06 Mart 2019 01:03
1528
PARLAMENT
A- A+

Prezidentin sosial islahatlar paketi vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə də mühüm töhfə verir


Milli Məclisin dünənki iclası insan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın illik məruzəsi ilə öz işinə başladı. Ombudsmanın mülki və siyasi, iqtisadi, sosial və mədəni hüquqların, habelə müxtəlif əhali qruplarının hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyəti, insan hüquqlarının səmərəli təmin edilməsinə, əhalinin müxtəlif qruplarının problemlərinin həllinə yönəlmiş təklif və tövsiyələrinin öz əksini tapdığı hesabatda bir neçə təklif də yer alıb.

3 milyona yaxın insanın sosial problemləri həllini tapdı

Ombudsman qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyi 2018-ci il tarixi əhəmiyyətli hadisələrin zənginliyi ilə yadda qaldı. Ən mühüm hadisə cənab İlham Əliyevin bir daha böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilməsi oldu.

Dərin islahatlar ili olan 2018-ci ildən sosial problemlərin həllinə yönəlmiş fərman və sərəncamlar, xüsusən bu günlərdə cənab Prezidentin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilmiş, inqilabi islahatların əsası qoyulan müşavirədə verdiyi bir çox tapşırıqlar, o cümlədən problemli kreditlərin həlli əhalinin bütün qruplarını əhatə etməklə dövlətin ali məqsədi olan insan və vətəndaş hüquqlarının və azadlıqlarının, vətəndaşlara layiqli həyat səviyyəsinin təmininə xidmət edir.

Qədul edilən qərarlar həm şamil olunan əhali sayı, həm də nəzərdə tutulmuş büdcə vəsaitlərinin həcminə görə xüsusilə fərqlənir ki, bu da 3 milyona yaxın insanın dövlət büdcəsindən 2 milyarddan artıq vəsait ayrılmaqla sosial problemlərinin həllini təmin edəcək: "Regionların inkişafına dair III dövlət proqramının uğurla yerinə yetirilməsi, vergi qanunvericiliyinin təkmilləşdirilməsi, minimum aylıq əməkhaqqı məbləğinin yaşayış minimumuna çatdırılması, sosial müavinətlərin və əmək pensiyasının minimum məbləğinin artırılması da insan hüquqlarının səmərəli təmin olunmasında mühüm əhəmiyyət kəsb edir”.
Ötən il 118 min iş yeri açılıb, işsizlik səviyyəsi 5, yoxsulluq isə 4,9 faizədək azalıb.

1 ildə müvəkkilin ünvanına 20.400 müraciət daxil olub

Ötən il hüquq mədəniyyətinin yüksəldilməsinə və hüquqi biliklərin artırılmasına xidmət edən, o cümlədən ənənəvi olaraq insan hüquqları üzrə aylıqlar çərçivəsində ölkəmizdə geniş maarifləndirmə tədbirləri həyata keçirilib. 2018-ci ildə ombudsmana 20.400 müraciət olunub, bunlardan da icraata qəbul edilən şikayətlərin 63,5 faizi təmin edilib.

Sosial təminat hüququ, o cümlədən pensiyaların yenidən hesablanması, birdəfəlik yardım, müavinət, əlillik dərəcəsinin təyin olunması, sanatoriya-kurort yollayışının verilməsi ilə bağlı bir sıra müraciətlər araşdırılıb.

Respublikanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat birdəfəlik ödəmənin, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə ötən il 626 mənzilin verilməsi bu qəbildən olan insanların sosial rifahının yüksəlməsinə xidmət edib.

4 məhkəmə sədri aşağı işə keçirilib, 6 hakim intizam məsuliyyətinə cəlb edilib

Ötən il vətəndaşların haqlı narazılığını doğuran pozuntulara görə 14 hakimin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, 4 məhkəmə sədri aşağı işə keçirilib, 6 hakim intizam məsuliyyətinə cəlb edilib, 2 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Məhkəmə qərarlarının icrasına gəlincə, borc, xüsusilə alimentin ödənilməsi ilə bağlı müraciətlər çoxluq təşkil edir.

2018-ci ildə aparılmış xidməti yoxlamaların nəticəsi üzrə müxtəlif nöqsan və çatışmazlıqlara yol verdiklərinə görə 31 prokurorluq işçisi, 399 daxili işlər orqanlarının əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Ombudsmanın vəsatəti ilə keçən il 72 məhkum əfv edilib

Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən humanizm və ədalət prinsiplərinə əsaslanan dövlət siyasətinin, habelə insan və vətəndaş hüquq və azadlıqlarına hörmət və ehtiramın nəticəsidir ki, ölkəmizdə qısa müddətdə ümumilikdə 11 amnistiya aktı qəbul olunub, 64 əfv fərmanı və sərəncamları imzalanıb.

Bunun nəticəsində minlərlə insan cəzadan azad edilərək cəmiyyətə və ailələrinə qovuşublar. Müvəkkilin fəaliyyəti dövründə onun vəsatəti ilə ümumilikdə 638, 2018-ci ildə isə 72 məhkum əfv edilib.

Cəza siyasətinin humanistləşməsi və alternativ cəzaların tətbiqi ilə əlaqədar məhkəmələr tərəfindən 6 minə yaxın məhkum haqqında sənədlərə baxılıb, 4200-dən çox şəxs cəzadan azad olunub, yaxud cəza müddətləri azaldılıb, 900-dən çox məhkuma elektron qolbaq tətbiq edilib.

Yeni Milli Fəaliyyət Proqramının qəbul olunması təklif edilir

Müzakirələr zamanı deputatlardan Tahir Kərimli, Fazil Mustafa, Fərəc Quliyev, Sahib Alıyev, Musa Quliyev, Qənirə Paşayeva, İlham Məmmədov çıxış edərək bildirdilər ki, ombudsmanın çox müfəssəl şəkildə hazırladığı məruzəsində mühüm sosial məsələlərin həlli istiqamətində görülən işlər öz əksini tapıb. Bütün bunlar göstərir ki, ombudsman üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir.

Milli Məclis Sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova qeyd etdi ki, ombudsmanın illik məruzəsində əks olunan məsələlər komitənin iclasında müzakirə edilərək təhlil edilib. Məruzə çox əhatəli şəkildə hazırlanıb. Müzakirələr zamanı deputatlar yeni milli fəaliyyət proqramının qəbul olunmasının vacibliyini vurğulayıblar.

Bahar Muradovanın sözlərinə görə, yarandığı vaxtdan vətəndaş cəmiyyətinin ayrılmaz tərkib hissəsi kimi fəaliyyət göstərən Ombudsman Aparatı üzərinə düşən vəzifənin öhdəsindən uğurla gələrək hər zaman vətəndaşla dövlət arasında vasitəçi kimi çıxış edib.

Vətən xainləri layiqli cəzalarını alacaqlar

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə qeyd etdi ki, Prezident İlham Əliyev tərəfindən vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımlar atıldı, bu istiqamətdə mövcud problemlər aradan qaldırıldı. Xalq Prezidentə alqış edir. Çünki nə postsovet, nə də Avropa ölkələrində insanlara Azərbaycandakı kimi belə yüksək diqqət edilir. Dövlət başçısı tərəfindən həyata keçirilən tədbirlər ombudsmanın fəaliyyətini də yüngülləşdirir.

İnsanların hüquqlarının qorunması ilə bağlı mühüm işlərin görüldüyünü deyən komitə sədri bildirdi ki, bu gün Azərbaycan Prezidentinin hüquqları qanunla qorunur. Ancaq ölkədən kənarda yaşayan bəzi şəxslərin "fəaliyyəti” xalqın etirazına səbəb olur: "Lakin bu gün qanuna əməl etməyən, ölkədən kənarda fəaliyyət göstərən bir qrup insan var ki, onlar nə ictimaiyyətin fikirlərinə, nə də qanunlara əhəmiyyət verir. Həmin şəxslərin fəaliyyətləri silahlı basqına, müxtəlif çağırışlara yönəlib. Ombudsman həmin şəxslərin fəaliyyət göstərdikləri ölkələrin ombudsmanlarına müraciət etməlidir. Cənab Prezidentin hüquqları qanunla qorunduğu kimi, ombudsman tərəfindən də bu məsələyə diqqət yetirilməlidir”.

Deputat Qüdrət Həsənquliyev isə xatırlatdı ki, bu günlərdə vətən xaini Fəxrəddin Abbasov Azərbaycana ekstradisiya olundu. Bu şəxs dövlətə qarşı etdiyi xəyanətə görə layiqli cəzasını alacaq və bu da digərlərinə dərs olacaq.

Ombudsmanın beynəlxalq fəaliyyəti təqdir edildi

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı çıxış edərək Ombudsman Aparatının beynəlxalq əlaqələrini, bu əlaqələrin yaradılmasında gördüyü işləri təqdir etdilər. Qeyd edildi ki, bu işin Azərbaycanda insan haqlarının qorunması sahəsində atılan addımların dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyəti var.

Məruzədən aydın şəkildə görünür ki, ombudsman və onun komandası ölkədə gedən proseslərin içərisindədir və bununla bağlı zəruri addımlar atırlar.
Çıxışlardan sonra ombudsmanın hesabatı səsə qoyularaq qəbul edildi.

Gənclər təşkilatlarının üzvlərinə yaş məhdudiyyəti tətbiq edilir

İclasda gündəliyə çıxarılan digər məsələlər də müzakirə edildi. Deputatlar "Hərbi vəzifə və hərbi xidmət haqqında”, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunlarda, Azərbaycan Respublikasının Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), "Vəkillər və vəkillik fəaliyyəti haqqında”, "Reklam haqqında” və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (hər ikisi üçüncü oxunuş) qanun layihələrinə müsbət münasibət bildirdilər.

"Gənclər siyasəti haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə haqqında (üçüncü oxunuş) parlamentin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev məlumat verərək bildirdi ki, dəyişikliyə əsasən Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri artırılır.

Dəyişikliklə "Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsində hansı xidmətlərin göstərilməsi müəyyənləşib. Sənədə edilən dəyişikliklə gənclər təşkilatlarının üzvlərinə yaş məhdudiyyəti tətbiq edilib. Qeyd edilir ki, gənclər təşkilatları gənclərin problemlərinin müəyyən edilməsi, həlli, hüquqlarının müdafiəsi, mənəvi tələbatlarının ödənilməsi və s. məqsədilə 16 yaşdan 35 yaşınadək olan fiziki şəxslər tərəfindən təsis edilən qeyri-hökumət təşkilatlarıdır. Gənclər təşkilatlarının üzvlərinin həmin təşkilatlarda üzvlüyünə onların 35 yaşı tamam olduğu andan xitam verilir.

Müzakirələr zamanı deputat Vahid Əhmədov 35 yaşla bağlı məsələyə aydınlıq gətirilməsini istədi. Onun fikrincə, gənclər təşkilatlarının üzvlərinin həmin təşkilatlarda üzvlüyünə onların 45 yaşı tamam olduğu andan xitam verilməlidir. Bununla əlaqədar müraciətlər çoxdur, sosial şəbəkələrdə də müzakirələr aparılıb.

Milli Məclisin Sədri Oqtay Əsədov isə Vahid Əhmədova cavab olaraq bildirdi ki, dünyanın hər yerində yaş həddi qoyulur: "Elə ölkələr var ki, bu hədd 28, elə ölkələr də var ki, 35 yaş müəyyən edir”.
Dəyişiklik səsverməyə çıxarılaraq qəbul edildi.

Şəhərsalma və Tikinti Məcəlləsinə yeni dəyişiklik edildi

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında sənədlə bağlı məlumat verdi.

Qeyd edildi ki, bundan sonra tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılmasına, habelə siyahısına, məbləğinə və tətbiqi hallarına və icra hakimiyyəti orqanının müəyyən etdiyi tikinti fəaliyyəti sahəsində müvafiq qurumlar tərəfindən göstərilən digər xidmətlərə görə haqq ödəniləcək. Bununla bağlı məcəllənin 11-ci maddəsində dəyişiklik edilib. Hazırda isə məcəllədə ödənişlər yalnız tikinti layihələrinin ekspertizadan keçirilməsi üçün nəzərdə tutulub.

Digər dəyişiklik isə tikinti ilə bağlı cərimələrin 50 faizinin inzibati protokolu tərtib edən qurumun hesabına köçürülməsi ilə bağlıdır. Məcəlləyə edilən əlavədə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu sənəd də səsverməyə çıxarılaraq qəbul edildi.

Bəzi vergi borcları silinir

Deputatlar həmçinin "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında”, "Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanun layihələrinə də müsbət münasibət bildirdilər.

Dəyişikliyə əsasən özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrin) 2019-cu il martın 1-dək olan əmlak və torpaq vergiləri üzrə borclarının bir hissəsi silinəcək.

Bu qanun qüvvəyə minmə tarixindən sonrakı dövrdə özəlləşdirilməsi başa çatan dövlət əmlakının bu qanunun qüvvəyə minmə tarixinədək olan əmlak və torpaq vergiləri üzrə borcları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Belə ki, dövlət əmlakının özəlləşdirildiyi tarixdən etibarən bir il ərzində bu borcların 30 faizi ödənildikdə ödənilməmiş borcların 70 faizi, 2 il ərzində bu borcların 50 faizi ödənildikdə ödənilməmiş borcların 50 faizi, 3 il ərzində bu borcların 70 faizi ödənildikdə ödənilməmiş borcların 30 faizi silinir.

Geoloji parklar yaradılacaq

İclasda "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanuna da dəyişiklik edildi. Dəyişiklik layihəsi geoloji parkların yaradılması ilə bağlıdır.

Belə ki, qanuna yeni - XI-I fəsil əlavə edilir. Əlavə edilən 40-1 (Geoloji parkların və onların təşkili) maddəsinə əsasən, geoloji parklar - xüsusi geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin yerləşdiyi təbiəti mühafizə, maarifçilik, elmi, mədəni, turizm və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi müəssisə və ya təşkilat statusuna malik ərazilərdir. Geoloji parkların əraziləri respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir.

Geoloji parklar müvafiq dövlət orqanının təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təşkil edilir. Hər bir geoloji park müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

Qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili cinayət əməli hesab ediləcək

Milli Məclis həmçinin "Pasportlar haqqında”, "Sığorta fəaliyyəti haqqında”, Cinayət, İnzibati Xətalar, Mülki Prosessual məcəllələrində dəyişiklik edilməsi haqqında, "İpoteka haqqında” qanunda dəyişiklik edilməsi barədə (hamısı ikinci oxunuş) qanun layihələrini də təsdiqlədi.

Gündəliyin sonuncu məsələsi isə "Telekommunikasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) idi. Dəyişikliyə əsasən bundan sonra telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili cinayət əməli hesab ediləcək. Yəni telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qanunsuz qoşulmaqla beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili əhəmiyyətli dərəcədə zərərvurmaya səbəb olduqda azadlıqdan məhrumetmə cəzası tətbiq ediləcək. Bu zərərin vurulmasına görə ziyanın 2 mislinədək cərimə və ya 2 ilədək müddətdə islah işləri və ya azadlıqdan məhrumetmə nəzərdə tutulur. Bu əməllər külli miqdarda zərərvurmaya səbəb olduqda isə vəzifəli şəxslər 3 il müddətinə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilir və vurulmuş ziyanın 3 mislindən 4 mislinədək miqdarda cərimə və ya 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 4 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Dəyişikliklər səsə qoyularaq qəbul edildi və bununla da Milli Məclisin plenar iclası başa çatdı.

Rəşad BAXŞƏLİYEV,
Fərman BAĞIROV (foto),
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video