26 Fevral 2019 01:51
611
İQTİSADİYYAT
A- A+

Əhalinin sosial müdafiəsi getdikcə daha da gücləndirilir


Aparılan iqtisadi islahatlar əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəldilib. Bu məqsədlə dövlət çoxsaylı, davamlı tədbirlər həyata keçirir. Məqsəd bir olsa da, ona çatmağın yolları müxtəlifdir. Belə ki, dövlət mütəmadi olaraq pensiya, təqaüd və sosial müavinətlərin məbləğini artırır.

Bununla yanaşı, həmin kateqoriyadan olan insanların sosial müdafiəsini yaxşılaşdırmaq üçün inflyasiya və istehlak səbəti müəyyən edildikdən sonra pensiyaların baza hissəsi buna uyğun olaraq indeksləşdirilir, həmçinin digər sosial ödənişlər artırılır.

Son 15 ildə aparılan iqtisadi islahatların nəticəsinin təhlili göstərir ki, buna nail olunur. Belə ki, həmin müddətdə maaşlar 7, pensiyalar 9, minimum əməkhaqqı 6,5 dəfə artıb. Ötən il də Prezidentin müvafiq sərəncamları ilə bütün növ pensiyalar, təqaüdlər və sosial müavinətlər artırıldı.

Dövlət inflyasiyanı cilovlamaq üçün bazara təsir göstərir. Məsələn, 2017-ci ildə inflyasiyanın səviyyəsi 12 faizdən çox olduğu halda, ötən il inflyasiya cəmi 2,3, əhalinin gəlirləri 9,2 faiz artıb. Göründüyü kimi, əhalinin gəlirləri bu dövrdə inflyasiyanı üstələyib.

Prezident İlham Əliyevin "Minimum aylıq əmkhaqqının artırılması haqqında” 8 fevral 2019-cu il tarixli sərəncamı ilə martın 1-dən ölkə üzrə minimum aylıq əməkhaqqının 180 manat müəyyən edilməsi də bu məqsədə xidmət edir. Həmin sərəncamın imzalanması ölkədə çalışan 600 min nəfərin əməkhaqqının artırılması deməkdir. Qanunla özəl sektor da buna əməl etməyə borcludur. Yəni, qanunla dövlət sektorunda çalışan 450 min nəfərlə yanaşı, özəl sektorda çalışan 150 min nəfərin əməkhaqqı da 180 manatdan aşağı olmayacaq.

Lakin dövlətin əsas məqsədi əhalinin sosial rifahını yaxşılaşdırmaq üçün yeni iş yerlərinin yaradılmasıdır. Bu yol həm ölkənin inkişafına, həm də vətəndaşın sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Prorqamı”nın icrasının yekunlarına həsr olunan konfransda bu barədə demişdir: "Bu struktur islahatları sadəcə olaraq, idarəetmə mexanizminin təkmilləşməsinə yönəlib. Əlbəttə, dövlət müəssisələrində işləyən vətəndaşlar öz işlərində qalacaqlar. Özəl sektor da heç bir ixtisar aparmamalıdır, əksinə, dövlətin bu qədər dəstəyi müqabilində daha çox iş yeri açmalıdır. Yenə də deyirəm, bu istiqamətdə proses müsbət gedir. Keçən il 118 min daimi iş yeri yaradılıb və təbii ki, bu, özəl sektorda yaradılmış iş yerləridir”. Dövlət başçısının çıxışından da aydın görünür ki, aparılan iqtisadi islahatların əsas məqsədi yeni iş yeri açmaqla əhalinin sosial rifahını yaxşılaşdırmaqdır.

İş yerlərinin açılması üçün dövlət özəl sektora öz dəstəyini mütəmadi olaraq artırır. Həmin istehsal sahələrinin investisiyalaşdırılması da bu məqsədə xidmət edir. Dövlət tərəfindən özəl sektora dəstək məqsədilə işlənib hazırlanan investisiya təşviqi mexanizmi proqramı işə düşdükdən sonra 333 layihəni əhatə edəcək. Həmin layihələrin 107-si ötən il icra edilib. İnvestisiya təşviqi proqramı çərçivəsində həyata keçirilən layihələrin ümumi dəyəri 2,8 milyard manatdır. Faktiki icra edilən layihələrin nəticəsində 12 min iş yeri yaradılıb. Lakin investisiya təşviqi proqramı üzrə nəzərdə tutulan 2,8 milyard manatdan istifadə edildikdən sonra iş yerlərinin sayı dəfələrlə çoxalacaq.

Heç kəsə sirr deyil ki, işsizlik Azərbaycanda qadınlar arasında daha çoxdur. Bu problemi həll etmək üçün dövlət başçısının sərəncamı ilə "Azərxalca” ASC yaradılıb. Həmin sərəncamın icrası nəticəsində bölgələrdə 20 xalça fabriki fəaliyyət göstərir. Cari ildə daha 11 xalça fabrikinin istifadəyə verilməsi nəzərdə tutulub. Qarşıya qoyulan hədəf isə bu sahədə 5 minə yaxın qadını işlə təmin etməkdir.

Regionların sosial-iqtisadi inkişafına yönəlmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2014-cü ildən 1 yanvar 2019-cu ilə qədər olan dövr ərzində ümumilikdə 960,1 min olmaqla 657,8 min daimi iş yeri yaradılıb. Həmin iş yerlərinin 8,1 faizi yeni yaradılan müəssisə və təşkilatlarda, 32,2 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa edən müəssisə və təşkilatlarda, 59,3 faizi fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb. Statistik rəqəmlərə nəzər yetirdikdə görürük ki, yeni iş yerləri ən çox özəl sektorda yaradılır. Bu da dövlət tərəfindən sahibkarlığa verilən dəstək sayəsində mümkün olub. Hüquqi şəxslər tərəfindən yaradılan daimi iş yerlərinin 18,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 18,3 faizi tikinti, 13,7 faizi emal sənayesinin payına düşür.

Yeni iş yerlərinin açılması, minimum əməkhaqqının artırılması əhalinin gəlirlərinin yüksəlməsinə müsbət təsir göstərib. İlkin məlumatlara görə, ötən il ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci illə müqayisədə 3 faiz artaraq 544,1 manat təşkil edib. Əməkhaqqı neft sektorunda 3011,1, qeyri-neft sektorunda 448 manat olub. Dövlət müəssisələrində çalışanların əməkhaqları 435,2, özəl müəssisələrdə isə 690,4 manata çatıb. Beləliklə, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricilərdən yüksək olub.

Yeni iş yerlərinin açılması, pensiya, təqaüd, müavinətlər və minimum əməkhaqqının artırılması əhalinin gəlirlərinin çoxalmasına imkan yaradır. Bunun nəticəsidir ki, cari ilin yanvar ayında ölkə əhalisinin gəlirləri ötən ilə nisbətən nominal ifadədə 6,1 faiz artaraq 3800 milyon manat təşkil edib. Beləliklə, əhalinin hər nəfərinə düşən gəlirlər 385,5 manata çatıb.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video