21 Fevral 2019 00:45
647
İQTİSADİYYAT
A- A+

Enerji təhlükəsizliyi və geniş beynəlxalq əməkdaşlıq layihəsi


Prezident İlham Əliyev: "Cənub qaz dəhlizi”nin dörd elementindən üçü artıq hazırdır və istifadə olunur 


Dünən Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısında layihənin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fəaliyyətdə olan həmsədri Günter Ottinger iştirak etdilər.

Bu, sayca beşinci toplantı idi. 2015-ci ildən keçirilən bu iclasların hamısına Azərbaycan evsahibliyi edib. Bu faktın özü də ölkəmizin sözügedən layihəyə liderlik etdiyini bir daha təsdiqləyir.

Məşvərət Şurasının son beş ildə keçirilən toplantıları layihənin irəliləməsində mühüm rol oynayıb. Belə ki, bu tədbirlərdə görülmüş işlər barədə geniş söhbət açılıb, qarşıda duran vəzifələr müzakirə edilib, layihə ətrafında fikir mübadiləsi aparılıb.

Keçən ilin fevral ayında keçirilən dördüncü toplantıdan sonra "Cənub qaz dəhlizi”nin salnaməsində mühüm səhifələr yazılıb. May ayında Bakı yaxınlığındakı Səngəçal terminalında "Cənub qaz dəhlizi”nin rəsmi açılışı olub. İyun ayında TANAP (Transanadolu Qaz Boru Kəməri) istifadəyə verilib. Beləliklə, indi "Cənub qaz dəhlizi”nin üç seqmenti fəaliyyətdədir. Layihənin ehtiyat mənbəyi olan "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasil edilir. Mavi yanacağı Azərbaycanın və Gürcüstanın ərazisi ilə nəql edən Cənubi Qafqaz Boru Kəməri (CQBK) genişləndirilib. Türkiyə ərazisində 1900 kilometr məsafə boyu uzanan, "Cənub qaz dəhlizi”nin "onurğa sütunu” adlandırılan TANAP istismara verilib. Kəmər fəaliyyətə başlayandan sonra Türkiyəyə 1 milyard kubmetr qaz ixrac edib.

"Cənub qaz dəhlizi” Azərbaycanın yaratdığı mükəmməl beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq sayəsində gerçəkləşən layihədir. Burada yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Albaniya, Yunanıstan, Bolqarıstan və İtaliya iştirak edir. Məşvərət Şurasının beşinci toplantısında qeyd edilib ki, Azərbaycan Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro ilə Avropada enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair anlaşma memorandumu imzalayıb. Bunun nəticəsində ölkəmiz enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradacaq. Budəfəki toplantıda Macarıstan, Rumıniya, Serbiya, San-Marino və Türkmənistandan olan nümayəndələr də iştirak ediblər. Bu, o deməkdir ki, həm iştirakçıların sayı ildən-ilə artır, həm də layihəyə maraq göstərən dövlətlərin.

Sözügedən toplantıda Azərbaycanın təşəbbüskarı olduğu bütün enerji layihələrinin, xüsusilə "Cənub qaz dəhlizi”nin reallaşmasında Amerika Birləşmiş Ştatları hökumətinin göstərdiyi davamlı dəstək də vurğulandı. Eləcə də layihədə fəal iştirak edən şirkətlərin böyük əməyi qeyd edildi. SOCAR-BP tərəfdaşlığı yüksək dəyərləndirildi. Beynəlxalq maliyyə qurumlarının layihəyə yaxından dəstək göstərdiyi bildirildi.

Məşvərət Şurasının beşinci toplantısında çıxış edən Prezident İlham Əliyev "Cənub qaz dəhlizi”nin enerji təhlükəsizliyi və beynəlxalq əməkdaşlıq layihəsi olduğunu vurğulayaraq onun həm də enerjinin şaxələndirilməsində mühüm rol oynadığını qeyd etmişdir: "Enerji resurslarının şaxələndirilməsi istehsalçı, istehlakçı və tranzit ölkələr üçün çox vacibdir. Hesab edirəm ki, biz burada yaxşı balans tapa bilmişik - yəni, istehsalçı olan Azərbaycan və istehlakçı və tranzit dövlətlər arasında. Maraqların balansı bu layihənin uğurunu şərtləndirir. Çünki biz bir-birimizin ehtiyac və narahatlıqlarını anlamağa çalışırıq. Çalışmışıq ki, bir-birimizi dəstəkləyək, zənnimcə, bu işdə uğurlu olmuşuq və belə toplantıların əhəmiyyəti olduqca böyükdür. Çünki biz il ərzində görülən işləri nəzərdən keçirir, eyni zamanda, gələcək addımlarımızı planlaşdırır və işimizin irəlilədilməsi məqsədilə il ərzində isə ikitərəfli və çoxtərəfli görüşlər, məsləhətləşmələr və konfranslar keçiririk”.

"Cənub qaz dəhlizi” enerjinin şaxələndirilməsi layihəsi olmaqla yanaşı, nəqliyyat marşrutlarının və mənbələrin diversifikasiyası rolunu da oynayır. Toplantıda qeyd edildiyi kimi, Azərbaycan Avropaya enerji resurslarının nəqli baxımından yeni mənbədir və təbii ki, yeni kəmərlər inşa etməklə enerji marşrutlarını da şaxələndirir. Başqa sözlə, "Cənub qaz dəhlizi” Avropanın enerji xəritəsini dəyişdirən layihədir. Odur ki, onun əhəmiyyəti də getcikcə artır.

"Cənub qaz dəhlizi” artıq mənzil başına yaxınlaşmaqdadır. Layihənin dördüncü - sonuncu seqmenti olan TAP-ın (Transadriatik Qaz Boru Kəməri) çəkilişi uğurla davam edir. Ötən ilin fevral ayında keçirilən dördüncü toplantıda TAP-ın tikintisi 67 faiz səviyyəsində idi. İndi isə son göstəricilərə görə bu rəqəm 87 faizdir.

"Cənub qaz dəhlizi” çərçivəsində görülən işlərə və qarşıda duran vəzifələrə bir daha nəzər salan beşinci toplantı nümayiş etdirdi ki, layihə müvəffəqiyyətlə yekunlaşacaq. Bu, layihədə iştirak edən bütün ölkələrin, şirkətlərin, maliyyə qurumlarının uğuru olacaq.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video