21 Fevral 2019 00:54
1208
SİYASƏT
A- A+

Azərbaycan naminə


Mehriban xanım Əliyeva öz peşəkar fəaliyyəti və məsuliyyətli işi ilə Azərbaycan xalqının və beynəlxalq ictimaiyyətin dərin sevgisini qazanıb


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva böyük qayğı göstərdiyi müxtəlif sahələrdə mühüm xidmətlərinə görə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb.

Hörmətli Mehriban xanım yüksək əxlaqi, elmi və mədəni dəyərlərə malik bir ailədə doğulub və tərbiyə alıb. Valideynləri Mehriban xanımın milli və mədəni şəxsiyyət olaraq formalaşmasında əvəzsiz rol oynayıblar. Təvazökar, sadə və ziyalı bir ailədə tərbiyə almış, həmin mühitdən bəhrələnmiş, sonra isə dünyəvi siyasi bir ailədə - ulu öndər Heydər Əliyev ailəsində siyasətçi kimi püxtələşmişdir. Bütün bunlar Mehriban xanımda vətəninə, millətinə olan sevgi ilə yanaşı, sosial, humanitar sahəyə - musiqiyə, incəsənətə və milli adət-ənənələrə böyük maraq yaradıb. Birinci xanım ehtiyacı olan insanların problemlərinin həllində, onlar üçün normal yaşayışın təmin olunmasında öz köməyini əsirgəməyib.

Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyevanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin etməsi ölkə əhalisi və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.

O, bu vəzifəyə pillə-pillə, mərhələ-mərhələ, uğurlu təcrübə yolu keçərək gəlmişdir. Artıq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təyinatından 2 il ötür. Həm xalqımıza, həm də beynəlxalq ictimaiyyətə məlum olduğu kimi, Mehriban xanım Əliyeva Heydər Əliyev Fonduna rəhbərlik etdiyi illərdə, deputatlıq fəaliyyəti dövründə humanitar və sosial sahələrdəki problemli məsələlərə daim diqqət ayırıb, həmçinin bir sıra xarici ölkələrdə xeyirxah layihələrin icrasını təmin edib.

Bütün imkan və bacarığını insanların rifahı naminə humanitar proqramların reallaşmasına, Azərbaycanın dünyada sivil ölkə kimi tanınmasına yönəldən Birinci vitse-prezident ehtiyacı olan insanlara hər an yardım etməyə hazır olub.

"Mən öz fəaliyyətimdə sosial problemlərin, xüsusilə də qaçqın və məcburi köçkün ailələrinin problemlərinin, çətinliklərinin həllinə xüsusi diqqətlə yanaşıram” - deyən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 9 mart 2017-ci il tarixdə sədrliyi ilə keçirdiyi ilk müşavirəni də məhz Bakı və Sumqayıt şəhərlərinin qəzalı vəziyyətdə olan binalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etmişdi. Bu onun qarşıya qoyduğu prioritet vəzifələrdən birincisi olub: qaçqın, məcburi köçkün və aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti ilk müşavirəsində söz verdi ki, 2 ilə qəzalı binalarda müvəqqəti məskunlaşan 4 min məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunacaqlar və 2017-ci ilin 5 ayı ərzində qəzalı binalarda məskunlaşan min məcburi köçkün ailəsinin qısa dövr ərzində bütün infrastruktura malik inşa edilmiş yeni qəsəbələrə köçürülməsinə nail oldu. Belə ki, Xəzər rayonu ərazisindəki "Energetika” sanatoriyasında, Binəqədi rayonu ərazisindəki Sarıqayada yerləşən "Şəfəq” pioner düşərgəsində və həmin rayon ərazisindəki tikintisi yarımçıq qalmış təcili tibbi yardım binasında, Xətai və Nəsimi rayonları ərazisindəki qəzalı vəziyyətdə olan hündürmərtəbəli binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər yeni və müasir standartlara cavab verən mənzillərlə təmin olundu.

2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz xalqına və dövlətinə qırılmaz mənəvi tellərlə bağlığını belə ifadə etdi: "Fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz kiçik də olsa, öz töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır”. Deyilən bu sözlər və fikirlər onun həyat amalını özündə tam əks etdirir. Mehriban xanımın müxtəlif vəzifə və statuslarda fəaliyyəti - Azərbaycanın çiçəklənməsi, inkişafı naminə gördüyü bütün genişmiqyaslı işlər ictimaiyyətdə ona böyük inam yaradıb.

Hörmətli Mehriban xanım 2004-cü ildə təsis edilmiş və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan fondun xətti ilə cəmiyyətin müxtəlif sahələrinin inkişafına mühüm töhfələr verir. Fond Mehriban xanımın rəhbərliyi ilə ümummilli liderimizin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Yaradıldığı gündən bəri Heydər Əliyev Fondu dünya mədəniyyətinin inkişafında, sivilizasiyalararası dialoqun möhkəmlənməsində böyük rol oynayır, humanist dəyərlərin, sülh və tolerantlığın yayılmasına, mədəniyyətlərarası dialoqun inkişafına əvəzsiz töhfələr verir.

Mehriban xanım Əliyeva həmçinin uşaqlar və onların problemlərinin həllinə böyük diqqət və qayğı ilə yanaşır, yeni məktəblərin, xəstəxanaların, musiqi məktəblərinin, talassemiya mərkəzinin və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yay düşərgələrinin yaradılmasına nail olub. O, uşaqlara göstərdiyi qayğı ilə bərabər, ehtiyacı olan ahıllara da xüsusi diqqətlə yanaşır. Fond tərəfindən icra olunan bütün layihələr müasir müstəqil Azərbaycanın inkişafına mühüm töhfələr verməklə yanaşı, xalqa və dövlətə xidmət prinsipinə söykənir. Azərbaycan mədəniyyətinin və xalqımızın milli-mənəvi dəyərlərinin dünyaya daha yaxından tanıdılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi kimi ümummilli məsələlər barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, xeyriyyəçilik və digər istiqamətləri əhatə edən layihələrin müsbət nəticələri göz önündədir.

Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdəki Luvr muzeyində İslam incəsənəti bölməsi yaradılıb, Versal sarayında tarixi incəsənət abidələrinin, həmçinin İkinci Dünya müharibəsi nəticəsində dağıdılmış Berlin qəsrinin, Vatikan arxivində saxlanılan nadir əlyazmaların və orada yerləşən qədim heykəllərin bərpa işləri həyata keçirilib. Roma şəhərində yerləşən Kapitoli muzeyində filosoflar zalının bərpası fondun icra etdiyi çoxsaylı layihələrdən bəziləridir.

Dünyanın müxtəlif ölkələrində baş verən təbii fəlakətlərin qurbanları da Mehriban xanımın diqqətindən kənarda qalmır. Təbii fəlakətlərdən əziyyət çəkmiş Rumıniya, Haiti, Pakistan əhalisinə müxtəlif yardımlar göstərilib və inkişaf proqramları həyata keçirilib, həmçinin Heydər Əliyev Fondu Parisdə terror qurbanlarının 7-ci beynəlxalq konfransının təşkili məqsədilə Fransa Terror Qurbanları Assosiasiyasına maliyyə yardımı göstərib.

Ulu öndər Heydər Əliyevin müdrik zəkası, təşəbbüsü, uzaqgörənliyi ilə yaradılmış və cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün Cənubi Qafqazın ən böyük təşkilatına çevrilmiş Yeni Azərbaycan Partiyasının 7 iyun 2013-cü ildə keçirilmiş V qurultayında hörmətli Mehriban xanım YAP-ın sədr müavini seçildi. Mehriban xanım Əliyeva digər məsuliyyətli vəzifələrlə yanaşı, 730 mindən çox üzvü olan YAP-dakı vəzifəsini də layiqincə yerinə yetirir və mühüm uğurlara imza atır. Sözün əsl mənasında, müasir Azərbaycan qadınının nümunəvi təmsilçisi olan Mehriban xanım digər sahələrlə yanaşı, siyasi arenada da öz sözünü demiş və bu sahədə də yeni-yeni nailiyyətlər qazanmışdır.

Dövlət başçısı cənab İlham Əliyevin son 15 ildə nail olduğu, dünyada analoqu olmayan siyasi və iqtisadi uğurlarının nəticəsi olaraq bu gün Azərbaycan bütün mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə evsahibliyi edir. Azərbaycan beynəlxalq tədbirlərə evsahibliyi etmək təcrübəsindən faydalanaraq 2015-ci ildə keçirilən I Avropa Oyunlarını yüksək səviyyədə təşkil etdi. Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva tədbirlə bağlı fikirlərini belə bildirdi: "Bir daha dünyaya göstərəcəyik ki, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycan böyük uğurlara nail olubdur”. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin dediyi kimi, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın Avropa Oyunlarının Təşkilat Komitəsinə sədrlik etməsi bu Oyunların lazımi səviyyədə təşkilinə zəmin yaratmışdı. Mehriban xanım habelə 2017-ci ilin may ayında Azərbaycanın evsahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri olmuş, bu tədbirin də uğurla keçirilməsində mühüm xidmətlər göstərmişdir. "Eurovision” mahnı müsabiqəsinin Bakıda yüksək səviyyədə keçirilməsində də birinci xanımın səyləri danılmazdır.

Şərqlə Qərbi özündə birləşdirən Azərbaycan milli-mənəvi dəyərlərinə əsaslanaraq, daim sivil proseslərə açıqdır və dünyaya inteqrasiya prosesi sürətli axar alıb. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər əsas xətt olaraq davam etdirilir. Hörmətli Mehriban xanım Azərbaycan xalqının milli, mədəni, mənəvi dəyəri olan muğam və aşıq musiqisinə yeni nəfəs verməklə yanaşı, onları bütün dünyaya yenidən tanıtdı. Onun Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə və digər sahələrə göstərdiyi diqqəti bütün dünya görür, yüksək qiymətləndirir. Bu gün Mehriban xanım Əliyevanın gördüyü işlərin sədası dünyanın ən nüfuzlu mətbu orqanlarının səhifələrində yer alıb. Ölkəmizdən kənarda apardığı xeyriyyəçilik işləri Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu, dövlət strukturlarında, siyasi arenada və digər sahələrdə Azərbaycan qadınının qeyri-adi istedadını nümayiş etdirir.

Bu gün fəxrlə deyə bilərik ki, dünyanın bir çox ölkələrinin təsis etdiyi ali mükafat və adların təqdimində Azərbaycan xanımının - Mehriban Əliyevanın ismi xüsusi vurğulanır. Göstərilən səylərə görə dünyada ən işgüzar, ictimai xanımlardan biri kimi tanınan Mehriban xanım Əliyeva xarici ölkələrin və beynəlxalq təşkilatların çoxsaylı yüksək orden və medalları ilə təltif olunub.

Birinci xanım Azərbaycan xanımlarını dünya ictimaiyyətinə tanıdaraq onların nəyə qadir olduğunu və bütün müsbət cəhətlərini dünyaya nümayiş etdirdi.Hətta dünya ölkələrinin Birinci xanımları ilə müqayisədə öz xalqına, dövlətinə, Prezidentinə, ailə üzvlərinə bağlılığı ilə fərqlənərək Azərbaycan xanımı olaraq məsuliyyətini, mərhəmətini, yüksək intellektini, ictimai-siyasi dövlət xadimliyini nümayiş etdirdi. Necə ki, Prezident İlham Əliyev son 16 ildə problemli məsələlərin həlli ilə bağlı verdiyi vədlərin hamısını vaxtından əvvəl icra etməyə nail olub, Mehriban xanım da bu yola sadiqliyini son 2 ildə dəfələrlə nümayiş etdirdi. O həm nümunəvi həyat yoldaşı, həm xeyirxah ana, həm yüksək təcrübəyə malik ictimai-siyasi xadim, həm də ləyaqətli Azərbaycan xanımıdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin uğurla apardığı iqtisadi, humanitar, sosial, daxili və xarici siyasətin ən layiqli, fəal, məsuliyyətli icraçı qüvvəsidir.

Əli HƏSƏNOV,

Yeni Azərbaycan Partiyasının sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video