21 Fevral 2019 16:31
254
SİYASƏT
A- A+

Azərbaycanın din xadimləri Xocalı soyqırımının ildönümü ilə əlaqədar dünya dini liderlərinə, beynəlxalq təşkilatlara müraciət ediblər


Fevralın 21-də Azərbaycanın dini liderləri Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar dünya dini liderlərinə və parlamentlərinə, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ediblər.

AZƏRTACxəbər verir ki, müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev imzalayıblar.

Müraciətdə deyilir: O Bir Olan Yaradanın adı ilə! Biz, milyonlarla azərbaycanlının iradəsini ifadə edərək, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalıda törədilmiş soyqırımının 27-ci ildönümü ərəfəsində dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə bir daha müraciət edirik.

Azərbaycan xalqının qan yaddaşında həkk olunmuş tarixi fakt ondan ibarətdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları öz havadarlarının köməyi ilə Xocalı şəhərinə qəfil silahlı basqın edib və oranın dinc, silahsız əhalisinə qarşı amansız kütləvi qırğın törədib. Azərbaycanın Xocalı şəhərində həmin gecə erməni silahlı quldurları tərəfindən qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla 613 nəfər mülki əhali xüsusi qəddarlıqla qətlə yetirilib. Xocalı şəhəri yerlə-yeksan edilib, əhalinin 150 nəfəri itkin düşüb, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalıb, vəhşicəsinə qətlə yetirilmiş dinc sakinlərin meyitlərinin üzərində ağlasığmaz təhqiramiz hərəkətlər edilib.

Beynəlxalq hüquqa görə, genosid sülh və bəşəriyyət əleyhinə yönələn ən ağır cinayətlərdəndir. Mahiyyəti etibarilə, Xocalı faciəsi Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eyni qəbildəndir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Azərbaycan xalqı öz doğma torpaqlarında etnik təmizləməyə, fiziki və mənəvi terrora məruz qalıb, erməni ekstremistləri ərazimizin 20 faizini işğal edib, bir milyondan artıq azərbaycanlını doğma yurdlarından didərgin salıb, zəbt etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv ediblər. Xocalıda məqsədyönlü soyqırımı aktı isə erməni vəhşiliklərinin kulminasiya nöqtəsidir.

İyirmi yeddi il müddət keçməsinə baxmayaraq, erməni terrorçuları törətdikləri cinayətlərə görə hələ də cəza almayıb, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələbləri bu günədək yerinə yetirilməyib. Azərbaycanın beynəlxalq ictimaiyyətə mütəmadi müraciətlərinə obyektiv yanaşan dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanısa da, təəssüf ki, bu dəhşətli cinayətə etinasız yanaşanlar da mövcuddur.

Bu gün dünyada baş verən zorakılıq halları, terrorizm və ekstremizm kimi cinayətlərin təməlində bəzi dövlətlərin, təşkilatların və dini liderlərin problemlərə münasibətindəki ikili standartlar, rasizm, antisemitizm, ksenofobiya, islamofobiya kimi təhlükəli meyillər dayanır. Bu yanaşma səbəbindən törədilən qətliamlar, o cümlədən Xocalı faciəsi layiqli qiymətini almadıqca, yeni-yeni bəşəri cinayətlərə yol açılır, dünyanın müxtəlif bölgələrində soyqırımlarının təkrarlanmasına, terror, ekstremizm, separatçılıq üçün zəmin yaranır. Çox böyük təəssüf doğuran məqamdır ki, bəzi dövlətlər real tarixi soyqırımlarının deyil, saxta soyqırımı iddialarının tanınması yönündə səylərini əsirgəmirlər. Beynəlxalq müstəvidə tarixi faktlara əsaslanmayan hadisələrin qərəzli şəkildə siyasiləşdirilərək haqsız iddialara yol açması yönündə meyillər bizi narahat edir. Belə təəssübkeşlik heç bir vəchlə qəbul oluna bilməz!

Azərbaycanın üzləşdiyi bu təcavüz və onun nəticəsində bir milyonluq qaçqın və məcburi köçkün probleminə biganə münasibət bəslənməsinin, soydaşlarımızın erməni ekstremistləri tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmasının hesabının sorulmaması nəticəsində erməni tərəfi təxribatlarından nəinki əl çəkmir, öz dədə-baba yurdlarında uyuyan qohumlarının qəbrini ziyarət edən vətəndaşlarımızı əsir, girov götürərək onlara qarşı işgəncələr tətbiq edir, meyitlərin qaytarılması məsələsində belə beynəlxalq konvensiyalara əməl etməkdən boyun qaçırır. Xocalı qətliamında əli olanların tarixin mühakiməsindən boyun qaçıra bilməyəcəkləri məlumdur və bunun əlamətləri artıq göz qabağındadır. Xocalı canilərinin soyqırımı cinayətinə görə beynəlxalq tribunala çıxarılacağı gün uzaqda deyil, inşallah!

Biz, Azərbaycanda yaşayan müxtəlif konfessiyalardan olan din xadimləri Azərbaycanın dövlət rəhbərinin ölkəmizin ərazi bütövlüyünün bərpası yönündə səylərinin uğurla nəticələnməsinə inanır, bunun üçün dualar edirik. Biz Vətənimizin ayrılmaz hissəsi olan Qarabağda torpaqlarımızın azad olması uğrunda həlak olmuş bütün şəhidlərin, o cümlədən Xocalı şəhidlərinin əziz xatirəsini daim uca tutur, onların ruhlarına Allahdan rəhmət diləyirik. Biz, din xadimləri bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq və rifah diləyir, Dağlıq Qarabağda beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə ədalətin bərqərarı, qaçqın və məcburi köçkün soydaşlarımızın öz doğma torpaqlarına qayıtması üçün dualar edir, səylərimizi əsirgəmirik. Bu məramla dünyanın dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə bir daha müraciət edərək, onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial siyasi, hüquqi qiymət verməyə, Xocalıda törədilən cinayəti soyqırımı aktı kimi tanımağa çağırırıq.

Qoy Uca Yaradan hamımıza savab əməllərdə və ədalətli olmaqda yardımçı olsun! Amin!".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video