21 Fevral 2019 00:50
718
SİYASƏT
A- A+

MİSSİYA


İllər bir-birini yola saldıqca evlərimizdəki, iş yerlərimizdəki təqvimlər də dəyişir. İndi mobil telefonlarda belə bir funksiya olduğundan, bəlkə də kimlərsə daha kağız təqvimə ehtiyac görmür.

Amma bu sətirlərin müəllifi üçün hər il kağız təqvim almaq, yaxud dostların, yaxınların bağışladıqları hədiyyəlik təqvimləri məmnuniyyətlə qəbul edib göz önündə saxlamaq xoş bir ömür ənənəsidir.

Ələlxüsus, divardan asılıb hər gün bir yarpağı üzülən, kitabça şəklində olanlarını çox sevirəm... Bu cür təqvimlər, nədənsə, bir az da uşaqlığımı xatırladır. Onları vərəqlədikcə xəyal düşüncələrimi alıb uzaqlara aparır...

Təqvimi vərəqləyirəm...

Aylar, həftələr, günlər, onları işarələyən rəqəmlər bir-bir gözlərim önündən keçir. Ömürlər, talelər, uğurlar, çətin sınaqlar bu rəqəmlərdə birləşir. Elə bilirəm ki, dünyadakı bütün insanların ömür kitabını oxuyuram. Həqiqətən, bu vərəqlərdə bir-birini əvəz edən rəqəmlərin arxasındakı insan talelərinə, həyat mənzərələrinə nəzər salsaq, təqvimlərin dünyanın ən maraqlı kitabları olduğunu görərik.

Təqvimdə bizim üçün adi olan elə günlər var ki, başqasından ötrü ömrünün ən əlamətdar tarixidir. Bəzənsə, təqvimin hansısa vərəqi tək bir fərdin deyil, bütöv xalqın həyatında yeni bir səhifə açır. Konkret bir gün adi zaman faktından kənara çıxmaqla milyonlarla insan üçün tarixi dəyərə çevrilir.

Bəzən bu günlər heç təqvimdə xüsusi fərqləndirilməsə də, onun mahiyyəti yaddaşlarda yaşayır, ictimai düşüncədə öz yerini tutur.

O xalq xoşbəxtdir ki, onun milli dövlətçilik tarixində yeni-yeni dönəmlərə körpü salan belə günlərin sayı çoxdur. Deməli, o xalq ayaqdadır, inkişafa doğru yoluna davam edir, yeni-yeni nailiyyətləri ilə tarix yaradır. Təqvimin ayrı-ayrı günləri bu nailiyyətlərini simvollaşdıran yeni tarixlərə çevirir.

***

21 fevral günündən yazmaq istərdim...

2 il əvvələ qədər bu gün dünyadakı əksər insanlar kimi, bizim üçün də Beynəlxalq Ana Dili Günü olaraq əlamətdar idi. 2017-ci ilin 21 fevralındən bəri isə bu gün milli dövlətçilik tariximizin parlaq hadisələrindən biri ilə də yeni məzmun qazanıb.

21 fevral 2017-ci il...

Nəcib əməlləri ilə adını insanların qəlbində sevgi, mərhəmət, xeyirxahlıq, ədalət simvoluna çevirmiş Mehriban xanım Əliyeva həmin gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olundu...

Bu təyinat misalında Azərbaycan insanının daha bir ümummilli arzusu reallaşdı...

Milli dövlətçilik tariximiz yeni bir başlanğıca qədəm qoydu...

Mən hər dəfə Mehriban xanım Əliyeva haqqında düşünəndə XV əsrdə yaşamış Sara Xatun yadıma düşür. Yazdığım "İki şah, iki sultan” romanı - trilogiyasında ən baş obrazlardan biri Sara Xatun obrazıdır. Sara Xatun ərazisi 3 milyon kvadrat-kilometr olan Ağqoyunlular Azərbaycan dövlətinin yaradıcısı və hökmdarı Uzun Həsənin anasıdır. Müdrik, ağıllı ana və Şərqin ilk böyük diplomat qadınıdır. O, dövlət işlərinin idarə olunmasında oğlu Uzun Həsənə həmişə yardımçı olub.

Qəribə bir oxşarlıq!..

Hər iki xanım dövlət işlərinin idarə olunmasında əvəzsiz xidmətlər göstərir. Əlbəttə, biri XV əsrdə, o biri isə XXI əsrdə...

Tarix necə də təkrarlanır?

Biri "İki şah, iki sultan” əsərinin qəhrəmanı, o biri isə "Missiya” kitabının qəhrəmanı...

Azərbaycanın möhtəşəm iki xanımı, xatunu...

***

2017-ci il ərzində Azərbaycanın həyatında çox hadisələr baş verib. Çox uğurlar əldə olunub. Amma tarixi mahiyyəti etibarilə bunların heç biri Prezident İlham Əliyevin məlum təyinat qərarı ilə müqayisə edilə bilməz.

Bilirəm ki, aradan illər, qərinələr, bəlkə də əsrlər keçəcək, gələcək tarixçi nəsilləri müasiri olduğumuz bu dövrün ictimai ovqatını, siyasi mənzərəsini digər sənədli mənbələrlə yanaşı, həm də qəzet səhifələrindəki bu yazılar vasitəsilə canlandırmağa çalışacaqlar.

Cəmi iki il əvvəlin hadisələrini öz gündəlik həyatında yaşamış müasir oxucularımızdan çox, gələcək nəsillərə bələdçilik üçün 2017-ci ilin fevralına qısaca ekskurs etmək istərdim.

***

...Onda ölkə köklü islahatlar, böyük dəyişikliklər dövrünə daxil olmuşdu. 2016-cı ilin sentyabrında ümumxalq referendumu keçirilmiş, Azərbaycan Respublikasının Konstitusiyasına mühüm dəyişikliklər edilmişdi. Bu dəyişikliklərdən biri də respublikamızda idarəçilik sisteminin daha da təkmilləşdirilməsi, çevik idarəetmə mexanizminin formalaşdırılması üçün Birinci vitse-prezident və vitse-prezident vəzifələrinin təsis olunmasından ibarət idi.

Belə bir yeniliyi, heç də təsadüfi saymaq olmazdı. Bu, dünyanın əksər sivil ölkələrində tətbiq olunan və zamanla özünü doğrultmuş təcrübə idi. Dövlət idarəçiliyində daha səmərəli fəaliyyət üsullarının tətbiqi, vətəndaşlar qarşısında dövlətin öhdəliklərinin keyfiyyətli icrası, effektiv icraçılıq mexanizminin qurulması baxımından vitse-prezidentlik institutu başqa ölkələrdə uğurla sınaqdan çıxıb.

Azərbaycanda da vitse-prezidentlik institutunun təsisindən sonra insanların xüsusilə Birinci vitse-prezident vəzifəsinə təyin ediləcək şəxsin kimliyinə böyük ümidləri vardı. Bu vəzifənin kimə həvalə ediləcəyi, demək olar ki, hər kəsi maraqlandırırdı.

Birinci vitse-prezident öz şəxsiyyəti, fərdi keyfiyyətləri, bacarıq və qabiliyyəti, ona göstərilən ictimai rəğbətlə elə bir insan olmalı idi ki, xalqın etimad mənbəyinə çevrilə bilsin. Həyata keçirilən islahatların öz məqsədlərinə çatması, xalqın dəstəyi ilə müşayiət olunması bu vəzifəyə təyin olunacaq şəxsin uğurlarından çox asılı görünürdü.

Və Azərbaycan cəmiyyəti bu keyfiyyətləri yalnız bir şəxsiyyətdə tapa bilirdi. Birinci vitse-prezident üçün vacib sayılan xüsusiyyətlər Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həyat və fəaliyyətində bütünlüklə əks olunmuşdu. Onun ictimai obrazına tam uyğun gəlirdi. Buna görə də insanlar bu vəzifədə məhz Mehriban xanımı görmək istəyirdi. Ən layiqli namizəd gözündə məhz onu görürdü...

***

Bu, insan xarakterindən irəli gələn məqamdır... Hər birimiz ümumilikdə ölkənin, xalqın mənafelərini əsas götürdüyümüz qədər xarakter etibarilə müəyyən qədər də fərdiyyətçiyik. Nə qədər çalışsaq belə, bu insani duyğudan qaça bilmərik.

Ona görə də istənilən vətəndaş hansısa vəzifəyə konkret şəxsin təyin olunmasını arzulayanda ilk növbədə, öz faydalarını düşünür. Əlbəttə, bu cür təyinatların ictimai faydaları öz yerində, bunlar sonrakı mərhələlərdə ümumun rəyi əsasında formalaşır, sıravi vətəndaşı ən birinci maraqlandıran isə fərd olaraq özünün məlum yenilikdən əldə edəcəyi üstünlükdür.

Məsələn, onu birinci maraqlandırır ki, görəsən, bu təyinatın onun yaşadığı şəhərin, kəndin yollarının abadlaşmasına nə təsiri olacaq? Özünə asanlıqla iş tapa biləcəkmi? Övladının oxumaq arzusu yerinə yetəcəkmi? Hansısa dövlət idarəsinin qapılarında bundan sonra onun dərdini daha həssaslıqla dinləyəcəklərmi? Dara düşəndə dövlət adına dərhal köməyinə yetişənlər olacaqmı? Xəstəsinə, köməksizinə həyan olan tapılacaqmı?

Azərbaycan Prezidentinin vətəndaşların həyatının yaxşılaşdırılması üçün imzaladığı sənədlərin, irəli sürdüyü vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsindən ötrü icraçı məmurlar bundan sonra daha məsuliyyətlə çalışacaqlarmı? Başları üzərində daha ciddi nəzarət, hesabatlılıq, vətəndaşlar üçün faydalı bir nəticə ortaya qoymaq tələbi hiss edəcəklərmi?

Bu mənada Azərbaycan cəmiyyətinin Mehriban xanım Əliyeva şəxsiyyətinə münasibəti birmənalı idi. O, bu mərhələyə qədər əsasən ictimai məzmun kəsb edən fəaliyyətinin, nəcib əməllərinin başdan-başa Azərbaycan insanına xidmət etməkdən ibarət olduğunu, onun həyatının yaxşılaşdırılmasına, rifahına xidmət etdiyini təsdiqləmişdi.

Rəhbərlik etdiyi Heydər Əliyev Fondu insanlar üçün ümid ünvanına, pənah qapısına çevrilmişdi. İnsanlar burada onlara necə həssas, qayğıkeş münasibət göstərildiyini görürdülər, tamam yeni bir münasibətə şahid olurdular. Görürdülər ki, Mehriban xanımın irəli sürdüyü və icrasına şəxsən nəzarət etdiyi layihələr necə uğurlu alınır, yüksək effekt verir, dəyərlər yaradır.

Görürdülər ki, Mehriban xanım necə böyük təşkilatçılıq qabiliyyətinə malikdir. Çoxlarına mümkünsüz görünən işləri peşəkar komanda işinin gücü, zəki menecer təfəkkürü ilə qısa müddətdə mümkünə çevirməyi bacarır.

Ona görə də vətəndaşlar Mehriban xanıma daha geniş səlahiyyətlərin verilməsini arzulyırdılar.

Bu mənada, Prezident belə bir təyinatla, əslində, xalqın sosial sifarişini yerinə yetirdi. Hər zaman olduğu kimi bu dəfə də xalqın arzularına sayğı göstərdi.

***

Mehriban xanım Əliyeva bu ağır dövlətçilik məsuliyyəti yükünü üzərinə götürməklə vətəndaşların ondan yeni gözləntilərini doğrultmaq əzmini, niyyətini, xalq üçün gördüyü işlərin əhatəsini daha da genişləndirmək istəyini ifadə etdi.

Əslində, görkəmli ictimai xadim olaraq Mehriban xanımın özünün belə bir yüksək təyinata sırf fərdi mənada ehtiyacı yox idi. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı kimi o, bu yeni vəzifəsinə qədər də kifayət qədər yüksək statuslar daşıyırdı. Həyata keçirdiyi genişmiqyaslı layihələrlə cəmiyyət həyatında yaxından iştirak edirdi. Nəcib əməlləri ilə bütün dünyada tanınırdı. Sıravi insanlardan tutmuş, dünya liderlərinə qədər hər kəs onun şəxsiyyətinə böyük hörmətlə yanaşırdı.

Ona görə də Birinci Vitse-prezident vəzifəsi Mehriban xanım Əliyeva üçün əlavə iş həcmi və böyük məsuliyyət deməkdir...

Amma bu, təyinat zamanın tələbi idi...

Bu seçim uzun illərdən bəri ölkəmizin, eləcə də dünyanın ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayan Mehriban Əliyevaya ümumxalq rəğbətindən, cəmiyyətin sosial sifarişindən irəli gələn təyinat olmaqla yanaşı, eyni zamanda, belə həlledici mərhələdə islahatlar prosesinə böyük dəstək ola biləcək bacarıqlı təşkilatçı, yüksək səriştəli menecer kimi onun peşəkar imkanlarından dövlət idarəçiliyində də istifadə zərurətindən irəli gəlirdi.

Beləliklə, Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyinat hər cəhətdən xalqın ürəyindən xəbər verən siyasi bir yenilik kimi tarixə yazıldı.

***

Təhlükəsizlik Şurasının 21 fevral 2017-ci ildə keçirilən iclası zamanı Mehriban xanımı Birinci vitse-prezident kimi şura üzvlərinə və ümumilikdə cəmiyyətə təqdim edərkən Prezident İlham Əliyev onun ən müxtəlif sahələr üzrə uğurlu fəaliyyətindən söz açaraq demişdi: "Bu çoxşaxəli fəaliyyət, eyni zamanda ümumi fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynayıb. Həmçinin qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda, çox xeyirxah bir insandır və təsadüfi deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır. Bütün bu sadaladığım amilləri nəzərə alaraq, mən bu qərara gəldim. Bu gün Mehriban Əliyevanın həyatında yeni bir dövr başlayır və əminəm ki, ölkəmizin inkişafında bundan sonra da öz dəyərli töhfəsini verəcək”.

***

Cənab Prezident zənnində heç zaman yanılmır...

Bu təyinat respublikamızda aparılan islahatların məntiqi davamı olmaqla ölkədə yeni bir tarixi reallığa qapı açdı. Bu reallığın xarakterini və Azərbaycanın gələcəyi üçün yaratdığı möhtəşəm perspektivləri isə təbii ki, ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmuş şəxsiyyətin mənəvi keyfiyyətləri, Azərbaycan xalqına və dövlətinə olan sevgisi, indiyə qədər daşıdığı bütün vəzifələrdə cəmiyyətimizə, ümumən bəşəriyyətə verdiyi töhfələr əks etdirir.

İstənilən yüksək vəzifəli şəxsin təyinatdan sonrakı ilk addımı onun prioritetlərinin, amallarının aynasıdır. Əlbəttə, ilk sözü burada bir qədər şərti səciyyə daşıyır. Çünki ilklər sırasında cəmi bir addımın da adını çəkmək mümkündür, fəaliyyətin birinci mərhələsində görülən yüzlərlə işi də sıralamaq olar.

Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi atdığı ilk addımlara gəlincə isə o, yeni vəzifəsinin icrasına məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasından, eləcə də 2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərimizin yüksək texnologiyalı protezlərlə təmin edilməsindən başlandı.

Bununla da göstərdi ki, o, cəmiyyət üçün ən ağır görünən problemlərin üstünə gedəcək. Sosial məsələlər hər zamankı kimi bundan sonra da onun üçün əsas olacaq. Onun rəhbərliyi ilə yerinə yetirilən layihələrin təsirini vətəndaşlar öz gündəlik həyat və məişətlərində birbaşa şəkildə duyub hiss edəcəklər.

***

Artıq təqvimdə 2019-cu ilin 21 fevralıdır...

Aradan 2 il müddət ötüb. Tarix kimi yanaşanda o qədər də böyük müddət sayılmaz. Amma bu 2 il Azərbaycan həyatında böyük bir tarix kimi yaşanıb, əslində... Qısa müddətdə ölkə və cəmiyyət həyatında o qədər böyük dəyişikliklər baş verib ki, əgər bunlar reallıq kimi ortada olmasaydı, onların hər biri üçün, bəlkə də onilliklərin lazım gəldiyini düşünərdik.

Bu iki ildə çox şeylər dəyişib... Azərbaycan həyatında müsbətə doğru çox hadisələr baş verib və bu dəyişikliklər günü bu gün də davam etməkdədir.

Dəyişməyənlərsə, Prezidentin qarşıya qoyduğu milli hədəflərdir. Bu hədəflərə münasibətdə göstərdiyi prinsipiallıqdır. Azərbaycanın uğur yoludur. Xalqla hakimiyyətin vəhdətidir. İnsanlarımızın cənab İlham Əliyev, Mehriban xanım Əliyeva şəxsiyyətinə dərin rəğbətidir...

Ölkənin və xalqın maraqlarının daim üstün tutulması, xeyirxahlıq, mərhəmət, insanlara sevgi onlar üçün bir həyat normasıdır...

Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın fəaliyyətini də bu norma müəyyənləşdirir. O, Azərbaycana xidmət edərək üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirir. Əsl vətəndaşlıq nümunəsi ortaya qoyur.

Mehriban xanım Əliyeva bütün cəhətləri ilə xalq adamıdır, vətəndaşlarımızın birmənalı dəstəyini qazanmış dövlət xadimidir, gördüyü işlərlə xalqın istəklərini yerinə yetirən, insanların arzularından gəlmiş uğurlu, parlaq simadır.

Güman ki, dünya ədəbiyyatı XXI əsr tarixinin belə parlaq qadın şəxsiyyətlərinin obrazını yaratmaqdan ötrü nə vaxtsa onların ömürlüyünə müraciət edəcək. Onların ümumilikdə bəşəriyyətə həsr edilmiş həyat və fəaliyyətinin xarakterik cizgilərini üzə çıxarmağa çalışacaq.

Mehriban xanım çağdaş dünyamızda, Qərb və Şərq düşüncəsinin dialoqunda təkcə özünü deyil, həm də Azərbaycan dövlətini, Azərbaycan qadınlarını, türk və islam dünyasını, müasir, modern dövlət quruculuğunda yaxından iştirak edən qabaqcıl dünya qadınlarını, diplomatları, siyasətçiləri, ictimai, mədəniyyət, elm xadimlərini, anaları, birinci xanımları təmsil edən ümumiləşmiş obraz kimi hər zaman maraq doğuracaq.

***

O, ölkənin birinci xanımı, milli dövlətçilik tariximizdə birinci xanım institutunun yaradıcısıdır. Dövlət rəhbərinə ən yaxın vətəndaşdır, Prezidentin ən çox güvəndiyi insandır, xalqla ölkə başçısı arasında mənəvi körpüdür.

Dövlət rəhbərlərinin həyat yoldaşlarının birinci xanım adlandırılması ənənəsi sivil cəmiyyətlərdə çoxdan var. Amma əksər ölkələrdə onların çoxu kölgədə qalmağı üstün tutur. Ölkənin problemlərindən, idarəçilik sisteminin ağır məsuliyyətindən kənar duraraq sakit, rahat həyatı üstün tutur. Bəziləri isə əsasən, xarici səfərlər zamanı gözə dəyir, cəmiyyət arasında nadir hallarda görünürlər.

İctimai-siyasi həyatda fəal iştirak, sosial problemlərin yükünə çiyin vermək, ömür-gün yoldaşına bu sahədə də dəstək olmağa çalışmaq Mehriban xanımın öz seçimidir. Başqa cür yəqin ki, ola bilməzdi. Çünki onun ömrünü, taleyini, özünün də bir zamanlar müsahibələrində söylədiyi kimi, dərk edilmiş məsuliyyət hissi idarə edir.

Ona görə də Mehriban xanım həyat və insanlar, ölkənin taleyüklü problemləri ilə bağlı kiminsə məsuliyyət daşımasının gərək olduğu hər yerdədir.

Bu qeydləri qələmə alarkən, onun müxtəlif illərə aid fotolarını nəzərdən keçirirəm. Bu fotolar fərqli zamanlarda, ayrı-ayrı məkanlarda çəkilib. Amma hamısında insanlar var, hadisələr var, ya təməli qoyulan, ya icrası davam etdirilən, ya da artıq başa çatmış işin nəticələri var.

Mehriban xanım həmişə insanlar arasındadır, hadisələrin mərkəzindədir...

Və bu, adama qətiyyən təəccüblü gəlmir. Mehriban Əliyevanın birinci xanım missiyasına yanaşması zərurət, yaxud görüntü kimi nəzərə çarpmır. Sanki elə belə də olmalıymış. Çünki bütün bunlar onun təbiətindən, xarakterindən doğur. Onun üçün həyatının mənası Vətənə, xalqa və insanlara xidmətdədir. Sərhəd tanımayan humanizmdədir, xeyirxahlıqdadır, insanpərvərlikdədir...

Mehriban xanım kifayət qədər çətin və məsuliyyətli olan ictimai-siyasi statuslarını sadə insanların problemlərinin həllindən ötrü bir fürsət kimi dəyərləndirir. Birinci vitse-prezident vəzifəsinə təyin olunduqdan sonra onun "Rossiya 1” telekanalının "Vesti nedeli” proqramına müsahibəsini xatırlayırsınızmı? Həmin müsahibəsində Mehriban xanım deyirdi: "Mən Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam”.

O, qarşıya qoyduğu bütün vəzifələrin öhdəsindən gələ biləcəyinə inanır. Çünki Azərbaycan insanı da ona inanır...

Və Mehriban xanımda belə bir əminliyi yaradan o inamın ruhudur...

Sadə insanların ona olan sevgisidir...

***

Tanrı bir dövlət adamı üçün mühüm olan ən mühüm keyfiyyətləri bu zərif, nəcib xanımdan əsirgəməyib.

Dövlət adamı humanist olmalıdır. Mehriban xanımın necə böyük qəlbə, yüksək humanizm hissinə sahibliyini illərdən bəridir ki, görə-görə gəlirik. Hələ Milli Məclisin deputatı olarkən irəli sürdüyü amnistiya təşəbbüsləri əsasında minlərlə insan ömrün ən dəyərli nemətinə - azadlığa qovuşub.

O, minlərlə şəxsə öz yanlışlarından nəticə çıxarıb həyatlarını yenidən qurmaq şansı verib. Mehriban xanım o şəxsiyyətlərdəndir ki, istənilən kəsin əgər belə şans verilərsə, yaxşı biri olmaq gücünə inanır. Nəcib əməlləri ilə, yaratdığı nümunələrlə insanların qəlbindəki işığı üzə çıxarmağa çalışır. Onun dünyaya, həyata baxışının mərkəzində insan dayanır. Gördüyü bütün işlər insan üçündür. Atdığı hər bir addım insanın rifahına yönəlib.

Onun üçün insanlıq da elə başqa insanlara münasibətdir, onların hisslərinə şərik çıxmaqdır, sevgi, mərhəmət göstərməkdir. İnsan üçün ən dəhşətlisi isə biganəlik və laqeydlikdir: "Fərqi yoxdur, ictimai xadimsən, yaxud dövlət xidmətində işləyirsən - insanlığı qorumaq lazımdır. Mənə elə gəlir ki, bu, heç vaxt səhv ola bilməz, əksinə, bu, həmişə doğru yoldur”.

Bir dövlət adamı üçün ən mühüm cəhətlərdən biri də enerjili olmaqdır. Rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli layihələr, bu layihələrin hər birinə nəzarət, gün ərzində təşkil olunan görüşlər, müzakirələr, tədbirlər, ayrı-ayrı yerlərə baş çəkib işlərin icrası vəziyyətini şəxsən diqqətdə saxlamaq, hər gün çoxsaylı problemlərin həllinə kömək ümidi ilə üz tutan yüzlərlə vətəndaşın müraciətlərinə baxılması, üstəlik, xarici səfərlər və bir Azərbaycan xanımı kimi ailədəki isti mühitin qorunması, övladlara, sevimli nəvələrə vaxt ayırmaq Mehriban xanımın tükənməz enerjisindən xəbər verir.

Bu enerjinin mənbəyi isə sevgidir...

O, gördüyü bütün işlərə qəlbinin sevgisini qatır. Başqaları üçün nəsə xeyirli bir iş görməyin yaratdığı məmnuniyyət duyğusundan güc alır. Ona görə Mehriban xanım bu qədər uğurludur, güclüdür, enerjilidir.

***

Yüksək intellekt, geniş dünyagörüşü dövlət adamının zinətidir. Bunu insana bəxş edənsə kitablardır, insanın körpəlikdən əhatə olunduğu mühitdir.

O, ən dəyərli əşyaların kitablardan ibarət olduğu evdə göz açıb. Atası - akademik Arif Paşayevin, anası - görkəmli şərqşünas alim - professor Aida xanım İmanquliyevanın, babaları - böyük ədibimiz Mir Cəlal Paşayevin, jurnalistikada çoxlarının ustadı olmuş unudulmaz - Nəsir İmanquliyevin zəngin kitabxanalarının əhatəsində böyüyüb...

Bu ocaqların işığına tez-tez toplaşan dövrün tanınmış ziyalılarının söhbətləri mühitində boy atıb. Akademik Zərifə xanım Əliyeva kimi bir Azərbaycan qadınına gəlin olub. Ümummilli lider Heydər Əliyevin ocağında belə bir siyasət nəhəngindən dövlətçilik dərsi alıb, ondan görüb-götürüb, cəmiyyət həyatına, ictimai-siyasi proseslərə baxışları ondan əxz edilmiş təcrübə əsasında formalaşıb.

İnsan hətta orta məktəb təhsili almasaydı belə, bu cür mühitdə yetişmək bir neçə universitetin məzunu olmağa bərabər idi... Mehriban xanımın dərin intellekti, elitar zövqü, xalqımızın soykökünə bağlılığı, ölkədə və dünyada baş verənləri düzgün təhliletmə qabiliyyəti, təmkini, kitaba, elmə, mədəniyyətə sevgisi bu mühitdən gəlir.

***

Dünyada insanlığın da, dövlətçiliyin də, ictimai inkişafın da təməlində dayanan bir ali keyfiyyət var: ədalət...

Əgər cəmiyyətdə ədalət meyarları qorunarsa, o cəmiyyəti inkişaf yolundan heç bir maneə saxlaya bilməz. Adillik insana xas ən gözəl duyğudur. Mehriban xanımın şəxsiyyətində nəzərə çarpan əsas xüsusiyyətlərdən biri də məhz onun adilliyidir. Məsələlərə ədalət prizmasından yanaşmasıdır. Haqqı-nahaqqın ayağına verməməsidir. Hər kəs üçün bərabər imkanlar mühitinin yaradılmasına çalışmasıdır.

Belə bir yanaşma, şəxsən bir vətəndaş olaraq bu sətirlərin müəllifi üçün həyati əhəmiyyət kəsb edir. O qədər də az olmayan həyat təcrübəmin anlatdığı bir həqiqət var ki, heç bir cəmiyyət yalnız varlılardan, yaxud kasıblardan ibarət ola bilməz. Çünki insanların işləmək əzmi, nailiyyətlərə can atmaq istəyi, biliyi, qabiliyyəti, potensialı fərqlidir. Bu fərq onların həyatında fərqli də nəticələr yaradacaq. Əsas olan o əzmin formalaşması, o biliyin, qabiliyyətin əldə olunması və hər insanın malik olduğu potensialın reallaşdırılmasından ötrü imkanların hər kəsə bərabər şəkildə verilməsidir. Onda cəmiyyət də irəli gedəcək, dünya da indikindən daha gözəl olacaq, insanlar da əsrlərdən bəri can atdıqları xoşbəxtliyə qovuşacaqlar.

Mehriban xanım belə bir cəmiyyətin olmasını istəyir...

Belə bir dünyanın qurulmasını arzulayır...

Və bundan ötrü bir dövlət adamının görə biləcəyi bütün işlərin zəhmətini çəkir...

Onun təhsil məsələlərinə göstərdiyi xüsusi diqqətin, fəaliyyətinin mühüm bir qismini gənc nəslin təlim-tərbiyəsi işinə ayırmasının səbəbi budur. Çünki hər kəsin bərabər imkanlara sahib olduğu ədalətli cəmiyyətin formalaşdırılması işi uşaq bağçalarından, məktəblərdən, balacalara aşılanan müasir bilik və bacarıqlardan başlanır.

***

Başqalarının halından anlamaq, özünü digərlərinin yerinə qoya bilmək, onların problemlərini duyub hiss etmək nəciblikdir. İstənilən insanda bu keyfiyyət Tanrının gözəl bir lütfü sayıla bilər. Qayğı, mərhəmət, həssaslıq ondan başlanır. Dövlət xadimində isə bu keyfiyyətlər insanların ona olan sevgisinin əsas qaynağıdır. Əgər belə bir keyfiyyət yoxdursa, o sevgi də olmayacaq.

Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın sadə insanlarla mütəmadi görüşlərini əks etdirən reportajları izləyirəm, vətəndaşlarla söhbətlərin məzmununa diqqət yetirirəm, bu görüşləri fotoların yaddaşında əbədiləşdirməkdən ötrü telefonların imkanlarından yararlanıb onlarla özçəkim edən insanların - cavanın, yaşlının, uşağın, böyüyün, kişinin, qadının sevinc dolu çöhrələrinə nəzər salıram...

Hamımız kimi bu insanların da hərəsi bir eldən, bir evdən gəlib, hamımız kimi onların da hərəsinin bir dərdi, qayğısı, dövlət qurumlarından müəyyən gözləntiləri, umacaqları var...

Amma bu şəkillərə düşən sevgidir, rəğbətdir, birgəlik hissidir, bütün problemlərin belə bir birgəliyin gücü ilə aradan qaldırıla biləcəyinə və zaman-zaman həqiqətən aradan qaldırıldığına güclü inam hissidir...

Mehriban xanım Prezidentimizin gördüyü işlərə davamlı dəstəyi ilə, həyata keçirilən siyasətə töhfələri ilə bu inamı daha da qüvvətləndirir, xalq-dövlət münasibətlərinə pozitiv ruh gətirir.

Onun səmimiyyəti, sadə insanlarla arada bürokratik sədlər qoymaması, stereotiplərdən uzaqlığı hər zaman böyük rəğbət doğurur. Rəhbərin mütləq quru, vəzifə adamının sərt insan olması, idarəçiliyin yalnız bu şəkildə mümkünlüyü barədə əsrlərdən bəri formalaşmış fikirlə o, heç zaman razılaşmır və hesab edir ki, bunlar yanlışdır...

Müsahibələrindən birində bu barədə düşüncələrini bölüşərkən demişdi: "Düşünürəm ki, rəhbərin mütləq quru insan olması ideyası da müəyyən dərəcədə stereotipdir. Məsuliyyətli - bəli, prinsipial - bəli, iradəli - bəli. Quruluq, sərtlik vacib keyfiyyət deyil. Mənim üçün insanlarla işləmək bacarığı, sənin baxışlarını prinsipcə bölüşən, sənin ardınca getməyə hazır olan həmfikirlər komandası yaratmaq bacarığı daha vacibdir. Çünki onlar anlayırlar ki, sənin işlərin xeyirxahlığa yönəlib. Çox vacibdir ki, bəyan və elan edilənlər həqiqətən, baş verənlərlə üst-üstə düşsün. Çünki insanlar hər şeyi görürlər, hər şeyi anlayırlar”.

Və bu məqamdan Mehriban xanımın xarakterinin ən ümdə, aparıcı xüsusiyyəti başlanır. Bu, vətənpərvərlikdir, vətənə, torpağa, millətə sonsuz məhəbbətdir.

Bu hiss parlaq bir xətt kimi onun bütün fəaliyyətindən keçir və ulu öndər Heydər Əliyevin "Xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir” düşüncəsi, Mehriban xanımın da həyat və fəaliyyətində öz ifadəsini tapır.

Təqvimə baxıram...

Aylar, həftələr, günlər, onları işarələyən rəqəmlər 21 fevral tarixinin ardınca da sıralanıb gedir. Düşünürəm ki, nə vaxtsa bu günlər də həyatımızda bir keçmişə çevriləcək. Dünya üçün də, Azərbaycan üçün bir tarix olacaq...

Və bir anlıq mənə elə gəlir ki, gələcəyin bələdçisi olan o rəqəmlərin hər birinə 21 fevral kimi tarixi günlərimizdən mütləq işıq düşəcək...

Cənab İlham Əliyev, Mehriban xanım Əliyeva kimi şəxsiyyətlərimiz Azərbaycanın bundan sonrakı hər gününü o rəqəmlərə yeni bir dövlətçilik nailiyyətimizlə yazacaqlar...

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı-publisist

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video