28 Fevral 2019 02:54
1239
İQTİSADİYYAT
A- A+

Prezidentin sosial tədbirləri əhalinin bütün təbəqələrini əhatə edir


İqtisadi və sosial məsələlərlə bağlı Prezident İlham Əliyevin yanında keçirilən müşavirədə cari ilin ilk ayının göstəricilərinə nəzər salınaraq islahatların yaxşı nəticələr verdiyi vurğulanıb. Tədbirdə ümumi daxili məhsulun artımının təxminən 3 faiz təşkil etdiyi bildirilib. Bu, son 2-3 il ərzində ən yüksək göstəricidir.

Ölkədə iqtisadi, makroiqtisadi vəziyyət sabitdir, bir ildən çoxdur manatın məzənnəsi stabil olaraq qalır, inflyasiya ən aşağı səviyyədədir.

Yanvar ayı ərzində qeyri-neft sektorunda sənaye istehsalı 14 faizə yaxın artıb. Bu da onu göstərir ki, növbəti illərdə qeyri-neft sektoruna xarici sərmayələr cəlb etmək prioritet məsələlərdən olacaq. Ümumiyyətlə, Azərbaycanla əməkdaşlıq etmək, ölkə iqtisadiyyatına investisiya yönəltmək istəyən şirkətlərin sayı getdikcə daha da artır.

Aparılan iqtisadi islahatlar büdcə daxilolmalarına müsbət təsir edib. Vergi və gömrük orqanları plandan əlavə xeyli vəsait toplayıblar. Dövlət Neft Fondunun gəlirləri əhəmiyyətli dərəcədə artıb. Bütün bunlar vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə imkan verir.

Sözügedən müşavirədə Prezident İlham Əliyev bu barədə demişdir: "Biz əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəltməliyik. Çünki bu, bizim üçün prioritet məsələdir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifəmizdir. Bu istiqamətdə artıq bir çox ciddi addımlar atılıb və atılacaq”.

Belə əhəmiyyətli tədbirlərdən biri minimum əməkhaqqının 38 faiz artırılması, yəni 130 manatdan 180 manata çatdırılması oldu. Bu, 600 min nəfər insanı əhatə etdi. Minimum pensiyaların məbləği 116 manatdan 160 manata çatdırıldı. Bu da təxminən 38 faiz artım deməkdir. Lakin dövlət bunu son hədd hesab etmir. Əməkhaqqı və pensiyaların artırılması daim gündəmdə saxlanan məsələdir. Bu da göstərir ki, gələcəkdə minimum əməkhaqqı və pensiyalar ardıcıl olaraq artırılacaq.

Erməni təcavüzü nəticəsində yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə əlillərinin qayğı və problemləri də daim dövlətin diqqət mərkəzindədir. Keçən il 5900 məcburi köçkün ailəsi mənzil, yaxud evlə təmin edilib. Bu il isə həmin rəqəm əvvəlkindən böyük olacaq. Artıq müvafiq göstərişlər də verilib. Bakı və Sumqayıt şəhərlərində, eləcə də bölgələrdə bu istiqamətdə geniş inşaat işləri həyata keçiriləcək.

Hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir və bu proqram ilin sonuna qədər tam icra olunacaq.

Bu il şəhid ailələrinə, eləcə də 800 mənzil veriləcək ki, bu da keçənilkindən çoxdur.

Prezident İlham Əliyevin 25 fevral 2019-cu il tarixli "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı dövlət başçısının daha bir humanist addımıdır. Bu sərəncam 576,8 min nəfərə yönəldilən sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, eləcə də həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədini daşıyır. Məsələn, sosial müavinətlərin məbləğinin yaşa görə 130, birinci qrup əlilliyə görə 150, ikinci qrup əlilliyə görə 130, üçüncü qrup əlilliyə görə 110 manata çatdırılacağı nəzərdə tutulur. Sərəncama əsasən, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlar ayda 150, ailə başçısını itirməyinə görə ailə üzvlərinin hər biri 80 manat alacaqlar. Müavinətlərin artırılması eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına, müddətli hərbi xidmət qulluqçularının uşaqlarına da aiddir. Beşdən çox uşağı olan qadınların hər uşağa görə, uşağın anadan olmasına görə, habelə dəfn üçün ödənilən sosial müavinətlərin də artırılacağı nəzərdə tutulur.

Sözügedən sərəncamla Prezidentin təqaüdü ilə təmin edilənlərin əhatə dairəsi də genişlənəcək. Bir sözlə, dövlət başçısının sosial islahatlar paketi əhalinin bütün təbəqələrini əhatə edir.

Artımların edilməsi üçün normativ hüquqi aktların layihələri hazırlanaraq 15 gün müddətində dövlət başçısına təqdim olunacaq. Qeyd olunan müavinət və təqaüdlərin bu il aprelin 1-dən artırılması nəzərdə tutulur. Həmin artımlar üçün bu ilin 9 ayında əlavə olaraq 300 milyon manat, illik isə əlavə olaraq 400 milyon manat vəsait ayrılacaq.

Bütün bunlar göstərir ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial inkişafı baxımından xüsusilə fərqlənən il olacaq. Bunlar həm də vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin ardıcıl xarakter daşıdığının göstəricisidir.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video