21 Fevral 2019 20:32
751
Elm və texnika
A- A+

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri ilə BDU-da görüş keçirilib


Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan-Türkiyə əlaqələrinin inkişafındakı böyük xidmətlərini qeyd edən Firudin Qurbanov bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Firudin Qurbanov ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə, o cümlədən elm və təhsil sferasında inkişaf etdiyini vurğulayaraq münasibətlərin dərinləşməsinin nümunələrindən biri kimi hər iki ölkə vətəndaşlarının Azərbaycan və Türkiyə universitetlərində təhsil almalarını göstərib. Hazırda BDU-nun müxtəlif fakültələrdə onlarca Türkiyə vətəndaşının təhsil aldığını qeyd edən Firudin Qurbanov, eyni zamanda, Bakı Dövlət Universiteti ilə Ankara Universiteti arasında hüquq sahəsində doktorantura səviyyəsində nəzərdə tutulan ikili diplom proqramı haqqında məlumat verib.

Firudin Qurbanov Bakı Dövlət Universitetinin Azərbaycan Xalq Cümhuriyyətinin yadigarlarından olduğunu qeyd edərək bu ali təhsil ocağının 100 illik yubiley tədbirlərinin həm ölkə, həm də beynəlxalq səviyyədə qeyd olunacağını vurğulayıb.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım ölkələrimiz arasındakı yüksəksəviyyəli əməkdaşlığı, xüsusilə təhsil sahəsində əlaqələri qeyd edərək, indiyədək Türkiyə universitetlərində 125 mindən çox azərbaycanlı tələbənin təhsil aldığını diqqətə çatdırıb. O, Bakı Dövlət Universitetinin 100 illik yubileyinin Azərbaycanın ali təhsil sistemində mühüm hadisə olduğunu deyərək, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu üzvlərinin yubiley tədbirində iştirak etmək istəyini bildirib.

Şamil Ayrım Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun iki ölkə universitetləri arasında ikili diplom proqramının təsis olunması, müvafiq elmlər sahəsində əməkdaşlığın qurulması, birgə tədqiqat proqramlarının həyata keçirilməsi timsalında təhsil əlaqələrinin genişləndirilməsinə və tələbə mübadiləsinə dəstək verməyə hazır olduğunu da vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video