26 Fevral 2019 18:56
331
SİYASƏT
A- A+

Erməni əsirliyində olan Xocalı sakini: Qızımı boynumdakı şərflə boğmaq istəyəndə, yalvardı ki, onu öldürməyim...


Fevralın 26-da Xocalıda baş verən soyqırımından 27 il keçir. Soyqırımının qəlblərdə açdığı dərin yaralardan hələ də qan axır... O dəhşətli gecənin şahidləri erməni terrorçuları tərəfindən törədilən həmin qətliamın ağrı-acısı ilə yaşayırlar. Onlardan biri də Xocalı soyqırımının şahidi, bir həftə erməni əsirliyində qalan Rahilə Hacıyevadır.

O, AZƏRTAC-ın bölgə müxbirinə başına gələn müsibətləri göz yaşları içində danışır: -Həyat yoldaşım Vidadi hərbçi idi. Doğma Xocalımızı erməni quldurlarından qorumaq üçün gecə-gündüz cəbhədə olurdu. Fevralın 25-dən 26-na keçən gecə qarlı, şaxtalı hava vardı. Zülmət gecənin səssizliyini ermənilərin atdıqları güllələr, artilleriya səsi pozdu. Hər tərəfdən hücuma keçmişdilər. Biz 9 nəfər idik - üç uşağım, baldızım, Ayxan adlı polis, onun yoldaşı Fatimə və iki uşağı. Ayxan gəlib dedi ki, "Vidadi mənə 6 güllə verib ki, ermənilərə əsir düşməyəsiniz deyə sizi öldürüm. Amma siz 9 nəfərsiniz, heç birinizə güllə ata bilmirəm”. Düşündüm ki, uşaqlarımı öldürüm, Ayxan da 6 güllə ilə bizi öldürər. 10 yaşlı qızımı boynumdakı şərflə boğmaq istəyəndə, yalvardı ki, onu öldürməyim. Dayana bilmədim, hönkürtü ilə ağladım. Sonra evin yuxarı mərtəbəsindəki hamamda gizləndik. Ermənilər evlərin pəncərəsindən içəri qumbara atır, partlayışdan sonra evləri ələk-vələk edirdilər. Yuxarıdan ağlaşma səsini eşidib, bizi tapdılar və əsir götürdülər. O gecə ölənədək yadımdan çıxmaz. Mənə verdikləri işgəncələri, zülmləri heç vaxt unutmaram. Ayxanı elə döydülər ki... Həyat yoldaşının adı Fatimə idi. Ayxanı döydükcə onun qanını yoldaşına sildirirdilər. Onun son sözü bu oldu ki, "Məni bağışla Rahilə, Vidadinin istəyini yerinə yetirə bilmədim...” Gözümüzün qarşısında onun başını kəsdilər. Fatiməni isə özləri ilə apardılar. Uşaqları bizimlə qaldı...

Sonra bizi maşına mindirib Əsgəran istiqamətinə apardılar. Maşın yolda dayandı. Ermənilər yeni ailə quran, Xankəndidən olan iki azərbaycanlı gənci yolun ortasında mühasirəyə almışdılar. Onlar ər-arvad idilər. Oğlanın həyat yoldaşı hamilə idi. Erməni əsgərləri azərbaycanlı oğlanı lağa qoyurdu. Bıçaqla hamilə qadının qarnını yardılar, uşağı çıxardılar. Oğlan qışqıraraq özünü yoldaşının üstünə atanda, onu da alnından vurdular. Mən orada huşumu itirdim, gözümü açanda gördüm ki, padvaldayam, çoxlu əsirlər var. Onlar azərbaycanlı əsgərlər və dinc sakinlər idi. Bizim əsgərlərdən biri məni tanıdı. Dedi ki, "Vidadi də buradadır, ağır yaralıdır. Padvalda sol tərəfdə olan qapıdan xəlvət bax, oradadır. Amma onu tanıdığını demə. Yoxsa onu sənin gözünün qarşısında öldürəcəklər”. Bəhanə ilə həmin qapıya yaxınlaşdım və gördüm ki, yoldaşım al-qanın içindədir, ayağından yaralıdır. Yanındakı erməni nəzarətçi tez-tez ayağının yarasını tapdalayır, onu incidirdi.

Nə qədər zülm etsələr də Vidadini tanıdığımı boynuma almadım. Uşaqlara da öyrətdim ki, boynunuza almayın. Üç gündən sonra yoldaşımı aparıb erməni qəbri üstündə başını kəsdilər. Orada çoxlu azərbaycanlı əsgərlərin başını kəsərək, buldozerlə yerə basdırırdılar. Bunların hamısının şahidi olmuşam.

Sonradan bizi erməni hərbçisinin meyidi ilə dəyişdilər. O gündən bəri yoldaşımın meyidini ala bilmədik. Əsir düşməsin deyə boğmaq istədiyim, amma qıymadığım qızım, nişanlı qız olan baldızım da o dəhşətlərə dözmədilər, əsirlikdən qayıtdıqdan sonra rəhmətə getdilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video