27 Fevral 2019 07:33
543
SİYASƏT
A- A+

"Xocalıya ədalət!” dünyanın çağırışına çevrilməlidir


Vüsalə HÜSEYNOVA,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini:


- Təkcə Azərbaycan tarixinə yox, dünya tarixinə də ən dəhşətli və faciəli hadisələrdən biri kimi daxil olan Xocalı soyqırımı bu gün həm də dünya azərbaycanlılarını bir araya gətirir. O baxımdan ki, hər bir azərbaycanlı bu faciəni anaraq, ona dünya miqyasında layiqli qiymətin verilməsini, günahkarların cəzalandırılmasını tələb edir. Bu məsələdə hər bir azərbaycanlı Prezident İlham Əliyevin qətiyyətli mövqeyini dəstəkləyir, dövlət başçısının rəhbərliyi altında faciəyə müvafiq beynəlxalq qiymətin verilməsi üçün aparılan işə öz töhfəsini verməyə çalışır. Bunu Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə on minlərlə insanın iştirakı ilə keçirilən yürüş də yenidən təsdiqlədi.

Dünyanın izlədiyi bu yürüşlə beynəlxalq miqyasda çox aydın şəkildə görünür ki, Azərbaycan xalqı növbəti dəfə erməni millətçi-şovinistlərinin etnik təmizləməsinə, soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib. Dünya onu da yaxşı bilir ki, Xocalıda törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil. Bu hal Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub və Xocalıdakı mülki insanların məqsədyönlü qırğınına yalnız azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlib. Məhz bütün bunların fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması prosesi davam etdirilir, bunun üçün bütün imkanlardan istifadə olunur. Belə dəhşətli faciələri törədənlərin, günahsız insanları amansızcasına qətlə yetirənlərin cəzalandırılması şübhəsiz ki, zaman məsələsidir.

Azərbaycan bu istiqamətdə apardığı işlərlə Xocalı soyqırımını törədənlərin kimliyini ən təkzibedilməz sübut və faktlarla dünya ictimaiyyətinə çatdırıb. Sadəcə, beynəlxalq hüquq, qəbul olunmuş konvensiyaların tətbiqi yetərlidir ki, bu faciəni törədənlər layiqli cəzalarına çatsınlar.

Buna hələ də maneçilik yaradan ikili standartların aradan qaldırılması üçün də Azərbaycan məqsədyönlü iş aparır. Qeyd edilən istiqamətdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elə bundan irəli gəlir ki, artıq bir sıra ölkələr Xocalı faciəsini soyqırımı olaraq tanıyıblar. Belə ki, dünyanın 13 ölkəsi parlament səviyyəsində, ABŞ-ın 22 ştatı parlament səviyyəsində, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanıyıb. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib.

Bu prosesdə Leyla xanım Əliyevanın rəhbərliyi ilə aparılan "Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası da öz mühüm töhfəsini verib. Soyqırımın həm mənəvi, həm də siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya elə indinin özündə də dünyanın bir çox ölkələrində uğurla reallaşdırılır. Görülən işlərin daha da genişləndirilməsi Xocalı faciəsini törədənlərin qanun qarşısında mütləq mənada cavab verəcəyini və bu günün uzaqda olmadığını tam qətiyyətlə deməyə əsas verir. Bu prosesdə azərbaycanlıların həmrəyliyi də öz mühüm rolunu oynayır.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video