03 Mart 2019 01:23
749
İQTİSADİYYAT
A- A+

800 min nəfərin kredit problemi həll olundu


Prezident ölkənin maliyyə imkanlarından xalqın mənafeyi üçün istifadə olunduğunu bir daha nümayiş etdirdi


Prezidentin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı imzalandığı andan böyük ictimai rezonansa səbəb oldu.

Artıq neçə gündür ki, ölkə ictimaiyyəti, o cümlədən iqtisadçılar, analitiklər dövlət başçısının fərmanı ilə bağlı geniş müzakirələr aparır, minlərlə sadə insan Prezidentin bu addımını yüksək qiymətləndirirlər. Müxtəlif maliyyə və iqtisadi qurumları təmsil edən aparıcı mütəxəssislər, ekspertlər, dövlət məmurları müzakirələrə qoşulur, Azərbaycan Prezidentinin dünya təcrübəsində nadir rast gəlinən fərmanına münasibət bildirirlər.

Aydın görünəni odur ki, Azərbaycanda əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqaməti kimi qalmaqdadır. Dövlət başçısı İlham Əliyev əhalinin rifah halını yüksəltmək məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir, iqtisadi və institusional islahatları reallaşdırır, yeni iş yerlərinin yaradılmasını, əhalinin məşğulluğunun təminatını və gəlirlərinin artmasını diqqət mərkəzində saxlayır.

Məlum olduğu kimi, bir neçə il əvvəl baş verən qlobal iqtisadi və maliyyə böhranı, bununla əlaqədar enerji resurslarının qiymətinin kəskin aşağı düşməsi bütün dünya iqtisadiyyatında ağır fəsadlara səbəb olmuş, kəskin sosial problemlər yaratmışdı. Azərbaycan iqtisadiyyatı da bu neqativ təsirlərə müəyyən qədər məruz qalmış, nəticədə əhalinin müəyyən qrupunun ödəmə qabiliyyəti zəifləmiş, xarici valyutada borc alan vətəndaşların banklar qarşısında öhdəlikləri manatın devalvasiyaya uğraması ilə bağlı artmışdı. Sosial müdafiəsi zəif olan minlərlə vətəndaş çıxılmaz vəziyyətə düşmüşdü. Onu da qeyd edək ki, bu hal yarandığı gündən dövlətin ali rəhbərliyinin diqqətində olmuş və problemin həlli üçün real imkanların yetişməsi istiqamətində tədbirlər həyata keçirilmişdir.

Nəhayət, belə bir məqam gəlib çatdı. Son dövrlər respublikada makroiqtisadi sabitliyin təmin olunması, geniş islahatların həyata keçirilməsi, iqtisadiyyatımızın şaxələndirilməsi və qabaqcıl dünya təcrübəsinin tətbiqi dövlətin maliyyə imkanlarını genişləndirmiş və bununla əhalinin xarici valyutada olan vaxtı keçmiş kredit borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi üçün şərait yaranmışdır.

Problemin optimal həlli yollarını tapmaq, bu məsələnin əhali və dövlət büdcəsi üçün ən əlverişli variantda həlli məqsədilə 2018-ci ildən ictimai müzakirələrə başlanılmış, Prezidentin tapşırığına əsasən hökumət bu istiqamətdə fəal təkliflər paketi hazırlamışdır. Milli Məclis də müzakirələrdən kənarda qalmamışdı. Bütün bu müzakirələrin məntiqi yekunu kimi dövlət başçısı müvafiq fərmanı imzalamışdır.

Prezidentin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanını ekspertlər ətraflı şərh edir və bu fərmandan kimlərin hansı qaydada faydalana biləcəyinə aydınlıq gətirirlər. Onların fikrincə, problemli kreditlərin həlli ilə bağlı fərmandan görünən əsas məqamlar bunlardır:

- güzəşt yalnız fiziki şəxslər üçün nəzərdə tutulub;

- güzəşt yalnız 10 000 ABŞ dollarına qədər olan borclara aid olacaq;

- güzəşt yalnız 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiya qərarları nəticəsində artmış məbləğlərin kompensasiyası ilə bağlı olacaq;

- güzəşt üçün başlanğıc tarix 2012-ci ilin yanvarın 1-i, son tarix bu gün - 2019-cu ilin 28 fevralı götürülür;

- vətəndaşların 10 000 dollara qədər kreditlərinə görə hesablanmış bütün faiz borcları silinir;

- 2012-ci il yanvarın

1-dən 2015-ci il 21 fevraladək olan kredit borclarının hər dolları üçün dövlət büdcəsindən 25 qəpik dövlət büdcəsindən ödənilir;

- 2015-ci il 21 fevralından 21 dekabrınadək verilən dollar kreditlərinin hər dolları üçün 60 qəpik dövlət büdcəsindən ödənilir;

- dövlət büdcəsi hesabına bu sxem üzrə kompensasiya ödəniş müddəti 360 günü ötdüyü halda banklara ödənir, əgər həmin müddəti keçməyibsə, bilavasitə vətəndaşın özünə çatdırılır;

- devalvasiya nəticəsində borcun artan hissəsi və hesablanmış faiz hissəsi dövlət büdcəsindən ödəndikdən sonra yerdə qalan hissə restruktruzasiya ediləcək - yəni şərtlər dəyişdiriləcək. Məsələn, tutaq ki, vətəndaş 2015-cü ilin yanvarında 0,78 manat məzənnə ilə 5000 dollar borc götürüb. Həmin tarix üçün onun manatla borcu 3950 manat idisə, 21 dekabr 2015-ci ildə artıq 7750 manat olmuşdur. Belə vəziyyətdə məzənnə dəyişikliyi nəticəsində zərəri qarşılamaq üçün 5000 dollara görə büdcədən 3000 manat (hər dollar üçün 60 qəpik) kompensasiya ödənilir;

- devalvasiya nəticəsində artan hissə ödəndikdən sonra yerdə qalan borcları ödəmək üçün vətəndaşlara manatla yenidən hesablanmış borcları ödəmək üçün

1 il güzəşt müddəti olmaqla 5 illiyə illik 1 faizlə banklar tərəfindən kredit xətti açılır. Bunun üçün Mərkəzi Banka banklara vermək üçün illik 0,1 faizlə ümumi həcmi 682 milyon manat olmaqla kredit ayrılır.

Sonda bir daha bildirək ki, bu fərmanla Azərbaycanda ciddiliyindən və maliyyə yükündən asılı olmayaraq bütün problemlərin həlli zamanı yalnız xalqın mənafeyinin nəzərə alınması bir daha təsdiq edildi.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video