07 Mart 2019 01:39
664
İQTİSADİYYAT
A- A+

Qeyri-neft sənayesi investisiya sarıdan korluq çəkmir


Təkcə ilin ilk ayında bu sektora 506,7 milyon manat sərmayə yönəldilmişdir


Sadə bir fakt: son 15 ildə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə 250 milyard dollar sərmayə yatırılıb və bunun nəticəsində ölkə üzrə ümumi daxili məhsul istehsalı 3,3, o cümlədən qeyri-neft sektorunda məhsul istehsalı 2,8, sənaye potensialımız 2,6 dəfə artıb. Bu faktlar bir daha sübut edir ki, kapital qoyuluşu iqtisadi inkişafı təmin edən əsas alətdir.

Azərbaycanda həyata keçirilən uğurlu investisiya siyasəti səmərəliyinə görə xarici sərmayədarları bu gün də özünə cəlb edir. Belə olmasaydı, dünyada baş verən siyasi və iqtisadi qarşıdurmalar dövründə ölkəmizin iqtisadiyyatına xarici kapital qoyuluşu davam etməzdi. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə demişdir: "Ölkə iqtisadiyyatına keçən il 17,2 milyard manat sərmayə qoyulub. Çox böyük rəqəmdir və ən sevindirici hal ondan ibarətdir ki, bu sərmayənin 11 milyard manatı, ondan da çoxu ölkəmizin qeyri-neft sektoruna qoyulan sərmayədir. Yəni, bu, onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox cəlbedici ölkədir. Dünya Bankının son hesabatında bizim 25-ci yerə qalxmağımız hesab edirəm ki, sərmayə qoymaq istəyənləri daha da həvəsləndirəcək və ölkəmizə daha çox sərmayə qoyulacaqdır”.

Başqa bir fakt: bugünədək ölkə sahibkarlarına 2,2 milyard manat məbləğində güzəştli kreditlər verilib. Təkcə ötən il bu məbləğ 160 milyon manat olub. Cari ildə də sahibkarlara güzəştli kreditlərin verilməsi davam edəcək. Güzəştli kreditlərin yenə də əsasən qeyri-neft sektoruna, xüsusilə kənd təsərrüfatına ayrılması nəzərdə tutulur.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 868,7 milyon manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz az vəsait yönəldilib. Bu azalma neft sektoruna yatırılmış investisiyaların həcminin aşağı düşməsi ilə bağlıdır. Əvəzində həmin dövrdə qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi 1,2, o cümlədən qeyri-neft sənayesinə qoyulan investisiyalar 1,9 faiz artıb. Ümumi sərmayənin 579,4 milyon manatı məhsul istehsalı, 200,9 milyon manatı xidmət sahələri obyektlərinin, 88,4 milyon manatı ümumi sahəsi 130,1 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşüb.

İlin ilk ayında ümumi sərmayənin 21,9 faizi dövlət, 78,1 faizi qeyri-dövlət sektorlarının sərmayədarları tərəfindən qoyulub. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin dəyəri ümumi sərmayənin 66,6 faizini təşkil edib.

Xarici sərmayələrə gəldikdə, yanvarda xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən 290,5 milyon manat vəsaitin 90,9 faizi (263,9 milyon manatı) Birləşmiş Krallıq, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, İran, Rusiya, Çexiya və Norveç səhmdarlarına məxsus olub.

Əsas kapitala yönəldilən sərmayədə müəssisə və təşkilatların vəsaitləri 731 milyon, bank kreditləri 43,9 milyon, büdcə vəsaitləri 35,6 milyon, büdcədənkənar fondların vəsaitləri 7 milyon, əhalinin şəxsi vəsaitləri 51 milyon, digər vəsaitlər isə 0,2 milyon manat təşkil edib.

Yanvar ayında qeyri-neft sektorunun inkişafına sərf edilən 506,7 milyon manatlıq vəsaitin 74,4 milyon manatı qeyri-neft sənayesi sektorunda istifadə olunub. Həmin dövrdə əsas kapitala yönəldilən ümumi vəsaitin 50,2 faizi sənaye, 21,6 faizi tikinti, 10,2 faizi nəqliyyat, anbar təsərrüfatına və digər sahələrə sərf edilib. İcra edilən inşaat işlərinin 81 faizi qeyri-dövlət tikinti müəssisələri tərəfindən yerinə yetirilib.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video