20 Fevral 2019 00:58
813
Mədəniyyət
A- A+

Tablolarda tarixləşən faciə


1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı faciəsi bütün bəşəriyyəti dəhşətə gətirdi. Həmin o qarlı-çovğunlu gecədə ermənilər tərəfindən 7 min nəfərdən çox əhalisi olan Xocalıya qarşı soyqırımı siyasəti həyata keçirildi.

Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına aid 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piyada döyüş maşını, 180 nəfər peşəkar hərbçisi və xeyli canlı qüvvəsi ilə dinc Xocalı əhalisinin üzərinə hücum etdilər, dünyada ağla gəlməyən ən qəddar vəhşiliklər törətdilər. Çoxsaylı ağır texnika ilə qədim tarixə malik Xocalı şəhəri tamamilə yerlə yeksan edildi, insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Uşaqlar, qızlar, gəlinlər, qocalar, xəstələr rəhm edilmədən güllələndi. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər qorxunc şəklə salınanlar çoxluq təşkil edirdi. Şəhərdən canını götürüb qaçan insanlar dağlarda, dərələrdə, qarlı çöllərdə soyuqdan donub öldülər, sağ qalanların çoxu donvurmadan əlil oldu, xəstəliyə tutuldu və s. Dünyanın tərəqqipərvər insanları ermənilərin o gecə Xocalıda törətdikləri soyqırımını indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirir. Xocalı faciəsini tarixin yaddaşına əbədi həkk olunmuş Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən fərqləndirmirlər. Adları çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur.


Fəryad


27 ildir ki, Xocalı faciəsi dünyanın mötəbər məclislərində gündəmə gətirilir, siyasətçilər danışırlar, şairlər, yazıçılar, jurnalistlər yazırlar, kinoşünaslar ekranlaşdırırlar, rəssamlar isə tablolarda, təsviri sənətdə yaşadırlar. XX əsrin əvvəllərində - 1918-ci ilin 31 martında da xalqımıza qarşı soyqırımı həyata keçirilib, Azərbaycanın müxtəlif bölgələrində insanlar vəhşicəsinə qətlə yetirilib. Bu tarixi düşmənçilik və xalqımıza qarşı nifrət hissləri ötən əsrin sonlarında Xocalı soyqırımı ilə özünün son həddinə çatdı, beynəlxalq cinayət aktı kimi tarixə düşdü. Bu qəsbkarlıq mövqeyi, cəllad erməni şovinistlərinin insanlıqdan uzaq əməlləri hələ əsrin əvvəllərində yaşayıb-yaratmış Azərbaycanın görkəmli qələm sahibləri Məmməd Səid Ordubadinin "Qanlı illər” və Mir Möhsün Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı əsərlərində əsl gerçək mahiyyəti ilə əksini tapıb.

Erməni vandalları havadarlarının köməyi ilə Azərbaycanın əzəli torpaqlarında törətdikləri qırğınlar, qətlə yetirdikləri adamlar, insanları öz doğma torpaqlarından didərgin salmaları o zaman Azərbaycan professional rəssamlıq sənətinin banilərindən olan Bəhruz Kəngərli yaradıcılığında geniş və təsirli şəkildə təcəssüm etdirilib. Qaçqınlar mövzusu B.Kəngərli yaradıcılığında xüsusi yer tutur. Rəssam yüksək vətəndaşlıq duyğusu və ağrısı ilə doğma el-obasından didərgin düşmüş uşaqların və qadınların yaddaqalan və sarsıdıcı şəkildə silsilə portretlərini yaradıb. 1920-1921-ci illərdə "Gənc qızın portreti”, "Xanım adlı qaçqının portreti”, "İki qaçqın qız”, "Qaçqın qadın”, "Ayaqyalın qadın”, "İki qadın fiquru”, "Oturmuş qaçqın oğlan”, "Qaçqın İmran” və başqa portret əsərlərlə rəssam bir daha erməni xislətinin və vəhşiliyinin ürək dağlayan səhnələrini təsvir edib. Tədqiqatçıların fikrincə, rəssam portretlərini yaratmış şəxslərə yemək və geyim verib, hətta onlara müəyyən miqdarda maddi kömək də göstərib. Təəssüflər olsun ki, bu əsərlərə sovetlər dövründə mütəxəssislər tərəfindən düzgün qiymət verilməyib.

Xocalı faciəsində vəhşicəsinə və amansızlıqla qətlə yetirilmiş uşaq, qadın, qocaların, həmçinin məhv edilmiş Xocalı şəhərinin, tarixi və maddi mədəniyyət abidələrinin təsirli səhnələri Azərbaycan təsviri sənətində və rəssamların yaradıcılığında xüsusi bir səhifə təşkil edib. Xocalı faciəsinin fəryadı, acı səhnələri və dəhşətli mənzərəsi bir çox rəssam və heykəltəraşların yaradıcılığında tam əyaniliyi ilə özünün bədii əksini tapıb.

Azərbaycan Milli İncəsənət Muzeyində və Azərbaycan Dövlət Rəsm Qalereyasında rəssamlarımızın Xocalı soyqırımının qurbanlarına həsr olunmuş əsərlərinin sayı ildən-ilə artmaqdadır. Xalq rəssamı Mais Ağabəyovun "Xocalı faciəsi”, əməkdar rəssamlar Bəyim Hacızadənin "Xocalı”, "Ömrünün axırıncı dəqiqəsi”, Fərman Qulamovun "Azadlığa doğru”, "Xeyir və Şər”, Rafael Muradovun "Qaçqınlar”, Həmzə Abdullayevin "Yandırılmış Vətən. Qaçqınlar”, "Xocalı. Güllələnmiş insanlar”, Rza Avşarovun "Xocalı faciəsi”, Sirus Mirzəzadənin "Xocalı”, istedadlı rəssamlar Nazim Məmmədovun "Vətənpərvər qız”, "Xocalının son günü”, Məmməd Orucovun "Xocalı qaçqınları”, Eldar Babazadənin "Axırıncı döyüşçü”, "Ana fəryadı”, Arif Hüseynovun "Xocalı”, heykəltəraşlardan xalq rəssamı Xanlar Əhmədovun "Ana körpəsi ilə”, "Qoca”, "Torpaqlarımız uğrunda”, istedadlı heykəltəraşlar Sahib Quliyevin "Soyqırımı”, Zakir Əhmədovun "Çingiz Mustafayev”, Nəriman Məmmədovun "Qarabağ süitası”, Məmməd Rəşidovun "Haray” və başqa əsərlərin adlarını qeyd etmək olar.


Acı kədər


Müəllifi heykəltəraşlar Aslan, Teymur və Mahmud Rüstəmovlar olan "Xocalı” abidəsi paytaxt Bakı şəhərində yerləşən və Xocalı soyqırımına həsr edilmiş ən yaddaqalan abidələrdən biridir. Bu gün dünyanın bir çox ölkəsində Xocalı soyqırımına həsr edilmiş abidələr ucaldılıb. Bu abidələr, eləcə də rəssamlarımızın Xocalı soyqırımına həsr etdikləri əsərlər güclü vətəndaşlıq duyğuları, acı sarsıdıcı kədər, hüzn, iztirab və dramatik ovqatla doludur. Onlara tamaşa edərkən əsrin Xocalı soyqırımı qurbanlarının faciəsini hiss etməmək və onların acılarını duymamaq mümkünsüzdür. Hər il bu tarix nəinki ölkəmizdə, eləcə də dünyanın bir çox ölkəsində, şəhərində ürək ağrısı ilə qeyd olunur. Xocalı faciəsi insanlıq tarixində ən dəhşətli faciələrdən və qətliam hadisələrindən biri kimi artıq bir çox dünya ölkələri tərəfindən tanınır. Ölkəmizin müxtəlif bölgələrində Xocalı faciəsini əks etdirən xatirə-memarlıq kompleksləri inşa edilmiş, monumental heykəllər ucaldılmış, bu mövzuda kinofilmlər çəkilmiş, tamaşalar səhnələşdirilmiş, musiqi və ədəbi əsərlər yazılmışdır. Bu gün artıq təsviri sənətdə soyqırımı mövzusu kifayət qədər geniş işlənmişdir. Təsadüfi deyil ki, Xocalı faciəsinə müraciət edən fırça və tişə ustalarının sayı ildən-ilə artmaqdadır. Ən səthi hesablamalara görə, bu müəlliflərin sayı 50-dən artıqdır. Üstəlik, rəssamların mövzu daxilinə nüfuz etmələrinin müxtəlif dərəcələrini aydın müşahidə etmək olur. Tanınmış rəssam Nazim Məmmədov kimi sənətkarlar var ki, onlar soyqırımı mövzusuna bütöv rəsmlər seriyası həsr etmişlər. Bəzi müəlliflər mövzu ilə bağlı birdəfəlik aksiya qismində ayrı-ayrı müsabiqələrdə, tematik sərgilərdə bir-iki əsərlə iştirak edib. Xocalı soyqırımı mövzusu yaradıcılığının əsas xəttinin təbii davamı olan rəngkarlar, heykəltəraşlar və qrafiklər çoxdur. Onlardan biri də tanınmış rəssam Əşrəf Heybətovdur. Soyqırımı mövzusu onun üçün "Türk süitası” obrazlarının davamına çevrilmişdir. Son onillikdə Azərbaycan rəssamları tərəfindən yaradılmış bu tip əsərlər təsviri sənətin müəyyən süjet-tematik ənənəsinə daxil olmuşdur. Bu ənənənin əsasını qoyan isə, yuxarıda qeyd etdiyimiz kimi, Bəhruz Kəngərlidir. Hələ 1918-1920-ci illərdə o, özünün məşhur "Qaçqınlar” seriyasını yaratmışdı.

Bakı şəhərində Xocalı soyqırımına həsr edilimiş abidə ölkəmizin hər bir vətəndaşının üz tutduğu, Xocalı soyqırımı qurbanlarının ruhlarına ehtiram göstərdikləri and yeridir. Hər il bu abidəni Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva başda olmaqla bütün dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Bakıda yerləşən diplomatik nümayəndəlikləri, həmçinin paytaxt sakinləri böyük izdihamla yad edir, şəhid Xocalıya və xocalılılara sayğı və ehtiramlarını bildirirlər.

Rəhman SALMANLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video