19 Fevral 2019 01:02
444
SİYASƏT
A- A+

Xocalıda sönən ocaqlar


Vətənimizin hər guşəsinin əsrarəngiz gözəllikləri daim vəsf edilib. Şairlərin şeirlərində, yazıçıların əsərlərində, bəstəkarların mahnılarında, müğənnilərin muğam və segahlarında, rəssamların bənzərsiz tablolarında müqəddəs bir obraz yaradılıb, adına Ana Vətən deyilib. Bu diyara yadların könlü yox, gözü düşüb. Belə gözəgəlimli, tarixi minilliklərə qədər gedən yurd yerlərindən biri də, təəssüf ki, taleyi əvvəldən gətirməyən Xocalıdır. O Xocalı ki, 27 il öncə erməni vandallarının növbəti təcavüzünün qurbanlarından biri kimi yandırıldı, əhalisi soyqırımına məruz qaldı. Xocalının dillər əzbəri olması onun qədimliyi və ya qaçqın-köçkünlərin sığınacaq yerinə çevrilməsi, yaxud maddi-mədəniyyət nümunələri ilə yanaşı, həm də XX əsrin ən dəhşətli faciəsini yaşaması, sakinlərinin bir gecədə ermənilər tərəfindən işgəncələrə məruz qalmaları, amansızcasına qətlə yetirilmələridir.


27 il öncə…


...Bir vaxtlar xocalılıların səsi Qırxqız dağının ətəklərindən gələrdi, əkib-becərər, qayğısız, dərd-sərsiz ömür sürərdilər. Zaman necə dəyişdisə, hər şey alt-üst oldu. İllərdir ki, xocalılıların dərdindən, kədərindən söz açılır, terrorun qurbanlarına çevrilmələrindən danışılır, o qanlı-qadalı günlər xatırlanır. Dağlıq Qarabağda erməni terrorunun ilk qurbanlarından biri olan Miryusif Orucov Meşəlidən idi. 1991-ci il dekabrın 23-də 500 nəfərdən artıq sovet-erməni quldur birləşməsi 300 nəfərlik əhalisi olan Meşəlini mühasirəyə aldı. Onlara köməyə gələn kosalılıların da ciddi müqavimət göstərməsinə baxmayaraq, qaniçənlər kəndi yerlə yeksan etdilər.


Oğlumu, yoldaşımı, qardaşımı itirdim…


Meşəlinin qorunmasında göstərdikləri şücaətə görə Ağdamdan olan Hidayət Rüstəmov Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına, Əli Mehralıyev və Rafiq Orucov isə "İgidliyə görə” medalına layiq görüldülər. Kosaların Mehman Quliyev, Kamil və Şükür Məmmədovlar, Süleyman Ələsgərov, Elman Abdullayev, Sənani Məhərrəmov, Bakir və Əhliman Quliyevlər, Möhübbət Əliyev kimi igidlərinin də adları çəkilməlidir.

O ağır illərdə Xocalıda, ümumiyyətlə Qarabağda torpaqların müdafiəsində dayananlardan, lakin ermənilərin qəsbkar təcavüzü nəticəsində ailə-uşağını itirənlərdən biri, keçmiş döyüşçü Abbasqulu Rüstəmov bu gün də düşməndən qisas almağa hazırdır! Çox ağır bir həyat keçirib. Düşmənin çirkin siyasəti dinc həyatını, əmin-amanlığını, yaşayışını əlindən aldığını deyir: "Torpağımı, ailə-uşağımı məhv edən düşməni unuda bilərəmmi?! Onlarla üzbəüz döyüşmüşəm! Ağır zərbə aldığım üçün illərdir ki, xəstəyəm. Oğlum Natiqlə həyat yoldaşım Dilarəni itirəndən sonra sanki başıma hava gəlib, yuxum ərşə çəkilib...”

Abbasqulu kişinin itirdikləri yalnız bunlar deyil. Qardaşı ilə qayını da düşmən tərəfindən amansızcasına qətlə yetiriliblər. Özü demişkən, saymaqla qurtarmayan itkilərə məruz qalıb. Vaxtilə sovet ordusunun zabiti olmuş, Sankt-Peterburqda və Murmanskda hərbi məktəbdə oxumuş Abbasqulu Rüstəmov Xocalının, ümumiyyətlə digər rayonların müdafiəsində, həmçinin Ağdərənin boşaldılmasında iştirak edib. Döyüş dostlarının çoxu şəhid olub.

Dərdli-naləli xocalılılar ötən 27 ildə daim yad ediliblər. Növbəti dəfə yolumuz xocalılıların daha sıx məskunlaşdığı, Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki "Gənclik şəhərciyi”nədir. Paytaxtın müxtəlif yerlərindəki ictimai binalarda, yataqxana və bağçalarda yerləşən xocalılılar dörd ildir bu qəsəbəyə köçürülüblər. Hər cür kommunal şəraitə malik yaşayış binalarından ibarət qəsəbədə bütün infrastruktur yaradılıb.


Bir ailənin 6 şəhidi…


2011-ci ildən "Gənclik şəhəri”ndə məskunlaşan Validə Nəsibova o dəhşətli gecədə nəsil-nəcabəti ilə birlikdə ata yurdu Xocalını itirib. Aradan illər keçsə də, o gecənin ağrıları azalmayıb. Bunu vaxtsız ağaran saçlarından, üzünün qırışlarından, belinin bükülməsindən hiss etmək çətin deyil, üstəlik, ürək ağrısı, əsəb, qan təzyiqi kimi əbədi xəstəliklər də tapıb.

Bütövlükdə ata ocağı söndürülən Validə Astan qızı Nəsibova o gecə Tofiq, Eldar və Telman adlı üç qardaşını, onların da hərəsinin bir balasını itirib. Sadəcə itirməyib, Xocalının oduna qalanıb, yanıb kül olublar, ya da gülləbarana tuş gəliblər, - bilinmir. Verdiyi itkilər yalnız bununla bitmir. Bacısının yoldaşı Vaqif Məmmədov da Xocalı ilə eyni gecədə düşmən gülləsindən yayına bilməyib. Atası Astan Bəhram oğlu Zeynalov belə itkilərə dözə bilməzdi. Ona görə də Xocalıdan iki addım bu yana atan kimi yurd nisgilli gözlərini əbədi yumub: "O dəhşətli gecədən danışa bilmirəm. Elə bil ki, gözlərimə duman çökür, yaddaşımda qalanlar isə qan rəngindədir. O gecə Xocalıdan çıxıb Ağdama tərəf qaçmaq istəyəndə ermənilər bizi gülləbaran etdilər. Balaca oğlum Fazil yaralandı, Tofiq Hüseynovun qızını da yanımızda vurdular”, - deyə V.Nəsibova bildirir.

Validə Nəsibova tar-mar edilmiş, külü göylərə sovrulmuş ata yurdundan, ana laylasından əli üzülmüşlərin dərdini dilə gətirə bilmədi. Lakin qəmli çöhrəsinə çökmüş qüssə-kədərdən hər şey oxunurdu. Deyir ki, Zərifə, Tahir, Məhəmmədlə Çiçək də bizimlə birlikdə qaçırdılar. Amma qaça bilmədilər: "Amansız yağı kəsdi yolumuzu, bizi qırıb-çatdılar. Oradan salamat çıxmaq möcüzəydi. Kətikdağ o gecə donub qalmışdı, ermənilərin xocalılılara tutduqları amansızlığın şahidinə çevrilmişdi”.

...Xocalının Daşbulaq kəndində dünyaya gəlmiş Gözəl Hüseynovanın dərdi də, digər həmdərdliləri kimi, öncə gözləri qarşısında itirdiyi doğmaları və yandırılan ata ocağıdır. Altı nəfərlik ailədən salamat qalan qardaşı Vidadi ilə itirdiklərinin həsrətini çəkməkdə, yollarını hələ də gözləməkdədirlər. O zülmət gecədən salamat qurtarıb, 2011-ci ilədək Bayıl qəsəbəsindəki gəmiqayırma zavodunun fəhlə yataqxanasında məskunlaşıblar. Qardaş-bacıdan savayı həmin ailədən salamat çıxan olmayıb: Əziz, Tacir, atası Hüseyn, bacıları Maral, Süsən, Ema Xocalı ilə birlikdə erməni vandalizminin qurbanlarına çevriliblər. Anası dünyasını çox erkən dəyişdiyindən böyük bacısı Xoşbəxt ailə qurmayıb: ömür-gününü qardaş-bacılarına həsr edib. Bütün bunlar Gözəl Hüseynovanın Xocalıdan sonra yaddaşında saxladığı ağrı-acılı xatirələrinin bir qismidir ki, nə yazılası, nə də oxunasıdır...


Qoşa oğul dağı çəkilən ana


Xocalıda, ümumiyyətlə külli-Qarabağda itirilən hər nə varsa müqəddəsdir, əvəzsizdir. Amma onların ən ağrılısı qoşa oğulları vətənə, torpağa qurban versə də, yurdundan, isti ocağından perik düşən anaların səssiz naləsidir. Almaz Səlimova əmisinin həyat yoldaşının, qayınanasının çəkdiyi bayatı-ağıları xatırladı, qəhər onu boğdu: "Cəhənnəm əzabı yaşadı qoşa oğul itirən ana, qayınanam, əmimin yoldaşı. Balalarının birini "balalı balam”, o birisini "balasız balam”, "toy xınası yaxılmayanım” deyə haray çəkirdi. Onu heç nə ilə ovundura bilmirdilər. Dözə bilmədi bu itkilərə, onu da itirdik. Deyirdi ki, kaş oğlanlarımdan biri qalıb nəsil-kökü yaşadaydı. Mən isə tamamilə özgə cür fikirləşirəm: kaş mənim də bir övlad-uşağım olaydı. O da döyüşüb şəhid gedəydi, atası kimi. Belə olsaydı, mən də təsəlli tapar, torpaq uğrunda bala verən analardan sayılardım...”

Dərdləri dağ boyda olsa da, Almaz Səlimova əmindir ki, Qarabağımızı qaytarmağa qadirik. Dövlət başçısının dəfələrlə bildirdiyi kimi, düşmən o torpaqlardan çıxarılacaq!

Bütün bu nisgillərlə yanaşı, yurd itkisi ilə yaşayanların qəlbinin dərinliklərində söndürülmüş ocaqların odu, alovu, intizar dolu baxışlarının dərinliklərində közərən ümidləri də var. Digər məcburi köçkünlər kimi, onlar da dövlətin göstərdiyi qayğını yüksək dəyərləndirirlər. Düşünürlər ki, Azərbaycan iqtisadi inkişafda, Ermənistan isə bütün sahələrdə sürətlə tənəzzülə uğramaqdadır. Buna görə də Azərbaycanın Ermənistan üzərində qələbəsi şəksizdir!

Bu da dərdli-naləli xocalılıların dilinin əzbərinə çevrilmiş yurd ağrıları. Yaddaşımızı daim kötəkləyir, ayıq-sayıq olmağa səsləyir.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video