Alternative content

20:12 25 May 2019
ONLINE XƏBƏR LENTİ
11:07 25.05.2019 Saxta balın zərərləri
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Möhtəşəm yüksəliş və inkişaf nümunəsi
Möhtəşəm yüksəliş və inkişaf nümunəsi
ANA SƏHİFƏ / SİYASƏT
01:53 07.03.2019


İnkişaf yolunda böyük əzmlə, möhtəşəm nailiyyətlərə imza atmaqla irəliləyən Azərbaycan qısa zaman kəsiyində böyük uğurlar əldə edib, sosial-iqtisadi göstəricilərinə görə dünya miqyasında liderlər mövqeyinə yüksəlib. Bu baxımdan geriyə baxsaq, ötən 15 ilin müasir Azərbaycanın tarixinə sürətli inkişaf dövrü kimi daxil olduğunu görə bilərik.


Uğurların müəllifi İlham Əliyevdir


Son 15 ildə Azərbaycanda ümumi daxili məhsulun 3,3, sənaye potensialının 2,6, valyuta ehtiyatlarının 24 (artıq 45 milyard dollar təşkil edir), maaşların 7, pensiyaların 9 dəfə artması, ölkəyə 250 milyard dollar sərmayənin yatırılması, 2 milyon iş yerinin yaradılması, 3 min 200-dən çox məktəb, 640 tibb müəssisəsi əsaslı təmir edilib və ya yenidən tikilməsi, 44 olimpiya mərkəzinin inşası keçilən möhtəşəm inkişaf yolunun ayrı-ayrı nümunələridir. Bütün bu uğurların müəllifi isə ulu öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevdir. Və cənab Prezidentin qeyd etdiyi kimi, əldə olunan bu qələbələr növbəti hədəflərə çatmaq üçün etibarlı bünövrədir.

Respublikamız üçün xarakterik olan iqtisadi beynəlxalq uğurlardan biri qlobal kataklizmlərin daha da dərinləşdiyi həssas dönəmlərdə belə öz yolu ilə inamla addımlamaqdır. Bunun əsas səbəblərindən biri məhz yaradılmış iqtisadi potensialdır. Beynəlxalq iqtisadi geriləmənin yaşandığı və sınaq dövrü olan illərdə Azərbaycan böhrandan layiqincə çıxıb və həyata keçirilən iqtisadi islahatlarla öz inkişafının yeni mərhələsinə qədəm qoyub.

Lakin ötən 15 ilin inkişafı özünü yalnız iqtisadi yüksəlişdə, artan maliyyə imkanlarında göstərmir. Həyata keçirilən uğurlu siyasət nəticəsində bu inkişaf özünü həm də ordu quruculuğunda, elm və təhsildə, mədəniyyətimizin təbliğində, ölkəmizin beynəlxalq münasibətlərində və digər sahələrdə göstərir. Fəxr hissi ilə qeyd etməliyik ki, yerləşdiyi regionun iqtisadi və siyasi cəhətdən aparıcı dövlətinə çevrilən respublikamız dünya birliyinə fəal inteqrasiya istiqamətində də mühüm addımlar atıb və beynəlxalq hüququn tam müstəqil, cəsarətli mövqeyi ilə seçilən, siyasi kursu nəzərə alınan subyektinə çevrilib. Bu gün biz haqlı olaraq tarixin ən qüdrətli Azərbaycanı ilə qürur duyuruq.


2018-ci il böyük nailiyyətlərlə yadda qaldı


2018-ci ildə uğurlarımız kifayət qədər çoxşaxəli və mötəbər olması ilə diqqət çəkdi. Yerləşdiyi region ətrafında cərəyan edən ziddiyyətli proseslər şəraitində ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili sabitliyi və inkişafını təmin etməklə, iqtisadiyyatını artım dinamikasına kökləməklə, irimiqyaslı layihələr həyata keçirməklə beynəlxalq səviyyədəki nüfuz və rəğbətini daha da möhkəmləndirməyə müvəffəq olub.

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qeyd etdiyi kimi 2018-ci ildə Azərbaycan hərtərəfli və dinamik inkişaf edib. Ümumi daxili məhsulun 1,4, qeyri-neft sektoruun 1,8, sənaye istehsalı 1,5, kənd təsərrüfatı isə 4,6 faiz artması, valyuta ehtiyatlarının 45 milyard dollara çatması, ölkədə 118 min daimi iş yerinin açılması ötən ilin inkişaf dövrü olduğunu təsdiqləyən iqtisadi uğurlardır.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində 2018-ci ildə "Cənub qaz dəhlizi” və onun seqmentlərindən olan Transanadolu təbii qaz boru kəməri (TANAP) işə salındı. Bundan bir neçə gün əvvəl isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi istifadəyə verildi. İl ərzində Türkiyənin İzmir şəhərində Azərbaycanın sərmayəsi ilə inşa olunan "Star” neft emalı zavodu açıldı, ölkəmizin üçüncü peyki olan "Azerspace 2” orbitə çıxarıldı.

Ötən ilin ən mühüm hadisəsi isə aprelin 11-də keçirilən prezident seçkiləri oldu. Xalqımız, seçicilərimiz bu seçkidə də ən layiqli namizədi dəstəklədilər, cənab İlham Əliyevin ətrafında birləşməklə inkişafın davamlı olmasına, daha qüdrətli Azərbaycana səs verdilər. Xalqımız daxili inamına söykənərək ölkəni əlahiddə inkişaf yoluna çıxarmış siyasətin müəllifinə - cənab İlham Əliyevə səs verməklə ağı qaradan seçməyi bacardığını, ölkənin taleyinə biganə olmadığını göstərdi. Prezident seçkilərinin nəticəsi həm də bir daha təsdiq etdi ki, xalqımız Heydər Əliyev yolunun davamına alternativ görmür. Bu mühüm siyasi hadisə bütün parametrləri ilə Azərbaycanın tarixinə demokratik və azad seçkilərdən biri kimi düşdü. Seçkinin nəticələri dünyanın nüfuzlu siyasi dairələri, o cümlədən populyar xarici KİV tərəfindən də yüksək qiymətləndirildi. Bütün rəylərdə, informasiyalarda seçkilərin olduqca ədalətli və şəffaf keçirildiyi, ölkəmizin demokratik dəyərlər yolu ilə inkişaf etdiyi birmənalı şəkildə öz əksini tapdı.

2018-ci il ölkəmizin siyasi-ictimai həyatına və bütövlükdə cəmiyyətimizin yüksək əhval-ruhiyyəsinə yol açan digər hadisələrlə də zəngin oldu. Belə ki, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü təntənəli qeyd olundu. Yubiley tədbirləri il ərzində keçirildi. Eyni zamanda, xalqımız müasir və müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin 95 illik yubileyini, Milli Qurtuluş Gününün 25-ci ildönümünü qeyd etdi. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının və Bakının işğaldan azad edilməsinin 100-cü ildönümləri münasibətilə Bakıda möhtəşəm hərbi paradlar keçirildi. Bu hərbi paradlar Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini, döyüş imkanlarını bir daha bütün dünyaya nümayiş etdirdi.

2018-ci ilin başqa bir möhtəşəm hadisəsi isə ordumuzun Naxçıvan istiqamətindəki Günnüt qələbəsi oldu. Təbii ki, bütün bu hadisələr cəmiyyətimizin xoş ovqatını daha da artırdı, insanlara yüksək əhvali-ruhiyyə təlqin etdi. Bu mənada 2018-ci il ölkəmizin və xalqımızın həyatında siyasi-ictimai baxımdan olduqca nikbin və pozitiv dövr kimi əlamətdar oldu.


İslahatlar davamlıdır


Bu gün dövlətimiz Prezident İlham Əliyevin çevik təşəbbüsləri ilə öz inkişafının yeni mərhələsini yaşayır. Əsas prioritet iqtisadiyyatda qeyri-neft sektorunun üstünlüyünü təmin etməkdir ki, artıq bu sahədə mühüm uğurlar var. Belə ki, son 3 ildə həyata keçirilən yeni islahatlar ölkədə tamamilə yeni iqtisadi münasibətlərin yaranmasına səbəb olub. Vergi və gömrük sahəsindəki yeniliklər, lisenziyaların verilməsinin və biznesə başlama prosedurlarının sadələşdirilməsi, yoxlamaların aradan qaldırılması, yerli istehsalın və onun ixracının dövlət tərəfindən stimullaşdırılması, "Made in Azerbaijan” brendinin dünyada tanıdılması qeyri-neft sektorunun inkişafına səbəb olub.

İnkişaf həm də təkmil idarəetmə deməkdir. Hər bir inkişaf etmiş dövlətin tarixi sübut edir ki, onun yüksəlişinə uyğun olaraq idarəetmə aparatı da daim yenilənib. Çünki inkişaf dövlət idarəçiliyi sistemininin səmərəliliyinin yüksəldilməsini, çevik və məqsədyönlü fəaliyyət göstərən idarəetmə strukturunun formalaşdırılmasını tələb edir. Çünki ölkənin çevik idarəçilik sisteminin olması inkişafın əsas şərtlərindən biridir. Əgər təkmil və mütərəqqi idarəçilik sistemini formalaşdırmaq mümkün olmazsa, qarşıya qoyulan vəzifələr də yarımçıq qalar. Çünki belə olduğu tərzdə bir çox müəyyən olunmuş iqtisadi və siyasi vəzifələr yerinə yetirilməz. Odur ki, səmərəli dövlət idarəçiliyinin olması çox vacibdir.

Cənab Prezidentin təşəbbüsləri və imzaladığı sərəncamlarla yanvar ayından başlanan struktur islahatlarının da əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Yeni islahatlar həm də dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdıracaq. Bu zaman idarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlamaq kimi prinsiplər qorunacaq.

2019-cu ilin diqqəti çəkən başqa bir mühüm hadisəsi sosial sahədə atılan mühüm addımlardır. Bu yaxınlarda "Real” televiziyasına müsahibə verən Prezident İlham Əliyev bildirdi ki, 2019-cu ildən başlayan yeni islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirmək, mövcud olan nöqsanları aradan qaldırmaq, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaq, insanların rifah halını yaxşılaşdırmaq, daha güclü, qüdrətli dövlət qurmaqdır.

Dövlət başçısının son vaxtlar imzaladığı sərəncamlar bir daha göstərir ki, cənab İlham Əliyev sosial məsələlərə xüsusi diqqətlə yanaşır. Ölkə rəhbəri fevralın 8-də imzaladığı sərəncamla minimum əməkhaqqının məbləğini 50 manat artıraraq 180 manata çatdırdı. Bununla yanaşı, "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” və "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” sərəncamlar ilk növbədə bu sahələrdə çalışanların sosial rifahına xidmət edir.

Milli Məclis də öz fəaliyyəti ilə Prezidentin sosial kursuna böyük töhfələr verir. Belə ki, Milli Məclisin fevralın 19-da qəbul etdiyi və cənab Prezidentin təsdiqlədiyi "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanuna əsasən bu il martın 1-dən əmək pensiyasının minimum məbləği 160 manat məbləğində müəyyən olunub. Dəyişiklik 233 min nəfərin pensiyasında hiss olunacaq artıma gətirib çıxaracaq. 9 min insanın pensiyası 2 dəfə, 26 min nəfərin pensiyası 30 faiz artacaq. Bütövlükdə isə əhalinin böyük bir qisminin pensiyası 38,5 faiz civarında artacaq.

Fevralın 25-də dövlət başçısı təxminən 576 min nəfəri əhatə edən növbəti sərəncam imzaladı. "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncama əsasən bütün sosial müavinətlər əhəmiyyətli dərəcədə artırıldı. Məsələn, sosial müavinətin məbləği yaşa görə müavinət alanlar üçün 73 manatdan 130 manata, I qrup əlilliyə görə 150 manata, II qrup əlilliyə görə 130 manata, III qrup əlilliyə görə isə 110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 82 manatdan 150 manata, ailə başçısını itirməyə görə isə ailə üzvlərinin hər biri üçün 68 manatdan 80 manata çatdırıldı. Bundan başqa sosial müavinətin məbləği valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları üçün 61 manatdan 100 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün 68 manatdan 100 manata, beşdən çox uşağı olan qadınların hər uşağı üçün 33 manatdan 55 manata, uşağın anadan olmasına görə 109 manatdan 200 manata, dəfn üçün ödənilən sosial müavinətin məbləği isə 146 manatdan 300 manata çatdırılacaq.

Cənab Prezidentin həyata keçirdiyi sosial kursun praktik olaraq insan amilinə xidmət etdiyini göstərən başqa bir hüquqi addım isə problemli kreditlərlə bağlı imzalanan sərəncam oldu. Məlum olduğu kimi bir neçə il əvvəl maliyyə bazarlarında baş vermiş məlum hadisələrdən sonra dollar hesabı ilə banklardan götürülən kreditlərin ödənməsində çətinliklər yaranmışdı. Prezident İlham Əliyevin sərəncamı ilə bu problem də həllini tapdı və vətəndaşların yaranmış əlavə kredit borcu problemi dövlət tərəfindən yoluna qoyulacaq.

Bütün bunlar ondan xəbər verir ki, respublikamızda həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahının yüksəldilməsi dayanır.


Heç bir qüvvə Azərbaycanı öz yolundan döndərə bilməz


Azərbaycanda uğurla həyata keçirilən islahatların fonunda son vaxtlar antiazərbaycançı mərkəzlərin də fəallaşması hiss olunur. Əlbəttə, onların fəallığının güclü Azərbaycan dövlətinin qarşısında zərrə qədər də təsir imkanları yoxdur və görünən odur ki, respublikamızın inkişafı, uğurları, insanların sosial rifahının yüksəlməsi qısqanclıqla qarşılanır.

Həmin antiazərbaycançı mərkəzlərin ruporu, buyruq qulu olan AXCP sədri Əli Kərimlinin xarici internet resurslarında yer alan müsahibəsi, heç bir səbəb olmadan mitinq həvəsinə düşməsi bu qısqanclığın, antimilli münasibətin göstəricisidir. Bütün bunlar həm də onu təsdiqləyir ki, Ə.Kərimli sağlam müxalifətçilik prinsiplərindən tamamilə uzaq düşərək dövlətin və xalqın milli maraqlarını satmaqla məşğuldur. İqtisadi sferadakı müsbət göstəricilərə, islahatların uğurlu nəticələrinə və pozitiv yeniliklərinə, dövlətin sosial sahədə atdığı mühüm addımlara baxmayaraq Ə.Kərimli yenə də ağa qara deməyindən qalmır. Əslində, müxalifətçiliyi antimilli platformaya çevrilmiş beləsindən başqa nəsə gözləmək də sadəlövhlük olardı. Ona narahatlıq yaradan inkişaf edən və yüksələn Azərbaycandır. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir uğur onların onsuz da antimilli müstəvidə qurulmuş fəaliyyətlərini alt-üst edir, insanlara yalan sırımaq cəhdlərinin qarşısını alır.

Bu gün heç bir qüvvə Azərbaycanı öz yolundan döndərə, inamlı inkişafını ləngidə bilməz. Çünki bu inkişaf siyasətinin mayasında Heydər Əliyevin əbədiyaşar ideyaları, İlham Əliyevin qətiyyət və əzmkarlığı dayanır.

Malik HƏSƏNOV,

Milli Məclisin deputatı



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM