27 Fevral 2019 23:38
980
PARLAMENT
A- A+

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib


Fevralın 27-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Ziyad Səmədzadə iclası açaraq son vaxtlar Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında böyük keyfiyyət dəyişikliklərinin baş verdiyini deyib. Bildirib ki, ölkə iqtisadiyyatında mühüm məsələlərin tənzimlənməsi istiqamətində zəruri işlər görülür. Dövlətimizin başçısının əhalinin sosial rifahının daha da yaxşılaşdırılması ilə bağlı imzaladığı fərman və sərəncamlar cəmiyyətdə böyük rəğbətlə qarşılanır.

Komitə sədri diqqətə çatdırıb ki, birinci oxunuşda müzakirəyə çıxarılan "Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanun layihəsi ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunub.

Qanun layihəsi barədə Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov məlumat verib. Bildirilib ki, ölkə başçısının 2016-cı ildə imzaladığı dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı Fərmanından irəli gələn tapşırıqlara əsasən bu gün bu istiqamətdə müvafiq qurumlar lazımi addımlar atırlar. Təqdim olunan qanun layihəsi müəssisələrin borclarının silinməsi, onların səmərəli fəaliyyətinin bərpası üçün önəmli rol oynayır. Bu sənəd özəlləşdirilməsi nəzərdə tutulan 137 müəssisəni əhatə edir.

Məruzədə qeyd edilib ki, qanun özəlləşdiriləcək dövlət müəssisələrinin sağlamlaşdırılması və onların borclarının tənzimlənməsi məqsədi daşıyır. Sənəddə deyilir ki, dövlət əmlakının (müəssisəsinin) satıcısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum ilə birlikdə özəlləşdirilməsi barədə qərar qəbul edilmiş dövlət əmlakının (müəssisəsinin) bu qanunun qüvvəyə minmə tarixinə olan əmlak və torpaq vergiləri üzrə borclarını dəqiqləşdirir. Özəlləşdirilən dövlət əmlakının (müəssisəsinin) qiymətləndirilməsi zamanı onun balans öhdəliklərində əks olunmuş debitor və kreditor borcları özəlləşdirmə planında ayrıca göstərilir.

Layihədə bu qanunun qüvvəyə minmə tarixindən sonrakı dövrdə özəlləşdirilməsi başa çatan dövlət əmlakının qanunun qüvvəyə minmə tarixinədək olan əmlak və torpaq vergiləri üzrə borclarının silinməsi qaydaları əks olunub. Qaydalara görə, dövlət əmlakının özəlləşdirildiyi tarixdən etibarən bir il ərzində bu borcların 30 faizi ödənildikdə ödənilməmiş borcların 70 faizi, iki il ərzində bu borcların 50 faizi ödənildikdə ödənilməmiş borcların 50 faizi, üç il ərzində bu borcların 70 faizi ödənildikdə ödənilməmiş borcların 30 faizi silinir. Qanunun bu il martın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

İclasda çıxış edən deputatlar Əli Məsimli, Şəmsəddin Hacıyev, Vahid Əhmədov, Elçin Quliyev, Ağalar Vəliyev, İqbal Məmmədov qanunun əhəmiyyəti və aktuallığı barədə danışıblar. Onun xalqın rifah halının yaxşılaşdırılması, sahibkarların üzləşdiyi çətinliklərin həlli, investorların cəlb edilməsi baxımından önəmli olduğunu söyləyiblər.

Müzakirələrin yekununda "Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanun layihəsi birinci oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video