21 Fevral 2019 00:45
511
İQTİSADİYYAT
A- A+

Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı işini plenar sessiya ilə davam etdirib


Fevralın 20-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı işini plenar sessiya ilə davam etdirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Cənub qaz dəhlizi” layihəsində iştirak edən ölkələrə və layihəni dəstəkləyənlərə minnətdarlığını bildirdi. Nazir layihənin verdiyi enerji töhfəsi ilə yanaşı, sosial baxımdan da uğurlu olduğunu, onun icrası nəticəsində yeni iş yerlərinin yaradıldığını və ölkələrin daha da inkişafına səbəb olacağını qeyd etdi. Bugünkü toplantıda "Cənub qaz dəhlizi” üzrə görülən işlərin və "Şahdəniz-2” yatağının inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyini vurğulayan nazir dedi:

- Hazırda biz onun şahidiyik ki, məhz təbii qaza olan tələbat artır. Çünki onun sayəsində havaya az karbon qazı buraxılır. Biz elə bir dövrdə yaşayırıq ki, enerji təhlükəsizliyi məhz hasilatçı, istehlakçı və tranzit ölkələr arasında münasibətlərin inkişafında mühüm rol oynayır. Bu baxımdan, "Cənub qaz dəhlizi” layihəsi monumental bir işdir. Çünki hazırda Avropada bu, ilk meqalayihədir ki, enerji təhlükəsizliyinin bütün komponentlərini özündə ehtiva edir. Bizim nailiyyətlərimiz birgə işin bəhrəsidir. Çünki biz vahid komanda kimi Xəzərdə hasil olunan qazın Avropaya ən təhlükəsiz ixrac marşrutu ilə nəql edilməsinə çalışırıq. Bu gün biz Avropa qaz bazarının yaradılması yönündə işləyirik və burada rəqabətədavamlılıq, mənbələrin və marşrutların şaxələndirilməsi nəzərdə tutulur.

"Cənub qaz dəhlizi” bütün iştirakçı tərəflərin maraqlarına xidmət edir və geniş coğrafiyada enerji təhlükəsizliyinin davamlılığına töhfə verir. Çox əhəmiyyətli haldır ki, biz, demək olar, hər il Məşvərət Şurasının toplantısına qoşulan ölkələrin siyahısında yeni tərəfləri görürük və onlar hamısı bu layihənin əhəmiyyətindən danışır. Bu, layihənin potensial faydasını göstərir. Serbiya, Macarıstan və San-Marino ilk dəfədir ki, bu il bizə qoşulur.

İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ölkəsinin layihə ilə bağlı bütün görüşlərdə iştirak etdiyini bildirdi, bu görüşlərin fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət olduğunu vurğuladı. Enerji təhlükəsizliyinin artırılması məqsədilə istehsalçı və istehlakçı ölkələr arasında əməkdaşlığın səmərəliliyini daha da artırmağa ehtiyacın olduğunu deyən Andrea Cioffi qeyd etdi ki, müasir dünyada enerji təhlükəsizliyi enerji siyasətinin tərkib hissəsi olaraq qalır. İtaliya hökumətinin rəsmisi "Cənub qaz dəhlizi” layihəsinin regional əhəmiyyətini vurğulayaraq bildirdi:

- TAP layihəsi bütün Balkan bölgəsinin qaz boru kəməri şəbəkəsinin inkişafına imkan verəcək. Həmçinin Cənub-Şərqi Avropada qaz nəqliyyatı üzrə şəbəkələrin və qaz satışının inkişafına kömək edəcək. TAP layihəsindən yalnız Albaniya deyil, İon-Adriatik qaz kəməri vasitəsilə TAP-a bağlı olan Xorvatiya və Monteneqro da yararlanacaq ki, bu da Yunanıstan-Bolqarıstan interkonnektor layihəsi hesabına Yunanıstandan qoşulmaq marağında olan Bolqarıstan kimi Qərbi Balkanın bütün ölkələri faydalanacaq.

Bu gün biz sessiyada həyata keçirilməsində əhəmiyyətli nəticələr əldə edilmiş "Cənub qaz dəhlizi” haqqında müzakirələr aparacağıq. Azərbaycan və layihəyə cəlb olunan digər ölkələrlə yüksək səviyyəli əlaqələrə əsaslanan "Cənub qaz dəhlizi”nin açılmasında mən İtaliyanın töhfəsini bir daha vurğulamaq istəyirəm. Bu töhfənin dövlətlər arasında mükəmməl ikitərəfli əlaqələrə əsaslandığını bildirərək çıxışımda bir məsələyə də toxunmaq istəyirəm. Şaxələndirmə məsələsində digər ölkələr kimi, İtaliyanın da marağı var. Çünki məhz Avropada qurduğumuz yeni enerji birliyinin əsas ölkələrindən biri olaraq qitənin qaz təchizatının təhlükəsizliyini artırırıq.

ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Sandra Oudkirk bu tədbirə qatılmasından məmnunluğunu ifadə edərək toplantıda iştirakına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi. O, Azərbaycanda hasil edilən böyük həcmdə qazın tarixdə ilk dəfə olaraq "Cənub qaz dəhlizi” ilə yaxın zamanlarda Avropa bazarlarına çatdırılacağını vurğulayaraq dedi:

- Ötən il ərzində biz "Cənub qaz dəhlizi”nin sonuncu hissəsi olan Transadriatik boru kəmərinin tamamlanmasında da mühüm irəliləyişə nail olduq. Əgər işlər planlaşdırılan qaydada gedərsə, 2020-ci ildə ilk qaz TAP vasitəsilə İtaliyaya və Yunanıstana nəql olunacaq. Transadriatik boru kəmərinin və Yunanıstan-Bolqarıstan interkonnektorunun inşasının başa çatdırılması Azərbaycan ilə Avropa arasında siyasi və iqtisadi münasibətlərdə, eləcə də Avropanın enerji təhlükəsizliyində tarixi an olacaqdır. Mən bu cür gözəl nailiyyətləri mümkün etdiyinə görə Prezident Əliyevi və burada təmsil olunan bütün ölkələri və şirkətləri təbrik edirəm.

Birləşmiş Ştatlar bu layihə ilk dəfə on il əvvəl təklif olunandan etibarən "Cənub qaz dəhlizi”ni qətiyyətlə dəstəkləyib. Biz bilirik ki, o, enerji təchizatının şaxələndirilməsində Azərbaycanın və Avropanın göstərdiyi səylərdə mühüm rol oynayaraq Xəzər regionunda daha geniş iqtisadi inteqrasiyanı təmin edə bilər. Prezident Tramp bu layihənin vacibliyini vurğulayır. O, 2018-ci ildə Prezident Əliyevə göndərdiyi məktubunda "Cənub qaz dəhlizi”ni inanılmaz nailiyyət adlandıraraq, onu Avropaya lazım olan enerji təhlükəsizliyini təmin edən layihə kimi qiymətləndirmişdir.

Hamımızın bildiyi kimi, "Cənub qaz dəhlizi” genişlənmək məqsədilə tikilmişdir. Bunu nəzərə alaraq deməliyəm ki, o, Aralıq dənizinin şərqindən, Mərkəzi Asiyadan və Qafqazdan Avropadakı istehlakçılara daha böyük həcmdə qazın çatdırılması, onun dinc şəraitdə hasil edilməsi baxımından region ölkələri üçün fürsətdir. Birləşmiş Ştatların hökuməti bu məqsədə nail olmaqda göstərdiyiniz səyləri qətiyyətlə dəstəkləyəcək. Gələn illərdə biz regionun resurs potensialını reallaşdırmaq və onu dünyanın ən iri enerji bazarına açıq etmək üçün imkanları araşdıraraq sizinlə birlikdə işləyəcəyik.

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Prezident İlham Əliyevi və Azərbaycan hökumətini toplantının təşkili münasibətilə təbrik etdi. O, gözəl Bakıda olmaqdan məmnunluğunu bildirdi, Azərbaycanın əsas qlobal enerji iştirakçısı kimi artan strateji əhəmiyyətindən danışaraq dedi:

- Bu, sadəcə, dünyada ən iri infrastruktur layihələrindən biri deyil. Ümumi təhlükəsizliyimizi, rifahımızı və ətraf mühit məqsədlərimizi təşviq edən "Cənub qaz dəhlizi” bütün iştirakçılar üçün xüsusi əhəmiyyətlidir. Azərbaycan bu gün burada təmsil olunan bütün tərəflərə xidmət edən Xəzərin ehtiyatlarının dünyaya çıxarılmasında əsas rol oynadı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin açılması ilə Azərbaycanın nefti Gürcüstan və Türkiyə vasitəsilə Avropa bazarlarına çatdırıldı. "Cənub qaz dəhlizi” hazırda təbii qaz üçün oxşar etibarlı ixrac marşrutudur. Xəzər qazı qaz təminatımızı şaxələndirməyə kömək edəcək. Yeni interkonnektorlar enerji şirkətlərimiz üçün yeni bazarlara çıxış yaradacaq və istehlakçıların tələbatlarını təmin etmək üçün qazın yeni marşrutla nəql olunmasına imkan verəcək. Bu, nəinki boru kəməri boyunca yerləşən ölkələrə, mənim ölkəmə, o cümlədən eyni qaz bazarlarında fəaliyyət göstərən hər birimizə xidmət edəcək. Birləşmiş Krallıq qlobal enerji təhlükəsizliyi məsələlərinə çox böyük əhəmiyyət verir.

Şaxələndirilmiş neft və qaz mənbələri nəinki etibarlı təchizatı, o cümlədən iqtisadi inkişafı təmin edir. Enerji bütün dünyada iş yerləri və artım üçün çox vacibdir. Biz hamımız etibarlı, təhlükəsizlik və təmin edilmiş enerji təchizatını arzulayırıq. Biz istəyirik ki, enerji iqtisadiyyatımız rəqabətədavamlı, həmçinin əlçatan olsun. Birləşmiş Krallıq neft və qaz sektorunda Azərbaycan ilə sıx əlaqələrini, o cümlədən Britaniya və Azərbaycanın enerji şirkətləri arasında uzun tarixi olan ticari münasibətləri yüksək dəyərləndirir.

Türkmənistan Prezidentinin müşaviri Yaxşıgəldi Kakayev bildirdi ki, "Cənub qaz dəhlizi” Avropa İttifaqı üçün prioritet enerji layihəsidir. Ölkəsinin enerji, rabitə və nəqliyyat sahələrində əməkdaşlığın çoxtərəfli formatının tərəfdarı olduğunu deyən Yaxşıgəldi Kakayev Türkmənistanda bu sahədə görülən işlərdən danışaraq bildirdi:

- Türkmənistan "Cənub qaz dəhlizi”nin icrası ilə bağlı əldə edilən əhəmiyyətli irəliləyişi, xüsusən də may ayında "Cənub qaz dəhlizi”nin birinci mərhələsinin işə salınmasını və 2018-ci ilin iyulunda TANAP layihəsinin istismara verilməsini alqışlayır. Türkmənistan da Qərb istiqamətində və Avropa ölkələri bazarını təmin etmək üçün lazım olan miqdarda təbii qazın təchizatını təşkil etmək imkanına malikdir. Şərqi Avropa ölkələrinin enerji təhlükəsizliyinə qiymətli töhfə verə biləcək mühüm infrastruktur layihələrindən biri Transxəzər qaz boru kəməridir. Bu layihənin reallaşdırılmasının texniki-hüquqi aspektlərinə dair ilk müzakirələr üçtərəfli formatda Türkmənistan, Azərbaycan və Avropa İttifaqı arasında 2011-ci ildə başlanıb. Sonradan danışıqlar beştərəfli formatda - Gürcüstan və Türkiyə də daxil olmaqla 2015-ci ildən nazir müavinləri səviyyəsində davam etdirilib. Türkmənistan Avropa istiqamətində türkmən qazının çatdırılma mümkünlüyünün müzakirəsi üzrə danışıqları bərpa və davam etdirməyə hazır olduğunu təsdiq edir. Mən əminəm ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı bu layihənin uğurla reallaşdırılmasında növbəti mühüm addım olacaq.

Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirdi ki, "Cənub qaz dəhlizi” layihəsi region ölkələrinin birgə işbirliyi həyata keçirməklə bağlı qərarını ortaya qoydu və bölgədə icra olunan digər layihələr də bundan nümunə götürməlidir. Türkiyənin TANAP vasitəsilə ilk qazı ötən ilin iyununda aldığını, artıq Yunanıstan sərhədinə qədər olan hissədə infrastruktur işlərinin tezliklə başa çatdırılmasının diqqətdə saxlandığını bildirən Fatih Dönməz TAP layihəsinin də sürətlə başa çatdırılmasına ümid etdiklərini vurğulayaraq dedi:

- Türkiyə-Azərbaycan qardaşlığı TANAP ilə bölgə coğrafiyasının sərhədlərini aşaraq yeni qitələrə və yeni zirvələrə çatdı. TANAP cənab prezidentlərimiz Ərdoğanın və Əliyevin güclü iradələri və qonşu ölkələrin uzaqgörən liderləri sayəsində ortaya çıxdı. Azərbaycanın və Türkiyənin güclü enerji baxışı sayəsində işləri birlikdə necə həyata keçirdiksə, bundan sonra da reallaşdırmağa davam edəcəyik. Bu güclü əlaqələr, bu sarsılmaz qardaşlıq və dərin məhəbbət bizim insanlığa bəxş edəcəyimiz ən böyük mirasdır.

TANAP uduzanın olmadığı tarixi bir layihədir. TANAP ilə Türkiyənin enerji sahəsində açar ölkə rolu güclənəcək. Azərbaycan tədarükçü ölkə kimi yeni bazarlara çıxa biləcək. Avropa isə mənbə ölkələrin və marşrutların şaxələndirilməsini artıra biləcək. TANAP Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə ilə yanaşı, Türkiyənin enerji siyasəti baxımından da tamamlayıcı və dəstəkləyici amil olacaq. Bu, milli enerji və mədən siyasətimizdə açıqladığımız enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyətə malik layihədir.

"Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəməri layihəsinin genişləndirilməsi barədə məlumat verən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz BP-nin "Cənub qaz dəhlizi” kimi tarixi layihədə iştirak etməkdən qürur duyduğunu bildirərək dedi:

- Prezident İlham Əliyevin xüsusi, şəxsi diqqəti və dəstəyi qlobal neft və qaz sənayesində bu vaxtadək həyata keçirilmiş ən böyük və ən mürəkkəb təşəbbüslərdən biri hesab edilən bu layihənin uğurla icrasında aparıcı amil olub. Həqiqətən də bu, çox nəhəng bir layihədir. Ölkədə hərbi sektor xaricində indiyədək həyata keçirilmiş ən böyük layihədir. Belə irimiqyaslı layihələrin özünəməxsus çətinlikləri olur. Bu cür çətinliklər texniki, mühəndis, kommersiya, normativ-hüquqi və əlbəttə, geosiyasi xarakter daşıya bilər. "Cənub qaz dəhlizi” layihəsinin özünəməxsus mürəkkəbliyi bütün bu aspektləri özündə cəmləşdirir. Bu layihəni bir şirkətin, yaxud da bir ölkənin gerçəkləşdirməsi mümkün olmazdı. Bu layihənin icrası yeddi ölkənin və hökumətin, Avropa İttifaqının və digər müvafiq beynəlxalq təşkilatların, tərəfdaşlarımızın dörd ölkədəki alıcıları, tikinti işlərinə cəlb olunmuş 40 min insanı, çox sayda podratçı şirkətin, yüzlərlə icmanın, tənzimləyici orqanların, yerli icra orqanlarının və bir çox coğrafi regionda yerləşən digər maraqlı tərəflərin dəstəyi, birgə fəaliyyəti, əməkdaşlığı, əlaqələndirməni və razılaşdırmanı əhatə etdi.

TANAP-ın baş direktoru Saltuk Düzyol və TAP-ın icraçı direktoru Luka Şipati çıxış edərək "Cənub qaz dəhlizi” layihəsinin əhəmiyyətindən, Azərbaycanın regionun və Avropanın enerji təhlükəsizliyində rolundan danışdılar.

* * *

Sonra Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi və "Şahdəniz-2” layihəsinə həsr olunan videoçarx nümayiş olundu.

Daha sonra Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən Birgə Bəyannamə qəbul edildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video