22 Fevral 2019 00:51
713
İQTİSADİYYAT
A- A+

Dolanışıq harada asandır


Doğma kənddə, yoxsa yad şəhərdə


Bir tanışımız var. Deyir ki, hər dəfə kəndə gedəndə qayıtmaq istəmir: "Təmiz hava, təbii ərzaq, öz ixtiyarında olan iş rejimi - bunları qoyub tüstü-dumanlı, səs-küylü, basırıq, qovhaqov şəhərə kim geri dönmək istər ki?!” Tanışımızın sözünə qüvvət olaraq onu da əlavə edək ki, bugünkü kəndimiz təkcə onun gətirdiyi arqumentlərlə cəlbedici deyil.

İndi kəndlərimizdə işıq, qaz, su, yol problemi, bazardan savayı kimsədən nə və nə qədər əkib-biçmək asılılığı, təftiş qorxusu, məmur müdaxiləsi yoxdur! Üstəlik indi kəndli qədər sözün yaxşı mənasında dili uzun, imkanları geniş istehsalçıya da rast gəlmək çətindir. Bunların üzərinə dövlətin kəndə və kəndliyə etdiyi digər sərfəli güzəştləri, maddi dəstəyi də gəlsək, onda tanışımızın şəhərə qayıtmaq istəməməsinə təəccüblənməyə qətiyyən yer qalmır. Necə qala bilər ki, əksər məhsulların istehsalına görə aldığı subsidiyalar, güzəştli qiymətlərlə verilən yanacaq, gübrə, toxum, texnika, damazlıq heyvan, azad edildiyi bütün növ vergilər və daha nələr, nələr hesabına kəndlinin bu gün şəhərdə "mənəm” deyən iş adamlarından, müxtəlif qurumlarda çalışan dövlət məmurlarından çox qazanmaq da olmasa, az qazanmamaq imkanı var və çox yaxşı haldır ki, bu imkandan istifadə edib varlanan kəndlilərin sayı sürətlə artır. Aran rayonlarında yaşayanlar bilməmiş deyillər - ötənilki mövsüm pambıqdan 40-60 min manat xalis qazanc götürən fermerlər oldu, özü də yüzlərlə. Digər sahələrdə, məsələn, baramaçılıqda, üzümçülükdə, taxılçılıqda, faraş tərəvəzçilik və meyvəçilikdə də qazanc pis deyil. Sadəcə, işləmək və bazarın nəbzini tutmaq lazımdır ki, dövlətin yaratdığı şəraitdən və verdiyi dəstəkdən yararlanıb güzəranını qurasan, daha bəziləri kimi doğma kənddəki torpağını, ev-eşiyini ya satıb, ya da atıb dolanışığı yad şəhərlərdə axtarmayasan.

Bəli, təəssüf ki, indi belə "kəndli”lərimiz də var və onların əksəriyyəti bütün cəhdlərinə baxmayaraq, şəhərin çoxsaylı problemlərinin sıxıntısından qurtula bilmir. Düzünü desək, heç qurtulmaq şansları da yoxdur. Haradan olacaq ki, əgər onlar geniş həyət-bacalarını dar-darısqal kirayə evlərə, dövlətdən sərfəli şərtlərlə ala biləcəyi təzə müasir texnikanı kreditlə götürdükləri köhnə, sınıq-salxaq maşına, gəlirli əkin-biçini, maldarlığı qazancı Allah ümidinə qalan "taksovatlığa”, qara fəhləliyə, bir sözlə, rahat kənd həyatını əsəbi şəhər rejiminə qurban veriblərsə...

İndi taksi əlindən Bakıda tərpənmək olmur. Gedib görənlər deyirlər ki, digər şəhərlərimiz, rayon mərkəzlərimiz də bu sarıdan paytaxtdan geri qalmır. Hara baxırsan, hara gedirsən, "beli damalı” maşınlar qarşına çıxır, telefonda "ulduz”la hansı 3-4 rəqəmli nömrəni yığırsan "taksi xidməti” cavab verir. Saysız-hesabsız taksilər avtobus dayanacaqlarını, avtomobil duracaqlarını, yolları, səkiləri, yaşayış evlərinin və inzibati binaların qarşısını əməlli-başlı zəbt ediblər, həm də təkcə zəbt yox, iflic ediblər.

İnanmırıq ki, paytaxtda metronun "20 Yanvar” stansiyası ətrafına yolu düşməyən ola. Özümüz heç, amma kiminsə qonağının, yaxud hansısa turistin bu ərazidə baş verənlərin şahidi olmalarını istəməzdik. İstəməzdik ki, onların xüsusən son dövrlər adı hətta dünyanın ən yaraşıqlı şəhərləri ilə bir sırada çəkilən Bakı haqqında təəssüratları "20 Yanvar”da gördükləri ilə alt-üst olsun. Metronun bütün çıxışlarını ayrı-ayrı ərazilər, regionlar üzrə öz aralarında bölən həmin "didərgin kəndli” taksi sürücüləri gəlin görün, özlərinin dedikləri kimi, "bir tikə çörəkpulu” üçün nə oyunlardan çıxırlar. Biz qəsdən "nə əziyyət çəkirlər” yazmırıq. Çünki əziyyət çəkməkdən çox ətrafdakıların əsəbləri ilə oynayan "kəndli sürücülər” bu əzablı yolu özləri seçiblər. Adam nə qədər ... kim olmalıdır ki, gül kimi ev-eşiyini, bərəkətli torpağını, elini-obasını atıb bütün gününü metronun çıxışlarında camaatın qabağını kəsərək "bir nəfər” axtarmaqla keçirsin.

Amma nə olsun, soruşanda özlərindən savayı hamını borclu çıxarırlar. Guya onları bu vəziyyətə ehtiyac salıb. Yumşaq desək, düz danışmırlar. Əksəriyyətinin pay torpağı da var, həyətyanı sahəsi də. Sadəcə, tənbəllikdən düşüblər yollara. Fikirləşiblər ki, saatlarla "20 Yanvar”da, yaxud paytaxtın başqa məlum ərazilərində qışqıra-qışqıra müştəri axtarmaq əkib-biçməkdən, qoyun-quzuya baxmaqdan daha qazanclıdır.

Amma bu "qazanc”ın arxasında həm də paytaxtın imici durur axı... Adını çəkdiyimiz və çəkmədiyimiz ərazilərin təkcə sanitar vəziyyətinə nəzər salmaq kifayətdir ki, "rayon taksiləri”nin Bakını nə günə qoyduqları məlum olsun. Və qəribəsi də budur ki, onlara bu barədə "gözün üstə qaşın var” deyən yoxdur. Sanki yerli icra orqanları və nəqliyyata cavabdeh dövlət qurumları nümayəndələrinin neçə vaxtdır paytaxtın sözün bütün mənalarında başağrısına çevrilmiş bu vəziyyətdən xəbərləri yoxdur. Bəlkə də bu sayda kəndlinin doğma yurdunu atıb yad şəhərdə "taksovatlıq” etməsinin bir səbəbi elə onların bu cür lazımsız liberal mövqe nümayiş etdirmələridir. Vaxtında belələrinə qarşı qayda-qanun çərçivəsində tədbir görsəydilər, onlar da indi ruzilərini yollarda, küçələrdə yox, həmkəndliləri kimi, tarla və fermalarda qazanardılar.

Yaxşı, həmin məqam buraxıldı, bəzi kənd adamlarının səhv olaraq peşələrini dəyişməsinin müxtəlif üsullarla (məsələn, təbliğatla, izah etməklə, qanunların yol verdiyi inzibati tədbirlərlə) qarşısı alınmadı. Bəs onların paytaxtın və ölkənin digər şəhərlərinin küçələrdən yığıb seçdikləri fəaliyyət növü üçün hər cür demirik, heç olmasa zəruri şəraiti olan ərazilərə köçürülməməsinə nə ad qoyaq?!

Kimsə fikirləşə bilər ki, biz bu məsələnin üstünə çox gedirik və ümumiyyətlə, onun haqqında yazmaq istədiyimiz mövzuya aidliyi bir o qədər yoxdur. Bəlkə də belədir. Amma həm də belə deyil ona görə ki, bu, ilk baxışdan belə görünür. Kəndlinin, obrazlı desək, traktoru taksiyə dəyişməsi nə qədər təəssüf doğuran problemdirsə, onların şəhərlərimizin təkcə nəqliyyat sistemində yox, həmçinin abadlıq və səliqə-sahmanında yaratdıqları indiki durum bir o qədər ağrılıdır. Bununla belə, biz kəndi şəhərə qurban verənlərin hamısının taksi fəaliyyəti ilə məşğul olmaları iddiasından uzağıq. Nə çoxdur iri şəhərlərin, o cümlədən Bakının müxtəlif yerlərindəki işçi (camaat arasında tanınan məlum adı çəkməyi rəva bilmirik) bazarlarında saatlarla yox, günlərlə müştəri gözləyən kəndli-fəhlələr. Görünür, ümidlərini, deməli, həm də özlərinin və ailələrinin dolanışıqlarını təsadüfi cüzi qazanca bağlayan belələri üçün özgə qapısında qara fəhləlik etmək halal torpağını əkib-becərməkdən, mal-qaraya baxmaqdan daha "yaxşı”dır. Biz "yaxşı” sözünü təsadüfən dırnaqda yazmadıq. Yazıda bu işarə ilə işlədilən söz kinayə və eyhamdan savayı, həm də onun tam əksi mənasını vermək üçündür. Bu baxımdan bəzi kəndlilərin yaxşı ilə pisi, ağ ilə qaranı, öz ocağı ilə özgə qapısını seçə bilməmələri təəccüblə bərabər, təəssüf də doğurur.

Bəs nə və necə etməli ki, həmin o bəzi kənd adamının ayağı yad şəhərdən çəkilib doğma kəndə, yurda, torpağa dönsün? Bu yerdə qeyd edək ki, ötən əsrin 90-cı illərinə nisbətən indi belələrinin sayı elə də kritik həddə deyil. Kəndlərimizin kommunal-məişət infrastrukturunun yaxşılaşması, təsərrüfat işləri ilə məşğul olmaq üçün dövlət tərəfindən əlverişli şəraitin yaradılması, ümumilikdə aqrar sektora ən yüksək səviyyədə diqqətin artırılması, bu sahədə ardıcıl olaraq islahatların aparılması istər-istəməz əksər kəndlinin gözünü şəhərdən çəkir.

Bəzən isə əks proses gedir. İndi şəhərdə az-çox özünə sərmayə toplaya bilmiş iş adamları daha çox qazanmaq üçün kəndə üz tuturlar. Bu gün şəhərdə ad çıxarmış hansı sahibkarla maraqlansan, məlum olacaq ki, həm də aqrar biznesi var, özü də əməlli-başlı. Elə ona görə də bu gün kəndlərimizdə torpağın qiyməti 10-15 il əvvəlki kimi ucuz deyil, bahadır. Bu yerdə həmin illər hektarlarla torpağını satıb "taksovatlıq” etmək üçün köhnə maşın alanların peşmançılığını başa düşmək asandır. Asan olmayan nə isə varsa, o da hətta belə halda da güzəranlarını şəhərdə axtaranları anlamaqdır. Bu cür şəhər aşiqləri seçimlərinə bəraət qazandırmaq üçün nə qədər desən, bəhanə tapırlar - əkin-biçinin, heyvandarlığın sərfəli olmamasından torpaqların şəhər adamları tərəfindən tutulmasınadək.

Bax, "nəyi və necə etməli” sualına cavab vermək üçün onların əlindən həmin bəhanələri almaq lazımdır. Bilirik ki, axtaran üçün bəhanə tapmaq çətin deyil. Amma bütün hallarda hətta şəhərə meyilli olsa belə, kəndlinin umu-küsüsü qulaqardına vurulmamalıdır. Deyirsə ki, bu və digər sahə ilə məşğul olmağa ilkin vəsaiti yoxdur, ən azından onu istiqamətləndirmək gərəkdir. Söz düşmüşkən qeyd edək ki, ümumilikdə aqrar sektorun maliyyələşdirilməsini bir neçə bank olmayan kredit təşkilatının və Sahibkarlığın İnkişafı Fondunun boynuna qoymaq düzgün deyil. Bu işə kənd təsərrüfatında sığorta sistemini yoluna qoymaqla özəl bankları da cəlb etmək lazımdır, təbii ki, indiki görünməmiş faizləri ilə yox. Kommersiya banklarımızın bugünkü 25-30 faizlik kreditləri nəinki kəndlini, hətta bütünlükdə kənd təsərrüfatımızı müflis edər. Bu isə həm də o deməkdir ki, bir gözü şəhərdə qalan kəndlinin ilkin vəsait problemini dilə gətirməsində bəhanə qədər həqiqət payı da var.

Həqiqət payı həmçinin bəhanə axtarışında olan kəndlinin digər arqumentində - şəhərli iş adamlarının (bəzənsə özgə adla məmurların) aqrar bizneslərinin onlar üçün yaratdığı bəzi problemlərdə mövcuddur. Əgər çantasını yığıb hazırlamış kəndli bu köçün bir səbəbi kimi mal-qara saxlamaq üçün şəhərli iş adamlarının əlindən örüş yerinin qalmadığına eyham vurursa, bəhanə deyib bunu tam qəribçiliyə salmaq olmaz. Düzdür, qanunlarımız heç kimi sahibkarlıqla məşğul olmaq üçün ərazi seçimi sarıdan çərçivəyə salmır. Kim harada istəyirsə, orada da işini qura bilər. Bu baxımdan kiminsə hansısa kənddə biznes qurmasına qarşı çıxmaq düzgün olmazdı, xüsusən də həmin biznes dövlətin prioritet sahə elan etdiyi kənd təsərrüfatı məhsulları istehsalına yönəlibsə. Amma ortada bir insaf, ədalət də olmalıdır axı... Kim bilmir ki, şəhərli iş adamı ilə kəndli əkinçi, yaxud maldarın maddi imkanları eyni deyil və bərabərsizlik dövlətin məhsul istehsalçılarına etdiyi çoxsaylı güzəşt və verdiyi dəstəkdən birincilərin daha çox yararlanmasına səbəb olur?! Biz hələ bu tendensiyanın bəzi hallarda inhisarçılığa gətirib çıxardığını demirik. Ölkədə ara-sıra kənd təsərrüfatı məhsullarının qiymətlərində əsassız bahalaşmanın müşahidə olunmasının bir səbəbi də həmin o inhisarçılıq deyilmi?! Odur ki, bu sahədə şəhərli iş adamlarının müsbət işlərini saxlamaq şərti ilə kəndlinin xeyrinə tədbirlər görmək lazımdır, sözsüz ki, mövcud qanunlar çərçivəsində. Həmin tədbirlər kəndlinin bəhanəsini kəsmək adı ilə həyata keçirilsə belə, dövlətin aqrar sektorun qarşısına qoyduğu vəzifələrin icrası baxımından çox vacibdir.

Bunun üçünsə dövlətin həm iqtisadi təsir imkanları, həm də islahatlara köklənmiş siyasi iradəsi var. Tək Prezident İlham Əliyevin bu sahədə nümayiş etdirdiyi qətiyyət və ardıcıllıq kifayətdir ki, ölkənin mərkəzi və yerli icra orqanları aqrar sektorda qarşıya çıxan cari və qlobal məsələləri gecikmədən, özü də tərəddüdsüz, yuxarıdan göstəriş gözləmədən yoluna qoysunlar. İnsafən, Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinə gənc, təşəbbüskar, qabaqcıl beynəlxalq təcrübəni mənimsəmiş kadrlar gətiriləndən sonra bu mərkəzi icra orqanının fəaliyyətində əməlli-başlı dönüş var. Hiss olunur ki, yeni rəhbərlik dövlət başçısının aqrar sektordan gözləntilərini reallaşdırmaq üçün ölkədə kənd təsərrüfatına, eləcə də kəndlinin özünə münasibəti yeni tələblər səviyyəsində dəyişmək istəyir və tədricən buna nail olur da. Prezidentin sərəncamı ilə ötən ilin mayında Kənd Təsərrüfatı Nazirliyinin yanında yaradılmış Aqrar Tədqiqatlar Mərkəzinin vəzifəsi və məqsədi də dolayısı yolla elə budur. Yüksək məhsuldarlığı, qida keyfiyyətini, davamlı ərzaq təhlükəsizliyini, təbii ehtiyatların və ətraf mühitin bütövlüyünü təmin etməklə innovativ kənd təsərrüfatı texnologiyalarını dəstəkləməklə və digər vacib işlərlə məşğul olan mərkəzin bir vəzifəsi də kənddən və kəndlidən gələn təklifləri, gileyləri eşidib onların təhlilini aparmaqdır. Bu baxımdan bəlkə indi 15-20 il əvvəlki qədər aktual görünməyən kəndlinin yaşayış yeri və peşəsini dəyişməyə meyilli olmasının kökləri dərindən araşdırılmalı və həmin köçün obyektiv səbəbləri varsa, aradan qaldırılmalıdır. Belə olarsa, həm kəndli ev-eşiyinə yığışıb bacardığı işin qulpundan yapışar, həm də şəhərlərimizin küçələrinə səliqə-sahman və bir də sözün hər mənasında dinclik gələr.

Raqif MƏMMƏDOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video