06 Mart 2019 15:24
1685
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə parlamenti sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Türkiyə Böyük Millət Məclisinin sədri seçilməsi münasibətilə Mustafa Şentopu təbrik etdi və onun bu statusda ilk səfərini Azərbaycana etməsinin məmnunluq doğurduğunu bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan və Türkiyə arasında ilk yüksək səviyyəli səfərlərin qarşılıqlı şəkildə həyata keçirilməsi adət-ənənə xarakteri daşıyır və bu, iki ölkənin qardaşlığının və dostluğunun bariz nümunəsidir. Dövlətimizin başçısı bu baxımdan keçən il Bakının azad olunmasının 100 illiyi münasibətilə keçirilən paradda Azərbaycan və Türkiyə hərbçilərinin çiyin-çiyinə birgə yürüşünü xatırlatdı. Azərbaycan ilə Türkiyə arasında tərəfdaşlığın bu gün yüksək səviyyədə olduğunu və uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev ölkələrimizin üçtərəfli və dördtərəfli regional formatlarda da əməkdaşlığını vurğuladı. Dövlətimizin başçısı Azərbaycan və Türkiyənin birgə səylərlə həyata keçirdiyi önəmli regional təşəbbüsləri, o cümlədən artıq istismara verilmiş TANAP, "STAR” neft emalı zavodu kimi irimiqyaslı layihələri qeyd etdi. Prezident İlham Əliyev, həmçinin Azərbaycan və Türkiyənin bütün məsələlərdə bir-birini dəstəklədiyini, beynəlxalq təşkilatlarda, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində sıx əməkdaşlıq etdiyini nəzərə çatdırdı.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu vəzifəyə seçilməsindən sonra ilk səfərini Azərbaycana etməsindən şərəf duyduğunu bildirdi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırdı. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın iki ölkənin olmadığını deyərək əlaqələrimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi. O da öz növbəsində, TANAP, TAP və "STAR” neft emalı zavodu kimi irimiqyaslı layihələrin ölkələrimizi daha da yaxınlaşdırdığını vurğuladı. Mustafa Şentop Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin daim Azərbaycanın yanında olduğunu, beynəlxalq hüququ və ədaləti dəstəklədiyini dedi. O, bu il Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısına ev sahibliyi edəcəyini bildirərək ölkələrimizin Türk Şurası, TürkPA, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və digər təsisatlarda uğurla əməkdaşlıq etdiyini vurğuladı.

Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video