01 Mart 2019 01:57
458
SİYASƏT
A- A+

Qondarma rejimin növbəti sərsəmləməsi


Bu gün dünya birliyi birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq Ermənistan silahlı qüvvələrinin işğal altındakı ərazilərdən çıxmasını tələb edir. Bununla bağlı müxtəlif beynəlxalq qurumlar tərəfindən çoxsaylı qərarlar, qətnamələr, eləcə də digər sənədlər qəbul edilib. Amma Ermənistan hələ də beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirərək həmin sənədlərdə qoyulan tələbi yerinə yetirməkdən imtina edir. Əgər qarşı tərəf buna son qoymasa, Azərbaycan ərazi bütövlüyünü güc hesabına təmin etməli olacaq. Bu gün isə məsələnin sülh yolu ilə həllinə ümidlər tükənmədiyindən münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində səylər davam etdirilir.

Təəssüf ki, Ermənistan problemin dinc müstəvidə həlli məqsədilə ona verilən şansı hələ də lazımınca dəyərləndirmir. Bunu işğal olunmuş ərazilərdə yaradılan separatçı rejimin bundan əvvəlki dövrdə keçirdiyi qondarma "parlament” və "prezident seckiləri” də dəfələrlə təsdiq edib.

Bu günlərdə özünü Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "prezidentinin müşaviri” qismində təqdim edən Tiqran Abramyanın erməni KİV-də səsləndirdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində aparılan danışıqlara xələl gətirən yersiz və qeyri-konstruktiv açıqlamaları da artıq təəccüb doğurmur. O, qoşunların təmas xəttində hazırkı durumu şərh edərək, vəziyyətin qiymətləndirilməsi üçün çoxsaylı amillərin nəzərə alınmalı olduğunu və Azərbaycanın təmas xəttində guya qeyri-stabillik yarada biləcək fəaliyyət apardığını iddia edib.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırda aparılan danışıqların ruhuna və formatına zidd olaraq, qondarma rejimin nümayəndələrinin danışıqlara cəlb edilməsi ilə bağlı Tiqran Abramyanın səsləndirdiyi təxribat xarakterli fikir və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının bərabərhüquqlu icmalar olduğunun qeyd edilməməsi Ermənistanın münaqişəsinin birdəfəlik sülh yolu ilə həll edilməsində maraqlı olmadığına dəlalət edir.

Məlumdur ki, qondarma rejim bilavasitə Ermənistanın təsiri altındadır və onun siyasi, maliyyə və hərbi dəstəyi sayəsində mövcuddur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan sadə ermənilər də bu işğalçı siyasətdən əziyyət çəkirlər.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində yenidən sülh şəraitində birgə yaşamağa qadir olduqlarına inanır. Hər iki icmanın xoşbəxt gələcəyi və regionun təhlükəsiz iqtisadi inkişafı işğalın nəticələrinin aradan qaldırılması ilə mümkündür.

Göründüyü kimi, separatçı rejim unudur ki, indi dünya miqyasında birmənalı qəbul olunan həqiqət budur ki, işğal siyasətinə son qoymayacağı təqdirdə qarşıdakı dövr ərzində Ermənistanı daha böyük problemlər gözləyir. Azərbaycan həm iqtisadi, həm hərbi, həm də demoqrafik cəhətdən Ermənistanı üstələməkdə davam edir. Bundan əlavə, ölkəmiz ötən dövr ərzində yeni qlobal enerji və nəqliyyat layihələrinə start verməklə də Ermənistanın təcridini daha da dərinləşdirə bilib.

Burada nəzərə almaq lazımdır ki, Azərbaycan diplomatiyası uğurlu addımları ilə konkret aspektlər üzrə dünyanın bir çox dövlətləri ilə səmərəli əməkdaşlıq sistemi yaradır. Ermənistan isə işğal siyasətinə görə bu sistemdən kənarda qalır. Yəni Azərbaycana qarşı yürütdüyü təcavüz və işğal siyasətinə görə Ermənistan bu gün geosiyasi və geoiqtisadi baxımdan özünütəcrid vəziyyətindədir. Ermənistanın düşdüyü geosiyasi və geoiqtisadi təcrid vəziyyətindən yeganə çıxış yolu Azərbaycana qarşı işğala son qoyması, qonşu dövlətlərlə sivil münasibətlər qurmasıdır. Əks təqdirdə, Ermənistanın sosial-iqtisadi və demoqrafik vəziyyətinin daha da ağırlaşması qaçılmazdır.

İşğalçı ölkə bilməlidir ki, bütün regional layihələrdən, inteqrasiya proseslərindən kənarda qalan Ermənistan işğalçılıq siyasətindən əl çəkməyənə qədər istənilən hakimiyyət dəyişikliyi bu ölkədəki problemləri aradan qaldırmaq iqtidarında deyil.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video