02 Mart 2019 04:43
459
İQTİSADİYYAT
A- A+

Sosial paketdən 3 milyona yaxın insan faydalanacaq


Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə bir daha onu təsdiq edir ki, Azərbaycan islahatlara sadiq ölkə kimi qalmaqdadır və tətbiq edilən bütün yeniliklər ölkə iqtisadiyyatının güclənməsinə, insanların maddi rifahının yüksəlişinə xidmət edir. Uzun illər davam edən islahatlar köklü yeniliklərə nail olmağa imkan vermişdir.

Dövlət başçısı müşavirədəki çıxışında iqtisadi islahatların miqyas və istiqamətlərinin ölkədə iqtisadi sabitliyə nail olmağa, son 2-3 il ərzində isə görünməmiş nailiyyətlərə imza atmağa imkan verdiyini diqqətə çatdırdı. Uğurlu sənayeləşmə siyasəti artıq bu ilin birinci ayında qeyri-neft sektorunda sənaye istehsalının təxminən 14 faiz artmasına səbəb olmuşdur. Makroiqtisadi vəziyyətin və manatın məzənnəsinin sabit olaraq qalması, inflyasiyanın ən aşağı səviyyədə olması həyata keçirilən böyük islahatların məntiqi davamıdır. Regionların sosial-iqtisadi inkişafına dair III Dövlət Proqramının artıqlaması ilə icra edilməsi və IV proqramın qəbul edilməsi daha əminliklə yeni uğurlara köklənməyə əsas verir.

Dövlət başçısı müşavirədə məxsusi olaraq diqqətə çatdırdı ki, artıq bir neçə aydır ciddi sosial paket üzərində iş aparılır, minimum əməkhaqqı və pensiya, tələbələrin təqaüdləri artırılacaq: "Yəni, bütün bunlar - bu çox böyük proqram 500 mindən çox əhalini əhatə edəcək. Sadaladığım bütün bu təşəbbüsləri əgər biz təhlil etsək, o cümlədən problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayını müəyyən etsək, təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq”.

Bu baxımdan Prezidentin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli sərəncamı da daha bir humanist təşəbbüs kimi əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm tədbirlərə start verildiyini təsdiq edir. Qeyd etmək vacibdir ki, dövlət başçısının əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində atdığı sonuncu addımlar cəmiyyətdə geniş müzakirə olunmaqdadır. Əhalinin razılıq hissi ilə qarşıladığı bu addım ekspertlər tərəfindən də müxtəlif baxış bucaqları altında qiymətləndirilir və şərh edilir.

Artıq problemli kredit məsələsi də həllini tapdı. Prezident fevralın 28-də bununla bağlı çox möhtəşəm, dünyada analoqu olmayan fərman imzaladı.

Dövlət başçısının problemli kreditlərə şəxsən toxunması, minlərlə insanı narahat edən məsələyə qayıtması böyük rəğbətlə qarşılanır, vətəndaşların öz dövlətinə olan güvəncini birə-on artırır. Bu addım bank strukturları ilə vətəndaşlar arasında mövcud olan narazılıqlara son qoyacaq, həm də bütövlükdə iqtisadiyyatımızın və Azərbaycan dövlətinin inkişafına təkan verəcək. Bu həm də əhalinin müxtəlif təbəqələrini birləşdirən vacib amilə çevrilir, bir daha iqtidar-xalq münasibətlərinin qırılmaz vəhdətini təsdiq edir. Bu tədbirlər həm iqtisadi, həm də psixoloji baxımdan böyük əhəmiyyət daşıyır.

Ekspertlər həmçinin belə qənaətə gəlirlər ki, sosial müavinətlərin artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirməklə yanaşı, əhatə dairəsini də nəzərəçarpacaq dərəcədə genişləndirəcəkdir. Bu istiqamətdə daim müəyyən tədbirlər görülsə də, vacib qərarlar qəbul edilsə də, sonuncu paket mükəmməlliyi ilə seçilir.

Ölkə iqtisadiyyatında neqativ hallara qarşı aparılan geniş mübarizə, 300-ə yaxın vergi dəyişikliyinin olması, idarəetmə mexanizmlərindəki yeniliklər dövlətin maliyyə imkanlarını yaxşılaşdırır, vətəndaşların xeyrinə, sadə insanların rifah halının yüksəldilməsinə təkan verən qərarların qəbuluna maddi imkanlar yaradır.

Prezident İlham Əliyevin ötən 15 ili əhatə edən fəaliyyəti onu göstərir ki, o, sosial məsələlərin həllinə xüsusi qayğı ilə yanaşıb, aztəminatlı ailələrin yaşayış səviyyəsinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayıb, sosial sahəni əhatə edən bir sıra proqramların həyata keçirilməsinin təşəbbüskarı olub. Bu vaxta qədər məcburi köçkünlər üçün 100-dən çox şəhərcik tikilib. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 6500-dən çox mənzil verilib və bu proses davam edir. 2019-cu il ərzində məcburi köçkünlərə daha 800 mənzilin verilməsi nəzərdə tutulub. Şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardımın verilməsi dövlət başçısının atdığı ən nəcib addımların sırasındadır.

Bu il dövlət başçısının böyük sosial paketin icrasına start verməsi, müavinətlərin artırılması ilə bağlı sonuncu sərəncamı onun həyata keçirilən sosial siyasətə sadiqliyinin bariz nümunəsidir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Prezidentinin sərəncamını şərh edərkən bu sənədin ümumilikdə 576,8 min nəfərə yönələn sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılmasına, eləcə də həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndirilməsinə xidmət etdiyini bildirib. Sərəncama uyğun olaraq, sosial müavinətin məbləğinin yaşa görə müavinət alanlar üçün 73 manatdan 130 manata, I qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 82 manatdan, müharibə əlilləri üçün 101 manatdan, "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 94 manatdan) 150 manata, II qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 61 manatdan, müharibə əlilləri, "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 81 manatdan) 130 manata, III qrup əlilliyə görə isə (ümumi səbəblərdən əlillər üçün 52 manatdan, müharibə əlilləri üçün 73 manatdan və "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 61 manatdan) 110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 82 manatdan 150 manata, ailə başçısını itirməyə görə isə ailə üzvlərinin hər biri üçün 68 manatdan 80 manata çatdırılması nəzərdə tutulur.

Dövlət başçısının yeni sərəncamı ilə müharibə əlillərinə də Prezident təqaüdünün məbləğin I qrup əlilliyə görə 182 manatdan 250 manata, II qrup əlilliyə görə 158 manatdan 230 manata, III qrup əlilliyə görə 121 manatdan 210 manata çatdırılacaq.

Beləliklə, biz onun şahidi oluruq ki, Azərbaycanda sosial məsələlərin həlli istiqamətində həyata keçirilən siyasət müvəqqəti xarakter daşımır, əksinə, davamlı və prinsipial aparılan geniş güzəştlər sistemidir.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video