28 Fevral 2019 17:31
855
Elm və texnika
A- A+

ADA Universitetində “Karyera yarmarkası” açılıb


ADA Universitetində bu ali məktəbin Karyera Mərkəzinin təşəbbüsü ilə ənənəvi "Karyera həftəsi” keçirilir.

AZƏRTAC xəbər verir ki, fevralın 28-də universitetdə "İstedadlarla karyera yolları arasında körpü” devizi altında "Karyera yarmarkası” təşkil olunub.

ADA Universitetinin prorektoru Fariz İsmayılov bildirib ki, yeddinci dəfədir təşkil olunan "Karyera həftəsi”nin məqsədi gənclərdə məşğulluq bazarı barədə təsəvvür yaratmaq, onlara müxtəlif şirkətlərin insan resursları departamentinin nümayəndələri ilə bilavasitə ünsiyyətdə olub, mövcud iş yerlərinə sənəd vermək imkanı yaratmaqdır.

Qeyd edilib ki, "Karyera həftəsi”ndə ümumilikdə 12 dövlət və 100-dən çox özəl qurum məşğulluq bazarında olan iş yerlərini təqdim edir. Karyera sərgisi ilə paralel olaraq treninqlər də keçirilir. Fransa və İngiltərədən dəvət olunan mütəxəssislər tərəfindən aparılan seminar və təlimlərdə iştirakçılar müsahibəyə hazırlaşmaq, CV yazmaq qaydaları barədə məlumatlandırılır, gənclərə karyerada necə uğur qazanmaq, sənaye sektorlarının düzgün seçilməsi və digər məsələlər barədə tövsiyələr verilir.

Vurğulanıb ki, bugünkü karyera sərgisində neft və qaz, bankçılıq, maliyyə, turizm, kənd təsərrüfatı və digər sənayelərə aid 40-a yaxın şirkət öz stendi ilə təmsil olunur. Prorektor tələbə və məzunları onlar üçün yaradılan bu imkandan yararlanmağa dəvət edib.

Sonra ADA Universitetinin tərəfdaş və sponsorları olan "Kapital Bank”, SOCAR AQŞ və PAŞA Sığorta şirkətinin nümayəndələri ali məktəb tərəfindən mükafatlandırılıb. Çıxış edənlər bu əməkdaşlıqdan məmnunluqlarını bildirib, təmsil etdikləri şirkət və qurumlarda ADA Universitetinin məzunlarının işlə təmin olunduğunu diqqətə çatdırıblar.

Sərginin iştirakçısı ADA Universitetinin tələbəsi Nuranə Tağıyeva deyib: "Universitetimizdə tələbə və məzunlar üçün "Karyera həftəsi”nin təşkili gənclərin gələcəkdə uğurlu karyera qurmasına böyük dəstəkdir. Həmçinin hər il karyera sərgisinin keçirilməsi bizimlə dövlət və özəl qurumlar arasında əlaqələrin qurulmasına imkan yaradır. Bunun nəticəsində biz CV və ərizələrimizi istədiyimiz şirkətə asan şəkildə təqdim edirik. Mən "Karyera yarmarkası”nda 10-dan çox şirkət haqqında məlumat aldım, onlara CV və ərizəmi təqdim etdim. Yaxın günlərdə müsbət cavab alacağıma inanıram. "Karyera həftəsi”nin təşkili işə qəbul, təcrübə proqramı, staj təcrübəsi, şirkətlərlə tanışlıq və digər məsələlərdə çox faydalı platformadır”.

"Karyera yarmarkası”nda təmsil olunan dövlət qurumları və özəl şirkətlər ADA-nın tələbə və məzunları üçün təqdimatlar keçirib, gənclərdə məşğulluq bazarı barədə təsəvvür yaradıb, onlara uğurlu karyera barədə məsləhətlər verib və işçi qüvvəsi axtarıblar.

Qeyd edək ki, ADA Universitetinin Karyera Mərkəzi tələbələri birinci kursdan başlayaraq məşğulluq bazarı ilə tanış edir, onları ixtisas üzrə müxtəlif dövlət və fərdi qurumlarda staj təcrübəsi qazanmağa yönləndirir. Əksər tələbələr staj təcrübəsi topladıqları qurumlarda iş təklifi alırlar. Bunun nəticəsi olaraq universitetin məzunları arasında məşğulluq göstəricisi 90 faizdən yuxarıdır.

Builki "Karyera yarmarkası”na 2000-ə yaxın tələbə və məzunun qatılacağı gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video