26 Fevral 2019 01:26
628
Mədəniyyət
A- A+

Yaddaş ağrısı


Azərbaycana məxsus 738 tarixi abidə, 28 muzey və 4 rəsm qalereyasını işğalçı və təcavüzkar Ermənistan tamamilə məhv edib


Dövrün daşlaşmış səhifələri kimi, abidələr, qalalar, adətən, zamanın "danışan tarix”inə çevrilir, minilliklərdən soraq verir. Bu mənada hər bir xalqın varlığını sübut edən tarixi yadigarlar içərisində muzeylərdə qorunub saxlanan, gələcək nəsillərə çatdırılan, adilikdən abidələşənədək yol keçmiş mədəniyyət nümunələrinin özünəməxsus yeri və rolu danılmazdır. Çünki onların meydana gəlməsinə qədər əsrlər, minillər keçir. Zaman-zaman dəyişilən ictimai-iqtisadi formasiyalar, mədəniyyətlərin qovuşması, yaxud ayrılması tarixin şahidlərinə çevrilib. Ona görə də onların mühafizəsi labüddür.

Təbii ki, xalqımızın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz bir parçasıdır. Məhz elə buna görə də çoxəsrlik tarixi keçmişimizdən yadigar qalan mədəniyyət nümunələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edir. Həmin tarixin yadigarlarının elələri var ki, onların ancaq muzeylərdə qorunub saxlanması mümkündür. Azərbaycanda muzey işinin inkişafı isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan ulu öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayırdı. Ümummilli liderin Azərbaycan KP MK-nın birinci katibi kimi 1980-ci ilin yanvar ayında "Azərbaycanda muzey işinin yaxşılaşdırılması tədbirləri haqqında” imzaladığı qərardan sonra ölkəmizdə bu sahənin inkişafına geniş yol açıldı...

Erməni və sovet qoşun birləşmələrinin əhalisini bir gecənin içərisində soyqırımına məruz qoyduğu Xocalı tarixən Xocalı-Gədəbəy mədəniyyətinə aid edilən qəbiristanlığı ilə də məşhur idi. Xocalı şəhərində Xocalı (Yaloba) Tarix-Diyarşünaslıq Muzeyinin fəaliyyətə başlaması isə rayonun yarandığı 1991-ci ilin aprel ayına təsadüf edir. 1992-ci il fevral ayının 26-da baş vermiş Xocalı qətliamı nəticəsində şəhərin yer üzündən silinməsi isə cəmi bir il öncə yaradılmış muzeyin də məhvinə səbəb oldu.

Xocalının işğalından sonra uzun müddət Gəncə şəhərinin Hacıkənd qəsəbəsində məskunlaşan, hazırda isə Hacıməlik ərazisində 600 ailəlik yeni salınmış qəsəbədə dördotaqlı mənzillərin birində fəaliyyətini bərpa etmiş muzeyə 1500-dən çox eksponat toplanılıb. Muzeydə həmçinin Qarabağ uğrunda şəhid olan azərbaycanlıların, Milli qəhrəmanların foto-stendləri də yer alıb.

Xocalı rayonu Kosalar kənd nümayəndəliyinin Yaloba kənd tarix-diyarşünaslıq muzeyinin direktoru Tofiq Məmmədov deyir ki, 1992-ci il may ayının 9-da ermənilərin hücumu zamanı muzeydən heç nə çıxarmaq mümkün olmadı və beləliklə, bütün eksponatlar işğal zonasında qaldı: "Kənd işğal olunmamışdan əvvəl muzeydə 800 adda, 1500 ədəd qiymətli eksponat var idi. Qarabağın tarixini əks etdirən qədim xalçalar, kilimlər, mədəniyyət xadimlərinin portretləri və başqa çoxlu sayda toxuculuq əşyaları, saxsı və keramikadan hazırlanmış maddi məişət əşyaları, Şuşa rəssamlarının yağlı boyalarla çəkdiyi əsərləri muzeydə saxlanılırdı. Vətənpərvərlik mövzusuna həsr olunan stendlərdən ibarət sərgilərin təşkil edildiyi, eləcə də Qarabağın qədim tarixini əks etdirən eksponatların toplandığı muzeyin fondu bu gün də zəngindir...”

Həmsöhbətimiz onu da bildirməyi unutmadı ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu, eləcə də Qazaxın yeddi yaşayış məntəqəsi və Naxçıvanın Kərki kəndinin işğalı nəticəsində 738 tarixi abidə, 83500 ədəddən çox eksponata malik 28 muzey, 4 şəkil qalereyası, 14 xatirə kompleksi və 1200-dək mədəniyyət müəssisəsi daxil olmaqla, 1891 ədəd maddi-mədəniyyət resursu talan edilib və ya vandalizm siyasətinin qurbanına çevrilib. Hətta Ermənistanın vandalizm siyasəti nəticəsində Laçın muzeyi talan edilərkən ələ keçirilən gümüş əl çantası Londondakı "Sotheby's” auksionunda 80 min ABŞ dollarına satılıb...

Bəşər mədəniyyətinin tərkib hissəsi olan maddi-mənəvi irsin qorunması beynəlxalq əhəmiyyət kəsb etdiyindən onların mühafizəsi bu gün diqqət mərkəzində saxlanmalıdır. Təəssüf ki, bəşəri mahiyyət daşıyan, sivilizasiyaları qovuşduran həmin tarixi yadigarların milli və ya məhəlli münaqişələrin qurbanlarına çevrilmələri sivil dünyanın diqqətindən uzaq düşüb. Bu qədər tarixi və mədəni dəyərləri məhv etdiyinə görə təcavüzkar Ermənistan nəinki cəzalanmır, əksinə, humanitar yardımlarla dəstəklənir. Ərazisi, tarixi, dini abidələri, muzeyləşən maddi-mədəniyyət nümunələri təcavüzə məruz qalan Azərbaycan isə humanitar fəlakətlə üz-üzə qalmasına baxmayaraq, belə yadigarların axtarılıb tapılması və aşkar edilərək mühafizəsi istiqamətində çox böyük və məqsədyönlü layihələr həyata keçirir ki, bu işdə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video