28 Fevral 2019 02:40
841
İQTİSADİYYAT
A- A+

İnkişafın Abşeron nümunəsi


2018-ci il Azərbaycan üçün, sözün əsl mənasında, möhtəşəm uğurların əldə edildiyi dövr kimi yadda qaldı. Siyasi və iqtisadi nailiyyətlərlə zəngin olan ötən il həm də mühüm ictimai hadisələrlə əlamətdar idi. İlham Əliyevin müəllifi olduğu qlobal layihələrin işə düşməsi, növbəti peykimizin orbitə çıxarılması tək regionda deyil, dünyadakı mövqelərimizi də bir qədər möhkəmləndirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü, ulu öndər Heydər Əliyevin 95 illik yubileyi, ordumuzun Günnüt zəfəri və hərbi paradlar xalqımızın xoş ovqatını daha da artırdı. İlin ən böyük siyasi hadisəsi isə ötən ilin aprelində keçirilən prezident seçkiləri oldu. Xalqımız ən doğru seçimini edərək Prezident İlham Əliyevin ətrafında səfərbər oldu, Heydər Əliyev yolunun davamına səs verdi.


2018-ci il Abşeron rayonu üçün uğurlu oldu


Ötən il tariximizə genişmiqyaslı inkişaf dinamikası ilə yadda qalan dövr kimi yazıldı. Bu dövrdə Azərbaycanın inkişafı əvvəlki illərə nisbətən bir qədər də vüsət aldı. Bütün bu məsələlər yanvarın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ətraflı müzakirə edildi. Dövlət başçısının qeyd etdiyi kimi, 2018-ci il ölkəmiz üçün uğurlu olub, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq Azərbaycan hərtərəfli və dinamik inkişaf edib. Prezident İlham Əliyevin diqqətə çatdırdığı əsas iqtisadi göstəricilər də ötən ilin inkişaf dövrü olduğunu göstərir. Belə ki, ötən il ümumi daxili məhsul 1,4 faiz, qeyri-neft sektoru 1,8, sənaye istehsalı 1,5, kənd təsərrüfatı isə 4,6 faiz artıb. Valyuta ehtiyatları 45 milyard dollara çatıb, ölkədə 118 min daimi iş yeri açılıb.

2018-ci ildə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası başa çatdı. Bununla bağlı keçirilən konfrans əslində 2004-cü ildən - ilk dövlət proqramının icrasına başlanılmasından ötən dövrdə görülən işlərin hesabatı idi. Bu dövrdə ümumi daxili məhsulun 3,3 dəfə, sənaye potensialının 2,6 dəfə, maaşların 7, pensiyaların 9 dəfə artması, 2 milyon iş yerinin yaradılması və sair uğurlar göstərir ki, respublikamız olduqca qürurverici və möhtəşəm inkişaf yolu keçib.

2018-ci il Abşeron rayonu üçün də uğurlu illərdən olub. Bu barədə dünən Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclasında ətraflı söhbət açıldı.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Xırdalan şəhərində ucaldılmış abidəsi önünə tər güllər düzərək xatirəsini ehtiramla yad etdilər.

Sonra Xırdalandakı Heydər Əliyev mərkəzində keçirilən iclasda RİH başçısı İradə Gülməmmədova Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və üçüncü dövlət proqramının icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn vəzifələr baxımından rayonda görülən işləri təhlil etdi. Qeyd etdi ki, ötən il Abşeronun sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində abadlıq-quruculuq işləri davam etdirilib, rayon ərazisində su-kanalizasiya sistemlərinin yenidən qurulması, avtomobil yollarının əsaslı təmiri, elektrik enerjisi, təbii qaz ilə təchizat və digər sosial problemlərin həlli istiqamətində mühüm layihələr həyata keçirilib.

Diqqətə çatdırıldı ki, 2018-ci il Abşeron üçün siyasi baxımdan da əlamətdar olub. Ən mühüm siyasi hadisə olan prezident seçkiləri şəffaf, heç bir qanun pozuntusu olmadan keçirilib. Əvvəlki seçkilərdə olduğu kimi, abşeronlular bu seçkilərdə də fəallıq nümayiş etdiriblər. İki seçki dairəsi üzrə seçicilərin 77 faizi seçkilərdə iştirak edib və onlardan 89 faizi cənab İlham Əliyevə səs verib.


Sənaye məhsulunun həcmi 24 faiz artıb


Prezident İlham Əliyevin qarşıya qoyduğu ən mühüm vəzifələrdən biri rayonlarda sahibkarlığın inkişafı, özəl investisiyaların daha çox cəlb edilməsi, xüsusilə kənd təsərrüfatı və sənaye istehsalı üçün əlverişli şəraitin yaradılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsidir. Bütün bunlar Abşeron RİH rəhbərliyi tərəfindən əsas vəzifələr kimi daim diqqət mərkəzində saxlanılır.

Bu barədə danışan İradə Gülməmmədovanın sözlərinə görə, Prezident İlham Əliyevin 22 mart 2018-ci il tarixli sərəncamına əsasən, dövlət büdcəsində əsaslı vəsait qoyuluşu xərclərindən Abşeron rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2 milyon manat vəsait ayrılıb. Bununla əlaqədar Qobu qəsəbəsi ərazisində 0,7 hektar ərazidə xalça istehsalı emalatxanasının tikintisi başa çatdırılaraq istifadəyə verilib. Müəssisənin fəaliyyətə başlaması ilə 160 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

2018-ci ildə iqtisadiyyatın müxtəlif sahələri üzrə ümumilikdə 291 milyon manat özəl investisiya cəlb olunub və 6209 yeni iş yeri açılıb. Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon ərazisində və rayona təhkim olunmuş torpaqlarda fəaliyyət göstərən sahibkarlara 28 investisiya layihəsi üçün 23 milyon 458 min manat güzəştli kredit verilib.

Bütün bunların nəticəsidir ki, ötən il rayonda istehsal edilən sənaye məhsulunun həcmi 24 faiz artaraq 228 milyon manata çatıb. Sənaye müəssisələrində işləyənlərin sayı 8075 nəfər olub, işçilərin orta aylıq əməkhaqqı 348 manat təşkil edib.

İl ərzində rayonda tikinti işlərinin həcmi 102 milyon manat təşkil edib, mənzil tikinti kooperativləri tərəfindən çoxmənzilli yaşayış binaları üzrə 542 min kvadratmetrlik yaşayış fondunun tikintisi başa çatdırılaraq istismara qəbul edilib. Bundan əlavə rayon ərazisində 201 min kvadratmetr xidmət, istehsalat və ticarət üzrə qeyri-yaşayış obyekti, 249 min kvadratmetr isə istixana kompleksi istismara qəbul olunub.

Sahibkarlığın inkişafı rayonda yerli vergi daxilolmalarının artımına da səbəb olmuşdur. 2019-cu il də daxil olmaqla artıq 8 ildir ki, Abşeron rayonu dotasiya almadan yerli gəlirlər hesabına öz xərclərini maliyyələşdirir. Hesabat dövründə büdcəyə 41 milyon 646 min manat vəsait cəlb olunaraq proqnoza 115,1 faiz əməl edilib, rayonun yerli xərcləri isə 97,1 faiz icra olunub. 2019-cu ildə rayonun öz xərclərindən əlavə 24,9 milyon manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.


Kənd təsərrüfatı istehsalında 34 faiz yüksəliş olub


Rayonda kənd təsərrüfatı sahəsinin, xüsusilə də bitkiçilik məhsulları istehsalının artımına nail olunub. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalının həcmi 34 faiz artaraq 74 milyon manata çatıb. İl ərzində 648 hektar tərəvəz sahəsindən 76213 ton məhsul yığılıb, 1417 hektar sahədə taxıl biçini itkisiz başa çatıb. Bundan başqa, hesabat dövrü ərzində 40 min 556 sentner ət, 524 min 256 sentner süd istehsal edilib. Yumurta istehsalı isə 137,6 milyon ədəd olub.

Rayonda süni yolla mayalanmış heyvanlardan il ərzində 659 baş diri buzov alınıb. "Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2015-ci il tarixli sərəncamına əsasən həmin heyvan sahiblərinə 65 min 900 manat subsidiya verilib. Bundan başqa, "Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Prezidentinin 5 mart 2018-ci il tarixli sərəncamının icrası ilə əlaqədar arıçılıqla məşğul olan 75 nəfər sahibkarın 3047 arı ailəsi olması barədə sənədlər tərtib olunaraq onlara 30 min 470 manat subsidiya ödənilməsi üçün respublika komissiyasına təqdim edilib.

Abşeronda Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq kənd təsərrüfatı torpaqlarında zeytun və badam bağları sahələrinin genişləndirilməsi ilə bağlı işlər də diqqət mərkəzindədir. Hazırda Xəzər rayonu ərazisindən Abşeron rayonuna təhkim olunmuş kənd təsərrüfatı təyinatlı torpaqlarda "Grand Aqro” MMC tərəfindən 3570 hektar sahədə aqropark yaradılması istiqamətində işlər sürətlə davam etdirilir. Bununla bağlı 2018-ci ildə 168 hektar sahədə yeni badam bağı salınaraq, ümumi sahəsi 378 hektara çatdırılıb, damlama üsulu ilə suvarma şəbəkəsi quraşdırılıb, 39,2 kilometr uzunluğunda su xətti çəkilib, 160 min kubmetrlik 5 su hovuzu tikilib, 30 ədəd müxtəlif təyinatlı texnika alınıb.


Hökməli-Qobu-Lökbatan, Güzdək-Buta, Mehdiabad-Pirşağı yolları yenidən qurulub


Abşeron ölkənin iri rayonları sırasında yer alır. Lakin nə qədər böyük olsa da, abadlıq və quruculuq işləri bütün rayonu əhatə edir. Diqqəti çəkən isə bu işlərin davamlı olmasıdır.

Ötən il Xırdalan şəhərində 30 binanın dam örtüyü, 14 binanın fasadı, 12 binanın pilləkənləri və kanalizasiya xətləri əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib. Ötən il şəhərin küçə və məhəllələrində 5100 paqometr səki daşı düzülüb, 2100 kvadratmetr tomet, 44600 kvadratmetr sahəyə yeni asfalt örtük döşənib. Bundan əlavə, 10 ədəd söhbətgah, 34 ədəd karusel və idman qurğusu quraşdırılıb, 3 bulaq inşa olunub. Rəşid Behbudov küçəsində əlillər üçün inşa edilmiş binaların qarşısında sakinlərin asudə vaxtlarını keçirmələri üçün park salınıb. Ümumiyyətlə, çoxmənzilli yaşayış binalarının ətrafında olan qanunsuz tikililərin aradan qaldırılması, sakinlərin istirahəti üçün şəraitin yaradılması ilə bağlı verilən tapşırıqlara əməl olunaraq son 3 ildə Xırdalan şəhərində binaların həyətlərindən ümumilikdə 265 qaraj götürülüb, 432 daş və metal hasar, 40 kiçik tikili sökülüb.

Rayonun digər yaşayış ünvanlarına gəldikdə, Ceyranbatan qəsəbəsində 8 çoxmənzilli yaşayış binasının dam örtüyü, fasadı, pilləkən qəfəsi, Mehdiabad qəsəbəsində 1 dördmərtəbəli, 7 girişli çoxmənzilli yaşayış binasının pilləkən qəfəsi təmir edilib. Aşağı Güzdək qəsəbəsində 6500 kvadratmetrlik ərazidə park salınıb, 100 ədəd oturacaq quraşdırılıb.

Ötən il uzunluğu 18 kilometr olan Hökməli-Qobu-Lökbatan yolu, 4,6 kilometr uzunluğunda Güzdək-Buta yolu, 7,2 kilometr uzunluğunda Mehdiabad-Pirşağı yolu əsaslı yenidən qurulub. Bundan əlavə, Bakı-Quba avtomagistralından Saray-Novxanı istiqamətindəki tikintisi yarımçıq qalmış dairəvi yolun 3 kilometr hissəsinə asfalt örtük döşənib. Bu yolun istifadəyə verilməsi Masazır kəndinin mərkəzi Əlağa Vahid küçəsindəki avtomobil sıxlığının aradan qaldırılmasında böyük rol oynayır.

Bundan əlavə, rayonun daxili imkanları hesabına yaşayış məntəqələrində küçə və yollarda 65 min kvadratmetr asfaltlama işləri həyata keçirilib. Rayon ərazisində mərkəzi avtomobil yollarının kənarlarında da abadlaşdırma işləri davam etdirilir. Park, yol kənarı və digər ərazilərdə 61 min ədəd zeytun, xan çinar, şam və digər növ ağaclar əkilib. Mehdiabad-Pirşağı, Hökməli-Qobu yolu boyunca hasarların hörülməsi, suvanaraq rənglənməsi işləri həyata keçirilib. Məmmədli kəndində mərkəzi Heydər Əliyev küçəsində yol kənarındakı divarlara 2160 kvadratmetr bəzək daşı vurulub.


Kommunal xidmətlərdə çətinlik yoxdur


Abşeronda kommunal xidmətlər sarıdan da vəziyyət ürəkaçandır. Ötən il Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə rayonun Pirəkəşkül, Qobustan kəndlərində içməli su, Mehdiabad və Digah qəsəbələrində isə ayrılmış vəsait həcmində 5200 paqometr uzunluğunda kanalizasiya xətlərinin yenilənməsi işləri həyata keçirilib. Həmçinin Prezidentin müvafiq tapşırığı əsasında Masazır və Novxanı kəndləri ərazisində çirkab suların axıdılması üçün 16 kilometr uzunluğunda kanalizasiya xəttinin və iki nasosxananın inşası başa çatdırılıb.

Azərbaycan Hökuməti ilə Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsi üzrə 2017-ci ilin iyul ayından başlanılmış işlər davam etdirilir. Ötən müddət ərzində müxtəlif diametrli 109 kilometr uzunluğunda içməli su, 61 kilometr uzunluğunda kanalizasiya xətti çəkilərək 16481 evə birləşdirilib. Ümumilikdə bu xətlərin çəkilişi işlərinin 65 faizi görülüb. İşlərin bu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

"Azərsu” ASC tərəfindən Masazır kəndinin Sarı Aşıq küçəsində 1600 paqometr içməli su xətti çəkilərək 200-dən çox fərdi yaşayış evinə birləşdirilib, rayon sukanal idarəsi tərəfindən Aşağı Güzdək qəsəbəsinə gələn su xəttinin yararsız vəziyyətdə olan 1700 paqometri dəyişdirilib. Daxili imkanlar hesabına Məmmədli kəndində qrunt sularının axıdılması məqsədilə açıq kanal çəkilərək mərkəzi kanalizasiya xəttinə birləşdirilib.

Rayon əhalisinin elektrik enerjisi ilə təminat sahəsində də layihələr həyata keçirilmişdir. Rayonun yaşayış məntəqələrində 56 yeni transformator qoyulub, 15 transformator təmir edilib, 2929 ədəd dayaq və 92 400 metr naqil dəyişdirilib, yaşayış məntəqələrində 139300 metr uzunluqda "SİP” kabelləşməsi aparılıb, 17058 ədəd sayğac quraşdırılıb. Hökməli, Qobu, Aşağı Güzdək, Saray, Masazır, Fatmayı, Görədil, Novxanı, Məmmədli yaşayış məntəqələrində elektrik təsərrüfatının yenidən qurulması istiqamətində işlər davam etdirilib. Masazır və Məmmədli kəndlərində inşa edilmiş 35 kv-luq yarımstansiyaların istifadəyə verilməsi nəticəsində əhalinin elektrik enerjisi ilə təchizatı xeyli yaxşılaşdırılıb.

Rayon əhalisinin təbii qazla təchizatı ilə bağlı Xırdalan, Saray, Qobu, Hökməli yaşayış məntəqələrində müxtəlif diametrli 14,6 kilometr uzunluğunda yeni təbii qaz xətləri çəkilib, 18 ədəd qaz təzyiq tənzimləyicisi və 8026 ədəd sayğac quraşdırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq olunub. Proqramda Abşeron rayonu ərazisində elektrik enerjisi, içməli su, təbii qaz, yol və digər infrastruktur layihələrinin icrası, sahibkarlığın inkişafı, investisiyaların cəlb edilməsi, Qobu qəsəbəsində Sənaye Məhəlləsinin yaradılması, metal məmulatlar, kabel, dəri məhsulları, karton qutuları, un, qənnadı, sərinləşdirici içkilər, tütün məmulatları, zeytun yağı, pivə, müasir tipli beton istehsalı, badam, zeytun, süd emalı müəssisələrinin yaradılması, aqroparkın fəaliyyətinin genişləndirilməsi, yeni məktəb və tədris korpuslarının inşası, Mərkəzi Rayon Xəstəxanası üçün bina tikintisinin başa çatdırılması və digər sosial layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Bundan əlavə, ölkə Prezidentinin müvafiq sərəncamı ilə ayrılmış vəsait hesabına Xırdalan şəhərində 6 çoxmənzilli yaşayış binası üzrə 27 liftin əsaslı təmiri işlərinin həyata keçirilməsi təmin ediləcək.


Rayonun həyatında əlamətdar hadisələr çoxdur


Yığıncaqda qeyd edildi ki, ötən ilin dekabr ayında Abşeron rayonuna məxsus ərazidə bütün infrastruktura malik 1000 ailəlik yeni yaşayış kompleksinin inşası başa çatdırılıb. Qəsəbənin Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı rayonun həyatında əlamətdar hadisə kimi yadda qalıb.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqlara Masazır kəndində daha bir 12 mərtəbəli çoxmənzilli yaşayış binasının inşası başa çatdırılıb. Ümumilikdə Masazır kəndində bu məqsədlə 365 mənzildən ibarət 3 çoxmənzilli yaşayış binası tikilib istifadəyə verilib.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə bağlı Türkiyə Respublikasının Bursa şəhərində keçirilmiş bayram tədbiri, Azərbaycan Polisinin, Prokurorluğun və Silahlı Qüvvələrin yaranmasının 100 illik yubileyləri, Abşeron rayonunun yaranmasının 55 illiyi ilə əlaqədar keçirilmiş mərasim də hesabat dövründə yaddaqalan tədbirlərdəndir.

2018-ci il ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin normal fəaliyyətlərinin təmin edilməsi istiqamətində işlər davam etdirilib. Yeni dərs ilində rayonun Mehdiabad qəsəbəsində 1200 şagird yerlik müasir məktəb binası istifadəyə verilib, rayonun daxili imkanları hesabına Xırdalan şəhərində 2 və 22 saylı körpələr evi-uşaq bağçası təmir olunub. Masazırdakı Yeni Bakı yaşayış kompleksində isə 6 qruplu 120 yerlik, Görədil kəndində 4 qruplu 80 yerlik körpələr evi-uşaq bağçasının tikintisində son tamamlama işləri görülməkdədir.

Əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də rayonun şəhid, əlil və imkansız ailələrinə diqqət artırılıb. Rayon icra hakimiyyəti başçısı yanında büdcədənkənar inkişaf və bərpa fondundan 242 nəfərə 48 min 300 manat yardım göstərilib. Rayon ərazisində məskunlaşmış 10844 məcburi köçkün ailəsinin qayğıları da daim diqqət mərkəzində saxlanılır. Həmişə olduğu kimi, məcburi köçkün rayonlarının işğal günü ərəfələrində həmin rayondan olan şəhid ailələri ilə görüşlər keçirilərək onlara maddi kömək göstərilib.

Hesabat dövründə vətəndaşların qəbuluna diqqətlə yanaşılıb. RİH başçısının həftə ərzində bir gün rayon icra hakimiyyətində, bir gün isə yerlərdə olmaqla sakinlərin səyyar qəbulları təşkil edilib. RİH başçısı tərəfindən ötən il 690 nəfər vətəndaşın müraciəti dinlənilib, onların qaldırdığı problemlərin həll olunması üçün lazımi tədbirlər görülüb. 2018-ci ildə rayonun qəsəbə və kəndlərində 8 min nəfərdən çox sakinin iştirak etdiyi 35 səyyar qəbul-görüş keçirilib. Qəbullarda qaldırılan məsələlərlə bağlı tədbirlər planı tərtib edilərək aidiyyəti müəssisə və təşkilatlarla birlikdə icrası ciddi nəzarətə götürülüb.

İclasda rayon üzrə maliyyə idarəsinin rəisi Faiq Şirəliyevin, Məşğulluq Mərkəzinin direktoru Elmir Quliyevin, ağsaqqal Arif Sadıqovun, tələbə Günel Salahovanın və sahibkar Fuad Bəşirovun da çıxışları maraqla qarşılandı. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədov ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətdən söz açdı, islahatların bütün sahələrdə inkişafa böyük təkan verdiyini dedi. Daha sonra rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafında səmərəli fəaliyyətlərinə və əldə etdikləri nailiyyətlərə görə "Bolluq LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti, sahibkar Gülməmməd Babayev və 700 balla Bakı Ali Neft Məktəbinə qəbul olmuş Rüstəm Qarayev, sərbəst güləş üzrə Dünya çempionu, 3 qat Avropa çempionu, Azərbaycanın ən gənc əməkdar məşqçisi, Beynəlxalq dərəcəli hakim Tural Əliyev rayon icra hakimiyyətinin fəxri fərmanı ilə təltif olundular. Yekunda şura iclasının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

Bir daha qeyd edildi ki, Abşeronda bütün sahələrdə vəziyyət ürəkaçandır. Bunlar isə onu deməyə əsas verir ki, rayon 2019-cu ili də yüksək nailiyyətlərlə başa vuracaq.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video