Adilənin taleyi
Adilə Namazova
1926-cı il sentyabrın 9-da Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. 1949-cu ildə Tibb İnstitutunu bitirdikdən sonra Moskva şəhəri Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının aspirantı kimi fəaliyyət göstərmiş və 1959-cu ildə orada namizədlik, 1965-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının Pediatriya İnstitutunda doktorluq dissertasiyalarını müdafiə etmiş, 1967-ci ildə professor elmi adını almışdır. 1965-ci ildən indiyə kimi Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının müdiri vəzifəsində çalışır.
Adilə Namazova Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti, Ümumdünya və Avropa Pediatrlar Assosiasiyası idarə heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Assosiasiyasının vitse-prezidenti, Türkdilli və başqa ölkə pediatrlarının V konqresinin prezidenti, SSRİ-nin xalq deputatı, eləcə də Ali Sovetinin Komitə sədri olmuşdur. Uşaq Fondunun sədridir.
Azərbaycanın ilk qadın pediatr alimidir. 400-dən artıq elmi əsərin, 20 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir.
Görkəmli akademik Adilə Namazova elmi, pedaqoji, həkimlik və ictimai fəaliyyətinə görə yüksək mükafatlara layiq görülmüşdür. O, SSRİ-nin "Səhiyyə əlaçısı" döş nişanını (1980), əməkdar elm xadimi (1981), Dövlət mükafatı laureatı (1982) fəxri adlarını almış, "Şöhrət" ordeni (1996), Səhiyyə Nazirliyinin "Akademik M.A.Topçubaşov" döş nişanı (2006), Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi tərəfindən "Müqəddəs Çar Dmitri ordeni" (2007), "Şərəf" ordeni (2011), 2016-cı ildə AMEA-nın Akademik Mirəsədulla Mirqasımov adına mükafatı, Rusiya Pediatrlar Birliyinin "Akademik G.Speranski" medalı, Azərbaycan Respublikası Prezidentinin diplomu ilə təltif edilmişdir.
***
"Bu dünyanın varı-dövləti, hamısı boş şeydir. İnsana həyatda ancaq hörmət, cansağlığı, xeyirxahlıq, bir də məhəbbət lazımdır.
Allah mənə cansağlığı versin ki, axıra qədər millətimə, xalqımın uşaqlarına layiqincə qulluq edim, respublikamıza yeni gənc həkimlər və elmi kadrlar yetişdirim.
Bu gün geriyə dönüb baxanda, həyat yoluma nəzər salanda peşmançılıq hissi keçirdiyim heç bir şey yoxdur. Həmişə çalışdığım qədər bacardığımı yerinə yetirmişəm...”
Cəsur ürək
Azərbaycan xalqının şöhrət tacı olan qadınlar tarixdə hər zaman olub. Onlar ölkəmizin ictima-siyasi həyatında baş verən hadisələrdə fəal iştirak edib, təhsilinin, mədəniyyətinin, o cümlədən tibbinin inkişafı üçün əllərindən gələni əsirgəməyiblər.
O da intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük alim, yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi olan qadındır...
İnsanlara, uşaqlara olan məhəbbəti sonsuzdur. Sevib seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu gün - 93 yaşında da məşğul olur, övladlarımızın sağlamlığının və ürəyinin keşiyində durur...
Deyir ki, insanı hərəkətləndirən, cəmiyyəti inkişaf etdirən fiziki yox, əqli gücdür. Qadınlar belə baxanda zəif görünürlər, amma elə ki situasiya gərginləşir, o zaman çox güclü olurlar.
Azərbaycanda, Yaxın Şərqdə Pediatriya üzrə ilk qadın elmlər doktoru, professor, SSRİ Tibb Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, dövlət mükafatı laureatı Adilə Namazova "Zəriflərin dünyası”nda keçdiyi uzun və şərəfli həyat yolundan danışır...
Qucağımda uşaq, əlimdə portfel
- 93 il əvvəl Ağdamın Seyidli kəndində dünyaya gəlmişəm. Çoxuşaqlı ailədə böyümüşəm. 6 doğma bacı-qardaş idik, üçünü isə atamgil himayəyə götürmüşdü, onlardan ikisi qohum, biri isə tamamilə yad idi. Mən 9 uşaqdan ikincisi idim. Ailədə böyük olduğum üçün əksər vaxtlarda ailənin ağırlığı, uşaqlara qayğı göstərmək böyüklərin üzərinə düşürdü. Buna görə də böyük qardaşım və mən kiçik bacı-qardaşlarımıza kömək edirdik. Onlara qulluq edir, nazını çəkir, geyimlərinə diqqət edirdim. Beşinci bacım anadan olanda mən 5-ci sinifdə oxuyurdum. Anam da tikiş fabrikində işləyirdi, səhər saat 5-də gedirdi işə. Buna görə mən səhər tezdən durur, uşağı yedizdirir, təmizləyir, bələyir və qucağıma alıb aparırdım Bakıda, indiki Zabitlər evi ilə üzbəüz olan uşaq bağçasına. Evimiz də dəniz kənarında, indiki Zərifə Əliyeva küçəsi, 19 saylı binada yerləşirdi. Qucağımda uşaq, bir əlimdə portfel xeyli yol qət etməli olurdum. Uşağı bağçaya təhvil verib, məktəbə gedirdim. Dərsdən çıxandan sonra evdəki işləri görüb, axşam saat 5-də yenidən bacımı bağçadan götürməyə gedirdim.
Görünür, ailədə olan çoxuşaqlılıq insanda şüuru elə inkişaf etdirir ki, bir-birinə qayğı göstərmək lazımdır. Düzdür, o qayğı irsi olaraq qanla keçir, amma həyat da məcbur edir ki, özündən kiçiklərə qayğı göstərəsən...
Hambal da olsan, işində həmişə seçil...
- Həkim olmaq isə mənim uşaqlıq arzum idi. İnsanlara qulluq etməkdən xoşum gəlirdi. İkimərtəbəli binada yaşayırdıq, həyətimiz ümumi idi. Qonşulardan kim xəstə olsa, gedib deyirdim ki, mən sizə qulluq edimmi? Kətil gətirirdim, üzərinə dəsmal sərirdim, su, dərmanlarını qoyurdum. Soruşurdum ki, bu gün hərarətin neçə olub, sənə nə lazımdır? Görünür, həkimlik də, mühəndislik də, müəllimlik də insanın əvvəldən qazandığı səriştəsidir, ona Allah tərəfindən verilən bir vergidir. Mən həkimliyi o vaxtdan seçdim.
Orta məktəbi əla qiymətlərlə bitirmişdim, hansı fakültəni istəsəm, seçə bilərdim. O zaman rəhmətlik atamla məsləhətləşdim ki, mən hansı instituta gedim? Dedi ki, hansına gedirsən get, amma yaxşı mütəxəssis ol, seçil. Onun belə bir sözü var idi ki, hambal da olsan, işində həmişə seçil...
Beləliklə, mən sənədlərimi tibbə - pediatriyaya verdim. Görünür, uşaqları çox sevdiyimdən bu addımı atdım. Elə indi də balaca uşaq görəndə sakit dayana bilmirəm, onları mehriban dindirdiyimə görə, onlar da məni sevirlər. Adətən uşaqlar həkimdən qorxar, amma valideynlər deyir ki, uşaqlar sizdən qorxmur. Görünür, bu da insanın qəlbindən, uşaqlara yanaşmasından asılıdır.
Pediatriya fakültəsini bitirəndən sonra doğma Ağdam rayonuna getdim. Orada Uşaq Məsləhətxanasında müdir idim. Bununla yanaşı, rayondakı Tibb Texnikumunda dərs deyir, təcrübə məşğələləri aparırdım. O zaman imkan var idi, hər yerdən qəzet, jurnal, kitab gətirirdilər, poçtla alırdım, amma bütün bunlar məni qane etmirdi...
Gələcəyi təyin edən o gün
- Bir dəfə Ağdamda sakinlərdən biri gəldi ki, dünən 6 yaşlı oğlum birdən-birə özündən getdi, heç kim ona yardım edə bilmədi, bax gör, qızım, onun problemi nədir? Mən uşağı hərtərəfli yoxlayıb dedim ki, mən dəqiq diaqnoz qoya bilmirəm, amma bilirəm ki, problem oğlunuzun ürəyindədir, ürək tonları aydın deyil, eşidilmir. Aparın Bakıya, orada professorlar, dosentlər var, resept yazsınlar, gələrsiniz mən müalicə edərəm. Özüm üçün də maraqlı idi ki, həkimlər nə yazacaq. O, Bakıdan qayıdanda reseptləri göstərdi, gördüm ki, vitaminlər, adi dərmanlar yazıblar. Demək uşağın ürəyində olan problemi orada da başa düşən olmamışdı və buna görə diaqnozu dəqiq qoya bilməmişdilər. Ondan sonra başa düşdüm ki, deməli, ovaxtkı pediatrlar uşaq ürəyi problemlərini o qədər də yaxşı bilmirlər. Qarşıma məqsəd qoydum ki, mən mütləq elmlə məşğul olmalıyam və uşaqların ürəyində gedən patoloji, iltihabi prosesləri öyrənməliyəm. Bunun üçün aspiranturaya daxil olmalı və bu sahədə elmi işlə məşğul olmalı idim. Aspiranturaya qəbul elan olunanda sənədlərimi verdim. Gördüm ki, mənimlə bərabər 1 yerə 7 nəfər namizəd var. İmtahana girdim. Bütün imtahanlardan beş aldım, yalnız alman dili imtahanından şifahi danışığım zəif olduğu üçün 4 aldım. Rus dili imtahanında isə Azərbaycan Tibb İnstitutunun Dillər Kafedrasının müdiri, professor N.Şahsuvarov imtahanı qəbul edib suallara cavabımdan razı qalandan sonra soruşdu ki, son zamanlar hansı bədii ədəbiyyatı oxumusan?
Dedim ki, Mirzə İbrahimovun "Gələcək gün” əsərini oxumuşam və orada xoşuma gələn bir epizodu danışdım. Görünür, bu cavabım onun çox xoşuna gəldiyi üçün mənə 5 verdi.
Həmin 7 nəfərin içərisində ən yüksək balı mən topladım. 1 aydan sonra məni dəvət etdilər və soruşdular ki, hansı kafedranı istəyirsən, dedim ki, mən Azərbaycanda yox, Moskvada oxumaq istəyirəm, xahiş edirəm məni ora göndərəsiniz. Razılaşdılar...
Dəmir məntiq
- Beləliklə, Moskvaya yola düşdüm və Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda, pediatriya elminin dünya şöhrətli patriarxı akademik G.N.Speranskinin Uşaq xəstəlikləri kafedrasını seçdim. G.Speranski ilə bərabər 9 professor və dosentin iştirak etdiyi imtahandan və digər üç imtahandan 5, alman dili fənnindən isə 4 aldım və aspiranturaya qəbul oldum.
Bir neçə gün sonra akademik G.Speranskidən xahiş etdim ki, mənə elmi mövzunu uşaq ürək xəstəliklərindən versin. Dedim ki, mən bu sahəni bilmirəm, istəyirəm bu mövzuda dissertasiya yazım, öyrənim. O, mənə diqqətlə qulaq asandan sonra dedi ki, hə, sənin dəmir məntiqin var, bilmirsən, amma istəyirsən dissertasiya yazasan. Məni göndərdi uşaq xəstəlikləri revmotoloji şöbəsinə. Burada "Uşaqlarda revmotizm xəstəliyinin fəal mərhələsində ürək-damar sisteminin funksional vəziyyətinin öyrənilməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etdim. Bunun üçün mənə 3 il vaxt vermişdilər, mən 2 il yarıma bitirdim. Həmin vaxt istədilər ki, məni orada saxlasınlar. Amma Azərbaycandan bunu bildikdən sonra, teleqram vurdular ki, bizim kadrımız Azərbaycana gəlməlidir. O zaman Azərbaycanda elmi pediatriya üzrə elmi kadrlar yox idi. Ümumiyyətlə, həmin vaxt burada, nə azərbaycanlı, nə də başqa millətdən pediatriya üzrə elmlər doktoru yox idi...
Yaxşı adam çıxdı rastıma
- Sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna qayıdaraq uşaq xəstəlikləri kafedrasında asistent vəzifəsində çalışdım.
Bir müddət ATU-da çalışdıqdan sonra 1960-cı ildə İ.M.Seçenov adına Ali Moskva Dövlət Tibb İnstitutuna və SSRİ Tibb Elmləri Akademiyasının Elmi-Tədqiqat Pediatriya İnstitutuna doktorant qismində elmi ezamiyyətə göndərildim və uşaqlarda anadangəlmə ürək qüsurları problemləri ilə məşğul oldum.
Mən cərrah deyiləm, anadangəlmə ürək qüsuru olan uşaqları müayinə edirdim, onları müxtəlif müasir üsullarla, elektrofizioloji üsullarla, ürəyin və boyun damarlarının zondlaşması, angioqrafiya ilə məşğul olub diaqnozu dəqiqləşdirirdim. Bu barədə səhər konfransında məruzə edirdim və cərrahi əməliyyata göstəriş olub olmadığını əsaslandırırdım.
Beləliklə, "Uşaqlarda ürək arakəsməsinin anadangəlmə qüsurlarının kliniki əlamətləri, differensial diaqnozu, cərrahi əməliyyata göstəriş və əks göstərişləri” mövzusu üzrə doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsinə yiyələndim və doğma Azərbaycana qayıtdım.
O zaman Azərbaycanda böyük bir laboratoriya yaratdım, gəncləri yığdım başıma, elmi işlər apardıq və onlar bir-birinin ardınca namizədlik və doktorluq dissertasiyasını müdafiə etdilər. Hazırda onlar dosentdirlər, professordurlar...
Beləliklə, Azərbaycanda həm qadınlar, həm də kişilər arasında ilk pediatriya üzrə doktorluq müdafiə edən elmlər doktoru oldum.
Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra ailə qurdum. Özü də, min rəhmət olsun, yaxşı adam çıxdı rastıma. Mənə çox böyük dayaq oldu.
İki böyük ölkənin akademiki - yeganə qadın
- 1971-ci ildə teleqram aldım ki, məni SSRİ-i Tibb Elmləri Akademiyasına müxbir üzv seçiblər. Çox gənc idim. Azərbaycanda o zamana qədər bircə M.A.Topçubaşov akademik seçilmişdi. Mən isə ilk gənc qadın akademik idim. Bu münasibətlə ulu öndər şəxsən məni qəbul edib təbrik etdi, xoş sözlər söylədi və mənə daha böyük entuziazm ilə çalışıb yeni uğurlar qazanmağı, doğma Azərbaycanımızı dünyada tanıtmağı tövsiyə etdi. Bu, bütün gənclər, həkimlər, tələbələr üçün böyük bir nümunə oldu.
O zaman SSRİ-də də elə bir qadın yox idi ki, gənc yaşından akademiyaya üzv seçilsin, çünki ora üzv seçilmək olduqca çətin idi. Sonra Azərbaycan Elmlər Akademiyasına da üzv seçildim və beləliklə, iki böyük ölkənin akademiyasının üzvü oldum. Nə Şərqdə, nə Qərbdə elə bir qadın yoxdur ki, iki böyük ölkənin akademiyasının üzvü olsun.
Mənim rəhbərliyim altında yetişən tibb üzrə fəlsəfə və elmlər doktorlarının sayı 100-dən çoxdur. Beynəlxalq forumlarda çıxışlarım əsasında tərtib olunan məqalə və tezisləri, xarici ölkələrə (Yaponiya, ABŞ, İtaliya, Fransa, Almaniya, Əlcəzair, Misir, Hindistan, Argentina və s.) səfərləri zamanı etdiyim çıxışların əl yazıları, eyni zamanda yol qeydləri, xarici mətbuatda çap edilən elmi məqalələrdən dünya məni tanıyır.
Erməni deputatları susdurdum
- 80-ci illərin sonlarında SSRİ xalq deputatı seçildim. O dövr çox çətin idi. Azərbaycanda qarışıqlıq idi.
Həmçinin mən SSRİ Ali Sovetinin üzvü və Azərbaycan, Orta Asiya Qadınlar Komitəsinin sədri seçilmişdim. Tofiq İsmayılov, Arif Məlikov, Vəli Məmmədov və bir neçə digər fəal deputatlarla birlikdə iclaslarda erməni deputatlarla mübarizə aparırdıq. Onlar həmişə çox həyasız çıxışlar edirdilər. Biz də onlar çıxış edəndə cavablarını verirdik. Hətta bir dəfə çıxışlarımın birində, ilk dəfə ermənilərin ayağının Azərbaycana nə vaxt dəyməsi barədə tarixi faktlardan danışdım. Həmin çıxışdan sonra erməni deputatların öyrətdiyi bir neçə qadın qaldığım yerə gələrək məni axtarmışdılar. Təbii ki, onların niyyəti xoş deyildi və məni döymək, hədələmək istəyirdilər. Erməni deputatların özləri isə onlara layiqli cavab verdiyimiz üçün özlərinə düşmən hesab edirdilər.
Ancaq Əvəz Namazovun qızında ola bilərdi belə bir cürət...
- Keçmiş sovet ordusunun 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda və ətraf bölgələrdə amansız vəhşiliklər, qırğınlar törətdiyi zaman Arif Məlikovla birlikdə tankda, BTR-də "Salyan” kazarmasına və digər yerlərə gedərək sovet ordusu komandirləri tərəfindən tərk-silah edilərək zirzəmilərə salınmış 300-dən çox Azərbaycan əsgərinin azad edilməsinə nail olduq.
20 Yanvar qırğınından sonra Moskvada təşkil olunmuş SSRİ Ali Sovetinin növbəti sessiyasında mən Qorbaçovla görüşmək üçün ondan vaxt aldım. Xalq yazıçısı Anar və akademik Midhət Abbasovla onun iş otağına gedərək görüşdük. Qorbaçov mənimlə görüşməyə bilməzdi. Çünki Ali Sovetin deputatı, Millətlər Sovetinin üzvü, Qadın Komitəsinin sədri, özüm də akademik idim. O bizi qəbul etdi. Mən burada azərbaycanlılardan, ruslardan, yəhudilərdən və digər xalqların nümayəndələrindən xeyli məktub, teleqram almışdım. Onunla görüşdə dedim ki, axı bu əliyalın xalq sizə nə etmişdi? Deyirsiniz ki, dövlətə qarşı çıxmışdılar. O zaman niyə bir uşaq mətbəxə su içmək üçün keçəndə belə güllə ilə vurulub öldürüldü, niyə Uşaq Nevroloji Xəstəxanasının palatalarında çoxsaylı güllə yerləri var? 3-5, lap 15 yaşlı yataqdakı əlil bir uşaq sovet ordusuna, sizə nə edə bilərdi? O, heç bir cavab verə bilmədi...
Sonralar düşündüm ki, bütün bunların axırı pis qurtara bilərdi. Həm mənim üçün, həm digər bizim deputatlar üçün. Əlbəttə ki, bizi öldürə də bilərdilər, amma heç nədən qorxmurdum, Kremlin iclas salonlarında sözlərimi cəsarətlə deyirdim. Mən bu barədə televiziyada çıxış edəndə Ağdam, Ağcabədi, Bərdə, Gəncə və digər bölgələrdən zəng vurub dedilər ki, heç bir kişidə olmayan cürət sizdə var. Ancaq Əvəz Namazovun qızında ola bilərdi bu cürət...
Tibb fakültəsinin "Mənəvi Anası”
- 1994-cü il idi. Bir gün Prezident Aparatından zəng vurdular ki, Naxçıvana getməlisiniz, Heydər Əliyev orada sizi gözləyir. Mən elə iş paltarında yola düşdüm və orada ulu öndərlə görüşdüm. O dedi ki, sabah mühüm bir iclas keçirəcəyik. İclasda Heydər Əliyev dedi ki, Naxçıvan Dövlət Universitetinin nəzdində tibbi-pediatriya fakültəsini yaratmaq istəyirəm. Əgər Adilə xanım hamiliyə razı olsa, onu pediatriya fakültəsinə qəbul edək. Dedim ki, bu təklifdən çox məmnunam və Sizə çox minnətdaram. Həvəslə həmin missiyanı yerinə yetirməyə başladım. Əvvəlcə universitetdə zəngin tibbi kitabxana yaratdım, tədris proqramı tərtib etdim, tədris ili ərzində bir neçə dəfə Naxçıvana gedib orada elmi, tibbi mühazirələr oxudum, tələbələrlə səmimi söhbətlər apardım.
Hazırda Naxçıvan özünü pediatrlarla tam təmin edir, hətta xarici ölkələrdən də orada gəlib təhsil alan tələbələr var. Mən tədris ilinin sonuncu buraxılış dövlət imtahanına sərdlik edirəm. Buna görə də məni Naxçıvan Dövlət Universitetinin tibbi-pediatriya fakültəsinin "Mənəvi Anası” hesab edirlər.
Öz inkişafıma görə ulu öndərə borcluyam
- Hələ bundan xeyli əvvəl də, 1976-cı ildə Heydər Əliyev məni qəbul etmişdi. Görüş zamanı o, mənə belə bir sual da verdi ki, ölkəmizdə tibb sahəsində olan çatışmazlıqlarla bağlı sizin fikriniz nədir. Dedim ki, bizdə müəyyən sahələrdə elmlər doktoru yoxdur. Heydər Əliyev sual verdi ki, nə etmək lazımdır? Çünki ulu öndər hər zaman istəyirdi ki, Azərbaycan inkişaf etsin. Mənə tapşırdı ki, lazım bildiyiniz sahələr üzrə siyahı tutun. Bir də dedim ki, bizim tibb üzrə elmi tədqiqat institutlarımız üçüncü dərəcəlidir. Üçüncü dərəcə o deməkdir ki, bu institutların təchizatı, əməkdaşların aylıq maaşı çox az idi. Binalarını təmir etdirməyə belə öz gücləri çatmırdı. Heydər Əliyev dedi ki, onların da adını mənə de. Yazıb verdim. Üstündən heç bir ay keçməmiş Azərbaycanda olan tibb üzrə elmi tədqiqat institutlarının hamısını ulu öndərimiz birinci kateqoriyalı etdi. Onların təchizatı da yaxşılaşdı, maaşları da yüksəldi, elmi iş görməyə imkanları da artdı. Sonra təxminən, bütün tibb sahələri üzrə bizim gənc elmlər namizədlərindən ibarət, 30 nəfərə yaxın bir siyahı tutdum. Ulu öndər dedi ki, mən onları maaşları qalmaqla Moskvadakı, Leninqraddakı, Kiyevdəki baş institutlara ezamiyyə edirəm, doktorluq dissertasiyası yazsınlar. İnanırsınız, onlar 4-5 ildən sonra hamısı elmlər doktoru kimi respublikamıza qayıtdılar. Hazırda onlar kafedra müdiri, professor, AMEA-nın akademikləridirlər.
Hətta bir dəfə göz xəstəlikləri üzrə iki nəfəri qəbul etmirdilər ki, onlar da elmlər doktoru olsun. Moskvada mənə dedilər ki, gərək bizim instituta yeni cihazlar verəsiniz.
O zaman rəhmətlik Zərifə Əliyeva da Moskvada idi və mən zəng vurub problemi ona danışdım. O dedi ki, narahat olma, nə istəyirlərsə, sözünü ver, mən Heydər Əliyevdən xahiş edərəm göstəriş verər, onları cihazlarla təmin edərlər. Beləliklə, bizim kadrlar da müdafiə etdilər.
Biz bütün bu görülən işlərə görə, ulu önədərə borcluyuq. Çünki Heydər Əliyev, təbabətə çox böyük əhəmiyyət verir, diqqət, qayğı göstərirdi.
Mən elə öz inkişafıma görə də ulu öndərə borcluyam...
Heydər Əliyev həmişə hesab edirdi ki, mən Azərbaycanda elmi pediatriyanın banisiyəm. Ulu öndər işlərimi yüksək qiymətləndirirdi. Allah canına sağlıq vermiş, cənab Prezidentimiz İlham Əliyev də mənim fəaliyyətimi yüksək qiymətləndirir. Həmişə də mənə böyük məhəbbətlə yanaşır. Mehriban xanım Əliyeva da çox hörmət edir mənə. Harada görürlər, öz doğmaları kimi məni qucaqlayıb öpürlər, halımı, nəyə ehtiyacım olduğunu soruşurlar.
Mütaliəsiz bir dəqiqə də dayana bilmirəm...
- Hər zaman gənclərə oxumağı, çalışmağı, özünü sənətinə həsr etməyi məsləhət görürəm. Əgər belə etməsə, heç vaxt ondan yaxşı ixtisaslı mütəxəssis olmaz.
İndi gərək mənim yaşımda mütaliə etməyəsən. Amma mən mütaliəsiz bir gün də dayana bimərəm. Bədii ədəbiyyat da, elmi ədəbiyyat da oxuyuram. Klassiklərin hamısını oxumuşam, istər xarici ədəbiyyat olsun, istər bizimki. Hələ mən orta məktəbdə, 6-cı sinifdə məktəb kitabxanamızdakı bütün kitabları oxuyub bitirmişdim. Kitabxanaya gedəndə daha oxumağa kitab tapmırdım. Kitabxanada elə bil öz evimdə idim. İndi heç öz mətbəximdə olan əşyaların yerini o qədər bilmirəm, nə qədər ki, o kitabların, kartotekaların yerini bilirdim...
Ağdamdan danışanda tüklərim biz-biz olur...
- Mənim üçün dünyanın ən gözəl guşəsi Ağdamdır. Qarabağ füsunkar bir bölgədir, Ağdam isə onun qoynunda bir inci, dilbər guşədir. Oradan danışanda tüklərim biz-biz olur. Ağdam elə bir yer idi ki...
Bilirsiniz, əgər ağdamlılara qalmış olsaydı, heç vaxt erməni ora girə bilməzdi, sadəcə satqınlıq oldu...
Erməninin ən cəngavəri Ağdamın istənilən kəndinin 15 yaşlı oğlundan qorxurdu. Ağdam alınandan bir neçə gün qabaq mən orada idim. Axşam da, gecə də, ov tüfəngi ilə kəndin qocaları, cavanları səhərə qədər səngərdə idilər ki, birdən erməni gələr. Ermənilər Ağdam camaatından, igidlərindən, oğlanlarından qorxurdular.
Ağdam çox inkişaf etmiş, mədəni bir yer idi. Həm də bura musiqinin beşiyi idi...
Burada balaca uşaq da oturub arxın qırağında suyu sıçrada-sıçrada, hətta qoca qadın da, evində xörək bişirə-bişirə muğam oxuyurdu...
Bu, o yerin suyundan, ab-havasından, torpağından, bir də genetik irs olaraq gəlirdi...
Böyük Teatrın pilləkənində oturub operaya, baletə baxırdım
- Ümumiyyətlə, klassik musiqi dinləməyi sevirəm. Moskvada doktorluq dissertasiyası yazdığım zaman maddi imkanım yox idi ki, konsertlərə bilet alım. Musiqini sevdiyimi bilən aspirantlardan biri dedi ki, sənə bir yol öyrədəcəm. Böyük Teatrda baletlər, operalar səhnəyə qoyulurdu. Dedi ki, teatra gələnlərin halı xarab olanda, yardım göstərməkdən ötəri orada xüsusi həkim kabineti var və növbətçi həkimlər olur. İstəyirsən, sən də həkim kimi yazıl. Hansı operanı, baleti xoşlayırdımsa, gedib deyirdim ki, mən bu gün növbətçi qala bilərəm. Düzdür, oturacaqlarda yer vermirdilər, amma pilləkənlərdə otura bilərdim. Mən də oturub qulaq asırdım, baletə baxırdım. Demək olar ki, dünya musiqi incilərinin hamısını orada dinləmişəm...
Vaxtilə müalicə etdiyim uşaqlar indi nəvələrini yanıma gətirirlər
- Bu dünyada dözə bilmədiyim yeganə şey uşaq ağlamasıdır! Bax, elə bu gün səhər bir ananı danlamışam. Uşağın xəstələnməsinə, uşağın vəziyyətinin pis olmasına razı ola bilmirəm. Görürsünüz, şöbədən uşaq ağlamasının səsi gəlmir. Onlar ağlayanda qəlbim pis olur. Çıxıb deyirəm ki, niyə ağladırsınız uşağı? Axı bu, uşağın əsəblərinə təsir edir. O böyüyəndə əsəbi olacaq. Uşağı gərək başa sala-sala, sakit böyüdəsən. Avtobusda gedəndə də ana görür ki, uşaq mənə baxıb gülümsəyir. Çünki mən ona müsbət emosiya göstərirəm. Bu yaşımda da uşaqları qucaqlayıram, mütləq başlarını sığallayıram. Uşaq da mənə o müsbət enerjini qaytarır. Elə olur ki, taksiyə minirəm, sürücü deyir ki, yadınızdadır mən 6-cı palatada yatırdım, indi iki uşaq atasıyam. Yaxud da ki, kiçik vaxtı müalicə etdiyim ata indi nəvəsini gətirir yanıma. Bu isə böyük xoşbəxtlikdir, bundan gözəl nə ola bilər ki? Onların əksəriyyəti mənə ana deyir. Mən bütün Azərbaycan uşaqlarını öz övladım hesab edirəm...
Xatirələr cığırıyla
Bütün ömrünü uşaqların sağlamlığına həsr etdi. Yeri gəldi ac qaldı, bəzən imkansızlıqla savaşdı, amma qarşısına qoyduğu ali məqsəddən əl çəkmədi. Özünü elmə həsr etdi, elm fədaisi oldu...
Tribunalardan hayqırdı xalqının haqq səsini...
Öz canını heçə saydı, zalımlarla vuruşdu, çarpışdı, hətta ölümün gözünə dik də baxdı...
Bu gün 93 yaşlı bu qadının elə iş başında verdiyi müsahibəsində zirvələrə ucalan həyat yoluna, yaşadığı şərəfli günlərə, öz xatirələri ilə bir daha səyahət etmək istədik...
Amma bilirik ki, bütün bu yazdıqlarımız zəngin bir ömrün, sadəcə dəryada damcı misalıdır...
Adilə xanımın üzündə, şəfalı əllərində cığır salan hər bir qırışın altında özünəməxsus bir tarix gizlənir, həm də örnək, nümunə götürüləcək bir tarix...
Allah sizə cansağlığı versin, fəxrimiz Adilə xanım...
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna təcili yardım istəyir - Açıqlama
19 Mart
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!