06 Mart 2019 17:22
419
CƏMİYYƏT
A- A+

“Bakcell” daha 700-ə yaxın təhsil müəssisəni internetlə təmin edəcək



Təhsil Nazirliyi, "Bakcell” və "AzEduNet” şirkətləri arasında əməkdaşlıq haqqında protokolun imzalanması mərasimi keçirildi. Əməkdaşlıq protokolunu təhsil nazirinin müavini İdris İsayev, "Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers və "AzEduNet” şirkətinin direktoru Natiq Yəhyayev imzaladı.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini İdris İsayev bildirdi ki, son illər ərzində ölkəmizdə təhsil sisteminin əhatə dairəsinin genişləndirilməsi, təhsilin keyfiyyətinin artırılması, eləcə də təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülüb.
Müasir təhsil konsepsiyasının uğurlu icrasını şərtləndirən amillərdən birinin təhsil müəssisələrinin şəbəkə infrastrukturu ilə təminatının olduğunu deyən Nazir müavini əlavə edib ki, bu baxımdan ölkədə ən böyük daxili təhsil şəbəkəsi olan və tədris prosesində innovativ mexanizmlərin tətbiqi üçün geniş imkanlar yaradan Azərbaycan Təhsil Şəbəkəsinin genişləndirilməsi böyük əhəmiyyət kəsb edir.
O bildirdi ki, bütün sahələrdə olduğu kimi təhsildə də İnformasiya-Kommunikasiya Texnologiya nailiyyətlərindən istifadə edərək yüksək səviyyəli idarəetmə sisteminin qurulması əsas hədəflərdən biri kimi müəyyən olunub.
Nazir müavini qeyd etdi ki, son illər şəbəkəyə qoşulmuş təhsil müəssisələrinin internet və intranet xidmətləri ilə təminatı, elektron təhsil resursları və idarəetmə sistemləri ilə təchiz edilməsi, tədris prosesində nəzarətin və qərarvermənin rəqəmsallaşdırılması istiqamətləri üzrə işlər həyata keçirilir.
İdris İsayevin sözlərinə görə, protokola əsasən Bakcell 3 il ərzində nəzərdə tutulan təhsil müəssisələrini aylıq internet paketi ilə təmin edərək, onların limitsiz internetə çıxışını təmin edəcək: "Bu əməkdaşlığın təhsil sahəsində müsbət töhfə verəcəyinə əminik”.
Daha sonra çıxış edən Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bu əməkdaşlığın ölkədə təhsilin inkişafı və müasir texnologiyaların tətbiqi baxımından strateji xarakter daşıdığını vurğuladı. Nikolai Beckers diqqətə çatdırdı ki, Bakcell özünün genişmiqyaslı korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqətdə saxlayır və ölkədə təhsilin inkişafetdirilməsinə töhfə verməyə çalışır.
Layihə barədə söz açan Nikolai Beckers Təhsil Nazirliyi ilə birgə əməkdaşlığın uğurlu olacağına əminliyini ifadə etdi: "Layihəyə əsasən üç il ərzində 700-ə yaxın təhsil müəssisənin şəbəkəyə bağlantısını təmin edəcəyik. Bu layihədə əsasən ucqar bölgələrdə yerləşən təhsil müəssisələri nəzərdə tutulub. Bu, çox önəmli bir layihədir. Üç illik layihədir və böyük məmnuniyyətlə burda iştirak edirik. Bu cür layihələrin davam etdirilməsini arzulayırıq. Bu, Təhsil Nazirliyi ilə icra etdiyimiz layihələrdən yalnız biridir. Belə layihələrə dəstək göstərməkdən məmnunuq. Çalışırıq ki, belə layihələrdə aztəminatlı həssas əhali qrupunu hədəfləyək”.
Nikolai Beckers həmçinin Bakcell 4G şəbəkəsinin 2019-cu ilin sonuna kimi ölkə əhalisinin 90 faizini əhatə etməsi üçün əlindən gələni edəcəyini də qeyd etdi.
Tədbirdə Bakcell və "AzEduNet” şirkətləri tərəfindən ucqar kəndlərdə yerləşən ümumtəhsil müəssisələrinin təmənnasız şəbəkə imkanları ilə təminatı yüksək qiymətləndirilib.
Qeyd edək ki, protokolun imzalanmasında məqsəd ucqar kəndlərdə yerləşən, şagird sayı 60-a qədər olan 700-ə qədər ümumtəhsil müəssisəsində Azərbaycan Təhsil Şəbəkəsi vasitəsi ilə internet və şəbəkə xidmətlərinə çıxışın təmin edilməsidir. Əməkdaşlıq çərçivəsində hər ümumtəhsil müəssisəsi "Bakcell” şirkəti tərəfindən təmənnasız olaraq 3 il müddətində inzibati-idarəetmə məqsədləri üçün aylıq internet trafiki və data kart, Azərbaycan Təhsil Şəbəkəsinin operatoru olan "AzEduNet” şirkəti tərəfindən isə şəbəkənin resurslarına limitsiz çıxış imkanı və texniki dəstək xidməti ilə təmin ediləcək. Tərəflər həmçinin "Bakcell” şirkətinin təhsil sahəsinə aid korporativ sosial məsuliyyət layihələri çərçivəsində birgə əməkdaşlıq səylərini daha da gücləndirəcəklər.

Fərizə ƏHMƏDOVA,
"Azərbaycan”.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video