26 Fevral 2019 01:36
481
SİYASƏT
A- A+

Acı xatirələr


Arif ƏZİZOV: "Həmin gecə uşaqlar, qadınlar, qocalar yalnız Allahdan imdad diləyirdilər”


Xocalı dörd tərəfdən mühasirəyə alınmışdı. Axşam şəhər top-tüfəng atəşinə tutuldu. Əhali təşviş içində idi. Hamı gözləyirdi ki, kömək gələcək. Lakin heç bir xəbər olmadı. Namərd düşmən isə atəşi daha da şiddətləndirirdi. Erməni silahlıları tank və BTR-lərlə şəhərin beş addımlığında idi. Naəlac qalan əhali şəhəri tərk edib Ağdam istiqamətinə üz tutdu. Həmin gün elə bil təbiət də xocalılıların qəsdinə durmuşdu. Yağan güclü qar gecənin qaranlığında hərəkət etməyi daha da çətinləşdirirdi. Uşaqlar, qadınlar, qocalar yalnız Allahdan imdad istəyirdilər. Kişilər yorulub əldən düşmüş, soyuqdan əl-ayağı donmuş uşaqları, yaşlıları kürəklərinə götürərək irəliləməyə, düşməndən uzaqlaşmağa cəhd göstərirdilər.

"Fevralın 25-dən 26-na keçən gecə özümüzü çox çətinliklə Qarqar çayının kənarına çatdırdıq. Hava artıq işıqlaşmışdı. Ermənilər bizi görməsinlər deyə axşam düşənə kimi kolluğun-kosluğun arasında gizlənib gözlədik. Hava qaralanda camaat özünü Qarqar çayına vurub yaxınlıqdakı meşəyə yetirdi. Çayı keçərkən islanmayan adam qalmadı. Qarlı-şaxtalı soyuq hava hamının iliyinə işləyirdi. Amma yaşamaq eşqi xocalılıların qəlbini, ruhunu bir an belə tərk etmirdi”, - deyir Arif Əzizov. Sonra qəmli xatirəsini davam etdirir:

- Bu yerlərin hər bir izini-cığırını yaxşı tanıyan Baxış kişi qabağa düşərək böyük əzab-əziyyətlə də olsa, camaatı Ağdama gətirib çıxara bildi. Adamların çoxunu don vurduğu üçün xəstəxanaya yerləşdirdilər. Qalanlarına hara getmək barədə müraciət olunanda Qüdrət kişi və Şükufə arvad Şirvan (ovaxtkı Əli Bayramlı) şəhərinə gəlməyə qərar verdilər. Buna da səbəb onların iki qızının - Elmira və Zülfirənin orada ərdə olması idi.

Xocalıdan olan bacıların Şirvan şəhərinə gəlin gəlməsinin isə maraqlı bir tarixçəsi var. Həmin qızların qardaşı məcburi köçkün Arif Əzizovun dediklərindən: "Atam Qüdrət kişi uzun müddət Xocalının təhsil sistemində çalışıb, müəllim, inspektor, məktəb direktoru işləyib. Keçən əsrin 70-ci illərində, demək olar ki, hər il müalicə və istirahət üçün Kəlbəcərin İstisuyuna gedirdi. Bu zaman Şirvan şəhərindən olan Nuru Dadaşovla tanış olurlar. Həmin tanışlıq sonradan dostluğa çevrilir. Bayramlarda, əlamətdar günlərdə bir-birinə baş çəkər, hal-əhval tutardılar. Ailədə beş uşaq olmuşuq. İki qardaş, üç bacı. Bacılarım üçü də Şirvan şəhərində gəlindir. Qardaşım Mehman Əzizov isə Xocalıda özünümüdafiə batalyonunda döyüşərkən 1992-ci ildə şəhid olub. Həyat yoldaşı, iki oğlu və bir qızı hazırda Gəncədəki Bağbanlar məhəlləsində yaşayırlar”.

Arif sözünə davam etdi: "Şirvan Şəhər İcra Hakimiyyətində bizi öz doğmaları kimi qarşıladılar. 28 saylı texniki-peşə məktəbində yerləşdirib lazımi məişət avadanlıqları verdilər. Əvvəllər çox darıxırdıq. Lakin zaman keçdikcə yerli əhali ilə isinişdik, özümüzə yeni dostlar tapdıq. Şəhər rəhbərliyinin bizə tez-tez baş çəkməsi, çətinliklərimizlə maraqlanması, kömək etməsi dərdimizi bir az sovudur, üstünə su çiləyir”.

Arifin səsi titrəyir: "Doğrusu, inanmırdıq ki, yaxın vaxtlaradək qonşuluq şəraitində yaşadığımız bir millət bizi gülləbaran edər. Amma türkün qanına susamış erməni daşnaklarının əsl iç üzü bilindi. Cavanlarımız Xocalını düşmənə verməmək üçün canlarını əsirgəmədilər. Yüzlərlə adam şəhid oldu, hələ də əsir götürülmüş soydaşlarımızın hamısının öldüsü-qaldısı haqqında indi də bir məlumat yoxdur. Milli qəhrəmanlar Tofiq Hüseynov atamın bacısının, Əlif Hacıyev isə dayısının oğullarıdır. Xocalıda gedən döyüşlər zamanı təkcə bizim nəsildən 47 nəfər həlak oldu. Bu, əsl soyqırımı idi.

Atam Qüdrət Əzizov Xocalısız çox yaşaya bilmədi, 1995-ci ildə canını tapşırdı. Onu Şirvan şəhər qəbiristanlığındakı təpənin üstündə dəfn etdik. Özünün vəsiyyəti ilə başdaşına: "Yurduma apar məni”, - sözlərini yazdırmışıq. Anam Şükufə Rəsulova isə 2017-ci ildə dünyasını dəyişdi. Yazıq arvad bizə verilən təzə mənzildə ancaq 1 il yaşaya bildi. Sağ olsunlar, Şirvan şəhərinin camaatı, rəhbərliyi bizim üçün ağır olan həmin günlərdə həmişə yanımızda oldular, nə kömək lazımdırsa etdilər. Onlardan yerdən göyə qədər razıyıq. Əslən Ağdam rayonundan olan şəhər polis şöbəsinin rəisi Hikmət Quliyevin ailəmizə göstərdiyi diqqət və qayğıya görə öz razılığımı, minnətdarlığımı bildirmək istəyirəm”.

Arif bizi Dövlət Qaçqınkomun Şirvan şəhəri üzrə nümayəndəsi Fəxrəddin Niftəliyevlə birlikdə təzə mənzilinə apardı, necə yaşadıqlarını göstərdi. "Allah Prezidentimizdən, şəhər rəhbərliyindən razı olsun, - dedi. - Bundan artıq daha nə ola bilər? Belə bir mənzilim, maşınım. Oğlumun da maşını var. Tezliklə Şirvan şəhərində məcburi köçkünlər üçün salınan şəhərcikdə oğlumgilə də təzə mənzil verəcəklər. Deyilənlərə görə, hər bir şəraiti olan şəhərcik iyul ayında istifadəyə veriləcək. Təki sağlıq olsun”.

Birdən elə bil yuxudan ayılır: "Siz Allah, bağışlayın. Uşaqların anası evdə yoxdur, bacısı xəstədir, üç gündür əməliyyat olunub, onun yanında qalır. Görüm özüm bir çay hazırlaya bilərəm?” Sonra da əlavə edir: "Kaş torpaqlarımız geri alınaydı, biz də öz yurd-yuvamıza qayıdaydıq. Siz də Xocalıya gəlib, qonağım olaydınız, kaş məndən müsahibəni orada götürəydiniz. İnşallah, həmin gün yaxınlaşır, mən bunu hiss edirəm. Prezidentimiz böyük siyasətçidir. Görün bir, kimin oğludur. Əvvəlcədən heç nə demir, amma öz işini görür. Lələtəpəni, Naxçıvandakı torpaqlarımızı aldığımız kimi, bir də gördün, igid əsgərlərimiz işğalda qalan digər ərazilərimizi azad edəcək. Mən buna öz varlığım qədər inanıram. Vətənin o baş-bu başı olmaz, - deyiblər. Bayaq dediyim kimi, burada bizə hər cür hörmət göstərirlər. Ancaq yurd yeri başqadır. Özü də Qarabağ, Xocalı kimi bir yer ola!”

F.Niftəliyevdən öyrənirik ki, 1992-ci ilin fevral ayında Xocalıdan Şirvan şəhərinə 14 nəfərdən ibarət 4 ailə gəlib. Ötən 27 il ərzində həmin ailələr artıb, böyüyüb. Şirvan şəhərində dünyaya gələn uşaqlar özləri də ailə qurublar. Həmin 4 ailənin indi 31 nəvəsi var. Hər bir uşaq baba və nənəsindən Xocalı, onun başına gətirilənlər - Xocalı faciəsi, Xocalının təbiəti, əsrarəngiz gözəllikləri haqqında çox eşidib və onları yaddaşlarına həkk ediblər, qanlarına köçürüblər. Qan yaddaşı isə hər bir insan, hər bir millət üçün əsas şərtdir, mənəvi dəyərdir, özünü təsdiqləyən şəxsiyyət vəsiqəsidir. Gün o gün olacaq, əslən Xocalıdan olan indiki gənc nəslin dünyaya göz açacaq körpələrinin doğum şəhadətnaməsinə, şəxsiyyət vəsiqəsinə Xocalı ünvanı yazılacaq. Bu, başqa cür də ola bilməz.

Seyran CAVADOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video