21 Fevral 2019 00:42
754
Təhsil
A- A+

31-ci Beynəlxalq İnformatika Olimpiadasının yerli və beynəlxalq təşkilat komitələrinin birgə iclası keçirilib


Fevralın 20-də ADA Universitetində məktəblilərin 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI 2019) yerli və beynəlxalq təşkilat komitələrinin birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda bu il avqustun 4-dən 11-dək Bakıda keçiriləcək olimpiadaya hazırlıq prosesi, təşkilat komitələrinin və tərəfdaş qurumların fəaliyyəti müzakirə olunub.

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev məktəblilər arasında keçiriləcək 31-ci beynəlxalq olimpiadaya Azərbaycanın evsahibliyi edəcəyini yüksək dəyərləndirib. Universitetin tədris proqramı və fəaliyyət istiqamətləri barədə məlumat verən rektor bu ali məktəbdə informasiya texnologiyaları və mühəndislik fakültəsinin olduğunu diqqətə çatdırıb.

Beynəlxalq İnformatika Olimpiadasının ilk dəfə 1989-cu ildə Bolqarıstanda keçirildiyini deyən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Azərbaycan bu bilik yarışına 1994-cü ildən qoşulub. Respublikamız bu beynəlxalq tədbirdə 24 dəfə təmsil olunub. Ümumilikdə 55 azərbaycanlı məktəbli bu olimpiadada iştirak edib. Şagirdlərimiz Beynəlxalq İnformatika Olimpiadasından bugünədək biri gümüş, dördü bürünc olmaqla beş medal qazanıblar.

Azərbaycanın ilk dəfə 2019-cu ildə bu nüfuzlu elm yarışına evsahibliyi edəcəyini deyən F.Qurbanov bu əlamətdar hadisəni yüksək dəyərləndirib. Qeyd edilib ki, 31-ci Beynəlxalq İnformatika Olimpiadasının Bakıda keçirilməsi haqqında qərar Yaponiyanın Tsukuba şəhərində məktəblilərin IOI 2018-in bağlanış mərasimində elan edilib və olimpiadanın bayrağı Azərbaycanın nümayəndə heyətinə təqdim olunub.

Diqqətə çatdırılıb ki, beynəlxalq tədbirin yüksək səviyyədə təşkil olunması üçün Təhsil Nazirliyi tərəfindən təşkilat komitəsi yaradılıb. Olimpiadaya bu il 90-a yaxın ölkədən təxminən 500-dən çox şagird və müəllimin qatılacağı gözlənilir.

Nazir müavini builki yarışmada azərbaycanlı məktəblilərin uğurlu nəticələr göstərəcəyinə əminliyini bildirib.

Müasir dünyada texnologiyaların inkişafının gələcək üçün vacibliyini qeyd edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkə başçısı tərəfindən İKT-nin inkişafına göstərilən diqqət və qayğıdan söz açıb. Qeyd edib ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də İKT ilə bağlı yeniliklərin ölkəmizə gətirilməsidir. Bu mühüm tədbirə ölkəmizin evsahibliyi etməsi və hazırlıq prosesinin yüksək səviyyədə təşkili bunun bariz nümunəsidir.

Beynəlxalq İnformatika Olimpiadasının prezidenti Qreq Li fevralın 17-dən 21-dək Bakıda IOI 2019-un qış iclasının keçirildiyini söyləyib. Nəzərə çatdırıb ki, üçgünlük səfər çərçivəsində olimpiadanın beynəlxalq təşkilat komitəsinin üzvləri ötən ilin sentyabrından ölkəmizdə başlanan hazırlıq prosesi ilə tanış olub, yarışın keçiriləcəyi məkanları və texniki imkanları təftiş ediblər. Olimpiadaya hazırlıq prosesinin yüksək səviyyədə təşkil olunduğunu deyən Qreq Li Azərbaycanın bu beynəlxalq tədbirə ciddi hazırlaşdığını deyib.

ADA Universitetinin informasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Araz Yusubov Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq prosesi və tərəfdaş qurumların fəaliyyəti barədə məlumat verib. Bildirib ki, olimpiadanın əsas yarışı Milli Gimnastika Arenasında, digər tədbirlər isə Heydər Əliyev Mərkəzi, Bakı Konqres Mərkəzi və "Bulvar Hotel”də keçiriləcək.

Xatırladılıb ki, IOI 2018-in bağlanış mərasimində təşkilatçılar tərəfindən Beynəlxalq İnformatika Olimpiadasının bayrağı ölkəmizin təhsil nazirinin müavini Firudin Qurbanova təqdim olunub.

Sonra beynəlxalq və yerli təşkilat komitəsinin üzvləri iştirakçılara təqdim olunub. Qonaqlar təmsil etdikləri qurum və təşkilat tərəfindən olimpiadaya hazırlıqla bağlı görülən işlər barədə məlumat veriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video