21 Fevral 2019 00:52
1832
SİYASƏT
A- A+

Prezidentin islahatlar kursuna ən böyük töhfəni Mehriban Əliyeva verir


Azərbaycanda islahatlar yeni mərhələyə qədəm qoyub. Bu sırada xüsusən son günlər sosial məsələlərlə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlar göstərir ki, həyata keçirilən siyasətin mərkəzində vətəndaşların yüksək rifah halının təmin olunması dayanır. İlham Əliyevin sosial siyasət kursunun uğurla reallaşmasında ən böyük silahdaşı isə bu gün Birinci vitse-prezident kimi fəaliyyətinin ikinci ili tamam olan xanım Mehriban Əliyevadır.

Milli Məclisin deputatları bu barədə fikirlərini qəzetimizlə bölüşdülər.


İki ilin uğur salnaməsi


Səttar MÖHBALIYEV,

Milli Məclisin deputatı,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

- Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə yüksək ehtiram sahibi olan Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan şəxsiyyətlərdəndir. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir.

Bu, bir həqiqətdir ki, insanlara bağlılığı onun daxilindən, mənəvi dünyasından, xoş münasibətindən irəli gəlir. Onun xidmətlərinin sevinci yüzlərlə insanın ömür səhifəsinə yazılıb, neçə-neçə ailəyə səadət bəxş edib, kimsəsizlərə, sosial qayğıya ehtiyacı olanlara həyat eşqi verib, onların qəlbində işıqlı sabaha inam yaradıb.

Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Merhiban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır.

UNESCO və ISESCO-nun xoşməramlı səfirinin çoxşaxəli fəaliyyəti, ölkəmizin xaricdə təbliği istiqamətində atdığı addımlar Azərbaycana böyük dvidendlər qazandırıb. Onun nəcib, xeyirxah missiyasının bəhrələri artıq özünü dünyanın ayrı-ayrı məkanlarında da göstərməkdədir. Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif ölkələrdə məktəblər, uşaq bağçalarının tikintisi, eləcə də muzeylərin, tarixi abidələrin bərpası da xoşməramlı aksiyaların tərkib hissəsidir. Qayğını və mərhəməti, dünya mədəni irsinin qorunmasını hədəf seçmiş, böyük humanitar layihələrin müəllifi kimi çıxış edən Heydər Əliyev Fondunun istər Azərbaycanda, istərsə də ölkə xaricində artan nüfuzunun arxasında məhz onun yüksək mənəvi və işgüzar keyfiyyətləri dayanır.

Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda təbliği istiqamətindəki böyük xidmətlərinə görə Mehriban Əliyevanın "Heydər Əliyev” ordeni ilə təltif edilməsi bütün deyilənləri bir daha təsdiqləyir.

Vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda siyasi yenilik kimi tarixə düşdü və Birinci vitse-prezident kimi fəaliyyət göstərdiyi 2 il müddətində Mehriban xanımın gördüyü işlər ölkə vətəndaşlarının dövlətə etimadını daha da artırmış oldu. Respublikamızı tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyevin yaxın silahdaşı kimi, Mehriban xanım Əliyevanın xalqın maraqlarının müdafiəsinə yönəldilmiş hərtərəfli fəaliyyəti Azərbaycan qadınının cəmiyyətin həyatında rolu barədə aydın təsəvvür yaradır. Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası bir daha aydın görünür. Ona görə Azərbaycan ictimaiyyəti bu təyinat zamanı əmin idi ki, Mehriban Əliyeva tarixin, zamanın, dövlətimizin onun üzərinə qoyduğu bu məsul vəzifəni də ləyaqətlə, mühüm nailiyyətlərlə həyata keçirəcək. Çünki insanlar ondan indiyədək təmsil olunduğu statuslarda yalnız xalqa, vətənə layiqli xidmət məramı görüblər.

İnsanlara təmənnasız yaxşılığı, qayğısı, mərhəməti, ehtiyacı olanlara əl tutması, xeyriyyəçiliyi onun siyasətinin prioritetidir. Hər zaman öz səylərini əhalinin zəif müdafiə olunan təbəqələrinə, doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımıza qayğı ilə yanaşılması, onların sosial problemlərinin həllinə diqqət göstərilməsi və ümumiyyətlə cəmiyyətin nəzərini bu məsələyə cəlb etməsini özünün vətəndaşlıq borcu hesab edən Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirələrini məcburi köçkünlərin və müharibə əlillərinin sosial problemlərinə həsr etməsi onun doğma torpağını müvəqqəti itirmiş vətəndaşlarımıza olan diqqətinin bariz təcəssümüdür.

Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilən layihələrin istiqamətləri təhsil, səhiyyə, mədəniyyət, eləcə də sosial, ekologiya, idman və s. sahələri əhatə edir. Demək olar ki, heç bir sahə onun diqqətindən kənarda qalmır. Bu gün həm Birinci vitse-prezident, həm də birinci xanım statusu onun sosial məsuliyyətini daha da artırır və öz müsahibələrinin birində etiraf etdiyi kimi, insanların rifahı naminə humanitar proqramların səmərəliliyinin gücləndirilməsinə yönəldilmiş bütün mümkün imkanlardan istifadə etməyə məcbur edir.

O, humanizm və qayğı kimi keyfiyyətləri təcəssüm etdirən rəmzə çevrilməklə hamı üçün gözəllik, xeyirxahlıq və mərhəmət nümunəsi olub. Hazırda Azərbaycan qadını Mehriban Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür.

Həm xalqımıza, həm də beynəlxalq ictimaiyyətə məlum olduğu kimi Mehriban xanım Əliyeva deputatlıq fəaliyyəti dövründə də ölkə həyatının elə bir sahəsi olmayıb ki, oradakı problemli məsələlər onun diqqətindən kənarda qalsın.

Xalq onu sevir və ona inanır. Ona görə ki, Mehriban Əliyevanın sayəsində cəmiyyətin sosial həyatında xeyriyyəçilik ənənələri canlanıb. Birinci vitse-prezident insanlara xeyirxahlığa meyil, başqasının dərdinə şərik olmaq, köməyə ehtiyacı olana yardım əlini uzatmaq kimi hiss və bacarıqları aşılayıb. Onun "Xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və biz bu gün Heydər Əliyev Fondu olaraq ənənələri davam etdirməyə çalışırıq” sözləri xeyriyyəçiliyin həyatının kredosuna çevrildiyini bir daha təsdiqləyir.

Əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın ötən iki ildə göstərdiyi fəaliyyət, gördüyü işlər çoxşaxəli və misilsizdir. Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban Əliyevanın bu çərçivədə gördüyü işləri təhlil etsək, əmin olarıq ki, onun çoxşaxəli və geniş əhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafı içərisində çox böyük çəkiyə malikdir.

Bir sözlə, ötən iki ilin yekunları göstərir ki, Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti kimi bundan sonra da fəaliyyəti ilə Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasına layiqli töhfələr verəcək.


İnsan amilinə xidmət edən uğurlu sosial siyasət


Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı:

- Ötən il aprelin 11-də keçirilən seçkilərdə növbəti dəfə xalqın etimadını qazanan Prezident İlham Əliyev islahatların davam etdiriləcəyini bəyan etdi. Seçkilərdən ötən dövrün reallıqları göstərir ki, cənab İlham Əliyev islahatların yalnız iqtisadi sfera ilə məhdudlaşmayaraq digər sahələrdə həyata keçirilməsini məqsədəuyğun sayır. Məsələn, ötən aydan struktur islahatlarına başlanılması, bir sıra dövlət orqanlarının ləğvi, bəzilərinin birləşdirilməsi və ya bazalarında yenilərinin yaradılması göstərir ki, islahatlar həm də dövlət idarəçiliyini əhatə edir.

Bir neçə gün əvvəl "Real” televiziyasına müsahibəsində islahatlar barədə danışan İlham Əliyev qeyd edib ki, 2019-cu ildən başlayan yeni islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirmək, mövcud olan nöqsanları aradan qaldırmaq, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaq, insanların rifah halını yaxşılaşdırmaq, daha güclü, qüdrətli dövlət qurmaqdır. Göründüyü kimi, dövlət başçısının qarşıya qoyduğu hədəflər həm də sosial sahəni əhatə edir. Ümumiyyətlə, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi, yoxsulluğun aradan qaldırılması Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Prezident İlham Əliyevin sosial siyasətinin də fəlsəfəsi əsasən ondan ibarətdir ki, ölkədə aztəminatlı, yoxsul insan olmamalıdır. Ötən 15 ilin real mənzərəsi bütün müsbət məziyyətləri ilə yanaşı, həm də sosial problemlərin aradan qaldırılmasına xidmət edən kompleks tədbirlərin işlənib hazırlanması və uğurla reallaşması ilə əlamətdar olub, aparılan islahatların sosial yönümü təmin edilib.

Dövlət başçısının bu il imzaladığı bir sıra sərəncamlar təsdiq edir ki, sosial sahə daim diqqət mərkəzindədir. Bu sərəncamlar həm də onu göstərir ki, dövlətin sosial siyasəti sistemli və ardıcıldır. Görünən odur ki, sosial siyasətdə yeni keyfiyyət mərhələsi başlanıb və bu da Prezident İlham Əliyevin vətəndaşların sosial rifahının yüksəldilməsi ilə bağlı elan etdiyi prioritetlərə və ümumən islahatların mahiyyətinə uyğundur. Məsələn, təkcə fevral ayında Prezident İlham Əliyev bu sahədə bir neçə sərəncam imzalayıb. Dövlət başçısının fevların 8-də imzaladığı sərəncamla minimum əməkhaqqının məbləği 50 manat artırılaraq 180 manata çatdırılıb. "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” və "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Prezident İlham Əliyevin sərəncamları da yalnız təhsilin inkişafına xidmət edən addımlar deyil. Bunlar həm də bütün cəmiyyətimizin təqdir etdiyi mühüm sosial hadisələrdir. Ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını göstərən başqa bir addım isə Milli Məclisin fevralın 19-da qəbul etdiyi "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanundur. Qanuna edilən dəyişikliyə görə bu il martın 1-dən əmək pensiyasının minimum məbləği 160 manat müəyyən olunur. Dəyişiklik 233 min nəfərin pensiyasında hiss olunacaq artıma gətirib çıxaracaq. 9 min insanın pensiyası 2 dəfə, 26 min nəfərin pensiyası isə 30 faiz artacaq. Bütövlükdə əhalinin böyük bir qisminin pensiyası 38,5 faiz civarında artacaq.

Təbii ki, sosial sahədə atılan bütün addımlar cəmiyyətdə böyük razılıqla qarşılanır, təqdir olunur. Sosial sahəyə diqqətin ölkə rəhbərliyinin fəaliyyətində prioritet olduğunu həm də Birinci vitse-prezident Mehriban Əliyevanın iki il əvvəl bu vəzifənin icrasına məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasından, 2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsindən başlaması da təsdiqləyir. Bu gün Mehriban Əliyevanın Birinci-vitse prezident kimi fəaliyyətinin iki ili tamam olur. İki ilin yekunları göstərir ki, Mehriban Əliyeva dövlət başçısının silahdaşı kimi ona həvalə olunan bu missiyanı əzmlə yerinə yetirir.

Ümumiyyətlə, Mehriban xanım Əliyevanın fəaliyyəti çoxşaxəlidir. Bu fəaliyyət hər addımda ulu öndər Heydər Əliyevin xalqımızın işıqlı gələcəyinə yönəlmiş ideallarının reallaşmasına, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi, sosial-iqtisadi, mədəni-humanitar kursun dəstəklənməsinə və uğur qazanmasına xidmət edir. Çünki hər birimizin qarşısında duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən çıxış etmək, ölkənin daha da qüdrətlənməsi üçün çalışmaq və Prezident İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. Bu şərəfli vəzifələr naminə çalışmaq və əlindən gələni əsirgəməmək hər bir azərbaycanlının müqəddəs borcudur. Bu baxımdan Mehriban Əliyevanın fəaliyyəti əsl nümunə sayılmalıdır.

Sosial sahədəki fəaliyyəti göstərir ki, Mehriban Əliyevanın bu istiqamətdəki təşəbbüsləri Prezident İlham Əliyevin uğurla reallaşdırdığı sosial siyasətə layiqli xidmət edir. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı müşavirənin keçirilməsi və qarşıya qoyulan vəzifələr onu göstərdi ki, əhalinin xüsusi qayğıya ehtiyacı olan qruplarının, o cümlədən məcburi köçkünlərin sosial məsələlərinin yoluna qoyulması Birinci vitse-prezidentin xüsusi diqqətindədir. Ötən iki ildə minlərlə məcburi köçkün ailəsi məhz Mehriban Əliyevanın təşəbbüsü ilə yeni mənzillərə köçürülüblər.

Aprel döyüşlərində hərbi rəşadət göstərmiş döyüşçülərin nümayəndələri ilə görüşü isə Birinci vitse-prezident olaraq Mehriban Əliyevanın respublikamızda həssas təbəqədən olan insanların, əlilliyi olan şəxslərin sosial müdafiəsinə, reabilitasiya və cəmiyyətə inteqrasiya məsələlərinə xüsusi diqqətinin əyani göstəricisidir. Bununla bağlı, həyata keçirilən layihə çərçivəsində döyüşlərdə xəsarət almış əsgər və zabitlərimiz dünyanın müasir protez istehsalçıları olan Almaniyanın, İslandiyanın, İngiltərənin və ABŞ-ın yüksək texnologiyalı məhsulları ilə təmin olunublar.

Mehriban Əliyevanın bu günlərdə Gəncə şəhərinə səfəri zamanı orta məktəbə və uşaq bağçasına baş çəkməsi və onların təmiri ilə bağlı tapşırıqlar verməsi də Birinci vitse-prezidentin sosial məsələlərə önəm verməsinin göstəricisidir. Ümumiyyətlə, Mehriban Əliyevanın il ərzində mütəmadi olaraq məktəblərə, bağçalara, uşaq evlərinə baş çəkməsinin şahidiyik.

Sosial sahəyə həssas qayğı göstərməsi Birinci vitse-prezident Mehriban Əliyevanın öz vətəndaşlıq missiyasını şərəflə yerinə yetirməsindən xəbər verir. Bu sahədə ötən iki il Mehriban Əliyevanın təşəbbüsləri ilə əldə edilmiş mühüm nailiyyətlərlə zəngindir. Birinci vitse-prezident kimi fəaliyyətinin iki illik yekunu göstərir ki, Mehriban Əliyeva ölkədə həyata keçirilən sosial siyasətə layiqli töhfələr verir.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video