Alternative content

10:37 21 Mart 2019
ONLINE XƏBƏR LENTİ
08:42 21.03.2019 Azərbaycana yaz gəldi…
01:41 20.03.2019 Sarsılmaz birlik
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İşıqlı gələcəyə doğru
İşıqlı gələcəyə doğru
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:57 07.03.2019


Prezident İlham Əliyevin nəzarəti və dəstəyi ilə "Azərişıq” ASC dörd ildə böyük uğurlara imza atıb


Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı həyatımızın bütün sahələrində, o cümlədən elektroenergetika sisteminin inkişafında öz əksini tapıb. Ölkədə həyata keçirilən islahatlar elektrik təchizatı ilə bağlı müasir infrastrukturun yaradılması istiqamətində mühüm nailiyyətlərin əldə olunması üçün əlverişli şərait yaradıb.

13 il bundan əvvəl Prezident İlham Əliyevin enerji sektorunda islahatların həyata keçirilməsinə start verməsi elektroenergetika sahəsində yeni eranın başlanmasına səbəb oldu. Azərbaycan elektrik enerjisi idxal edən ölkədən elektrik enerjisi ixrac edən ölkəyə çevrildi. İndi bu sözləri cəsarətlə demək üçün hansı əziyyətlərə sinə gərilib, nə qədər gecəli-gündüzlü əmək sərf edilib, bu da bir həqiqətdir və onu xatırlatmaq yerinə düşər.

Müasir elektroenergetika infrastrukturu çoxlarına bəlkə də məşəqqət dolu günləri, gecələri unutdurub. Amma ilk dəfə bu işə start veriləndə məsələ heç də asan deyildi. Çoxları bunu dəf olunmaz bir problem kimi də görürdü. 2006-cı ildə "Bakıelektrikşəbəkə” ASC-nin yaradılması ilə illərcə yığılıb qalmış problemlərin həllinə başlanıldı. Prezident İlham Əliyevin birbaşa iştirakı və yaxından dəstəyi ilə həmin çözülməz məsələlər tarixin arxivinə qovuşdu.

İlk olaraq paytaxt Bakıda paylayıcı şəbəkələr dünya meqopolislərinə uyğun, bəzi məqamlarda daha irəli texnologiya ilə yenidən quruldu. Strateji məqsəd kimi tam şaxələndirilmiş və fasiləsiz ekoloji təmiz elektrik enerjisi istehsalının təmin edilməsi, beynəlxalq göstəricilərə uyğun səmərəlilik və keyfiyyət standartlarının yaradılması, elektrik enerjisi sahəsində məqsədləri reallaşdırmaq üçün əsas hərəkətverici mexanizmlərin işə salınması müəyyənləşdirildi. Aparılan yenidənqurma işləri nəticəsində Bakı şəhəri üzrə elektrik şəbəkəsinin qoyuluş gücü 2006-cı ildəki 3 048 MVA-dan 2018-ci ilə 7 000 MVA-ya qaldırıldı. Texniki itkilər 16,9 faizdən 7,8 faizə endirildi.

Bu müddət ərzində güc defisiti və ifrat yüklənmələr dəf edildi. Paylayıcı elektrik şəbəkədə həyata keçirilən ən mühüm islahat Bakı şəhərində elektrik təchizatının dayanıqlığını və etibarlılığını təmin edən 110 kV-luq dairəvi təchizat sisteminin yaradılmasıdır. Bu da nəinki Bakı şəhərində, eləcə də respublikamızda bir ilk idi. Bu sistemin yaradılmasında məqsəd 220 kV-luq qovşaq yarımstansiyalarından 110 kV-luq elektrik şəbəkələri vasitəsilə enerjinin şəhərin müxtəlif yerlərinə ötürülməsi, həmçinin hər hansı mənbədən olan elektrik təchizatında fasilə yarandığı təqdirdə istehlakçının digər mənbə hesabına enerji ilə təmin olunmasıdır.

Bu sxem günün istənilən vaxtında istehlakçıları elektrik enerjisi ilə dolğun, fasiləsiz təmin etməyə hərtərəfli imkan verir. İlk olaraq 110 kV-luq dairəvi sxem 220 kV-luq "Müşfiq” və "Xırdalan” qovşaq yarımstansiyaları arasında yaradıldı. Dairəvi sxemin yaradılması üçün yeni 110 kV-luq "Bayıl”, "İçərişəhər” və "Liman” yarımstansiyaları tikilib istifadəyə verildi. "Müşfiq” - "Badamdar” - "Bayıl” yarımstansiyalararası ikidövrəli 110 kV-luq hava xətləri kabel xətləri ilə əvəz edildi. Bu dairəvi sistem paytaxtın mərkəzindəki mühüm obyektləri - Bayraq meydanı, Milli Park, "Baku Crystal Hall”, "İçərişəhər” Dövlət Qoruğu, habelə neft mədənləri, yaşayış massivləri və müxtəlif sosial və məişət obyektlərini fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edir.

Bakının Qaradağ, Binəqədi, Yasamal və Nəsimi rayonlarının elektrik təchizatında dayanıqlığı və fasiləsizliyi təmin etmək üçün isə 220 kV-luq "Səngəçal” və "Müşfiq” qovşaq yarımstansiyaları arasında ikinci 110 kV-luq dairəvi sistem yaradılıb. Bunun üçün Xocasən qəsəbəsində müasir tipli 110/35/10 kV-luq "Xocasən” yarımstansiyası tikilmişdir. 110 kV-luq "Dağlıq” və "Yasamal-2” yarımstansiyaları yenidən qurulub. Bu dairəvi sistem yeni tikilən metro stansiyalarını, "Avtovağzal” kompleksini, Bakının su təchizatı sistemini, Bakı Stend Atıcılığı Kompleksini və digər obyektləri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etməyə imkan verir.

Həmçinin "Xırdalan” və "Nizami” yarımstansiyaları arasında üçüncü 110 kV-luq dairəvi sistem yaradılıb. Bu məqsədlə 110 kV-luq "BMKZ” və 204 saylı yarımstansiyalar qapalı tipli olmaqla, yenidən tikilib. Bu yarımstansiyaları əlaqələndirmək üçün 36 km uzunluğunda 110 kV-luq ikidövrəli kabel xətti çəkilib. Eyni zamanda, 110 kV-luq "BMKZ” və 203 saylı yarımstansiyalar arasındakı hava xətləri kabel xətləri ilə əvəzlənib. Bu sistem Olimpiya stadionu, Milli Gimnastika Arenası, Atletlər kəndi, Heydər Əliyev adına neft Emalı Zavodu və Heydər Əliyev prospektindəki dövlət əhəmiyyətli obyektləri - ARDNŞ, Azərsu, Milli Sağlamlıq Mərkəzi, Dövlət Neft Fondu və başqa obyektləri fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin edir.

Sayca dördüncü olan "Müşfiq”, "Xırdalan” və "Hövsan” yarımstansiyaları arasında 110 kV-luq dairəvi sistem üç qovşaq yarımstansiyalarını əlaqələndirir. Bunun üçün 110/35/10 kV-luq 210 saylı və 110/35/10 kV-luq "Həzi Aslanov” yarımstansiyaları tikilib. Bu yarımstansiyalar da qapalı tiplidir və müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilib. Onları qidalandırmaq məqsədilə 110 kV-luq "Liman” - "210” - "Həzi Aslanov” - "Radiozavod” - "Əhmədli” yarımstansiyaları arasında ikidövrəli kabel xətləri quraşdırılıb. Bu dairəvi sistemin məqsədi Xətai və Nizami rayonlarının əksər hissəsini, "Ağ Şəhər” layihəsini, Yeni Bulvar - Zığ arası sahil boyu inşa edilən həm yaşayış, həm istirahət, həm də sosial obyektləri dayanıqlı enerji ilə təmin etməkdir.

110/35/10 kV-luq 2x40 MVA gücündə yeni "Buzovna-2” yarımstansiyanın tikintisi ilə Abşeron yarımadasında olan 110 kV-luq paylayıcı şəbəkələrin respublikamızın şimal bölgəsi ilə əlaqələndirilməsi planının ilk mərhələsidir. Bununla 3 elektrik stansiyanın (Şimal ES, Təmiz Şəhər ES, Sumqayıt ES) və 2 ədəd 220 kV-luq qovşaq yarımstansiyanın ("Zabrat” və "Sənaye Qovşağı”) əlaqələndirilməsi ilə 110 kV-luq elektrik təchizatı sxeminin etibarlığı artırılır. Bundan əlavə, yeni inşa edilmiş "Buzovna-2” yarımstansiyası mövcud 35 kV-luq şəbəkə üçün mənbə olduğundan ayrı-ayrı 35 kV-luq dairəvi sxemə aid olan yarımstansiyaları əlaqələndirir. Bu da öz növbəsində mövcud 35 kV-luq yarımstansiyalar arasında dairəvi elektrik təchizat sxeminin, elektrik şəbəkələrinin dayanıqlı iş rejiminin yaradılmasına şərait yaradır. Prezident İlham Əliyevin 2011-ci ildə açılışında iştirak etdiyi Mərkəzi Dispetçer Xidməti də səhmdar cəmiyyətin ən uğurlu layihələrindəndir. Yeni tikilən və əsaslı şəkildə yenidən qurulan yarımstansiyalar SCADA (elektrik avadanlıqlarının vəziyyətinə nəzarət və idarəetmə) sisteminə qoşulur. 110 və 35 kV-luq yarımstansiyaların SCADA sisteminə keçməsi ilə onların uzaq məsafədən operativ idarə olunması təmin edilir. Bu sistem kompüter bazası əsasında qurulan və proqramlaşdırılan avtomatik uzaqdan idarəetmə sistemidir. Onun əsas funksiyası şəbəkəni və ya enerji sistemini operativ idarə edən dispetçerlə idarə olunan şəbəkə arasında birbaşa vizual əlaqə yaratmaqdan ibarətdir. SCADA vasitəsilə şəbəkənin elektrik avadanlıqlarına nəzarət və onları idarə etmək, təcili operativ əməliyyatlar həyata keçirmək, şəbəkədə gedən prosesləri təhlil etmək, hesabatlar hazırlamaq mümkündür. Bu sistemə qoşulan yarımstansiyalarda qəza baş verərsə, SCADA sistemində dərhal vizuallaşır. Dispetçer isə qəzanın baş verdiyi elektrik avadanlığını təyin edir, qəzanın yaranma səbəblərini aydınlaşdırır, hadisənin nəticələrinin qısa zaman çərçivəsində aradan qaldırılmasını həyata keçirir.

Paytaxtın enerji təsərrüfatında həyata keçirilən yenidənqurma işləri və uğurlu islahatlar təbii ki, dövlət başçısının diqqətində idi. Əldə olunan uğurlu nəticələr ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirildi və 2015-ci ilin fevral ayının 10-da prezident İlham Əliyevin 1045 saylı sərəncamına əsasən "Bakıelektrikşəbəkə” ASC-nin bazasında "Azərişıq” ASC yaradılaraq respublikamızın (Naxçıvan MR xaric) bütün paylayıcı şəbəkələri kollektivə etibar edildi. Prezident İlham Əliyevin "İşıqlı Azərbaycan” layihəsinin reallaşdırılması çərçivəsində bu işin yeni yaradılan "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə tapşırılması qürurverici faktdır. "Azərişıq” ASC-nin kollektivi bundan sonsuz şərəf duyur və Bakıda həyata keçirilən islahatların bütün Azərbaycanı əhatə etməsi istiqamətində, ölkəmizin ən ucqar yaşayış məntəqələrinin belə, nura bələnməsi naminə yorulmadan və iftixarla çalışmaqdadır. Respublikamızın 57 rayon və şəhərini əhatə edən "Azərişıq” ASC 7 regional enerji təchizatı satış idarəsi üzrə fəaliyyət göstərir. Səhimdar Cəmiyyətin əsas missiyası istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli elektrik enerjisi ilə təchiz etmək; yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə etmək; elektrik enerjisi istehsalçıları ilə əməkdaşlıqda diversifikasiyanı təmin etmək; ən müasir texnoloji yeniliklərə əsaslanan idarəetməni formalaşdırmaq; istehlakçılara göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə təmin etmək və daim təkmilləşdirmək; elektrik enerjisinin texnoloji sərfiyyatını minimum səviyyəyə endirmək və sairədir. Təkcə bir faktı deyək ki, "Azərişıq” ASC yaradıldıqdan sonra da paytaxt Bakıda aparılan yenidənqurma işlərinin miqyası səngimədi. Ötən dörd il ərzində paytaxt Bakıda və Bakı ətrafı qəsəbələrdə 7 ədəd 110- kV-luq yarımstansiya, 25 ədəd isə 35 kV-luq yarımstansiya tikilib və ya yenidən qurularaq gərginlik altına verilib. Paytaxtın inkişafda olan infrastrukturuna uyğun olaraq bu müddət ərzində müasir tələblərə cavab verən 780 ədəd KTM quraşdırılıb, 9 ədəd PQ (6-10 kV) tikilib, 50 min 74 ədəd müxtəlif tipli dayaqlar basdırılıb. Paytaxt və ətraf qəsəbələr boyu müxtəlif gərginlikli ümumilikdə, 6170 km uzunluğunda elektrik naqilləri çəkilib.

Prezident İlham Əliyev yeni strukturu yaradarkən kollektiv qarşısına qoyduğu bölgələrdə bütün elektrik təsərrüfatının Bakının səviyyəsinə qalxmalıdır tələbi "Azərişıq” kollektivinin əsas fəaliyyət devizi oldu. Yaradıldığı çox qısa müddət ərzində, 2015-ci ildə "Azərişıq” ASC 3 yeni 110 kV-luq yarımstansiyanın inşasını başa çatdırdı. Bakı şəhərində "Buzovna-2”, Şəki rayonunda "Göynük” və Gədəbəy rayonunda "Gədəbəy” və 110 kV-luq 100-ə yaxın yarımstansiya təmir olundu. 35 kV-luq gücündə 22 yeni yarımstansiya istifadəyə verildi. Həmin gücdə 400-dək yarımstansiya təmir olundu. Bakıdakı ənənəyə sadiq qalan "Azərişıq” ASC Azərbaycanın qədim şəhəri olan Gəncədə də gözəl memarlıq abidəsini yaratmağa nail oldu. Gəncənin qədim şəhərsalma üslubuna uyğun olaraq tikilən yarımstansiyanın birinci mərtəbəsi daş üzlüklə, ikinci mərtəbəsi isə qırmızı kərpicdən olmaqla xüsusi memarlıq üslubunda inşa edilib. İnşaat işləri zamanı 1200 metr məsafədə asfalt yol salınıb, ətraf abadlaşdırılıb, yaşıllıq zolaqları yaradılıb. Yarımstansiya foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub, ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən guşə yaradılıb. Həmçinin 35/6 kV-luq "Nizami” yarımstansiyasında Qərb Regional Tədris Mərkəzi də istifadəyə verilib.

Xüsusi ilə nəzərə almaq lazımdır ki, ötən dörd il ərzində bu işlər əlavə investisiya vəsaitləri cəlb etmədən -”Azərişıq”ASC-nin tam daxili resursları hesabına həyata keçirilir. Hazırda 110 kV-luq şəbəkələr üzrə 12 ədəd - 110 kV-luq, 35 kV-luq şəbəkələr üzrə isə 41 ədəd 35 kV-luq yarımstansiya tikilir. 10 ədəd ofis binasının tikintisi aparılır. Ümumilikdə ötən 12 il ərzində belə ofis binalarının sayı 60-dan yuxarıdır.

Ölkəmizin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatmış köhnə transformatorlar yeni tip, qapalı komplekt transformator məntəqələri (KTM) ilə əvəz olunur. "Azərişıq” ASC qısa müddət ərzində 4500-ə yaxın bu cür yeni tipli KTM quraşdıraraq istifadəyə verib. Səhmdar Cəmiyyət respublikamızın bütün şəhər və rayonlarında, kənd və qəsəbələrində, hətta ən keçilməz dağ silsilələrində, ən ucqar yaşayış məskənlərində belə, genişmiqyaslı işlər görməkdədir. Daha bir faktı diqqətinizə çatdıraq: Zaqatala rayonunun Qalal kəndi 35 illik fasilədən sonra 24 saat dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunub. Bu kənd rayon mərkəzindən 30 km məsafədə, Rusiya ilə sərhəddə yerləşir. Kənd sakinləri 35 il idi ki, işıqsız qalmışdılar! "Azərişıq” ASC daxili imkanları hesabına bu problem istənilən hava şəraiti üçün birdəfəlik həll edildi.

Tarix boyu elektrik enerjisi olmayan Astaranın ucqar Şəvqo kəndi də xoşbəxt kəndlər siyahısındadır. Meşəliyin içində, çaylar, qayalıqlar arasında, bir sözlə ən çətin relyefdə yerləşən bu kəndə texnikadan istifadə etmək mümkün olmadığından əl əməyi ilə şəbəkə qurulub. Ömrü boyu işığı olmayan 49 yaşayış evinin və ya 250-dən artıq insanın elektrik enerjisi ilə təmin edilməsi üçün 2 km 10 kV-luq və 5 km 0,4 kV-luq məsafədə özünüdaşıyan izolyasiyalı naqillərdən ibarət xətti çəkilib. 1 ədəd 10/0.4 kv -luq 63 kv gücündə transformator məntəqəsinin fəaliyyəti təmin edilib. Abonentlərin evlərinə 49 ədəd sayğac quraşdırılıb.

"Azərişıq” ASC dörd ildir ki, sərasər müharibə şəraitində olan ölkəmizdə cəbhə bölgəsində yerləşən rayonlara da xüsusi diqqət və qayğı göstərir. Düşmənlə təmas xəttində yerləşən Tərtər, Ağdam və Füzuli rayonlarında köhnəlmiş, istismara yararsız elektrik dayaqları dəyişdirilir, naqillər, transformatorlar yeniləri ilə əvəz edilir və müasir tipli yarımstansiyalar quraşdırılır. Bu bölgələrin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təminatı daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 24 yanvar 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar müvafiq infrastrukturun yaradılması, o cümlədən ərazidə elektrik təsərrüfatının bərpa edilməsi istiqamətində "Azərişıq” ASC tərəfindən genişmiqyaslı işlər aparılıb. Səhmdar Cəmiyyət tərəfindən Cocuq Mərcanlı kəndi ərazisində müasir standartlara cavab verən 35/10 kV-luq yeni yarımstansiya inşa edilib.

Son 13 il ərzində bir milyona yaxın elektron-rəqəmsal sayğaclar istismara verilmiş və uçot komplekti ilə təchiz edilmişlər. İlk dəfə olaraq, insan faktoru təsirinin minimallaşdırılması məqsədilə, məsafədən oxunma cihazları olan "Alfa metronika RTU” alış nöqtələrində quraşdırılmış və xüsusi proqram təminatı mərkəzi idarəetmə bazasına inteqrasiya edilmişdi. Hazırda "Elster” tipli sayğaclar, quraşdırılma və istismar yerindən asılı olaraq: saatlıq, sutkalıq, həftəlik və aylıq (cari ay və ya 4 həftə müddəti götürülür) sərfiyyat göstəricilərini virtual yaddaş blokunda toplayır, avtomatik olaraq mərkəzə ötürür (əvvəlcədən qurulmuş virtual ssenari üzrə), eyni zamanda, istənilən müdaxilə və ya istismar şərtlərini pozan şərait yarandığı hallarda sayğac mərkəzə müvafiq xəbərdarlıq (alarmtipli) məlumatlarını da çatdırır. Generasiya olunan informasiyalar şifrələnir, mərkəzə çatdırıldıqda isə deşifrə olunaraq xüsusi cədvəllər şəklində monitorda əks etdirilir. Bu günədək 500-dən çox bu tip sayğaclar quraşdırılmış və uğurla istismar olunur.

2011-ci ildən tətbiqinə start verilmiş SMS Smart sayğacların istismarını tam şəkildə həyata keçirmək məqsədilə, müəssisənin intellektual texnologiyalar mütəxəssisləri tərəfindən xüsusi SİMS proqram təminatı işlənib hazırlanıb. Bu proqram vasitəsilə SMS Smart sayğacların oxunması, balans artırılması, alarm - xəbərdarlıq mesajlarının alınması, məsafədən tarif cədvəlinin qurulması, abonentin ödənişləri/sərfiyyatı (gündəlik, həftəlik, aylıq, yarım illik və illik) haqda tam məlumatların alınması/verilməsi, abonentin mobil telefonuna faydalı məlumatların ötürülməsi təmin edilir. SMS Smart tipli sayğaclar GSM - mobil rabitə kanalı vasitəsilə, şifrələnmiş informasiya mübadiləsi rejimində fəaliyyət göstərir və funksional imkanları tətbiq şəraitinə uyğun qabaqcadan proqramlaşdırılır. 2011-2018-ci illər ərzində 100 mindən artıq SMS Smart sayğac paytaxt rayonlarında və ölkəmizin müxtəlif regionlarında quraşdırılaraq istifadəyə verilib.

Əhali və qeyri-əhali istehlakçı qrupuna aid sifarişçilərin enerji təchizatı şəbəkəsinə qoşulması və sayğacların quraşdırılması "Azərişıq” ASC-nin yeni elektron xəritə sistemi vasitəsi ilə həyata keçirilir. "ASAN xidmət” mərkəzlərinin birgə fəaliyyəti ilə vətəndaşlara göstərilən xidmətdə mütəmadi yeniliklər edilir. Belə yeniliklərdən biri də səyyar "ASAN Kommunal Xidmət” vasitəsidir. Evinə, bağına və ya tikinti obyektinə işıq çəkdirmək istəyən vətəndaş səyyar "ASAN Kommunal Xidmətə” sənədlərini təqdim edir. Qeyd olunan obyekt elektron xəritənin məlumat bazasında müəyyən edilir və şəbəkəyə qoşulması üçün məsafə, lazım olan mal-material, işin həcmi və görüləcək işlərin dəyəri müəyyənləşdirilir. Sifarişçi tərəfindən görüləcək işlərin dəyəri ödənildikdən sonra "Azərişıq” ASC-nin əməkdaşları operativ göstərilən ünvana yollanır, vətəndaşın obyektinə elektrik enerji xətti çəkilir, abonent üçün sayğac quraşdırılır.

Əvvəllər müraciətləri qeydə almaq, araşdırmaq, baxış keçirmək, məsafəni ölçmək, hesablamaq, qoşulma ilə bağlı xərclər, elektrik xəttini çəkmək və elektrik sayğacı quraşdırmaq üçün 10 gün vaxt lazım olurdusa, indi bir iş günü ərzində həllini tapır, şəffaflıq tam təmin olunur.

"ASAN Xidmət”lə "Azərişıq” ASC-nin birgə göstərdiyi xidmətlər təkcə abonentlərin enerji təchizatı şəbəkəsinə qoşulması prosesi ilə yekunlaşmır. Eyni zamanda abonentlərin elektrik enerjisinə ödənişlərinin (borclarının) araşdırılması, əhali və qeyri-əhali istehlakçısının ad dəyişməsi, üzləşmə aktlarının təqdim olunması, abonentin geniş tarixçəsinin verilməsi, smart kartların bərpası və yenilənməsi və s. xidmətlər göstərilir. Bütün bu müraciətlər "bir pəncərə” prinsipi əsasında təmin olunur. İstehlakçının istənilən tələb və təklifini dərhal etmək üçün səhmdar cəmiyyətdə "Qaynar xətt” fəaliyyət göstərir. Abonentin çağırışını dərhal icra etmək üçün "Qəza xidməti” də fəaliyyətdədir.

Abonentlərinə müxtəlif elektron xidmətlər göstərən "Azərişıq” ASC-nin fəaliyyətində kadr siyasətinə də xüsusi diqqət verilir. Ən son elmi-texniki yeniliklərə əsaslanan texnologiya və avadanlıqlardan istifadə, eləcə də şəbəkənin inkişaf tempinin ildən-ilə sürətlənməsi və işin həcminin durmadan artması müasir tələblərə cavab verən yüksəkixtisaslı işçilərin sayının artırılmasını və fəaliyyətdə olan kadrların ixtisasının daha da təkmilləşdirilməsi üçün elektroenergetika sahəsində ilk dəfə olaraq müasir tələblərə cavab verən tədris mərkəzi yaradılıb. Görülmüş işlər nəticəsində istehlakçılara satılan faydalı elektrik enerjisinə görə ümumi yığım səviyyəsi 95 faizə çatdırılıb.

"Azərişıq” ASC fəaliyyəti ərzində generasiya güclərinin artırılmasında da fəal iştirak edir. Azərbaycan Prezidentinin 22 dekabr 2017-ci il tarixli 3535 saylı sərəncamının icrası ilə əlaqədar "Azərişıq” ASC-nin balansına verilmiş Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrində yerləşən Külək Elektrik Stansiyalarında təmir və bərpa işlərinə başlanıldı. Stansiyaların istehsal etdiyi elektrik enerjisinin ötürülməsi üçün Yeni Yaşma Külək Elektrik Stansiyasının ərazisində 20/110 kV-luq 2x40 MVA gücündə və 10/35 kV0luq 4 MVA gücündə yarımstansiyalar inşa edildi, 110 kV-luq 4-cü Yaşma və 35 kV-luq Yaşma Bağları hava xətləri ilə əlaqələndirildi. Ötən il oktyabr ayının 12-də dövlət başçısının iştirakı ilə alternativ enerji mənbəyi olan bu stansiyaların açılışı oldu və daha bir layihə uğurla başa çatdırıldı.

Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinə uyğun olaraq "Azərişıq” ASC-yə aid 3 strateji hədəf, 3 prioritet istiqaməti əhatə edən 11 tədbir üzrə müvafiq işlər tamamilə yerinə yetirilib.

"Azərişıq” ASC tərəfindən 2025-ci ilədək respublika üzrə elektrik enerjisinə olan tələbatın proqnoz göstəricilərinə dair məlumatlar hazırlanaraq, "Azərenerji” ASC ilə razılaşdırılıb, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 2030-cu ilə qədər tikintisi nəzərdə tutulan obyektlərin elektrik enerjisinə olan tələbatının proqnoz göstəriciləri hazırlanaraq Energetika Nazirliyinin işçi qrupuna təqdim edilib. Bir sözlə, respublikanın bütün istehlakçılarının fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində "Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər davam etdirilməkdədir.

Ölkəmiz Prezident İlham Əliyevin dəqiq müəyyənləşdirdiyi strateji hədəflər, düşünülmüş strategiya ilə elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilərək davamlı inkişafı ilə reginonun lider dövləti statusuna sahib çıxıb. Dünya birliyinin etibarlı tərəfdaşı olan ölkəmizin adı inkişaf etməkdə olan dövətlər sırasında çəkilməsi isə bizə xüsusi qürur verir. Təbii ki, bu qürur hissi öncəliklə prezident İlham Əliyevin şəxsinə aiddir. Onun gərgin əməyi və səyləri nəticəsində müəyyənləşən yeni inkişaf konsepsiyası ölkəmizin enerji sektorunun da başabaş yenilənməsinə səbəb olub. Bu işdə az da olsa payımızın olması bizə sevinc hissi bəxş edir. Bugünkü işıqlı günlər, sevincli anlar dünyaya günəş kimi nur saçan möhtəşəm bir ölkənin - Azərbaycanın təntənəsidir.

Tanrıverdi MUSTAFAYEV,

"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM