19 Fevral 2019 14:38
1415
PARLAMENT
A- A+

Prezidentin sosial rifahı yüksəldən hüquqi təşəbbüslərinə parlament birmənalı dəstək verdi


Fevralın 19-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Oqtay Əsədov iclası açıq elan etdikdən sonra qanun layihələrinin müzakirəsi başladı.

İlk olaraq Azərbaycan Respublikası Milli Məclisi Gənclər və idman komitəsinin tərkibində dəyişikliklər edilməsi haqqında məsələ müzakirə edildi. Deputatlar məsələyə müsbət münasibət bildirdilər.

Dövlət gerbinin və Dövlət himninin istifadəsi qaydaları dəqiqləşdirildi

"Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” (üçüncü oxunuş) layihə ilə bağlı parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (üçüncü oxunuş) barədə isə Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi. "Kitabxana işi haqqında” qanuna təklif olunan dəyişiklik kitabxanaların elektron sistemə keçirilməsi, Əmək Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə təklif olunan dəyişikliklər isə sosial müdafiə, əmək və məşğulluq sahələrində vətəndaşlara xidmətlərin elektron qaydada göstərilməsini təmin etmək, həmçinin azadlıqdan məhrum edilən şəxslərə elektron qaydada əmək pensiyalarının və sosial müavinətlərin təyin edilməsi məqsədi daşıyır. Qanun layihələri qəbul edildi.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin məlumatından sonra "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” (üçüncü oxunuş), "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” (üçüncü oxunuş) və "Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” (üçüncü oxunuş) qanun layihələri təsdiq olundu.

İclasda "Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” (üçüncü oxunuş) və "Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında” (üçüncü oxunuş) qanun layihələri də müzakirə edildi. Hər iki məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ətraflı məlumat verdi. Qanun layihələri qəbul edildi.

Deputatlar "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə də (üçüncü oxunuş) müsbət münasibət bildirdilər. Dəyişikliyə əsasən Hesablama Palatasının illik hesabatı Milli Məclisin müzakirəsinə təqdim edilməzdən əvvəl parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində, eləcə də gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı əvvəlcə parlamentin İnsan hüquqları və Ailə, qadın və uşaq məsələləri komitələrində baxılmalı və rəy verilməlidir.

Əmanətlərin qorunması bir il uzadılır

İclasda "Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun layihəsi də müzakirə edildi. Layihə barədə məlumat verən komitə sədri, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə dedi ki, Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihəsinə əsasən əmanətlərin tam qorunması Prezident İlham Əliyev tərəfindən bir il müddətinə uzadılır.

Qeyd edək ki, sözügedən qanun 2016-cı il martın 4-də 3 il müddətinə qüvvəyə minmişdi və bu il martın 4-də vaxtı başa çatırdı. Sözügedən dəyişikliklə əmanətlərin tam qorunması bir il müddətinə uzadılır. Qanunun qüvvəsinin daha bir il uzadılması bank sektorunun dəstəklənməsinə, bu sahədə dövlətin üzərinə ciddi öhdəliklər götürməsinə, nəticədə isə əhalinin banklara depozit qoymasının stimullaşdırılmasına xidmət edəcək.

Spiker Oqtay Əsədov da bu dəyişikliyin vacib olduğunu qeyd etdi. Qanun layihəsi təsdiq olundu.

Əmək pensiyalarının minimum məbləği 160 manat olacaq

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi haqqında məlumat verdi. Layihənin Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim olunduğunu deyən komitə sədrinin sözlərinə görə, dövlət başçısının göndərdiyi hər bir qanun layihəsi xalqın sosial rifahının yüksəldilməsinə xidmət edir. Layihə barədə ətraflı məlumat verən Hadi Rəcəbli dedi ki, qanunun 6-1-ci maddəsinə edilən dəyişikliyə görə, bu il martın 1-dən əmək pensiyasının minimum məbləği 160 manat məbləğində müəyyən olunur. Dəyişiklik 233 min nəfərin pensiyasında hissolunacaq artıma gətirib çıxaracaq. 9 min insanın pensiyası

2 dəfə, 26 min nəfərin pensiyası 30 faiz artacaq. Bütövlükdə isə əhalinin böyük bir qisminin pensiyası 38,5 faiz civarında artacaq. Bunun üçün bu ilin dövlət büdcəsindən 41 milyon, gələn il isə 49 milyon manat ayrılacaq. Xatırladaq ki, 2017-ci il iyul ayının 1-dən əmək pensiyasının minimum məbləği 110 manat məbləğində müəyyən olunmuşdu.

Layihə ilə bağlı deputatlardan Fazil Mustafa, Azər Badamov, Sədaqət Vəliyeva, Fəzail Ağamalı, Aydın Mirzəzadə, Tahir Mirkişili çıxış etdilər. Deputatlar əmək pensiyasının minimum məbləğinin artırılmasının cəmiyyətdə təqdir edildiyini, ölkədə həyata keçirilən sosial siyasətə uyğun olduğunu qeyd etdilər, dövlətin vətəndaşlara diqqət və qayğısının növbəti nümunəsi kimi dəyərləndirdilər. Qeyd olundu ki, əmək pensiyasının minimum məbləğinin artırılması göstərir ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial siyasət sistemli və ardıcıldır və əsas məqsəd insanların sosial rifahının daha da yüksəldilməsidir.

Deputat Siyavuş Novruzov bildirdi ki, bəzi insanlar ölkə rəhbəri tərəfindən həyata keçirilən uğurlu sosial siyasəti, atılan addımları öz adlarına yazmağa çalışırlar, lakin həmin şəxslər xalqı aldatmaq üçün bunu edirlər: "Bu, onların naşılığıdır. Hansı ki, həmin insanlar vaxtilə büdcəni talamaqla məşğul idilər”.

Deputat Səttar Möhbalıyevin sözlərinə görə, bəzi müxalifət nümayəndələri Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd göstərirlər. O qeyd etdi ki, həmin şəxslər sosial şəbəkələrdə təhqirlər səsləndirirlər. "Bu insanlar Azərbaycan xalqının nümayəndəsi ola bilməz. Düşünmürəm ki, bir azərbaycanlı digər azərbaycanlı haqqında belə fikirlər səsləndirsin” deyə Səttar Möhbalıyev bildirib.

Müzakirələrdən sonra qanun layihəsi təsdiq olundu.

Qısa müzakirədən sonra "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında”, "Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, "Azərbaycan Respublikasında dövlət dili haqqında” və "Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihələri təsdiq olundu.

Vəkilliyə qəbulla bağlı qaydalar təkmilləşdirilir

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov "Hərbi vəzifə və hərbi xidmət haqqında”, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə” qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verdi. Qeyd etdi ki, dəyişikliklər məcburi dövlət daktiloskopik qeydiyyatdan keçməni nəzərdə tutur. Qanun layihəsi qəbul edildi.

İclasda ikinci oxunuşda "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi ikinci oxunuşda müzakirə edildi. Dəyişikliklər vəkillik fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutur. Vəkil olmaq istəyən şəxslər yazılı test mərhələsindən və şifahi müsahibədən ibarət ixtisas imtahanlarından müvəffəqiyyətlə keçməlidirlər. Layihəyə əsasən yazılı test imtahanında müvəffəqiyyət qazanmayan şəxsə yenidən ixtisas imtahanında iştirak etmək imkanı verilir. Habelə Vəkillər Kollegiyasına üzvlük haqqının vəkillik fəaliyyətinin dayandırıldığı dövrdə ödənilməməsi təklif edilir. Qanun layihəsi qəbul edildi.

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” qanun layihəsi də ikinci oxunuşda təsdiq olundu. Dəyişiklik reklamla bağlı prosedur qaydalarının sadələşdirilməsi ilə bağlıdır. Həmçinin "Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi ikinci oxunuşda qəbul olundu. Dəyişikliklər texniki xarakterlidir.

Parlamentin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev "Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsini ikinci oxunuş üçün müzakirəyə təqdim etdi. Onun fikrincə, bu gün dünyada gedən ictimai-siyasi proseslər istənilən ictimai sferanın inkişafını stimullaşdırır. Qanunvericilik bazasının təkmilləşdirilməsi bu inkişafı şərtləndirən əsas amillərdən biri olduğu üçün hüquqi bazanın müasir tələblərə uyğunlaşdırılması qarşıda duran önəmli vəzifələrdəndir. "Gənclər siyasəti haqqında” qanuna təklif edilən dəyişikliklər də bu vəzifələri ehtiva edir.

Layihə ilə bağlı fikirlərini bildirən deputatlardan Fazil Mustafa, İlham Məmmədov, Eldar Quliyev, Gövhər Baxşəliyeva dəyişikliklərin aktual və zəruri olduğunu dedilər. Deputat Bəxtiyar Əliyev bildirdi ki, "Gənclər siyasəti haqqında” qanuna təklif olunan dəyişikliklər günün tələblərinə tam cavab verir. Bu qanunun qəbul edilməsi gənclər siyasəti sahəsində daha səmərəli işlərin görülməsinə şərait yaradacaq.

Qanun layihəsi qəbul edildi.

Daha sonra iclasda birinci oxunuşda "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında”, "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında”, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında”, "Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihələri təsdiq olundu.

İclasda son olaraq "Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi ikinci oxunuşda müzakirə edildi. Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verdi. Komitə sədri birinci oxunuşda müzakirələr zamanı deputatlar tərəfindən qaldırılan bir sıra məsələlərə aydınlıq gətirdi.

Layihə ilə bağlı Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, deputatlardan Qüdrət Həsənquliyev, Musa Qasımlı, Tahir Mirkişili fikirlərini bildirdilər. Qanun layihəsi ikinci oxunuşda qəbul olundu.

Rəşad CƏFƏRLİ,
Fərman BAĞIROV (foto),
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video