərriklərin kəşfi...
Bunlardan heç də əskik olmayan:
Əlifbanın kəşfi...
Kağızın kəşfi...
Basma üsulunun (mətbəənin) kəşfi...
Kitabın (texniki üsulla ərsəyə gələn) kəşfi...
Qəzetin kəşfi...

Əvvəlcə sadaladıqlarımız bəşəriyyətin irəliyə doğru hərəkətini, inkişafını mexaniki və həm də iqtisadi cəhətdən sürətləndirmişdi.
Yazı-pozu sahəsindəki kəşflər isə elmin, insan təfəkkürünün, mədəniyyətin, maarifin və mənəviyyatın yüksəlişini təmin etmişdi.

İstehsalsız və iqtisadiyyatsız normal yaşayış, rahatlıq yoxdur!
Savadsız və mənəviyyatsız cəmiyyət isə ibtidai icma quruluşundakı insan sürüsündən yəqin ki, çox da fərqlənməz!


Hamı dəli olanda qazının yanına gedir...


Vaxt var idi Azərbaycanin işıqlı simaları, vətənpərvər ziyalıları milləti ucaltmağın, təhsilə, elmə, mədəniyyətə çatdırmağın yollarından birini qəzet və jurnal buraxmaqda görürdülər!
Halbuki həmin dövrdə nə mətbəə vardı, nə hürufat, nə də qəzeti oxucuya çatdıranlar...
Heç qəzetə məqalə yazanlar, onu yığıb səhifələyən mürəttiblər - mütəxəssislər, hətta qəzet oxuyacaq kifayət qədər oxucu da yox idi!

Para tapmaq isə həmişəki kimi müşkül görünürdü!
Amma bütün bunlara baxmayaraq, Həsən bəy Zərdabi ruhdan düşmədi, çətinliklər qarşısında geri çəkilmədi, qəzetin həm yazarı, həm buraxıcısı, həm senzoru, həm də redaktoru oldu!

"Əkinçi” belə bir şəraitdə, belə bir zamanda dünyaya gəldi!
"Əkinçi” əvvəldən-axıradək maddi və mənəvi çətinliklər məngənəsində boğuldu!
Amma 56 nömrəlik qəzetlə mətbuat tariximizin təməli qoyuldu!

"Əkinçi” qəzetlərin ilki, qaranquşu oldu!
Maarifin, mədəniyyətin ilk məşəli kimi alovlandı.
Qəzetçilik ənənəsini ortaya qoydu!
Milli mətbuatın mövzu, mahiyyət və prinsiplərini, jurnalistikanın ilkin janrlarını yaratdı!
İnsanlar üçün ümid yerinə, məsləhət və kömək ünvanına çevrildi!
Dərdi, köməyə ehtiyacı olanlar üzlərini o məşələ, o ünvana çevirdilər!

Bu gün isə qəzetin özü köməyə möhtacdır!
Ömrü tükənməkdə olan qəzetin!..


Unudulmaqda olan təkcə qəzetlərdirmi?


"Məndə olan bütün yaxşı cəhətlərə görə kitablara borcluyam” - məşhur rus yazıçısı Maksim Qorkinin sözüdür!

Həm də həyatın sınağından çıxmış sözdür!
Oxunmayan təkcə qəzet olsaydı, nə vardı ki?!
Bəs kitablardan üz döndərmək nə deməkdir?
Belədə bizdə "yaxşı cəhətləri” nə formalaşdıracaq?
Yoxsa daha mütaliəyə, "yaxşı cəhətlərə” ehtiyac qalmayıb?

Kiçik bir eksperiment keçirdik. 2 universitetdə təhsil alan (universitetlərin və tələbələrin adlarını qəsdən göstərmirik) 15 tələbə ilə redaksiyada görüşdük. Əvvəlcədən 5-6 sualdan ibarət xüsusi anket tərtib etmişdik. Məqsəd tələblərin bədii-ədəbiyyat oxuyub-oxumadıqlarını, hansı Azərbaycan yazıçısının əsərləri ilə tanış olduqlarını, əzbər şeir bilib-bilmədiklərini, hansı jurnalistləri tanıdıqlarını və qəzetləri oxuduqlarını öyrənmək idi.

Kaş belə bir araşdırma aparmayaydıq!
Kaş sovet dövrü təsəvvürümüzdə qalaydıq!
Sən demə, bu gənclər Azərbaycan yazıçılarının əsərlərini oxumurlar!
Bir nəfər də bir şeri başdan-ayağa əzbər bilmədi!
Nə bədii ədəbiyyatı sistemli mütaliə edən var, nə də qəzet oxuyan!
Hələ bunlar jurnalist olmaq istəyənlərdir!
Doğrudanmı mobil telefon Azərbaycan ədəbiyyatını (həm təkcə Azərbaycan ədəbiyyatını yox) əvəz etməyə qadirdir?

Bəs görən qəzetlərdən insanların soyumasının, gənclərin onlara maraq göstərməməsinin, nəticədə qəzet tirajlarının aşağı düşməsinin və müasir dildə desək, onun daha "gəlirli biznes” olmadığı üçün sıradan çıxmasının səbəbi nədir?

Şübhəsiz, əsas səbəb internetin, elektron informasiya vasitələrinin meydana gəlməsidir. Artıq bir mobil telefon alıb cibinə qoymaqla istədiyin anda günün yeniliklərini asanlıqla öyrənə, istədiyin qəzetin saytına girə bilirsən. Həm də pulsuz-parasız! Belədə niyə qəzetə vəsait sərf edəsən? Özü də bir neçə qəzet alsan, hər gün buna pul xərcləsən, ayda heç də az vəsait eləmir!

Amma kim deyir ki, insan mənəvi ehtiyacını ödəmək, nəyisə öyrənmək və bilmək, marağını təmin etməkdən ötrü pul xərcləməməlidir?!

Əslində insanı digər canlılardan fərqləndirən məhz onun mənəvi ehtiyacları və daim həmin ehtiyacları ödəməyə can atmasıdır!

Kino çıxanda dedilər teatr öləcək, amma ölmədi!
Televiziya çıxanda dedilər teatr da, kino da öləcək, amma heç biri ölməyib!
Bu gün də yaşayırlar, insanlar evlərində televiziyaya baxmaqla yanaşı, kinoya da gedirlər, teatra da!

Nə yaxşı ki, belədir! Yoxsa hamı mavi ekranın, kompüterin qarşısında oturub qalsaydı, bir-birinə daha çox yadlaşar, ictimai yerlərdən ayaqları çəkilər, çölə-bayıra çıxmadıqlarından heç bundan səhhətləri də fayda götürməzdi.


Mənəvi və maddi məqamlar


Qəzetlərin sıradan çıxmalarının subyektiv səbəbləri də vardır...
NƏDİR ONLAR?
ƏVVƏLA, qəzet oxumaq həm də vərdişdir, oxu mədəniyyətidir. Görünür, bu vərdişi vədəsində gənclərə aşılamadıq, unutduq və unutdurduq.
Həm də təkcə bunu yox, kitab oxumağı da!

İKİNCİSİ, sovet dövründə təkcə ölkə paytaxtına və rayon mərkəzlərinə yox, hətta ən ucqar kəndlərə, hər bir ailəyə belə qəzet çatdırılırdı!

İndi isə qəzet abunəçiləri, az qala barmaqla göstəriləcək həddədir!

ÜÇÜNCÜSÜ, qəzetlərin qiyməti xeyli bahalaşıb: sovet dövründə qəzet 2 qəpiyə idi və bir çörəyin qiymətinə 15-ini almaq olardı.

İndi isə 40 qəpikdir - bir çörəyin qiymətinə!

DÖRDÜNCÜSÜ, "reket qəzetlər” və "reket jurnalistlər” qəzetləri də, jurnalistləri də hörmətdən saldılar, insanları təhqir, yalan, böhtan, qərəz dolu yazıları ilə qəzetlərdən çiyrindirdilər!

Sovet dövründə hamı jurnalistlərlə dostluqdan qürur duyurdu, indi isə jurnalist adı gələndə üzlərini turşudur, arxalarını çevirərək qapılarını bağlayırlar!
Bunlar məsələnin mənəvi tərəfi ilə bağlıdır.
Müxtəlif dövrlərdə müəyyən maliyyə problemlərinin yaranması və həll edilməməsi isə qəzetin və qəzetçinin nəfəsini kəsdi!

BUNLAR HANSILARDIR:

BİRİNCİ, bu işlə məşğul olanlarda qəzet biznesini idarəetmə təcrübəsinin yoxluğu;

İKİNCİ, reklam qıtlığı və reklam bazarının formalaşmaması;

ÜÇÜNCÜ, qəzetlərin sərbəst satışının təşkil olunmaması, bu məqsədlə dövlət hesabına yaradılan köşklərin "mini-bazar” kimi fəaliyyət göstərməsi;

DÖRDÜNCÜ, qəzetlərə əlavə dəyər vergisinin tətbiqinin yenidən geri qaytarılması;

BEŞİNCİ, manatın devalvasiyası nəticəsində xaricdən gətirilən və məhsulun maya dəyərinin özəyini təşkil edən qəzet kağızının və metal təbəqənin qiymətinin xeyli yüksəlməsi.

Əslində, sonuncu qəzetin və qəzetçilərin belinin qırılmasına kifayət edir!
Amma gəlin çox mühüm bir məqamı yaddan çıxarmayaq:
Qəzet yalnız pul qazanmaq üçün biznes sahəsi deyil! O həm də ideoloji (bu sözdən "demokrat”ların xoşu gəlməsə də) məhsul sayılır!Dünən "reket jurnalist”lərə təslim olan jurnalistika bu gün öz yerini sosial şəbəkəyə verir!

Azərbaycan iqtidarı yalnız mətbuat və söz azadlığını bəyan etməyib, onun təmini yolunda ardıcıl və məqsədyönlü tədbirlər görür!
Əgər belə tədbirlər və addımlar olmasaydı, yəqin ki, indiyə barmaqla sayılacaq qədər qəzet qalacaqdı!

KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması bu sahədə ən uğurlu gediş oldu! Əslində, buna qədər də qəzetlərin mətbəələrə borcları dövlət hesabına silinmiş, dəfələrlə müxtəlif qəzetlərə birdəfəlik maddi yardım göstərilmişdi.

Jurnalistlərə dövlət hesabına tikilərək təmir edilən mənzillərin təmənnasız bağışlanması isə görünməmiş köməkdir!

Əgər bu olmasaydı, yəqin ki, yüzlərlə jurnalist hələ də kirayələrdə yaşayar, darısqallıq əziyyəti çəkər, ömrü boyu şəxsi mənzili olmaq xoşbəxtliyinin dadını bilməzdi!

Dövlətin bu köməyi hələ də davam edir!
Lakin KİV-in inkişafına Dövlət Dəstəyi Konsepsiyasının fəlsəfəsi başqadır! Xüsusən iki mühüm məqamı diqqətə çəkmək istəyirik:

BİRİNCİ, hər qəzetə Konsepsiyada göstərilən on doqquz istiqamətdən biri üzrə hazırlanmış və bəyənilmiş layihə əsasında qrant ödənilir!

Vurğulayırıq: Dövlətin təqdim etdiyi yox, məhz qəzet redaksiyasında hazırlanan layihələrə qrant ayrılır. Deməli, qəzetin daxili işinə müdaxilə edilmir, onun fəaliyyəti hansısa səmtə dəyişdirilmir!

İkinci məqam: Qrantlar həm də ictimai fikrin formalaşmasına müəyyən təsiri olan, məqbul tirajla qəzet bazarında yer tutan nəşrlərə ödənilir!
Həm də müəyyən dövr ərzində!
Ömürlük, həmişəlik yox!
Odur ki, həmin dövrdə qəzetlər ayaqda durmağı öyrənməli və bacarmalıdırlar!

Beləliklə, nə vaxtsa KİV-ə Dövlət Dəstəyi Fondunun qrantlı layihələrə xitam verməsi təbii və gözləniləndir!

Qəzet bazarında duruş gətirə bilməyən qəzetlərin də sıradan çıxacağı təbiidir.
Bəs görəsən "duruş gətirmənin” şərtləri, yaxud şəraiti nədir?


Tərəzinin boş qalan gözü...


Qonşudan gələn payla qarın doymaz! - bu atalar misalıdır, həm də zamanın sınağından keçib!
Deməli, özün qazanıb, alıb-gətirib süfrəyə düzməlisən!
Təsərrüfat hesabı da o deməkdir ki, nə qazansan, onu da yeyəcək və xərcləyəcəksən!
Əgər qazansan!
Əgər qazana bilsən!
Adətən qəzetlər pulu 3 mənbədən qazanır: abunə, pərakəndə satış və reklam hesabına!

Sovet dövründə birinci yerdə abunə dururdu!
İndi isə abunə görünməmiş dərəcədə azalıb, pərakəndə satış isə heç kəsi maraqlandırmır və biznes kimi cəlb etmir!

Dünya praktikasında da qəzetləri yaşadan başlıca vasitə reklamdır!
Qəzetlərin əsas hissəsini tutan və yüksək gəlir gətirən reklam!

Azərbaycanda özəl bölmə müstəqillik dövründə yaranıb və yaşı azdır. Hələ burada çalışanlar reklamın əhəmiyyətini kifayət qədər qiymətləndirmirlər! Pulu olanlar isə televiziya reklamına qaçırlar!

Dünya maliyyə böhranı ilə əlaqədar bir sıra şirkətlərin sıradan çıxması olmayan reklam bazarını da puça çıxardı!

Bu gün dövlətin reklam bazarında da (nazirliklər, komitələr, yerli icra hakimiyyəti orqanları, dövlət şirkətləri və səhmdar cəmiyyətləri tərəfindən verilən və rəsmi qəzetlərdə dərc edilməli olan tender, müsabiqə, kotirovka elanları nəzərdə tutulur) bir xaos, qaydasızlıq baş alıb getməkdədir.

Nə reklam haqqında qanuna əməl edən, nə də ona nəzarət yetirən var! 
Elanlar kimlərə necə verilir, ödəmələr nə sayaq aparılır - nə "görən” vardır, nə də "bilən”.

Reklamla bağlı vergi qanununun pozulması, bu sahədə baş alıb gedən qeyri-sivil rəqabət adi hala, reklam qapmaq metoduna çevrilib!

Bütövlükdə isə çap mediası üçün nəzərdə tutulan ümumi reklam bazarının yaranması qəzetçilərin əlçatmaz arzusu olaraq qalır. Hətta Mətbuat Şurası da bu problemin çözümündə acizlik göstərdi!

Elə ki ayın başı yaxınlaşır, qara sancı dolur qarnımıza: görəsən əməkhaqqını necə və nə ilə verəcəyik?!
Başlayırıq əldə telefon yalvar-yaxara: məhsulumuzu satan yayım təşkilatlarına, reklamlarını dərc etdiyimiz qurumlara!
Aman günüdür, aldığınız qəzetin, sizə göstərdiyimiz xidmətin pulunu ödəyin!
Biz oluruq yalvarıcı, onlar olurlar xan qapısı!

Qəzet yayımı qurumlarından əməkhaqqı ödəyəcəyimiz məbləğdən dörd-beş qat artıq alacağımız olsa da, ləliməkdən başqa heç nəyə gücümüz çatmır!
Məhkəmədə qaldırdığımız iddialar isə icra qurumunun və hakimlərin kəraməti sayəsində illərlə çəkişmə, süründürmə, saysız-hesabsız baxış obyektinə çevrilir!
Çünki heç kimin heç harası ağrımır!

Hamıya canı yanan jurnalistə kimsənin canı yanmır!
İllərdir ki, bu ssenari ilə yaşayır və işləyirik!
İllərdir ki, özümüz deyib, özümüz eşidirik!
Yaxşı, qəzetləri də gömdük torpağa, bəs sonra!
Bu boşluğu nə ilə dolduracağıq!
Sosial şəbəkə ilə?

Gəlin açıq etiraf edək: bu gün çap mediasının pul qazanmaq imkanı çox çətin və məhduddur!
Televiziya reklamına olan marağı qəzetlərdə görmürük!

Hətta özəl televiziyalar reklam bolluğundan bir verilişi, filmi sonadək "bütöv halında” göstərə bilmirlər, tez-tez dayanıb "pul qazanmalı” olurlar!

Müstəqil qəzetçilər elə bilirlər ki, dövlət və iqtidar qəzetləri yağ-bal içində üzürlər! Necə ki ölülər elə sanırlar ki, dirilər bütün günü halva yeyirlər.

Amma heç də belə deyil!
Nə yağ-bal içində yaşayırıq, nə də halva yeyirik!
Ay başa çatana kimi növbəti əməkhaqqını necə, hansı vəsait hesabına verəcəyimizi bilmirik!

Bir yandan da "Azərbaycan” nəşriyyatı ayağını dirəyib, "kağızınız qurtarıb, kağız alın!” deyə məktub dalınca məktub göndərir!
Oğulsan bu şəraitdə qəzeti də saxla, kollektivi də yaşat!


Qəzetləri itirməklə nələri itirə bilərik!


Qəzet gedəndə özü ilə nələri aparacağı ehtimal edilir?
Bunu elektron media ilə müqayisədə nəzərdən keçirək:

* Elektron media gün ərzində operativ informasiyalar yayır. Burada araşdırma və analitik yazılara nadir hallarda təsadüf etmək mümkündür;

* Jurnalistikanın bütün janrlarından elektron mediada istifadə olunmur, əsasən informasiya və müsahibəyə üstünlük verilir;

* Maarifləndiricilik funksiyası çox zəifdir, tarixi keçmişimizə, xalqın tarixi simalarının anılmasına və təbliğinə yer ayrılmır;

* Dövlət maraqları ilə bağlı ciddi yazılar yox dərəcəsində olur, "sensasiya yaradılmasına” cəhd göstərilir;

* Milli-mənəvi dəyərlərə hörmət və onların qorunmasına, jurnalistlərin peşə davranışı qaydalarına əməl etməsinə çap mediasında daha çox yer verilir;

* Qəzetə, onun yazılarına inam, etibar daha çoxdur, elektron saytlardakı ciddi hadisə və faktlara isə "təsdiqi tapılandan” sonra inanırlar;

* Elektron media arxiv kimi etibarsızdır, xalqın, dövlətin gördüyü işlər, bugünkü hadisələrin gələcək nəsillərə çatdırılması qəzetlərin sınaqdan çıxmış və özünü doğrultmuş missiyasıdır.

Yaxın keçmişimizdə, müstəqilliyin ilk illərində və sonralar baş verən bir çox hadisələrin lentlərdən və saytlardan itirilməsinə dair xeyli faktlar mövcuddur. Bunların bir qismi qayğısızlıqdan baş veribsə, bir hissəsi də qəsdən törədilib. Qəzetləri isə yox etmək mümkün deyil! Çünki haradasa, hansı kitabxanada və ya şəxsi arxivdə qala bilir!

Bütün sadalananları ümumiləşdirsək, "Qəzetləri itirməklə nələri itirə bilərik” sualını belə cavablandıra bilərik:

Çap mediasında daim yer tutan araşdırma və analitik yazılar, jurnalistikanın əsrlər boyu yaranmış janrlarının mühüm bir qismi, maarifçiliklə və tarixi keçmişlə bağlı məqalələr, dövləti və milli maraqların ardıcıl, sistemli şəkildə müdafiəsi, milli-mənəvi dəyərlərin qorunması və təbliği, mətbu sözə olan ənənəvi inam və etibar da qəzetlərlə birlikdə gedəcəkdir!
Məgər bütün bu keyfiyyətlərinə görə qəzet yaşamağa layiq deyilmi?!.


Novruzəli nə gözləyir!


Novruzəli poçt qutusunun yanında oturub gözləyir...
Yox, xanın məktubunu qutuya salmayıb.
İtqapan kəndindəki poçt qutusunun yanını kəsdirib!
Gözləyir ki, nə vaxt poçtla qəzet gələcək!
Gözləyir...
Amma nə qədər gözləyəcəyini heç özü də bilmir...


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video