28 Fevral 2019 13:36
307
SİYASƏT
A- A+

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Ermənistanın Vaşinqtondakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib


Fevralın 27-də ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Aksiyada Vaşinqtonda və onun ətrafında yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər. Nümayişçilərin əllərində tutduqları plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımı barədə faktlar əks olunub. Bannerlərdə dünya birliyinə müraciətlə Xocalı soyqırımını dövlət səviyyəsində tanımaq şüarları, həmçinin bu faciənin ABŞ-ın 20-dən çox ştatı və dünyanın bir sıra ölkələri tərəfindən tanınması və pislənməsi haqqında məlumatlar yer alıb.

ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmsədri Bədir Məmmədli Ermənistanın Vaşinqtondakı diplomatik missiyasının rəhbərlərinə müraciət edərək, ABŞ Helsinki Komissiyasının sədri konqresmen Əlsi Heystinqzin cari il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı ilə əlaqədar yaydığı bəyanatı oxuyub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda 613 mülki şəxsin erməni hərbçiləri tərəfindən amansızcasına qətlə yetirildiyi qeyd olunub.

Sonra bu soyqırımı törədilən zaman 11 yaşında olan Xocalı sakini Anar Usubov həmin hərbi cinayət nəticəsində 27 yaxın qohumunun öldürüldüyünü bildirib. O, bu hərbi cinayətin təqsirkarlarının hüquqi məsuliyyətə cəlb olunmasını tələb edib. Bildirib ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və tezliklə bütün məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar.

Aksiya zamanı "Ermənistan qeyri-müstəqil nökər dövlət", "Erməni terrorunu pisləyin!", "Xocalı qırğını bir daha təkrarlanmamalıdır!", "Ermənistan etnik təmizləmədə təqsirkardır!", "Ermənistana ar olsun!", "Ermənistan, Qarabağdan rədd ol!", "Uşaq qatilləri!", "Ermənistan vassal dövlətdir!", "Amerikalı vergi ödəyicilərindən pul diləndiyiniz yetər!", "Biz Xocalını unutmayacağıq!", "Azərbaycan torpaqlarından əl çəkin!", "Ermənistan, beynəlxalq hüquqa riayət et!", ”Paşinyana ar olsun!”, "Köçaryan, Sarkisyan, Ohanyan cinayətkardırlar!" və sair şüarlar səsləndirilib.

Etirazçılar Ermənistan hökumətini Xocalı soyqırımını tanımağa çağırıb. Həmçinin erməni silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarından dərhal çıxarılmasını, girovların azad olunmasını və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün şəraitin yaradılmasını tələb ediblər. İcma üzvləri Ermənistan hökumətini Azərbaycanın Dağlıq Qarabağ regionunun digər yaşayış məntəqələrində, o cümlədən Malıbəyli, Quşçular, Ağdaban və Qaradağlıda da dinc azərbaycanlı əhalinin kütləvi şəkildə qətlə yetirilməsi faktlarını tanımağa çağırıblar. Aksiya iştirakçıları Ermənistanın BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrinin tələblərini yerinə yetirməsinə çağırışlar ediblər.

Etiraz aksiyasının sonunda Azərbaycan əsgərinə həmrəylik və dəstək əlaməti olaraq azərbaycanlı fəallar "Əsgər marşı”nı və Azərbaycanın dövlət himnini oxuyublar.

Qeyd edək ki, ABŞ Azərbaycanlıları Şəbəkəsi Xocalı qətliamı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq bu kütləvi qırğının tanıdılması üçün hər il etiraz aksiyası keçirir. Bununla yanaşı, şəbəkə artıq 12 ildir ki, Amerika ictimaiyyətini Xocalı soyqırımı və erməni silahlı birləşmələrinin digər hərbi cinayətləri barədə məlumatlandırmaq üçün hər il bir neçə kampaniya keçirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video