20 Fevral 2019 01:14
769
İQTİSADİYYAT
A- A+

Sumqayıt yenidən neft-kimya sənayesi mərkəzinə çevrilir


"SOCAR Polymer” bu sahədə dövlət-özəl sektor tərəfdaşlığı ilə yaradılan ilk şirkətdir


Bu gün Sumqayıt təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının nəticələri bu şəhərin simasında, eləcə də sakinlərinin güzəranında özünü aydın əks etdirir.

Son illərdə burada bir çox müasir müəssisələr fəaliyyətə başlayıb, sosial və infrastruktur layihələri həyata keçirilib.

Bütün bunlara görə sumqayıtlılar dövlətə, şəxsən Prezident İlham Əliyevə minnətdardırlar. Prezidentin Sumqayıta növbəti səfəri zamanı onlar bu minnətdarlıq hisslərini, ürək sözlərini bir daha ifadə etdilər, dövləti daim bütün işlərdə dəstəklədiklərini bildirdilər.

Sumqayıt şəhərinə səfəri zamanı dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən Yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak etdi. Xatırladaq ki, "SOCAR Polymer” zavodlarının təməli 2015-ci ilin oktyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Keçən ilin iyul ayında isə layihə çərçivəsində inşa edilmiş Polipropilen zavodunun açılışı olub. Bu tədbir Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə keçirilib.

"SOCAR Polymer” zavodları ilkin mərhələdə ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüskəksıxlıqlı polietilen istehsal edəcək. Daxili bazarın tələbatı ödənildikdən sonra qalan məhsul Türkiyəyə və Avropaya ixrac olunacaq.

Bu, ümumi investisiya xərcləri 816 milyon dollar təşkil edən bir müəssisədir. İstehsal müddətində onun dövlət büdcəsinə ümumilikdə 600 milyon dollar məbləğində vergilər ödəməsi nəzərdə tutulub. "SOCAR Polymer”in fəaliyyəti ölkənin qeyri-neft sektorunun ixrac gəlirlərini 15 faiz, Abşeron iqtisadi regionunun ümumi daxili məhsulunun həcmini 14 faizdən çox artıracaq.

Fevralın 18-də yüksəksıxlıqlı polietilen zavodunun açılışını edən Prezident İlham Əliyevə xatirə kimi müəssisənin ilk məhsulu hədiyyə olundu. Dövlət başçısı "SOCAR Polymer”in tam gücü ilə işə başlamasını əlamətdar hadisə kimi dəyərləndirdi. Zavodun tikintisində xarici bankların da fəal iştirak etdiyini xatırladaraq bunu ölkəmizə inamın təzahürü kimi dəyərləndirdi. Ümumiyyətlə, Azərbaycanın sənayeləşmə siyasətinin uğurlu nəticələr verdiyini dedi: "Zavodun istehsal gücü 300 min ton olacaqdır. Bu, bizim qeyri-neft ixracımızın 15 faiz artımı deməkdir. Bizim əsas məqsədimiz qeyri-neft ixracını artırmaq, ölkə iqtisadiyyatını şaxələndirmək, yeni iş yerləri açmaq və Azərbaycanda müasir texnologiyalı müəssisələrin yaradılmasına nail olmaqdır.

Bununla paralel olaraq belə böyük, texnoloji cəhətdən müasir zavodların fəaliyyəti gənclərin hazırlanmasına da xidmət göstərir”.

Sumqayıt Kimya Sənaye Parkında, ümumiyyətlə, şəhərdə istifadəyə verilən çoxsaylı istehsal müəssisələrində və sosial obyektlərdə minlərlə insan öz məşğulluq problemini həll edə bilib. Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramları icra edilməyə başlandığı vaxtdan indiyədək Sumqayıtda 67 min yeni iş yeri açılıb. Onlardan 500-ü yeni fəaliyyətə başlayan yüksəksıxlıqlı polietilen zavodunun, 500-ü bu yaxınlarda açılan karbamid zavodunun payına düşür. İşçilərin əksəriyyəti gənclərdir. Onlar yaxşı işləmək üçün əvvəlcədən mükəmməl təlim keçiblər və indi yüksək əməkhaqqı alırlar. Yeni zavodun açılışında Sumqayıt gənclərinin müasir Azərbaycana ləyaqətlə xidmət etməsi qürur doğuran hal kimi dəyərləndirildi.

"SOCAR Polymer” zavodlarının tikintisinin ən qaynar dövründə isə inşaat meydançalarında 3500-ə yaxın işçi çalışıb. Qeyd edildiyi kimi, işçilərin bilik və bacarıq səviyyəsini artırmaq üçün onlara ölkə daxilində və xaricdə təlim-hazırlıq kursları təşkil edilib. Bu da dövlətin innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin tərəqqisinə təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, əhalinin məşğulluğunu artırmaq məqsədinin daha bir təzahürüdür.

Prezident İlham Əliyev Sumqayıtda olarkən şəhər sakinləri ilə görüşü zamanı toxunulan ümdə mövzulardan biri də məhz məşğulluq məsələsi oldu. Bir daha qeyd edildi ki, bu gün müasir sənaye mərkəzinə çevrilən Sumqayıtdakı istehsal müəssisələrində minlərlə insan işlə təmin olunub. Dövlət başçısı bütün bunlarla yanaşı, ödənişli ictimai iş yerlərinin açılması barədə də göstəriş verdiyini bildirdi: "2 min iş artıq açılıbdır. Göstəriş vermişəm ki, əlavə təqribən 2 minə yaxın ictimai iş açılsın ki, hələlik iş tapa bilməyən vətəndaşlar orada işləyə bilsinlər”.

Sumqayıtda görülən işlərin, ölkədə aparılan sənayeləşmə siyasəti istiqamətində burada həyata keçirilən ardıcıl tədbirlərin də əsas məqsədi iqtisadiyyatı şaxələndirmək, qeyri-neft məhsullarının ixracını artırmaqdır. Bu məqsədlə yaradılan müasir texnologiyalı müəssisələrdə yeni-yeni iş yerləri açılır. Məşğulluq problemi uğurla həll olunan sumqayıtlılar da, öz növbəsində, Azərbaycanın inkişaf və tərəqqisinə xidmət edirlər.

Flora SADIQLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video