21 Fevral 2019 00:42
425
İQTİSADİYYAT
A- A+

Yeni binaların köhnə problemlərinin həllinə yaşıl işıq yandırıldı


Prezidentin son fərmanı həm sakinlərin, həm də tikinti şirkətlərinin maraqlarına xidmət edir


Bakıda və ölkənin digər iri şəhərlərində abadlıq-quruculuq işlərinin geniş vüsət alması, xüsusən yeni yaşayış binalarının tikintisi həm şəhərlərimizə bir müasirlik gətirmiş, həm də vətəndaşlarımızı məmnun etmişdir. Çünki dövrün tələblərinə cavab verməyən "xruşşovka”, "beton” və kommunal evlərdən qurtularaq rahatlığa, genişliyə çıxmaq istəyən şəhər sakinləri çoxdankı arzularına qovuşmaq imkanı qazanmışlar.

Əvvəllər sahibkarlarımızın təcrübəsi olmadığı üçün bu işlə türk inşaatçıları məşğul olurdu. Lakin yerli sahibkarlarımız qısa müddətdə inşaat işinə dərindən yiyələnərək bu gəlirli bazara sahib çıxdılar. Bununla Bakıda əsl tikinti bumu başladı. Amma müəyyən vaxtdan sonra bu işə həvəslə qoşulan sahibkarlar bir sıra bürokratik əngəllərlə qarşılaşdılar. Əvvəl tikintiyə icazə almaq, bina hazır olandan sonra isə onu istismara qəbul etdirmək üçün çoxsaylı nazirlik və idarələrdən "keçmək” lazım gəlirdi. Düzdür, Prezident bu sahədə olan əngəlləri aradan qaldırmaq üçün vaxtaşırı müvafiq dövlət qurumlarına tapşırıqlar verir, sərəncamlar imzalayırdı. Məhz bunun sayəsində tikintiyə icazə almaq, binalara işıq, su, qaz verilməsi prosedurları əvvəlki dövrə nisbətən xeyli sadələşmişdi. Lakin həll olunmayan problemlər də az deyildi. İlk növbədə binaların istismara verilməsi barədə dövlət aktı olmadığı üçün vətəndaşlar uzun müddət mənzillərini özəlləşdirə bilmirdilər. Bu səbəbdən belə binaların sakinləri illərlə özlərinə məxsus mənzillərdə pasport qeydiyyatı olmadan yaşamağa məcbur idilər. Sözsüz ki, bu cür vəziyyət həm vətəndaşların narazılığına səbəb olur, həm də tikinti şirkətlərini qarşılaşdıqları problemləri həll etmək üçün qanunsuz yollardan istifadə etməyə məcbur edirdi.

Prezident İlham Əliyevin 19 fevral 2019-cu il tarixli "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanı bu sahədəki problemləri birdəfəlik həll etmək üçün yaşıl işıq yandırmışdır. Belə ki, fərmanda mövcud problemlərin həlli ilə bağlı hər bir dövlət qurumu qarşısında mühüm vəzifə və vaxt qoyulmuşdur. Fərmanın 1.1-ci bəndində deyilir: "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərinin) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismara hazır olması barədə rəy tərtib edib binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihələrin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyət orqanlarına təqdim edir”.

Fərmanın bu əsas bəndindən də göründüyü kimi, Prezident hər bir prosedur üzrə müvafiq quruma tapşırılan vəzifəni icra etmək üçün konkret vaxt qoymuşdur. Məsələn, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə rəy bildirmək üçün 7 gün vaxt verilib. Əmlak Məsələləri Dövlət Komitəsi isə tikintinin aparıldığı torpaq sahəsinin təyinatı üzrə istifadə edilmədiyi barədə məlumat daxil olduğu gündən 10 gün müddətində həmin ərazilərin kateqoriyasının dəyişdirilməsi barədə Nazirlər Kabineti qarşısında vəsadət qaldırmalıdır. "Azərsu”, "Azərişıq” ASC-lər, "Azəriqaz” İstehsalat Birliyi də çoxmənzilli yaşayış binalarını istismara icazə verilən gündən 1 ay müddətində su, kanalizasiya sistemi, işıq və qazla təmin etməlidirlər. Fərmanın gələn ilin əvvəlinəcən qüvvədə olacağı isə sözügedən sahədəki mövcud problemlərin ilin sonunacan həll ediləcəyindən xəbər verir.

Prezident İlham Əliyev sosial-iqtisadi inkişafı sürətləndirən, struktur islahatlarının aparılmasını təmin edən çoxsaylı fərman və sərəncamlar imzalayıb. Dövlət başçısının bu fərmanının da həm iqtisadi, həm də sosial baxımından əhəmiyyəti böyükdür. Fərmanın tikinti ilə məşğul olan şirkətləri bürokratik əngəllərdən xilas edəcəyi, əhalinin isə sosial-kommunal problemlərinin operativ həllinə imkan yaradacağı belə qənaətə gəlməyə əsas verir.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video