17 Fevral 2019 01:13
2231
SİYASƏT
A- A+

Modernləşən, qüdrətlənən Azərbaycan Ordusu


İslahatlar real nəticələr verir: mətbəxdən yataqxanayadək, döyüş səngərindən hərbi hissəyə qədər bütün məkanlar müasirləşib, təminat yüksək səviyyədə təchiz edilib, qələbə əzmkarlığı artıb


...Ön xətdəki səngərlərdən bir qədər aralıda, atəş mövqeyindən görünməyən ərazidə yerləşən hərbi hissədəyik. Qarabağ müharibəsində şəxsi heyətinin göstərdiyi böyük şücaətə görə adını hərb tariximizin şanlı səhifəsinə yazdıran bu hərbi hissənin döyüş yolu təlatümlü olsa da, haqqında fəxrlə danışa biləcəyimiz tarixi və qəhrəmanları var.

Bunu hərbi hissəyə daxil olarkən ilk baxışdan hiss etmək də mümkündür. Çünki burada bir vaxtlar xidmət etmiş, həmçinin Milli Qəhrəman adı və "Azərbaycan Bayrağı Ordeni” ilə təltif edilmiş igidlərin büstü var. Bu cəsur döyüşçülərin xatirələri daim ehtiramla yad edilir, hərbi hissənin qəhrəmanlıq tarixindən qürurla danışılır..


Qəhrəmanları ilə öyünən hərbi hissə


Qarlı dağlardan endiyimizi bildikləri üçün bizi öncə bir qədər isinmək üçün qərargaha dəvət etdilər. Elə hərbi hissə ilə ilk tanışlığa da buradan başladıq. Qərargah binasında Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğısını, hərbçilərlə görüşlərini əks etdirən fotostendlər, müxtəlif hərbi kitablar və hərbi hissəyə təqdim edilən hədiyyələrdən ibarət guşə yaradılıb.

Hərbi hissə komandiri ilə görüşüb söhbətləşirik. Öncə hərbi hissənin yaranma tarixindən, müharibə zamanı keçdiyi döyüş yolundan söz açan komandir deyir ki, hərbi hissə 1993-cü ildən cəbhənin müxtəlif istiqamətlərində döyüş tapşırıqlarını yerinə yetirib. Azərbaycan torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlər zamanı 5 zabiti, 2 giziri və 60 əsgəri şəhid olub.

İki zabitinin Milli Qəhrəman, bir zabitinin "Azərbaycan Bayrağı Orden”i ilə təltif edilməsi hərbi hissənin şanlı döyüş yolu keçdiyini bir daha təsdiqləyir.

Son illər Azərbaycanın hərbi büdcəsinin artması ilə əlaqədar Silahlı Qüvvələrin silah-sursat və hərbi texnika ilə təchizatında da əsaslı dəyişikliklərin baş verdiyini söyləyən komandirin sözlərinə görə, düşmənlə üz-üzə dayanan hərbi hissələrimiz ən müasir atıcı silahlarla, hərbi texnika və istehkam qurğuları ilə təmin olunublar: "Bütün bunlar əlbəttə ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğının nəticəsidir. Həm Ali Baş Komandanın, həm müdafiə naziri Zakir Həsənovun Azərbaycanın keşiyində dayanan əsgər və zabitlərlə mütəmadi olaraq görüşmələri, onların qayğısı ilə maraqlanmaları hərbçilərimizdə döyüş, vətənpərvərlik ruhunu daha da artırır. İndi nəinki arxa cəbhədə, hətta düşmənlə üzbəüz təmas xəttində yerləşən hərbi hissələrdə özünü göstərən hərbi quruculuq prosesi yalnız böyük qürur və sevinc hissi doğurur. Elə bunun səbəbidir ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. İnkişaf etmiş sənaye nəticəsində müasir silahlar artıq ölkəmizdə istehsal olunur, hətta xaricə də satılır. İyunun 26-da Azərbaycan Ordusunun 100 illik yubileyi münasibətilə keçirilən hərbi paradda dünya bir daha ölkəmizin qüdrətinin şahidi oldu. İşğalçı Ermənistan isə bundan qorxuya düşdü.

Bununla yanaşı, hər il dövlət büdcəsindən müdafiə və təhlükəsizlik xərclərinə ayrılan vəsait artırılır. Məsələn, bu il hərbi sahəyə ötən ildəkindən 4,6 faiz artıq vəsait ayrılıb. Təbii ki, torpaqları işğal altında olan bir ölkə üçün bu sahəyə daha artıq vəsaitin ayrılması başadüşüləndir. Əminliklə deyirəm ki, bütün bunlardan güc alan Azərbaycan hərbçisi vətənpərvərliyi, milli ruhu ən yüksək səviyyədə nümayiş etdirir”.


Qar "skuter”ləri, əsgər məktubları


Komandirlə söhbətləşdikdən sonra bayıra çıxıb hərbi hissə ilə ümumi tanışlığa başladıq. Gözümüzə ilk toxunan qar "skuter”ləri (qar maşını) oldu, özü də təp-təzə. Hələ sellofanı açılmamış skuterlər hərbi hissəyə yenicə gətirilib. Hərbçilərimizin ixtiyarına verilən bu qar maşınları yüksək dağlıq ərazilərdə rahat hərəkət etmək üçündür. Müdafiə Nazirliyi tərəfindən bütün yüksəkliklərdə yerləşən hərbi hissələr bu "skuter”lərlə təmin edilib.

Şəxsi heyətin böyük bir hissəsi döyüş növbəsindədir. Qalan əsgərlər isə Gəncə Qarnizonu Zabitlər Evinin "Vətən Uğrunda” Səyyar Təşviqat Dəstəsinin vətənpərvərlik mövzusunda hazırladığı videoçarxları izləyir, əsgərlərə yazılan məktubları oxuyurlar.

İçəri daxil olub ümumi vəziyyətlə tanış oluruq. Çox maraqlı mənzərə ilə rastlaşırıq: əsgərlər tam sərbəst şəkildə hərəkət edir, məktub yazır, filmə baxırlar. Məktublar əsasən orta məktəb şagirdləri tərəfindən yazılır. Hərbi qulluqçular da həmin məktublara cavab hazırlayırlar.

Yeddi aydır burada hərbi xidmət keçən əsgər Onur Seyidov ailəsinə məktub yazır. Deyir ki, xidmətə başladığı gündən telefon əlaqəsi saxlasa da, çox sözü çatdıra bilmir. Amma məktub vasitəsi ilə demək istədiklərinin hamısını yazır. Ona görə də bu fürsəti qaçırmaq istəmir.

Əsgər İlkin Aslanov da ailə üzvləri üçün darıxıb. Deyir ki, ön xətdə xidmət etdikləri üçün telefonla çox ünsiyyət qurmaq təhlükəlidir. Düşmən hiyləgərdir, hər an rabitəni izləyir və buna görə də məktublaşmaq ən doğru yoldur. Səyyar Təşviqat Dəstəsinin təşkil etdiyi bu xoşməramlı aksiyalar bütün əsgərlər kimi onu da sevindirir: "Onlar məktublarımızı ailəmizə çatdırırlar və bizə cavab gətirirlər. Hətta yazdığımız məktubların kim tərəfindən oxunduğunu da videolentə alırlar və biz burda böyük ekranda həmin duyğulu anlara tamaşa edirik. Kövrələn də olur, göz yaşını saxlaya bilməyən də. Təsəvvür edin ki, ailə üzvlərin bir masa arxasında əyləşib. Ya atan, ya da anan yazdığın məktubu ucadan oxuyur və getdikcə səsi kövrəkləşir, özünü saxlaya bilmir, məktubu bağrına basıb ağlamağa başlayır. Əlbəttə ki, bunlar sevinc göz yaşlarıdır. Bu mənzərəyə soyuqqanlı tamaşa etmək də mümkünsüzdür”.

Əsgərlər deyirlər ki, Səyyar Təşviqat Dəstəsinin bu xeyirxah missiyası ön xətdə xidmət edən hərbi qulluqçuların ruh yüksəkliyini, döyüş əzmini daha da artırır. Hər əsgərin ailəsindən, ailəsinin də övladdan mütəmadi olaraq xəbər alması tərəflər üçün böyük stimuldur. Ona görə də Vətənə borclarını sevə-sevə yerinə yetirirlər.


Əsgər yataqxanasında səliqə-sahman, ciddi nizam-intizam var


Klubdan ayrılıb əsgər yataqxanasına baş çəkirik. Bölmə komandiri, zabit Musa İmanov deyir ki, hərbi hissədə nizam-intizama, səliqə-sahmana hər zaman diqqət yetirilir.

Həqiqətən də, əsgər kazarmalarındakı səliqə-sahmana, təmizliyə söz ola bilməz. Burada hərbi qulluqçuların istirahəti üçün hər cür şərait var. Əsgərlərin şəxsi bacarığının üzə çıxarılması məqsədilə yaradılan guşələrdə onların yaradıcılıq nümunələri, divar qəzeti, Milli qəhrəmanların fotoları, hərbi qaydalar haqqında stendlər düzəldilib.

Kazarma müasir istilik sistemi, əsgər çarpayıları isə əvvəlkilərdən fərqli olaraq, daha yüksək keyfiyyətli döşəklərlə və yastıqla təchiz olunub. Eyni zamanda hərbçilər televiziya vasitəsilə həm informasiyalar alırlar, həm də maraqlarında olan verilişləri izləyirlər.

Burada həmçinin ideoloji otaq, idman zalı, tibb məntəqəsi, hamam kompleksi mövcuddur. İdeoloji otaqda dövlət rəmzləri, faciələrimizi əks etdirən plakatlar, hərbi hissənin döyüş yolu, Milli qəhrəmanlar haqqında məlumatlar mövcuddur. Əsgərlərə müxtəlif mövzularda dərslər də keçilir.


Zəngin qida rasionu, gündə 2 dəfə ət yeməyi


Nahara az qalır, yeməkxanada hazırlıq işləri görülür. Bir azdan döyüş tapşırığını yerinə yetirən bölmələrin əsgərləri növbəli sistemlə nahara gələcəklər. Bu səbəbdən də əvvəlcədən içəri daxil olub hərbçilərin qida rasionu ilə maraqlanırıq.

Ərazi ucqar dağlıq yer olduğu üçün burada mülki işçilər çalışmır. Yeməkləri hərbçilər hazırlayır. Aşpazlar növbəli sistemlə yemək bişirir. Anbarda isə lazımi qədər ərzaq var. Hər bir qablaşdırılmış məhsulun üzərində "satışı qadağandır”, "Əsgər payı” yazılıb.

Yeməkxana rəisi, gizir Rövşən Osmanov deyir ki, bu gün naharda hərbçilər üçün 2 cür yemək bişirilib. Quru yeməklərdən qarabaşaq qovrulmuş ətlə, sulu yeməklərdən isə küftə hazırlanıb. Bununla yanaşı nahar qida rasionunda çuğundur salatı, soyulmuş soğan və sarımsaq, bir nəfər üçün nəzərdə tutulmuş şirə və alma nəzərdə tutulub.

Şəxsi heyətin həftəlik qida rasionu çox zəngindir. Əsgərlər həftə ərzində səhər, nahar və şam yeməklərində təxminən 26-28 çeşiddə qida qəbul edirlər. Yağ, pendir, cem və şirin çay istisnasız olaraq günün istənilən vaxtında qəbul edilən qidalar sırasındadır. Bununla yanaşı həftənin ayrı-ayrı günlərində səhərlər düyü, vermişel sıyığı, yumurta, südlü düyü, südlü vermişel, çəkilmiş mal əti ilə qarabaşaq verilir.

Nahar və şam yeməkləri də 2 çeşiddə olur. Yəni naharda həm sulu, həm də quru yeməklər verilir. Belə ki, həftənin müxtəlif günlərində sulu yeməklərdən noxud, göy noxud şorbası, mərci şorbası, borş, küftə, düyü və tərəvəz şorbası bişirilir. Bu sulu yeməklərlə bərabər naharda üzərində ətlə qarabaşaq, qovrulmuş makaron, düyü, vermişel də olur. Şam yeməyində isə sulu yeməklə yanaşı kartof püresi ilə balıq konservi, qızarmış balıq, ətlə qarabaşaq, bulğur və. s. yeməklər verilir. Mövsümə uyğun salatlar, şirələr, soyulmuş-doğranmış soğan və sarımsaq da qida rasionuna daxildir.


Dadlı-tamlı əsgər yeməyi


Artıq vaxtdır. Masaların üzərinə çörəklər, salatlar, şirələr və yemək qazanları düzülüb. Burada əsgərlər içəri daxil olub birbaşa masalarda əyləşib yeməklərini qazandan özləri çəkirlər. Bütün yeyiləcək qidalar yeməkxana işçiləri tərəfindən masanın üstünə düzülür. Əsgərlər içəri daxil olub oturduqdan sonra hər masadan bir nəfər ayağa qalxıb digərlərinə istəklərinə uyğun olaraq xörək çəkir.

Bir qədər sonra şəxsi heyət növbə ilə yeməkxanaya daxil olur. Biz də hərbçilərimizlə bərabər əyləşib əsgər yeməyinin dadına baxırıq. Həqiqətən də çox dadlı küftə bişirilib. Evdə və ya hansısa restoranda bişirilən yeməkdən qətiyyən fərqlənmir.

Naharını bitirən bir neçə əsgərlə söhbət edirik. Əsgər Xəyyam Osmanov deyir ki, hərbi xidmətə başlayan hər bir gənc ilk aylarda müəyyən çətinlik çəksə də, bir qədər sonra hər şey qaydasına düşür. Əvvəllər gənclərin öyrəşə bilmədikləri tək məsələ yeməkxanada bişirilən xörəklər olurdu. Amma bizim dövrümüzdə belə deyil: "Hərbiyə gələndə orduda aparılan islahatlar barədə məlumatım olsa da, bəzi şeylərdən xəbərim yox idi. Fikirləşirdim ki, əsgərlikdə yeganə problemim yeməklə bağlı olacaq. Çünki 18 il ev yeməyi yeyən bir insan birdən-birə başqa mühitə düşdükdə çətinlik çəkir axı...

Ancaq tam əksinə oldu. Burada bişirilən yeməklərlə evdə yediyimiz xörəklər arasında fərq yoxdur. Yüksək səviyyədə xidmət var, yeməklərin keyfiyyətinə də söz ola bilməz. Həftə ərzində bir neçə çeşiddə yeməklər hazırlanır”.

Əsgər Vüsal Nəcəfəliyev cəmi 7 aydır xidmətdədir. Ön xətdə xidmət etməsi ilə fəxr edir. Hərbi xidmətə gəlmədən öncə dostlarından Azərbaycan Ordusunun bugünkü durumu ilə bağlı xeyli məlumat alıb. Ona görə də hərbi hissəyə gələndə heç nədən qorxusu olmayıb: "Cəmi 7 aydır hərbi forma geyinməyimə baxmayaraq, mən Azərbaycan Ordusunun qüdrətini görürəm. Bu gün Azərbaycan əsgəri özünü mübariz əsgər kimi hiss edir. Səbəbi də bilirsiniz nədir? Hər cür təminat. Zabitlə əsgərin geyimində (rütbələrdən başqa), yeməyində heç bir fərq yox. Hər kəs burada Vətən üçün xidmət edir. Burada bizə elə yeməklər verilir ki, bəlkə kimlərsə heç onu mülki həyatda yeməyib. Ona görə də bizim tək borcumuz ana torpağı qorumaqdır. Biz bunu canla-başla yerinə yetiririk”.


Hər bir əsgərinin qayğısına qalan dövlət


Bütün bunlar orduya dövlət qayğısının gündən-günə artırıldığının göstəricisidir. Hər bir əsgərinin qayğısına qalan, onun döyüş ruhunu yüksəldən, maddi-texniki bazasını gündən-günə yaxşılaşdıran dövlət bütün imkanlarını bu istiqamətdə səfərbər edib.

Zabit Seymur Məmmədov deyir ki, ucqar bir ərazidə yaradılmış bu şərait şəxsi heyətin yüksək mənəvi-psixoloji ovqatda köklənməsinə, döyüş və mübarizə əzminə müsbət təsir göstərir. Hərbi hissədə nümunəvi hərbi xidmətin əsas göstəricilərindən biri də şübhəsiz ki, əsgər və zabitlərin vəzifə borclarına layiqincə yanaşmalarıdır. Məhz bu baxımdan hərbi hissədə münasibətlər sırf hərbi qanunvericilik, daxili nizamnamə üzərində qurulur. Son illər Azərbaycanın ordu quruculuğunda həyata keçirilən islahatlar əsgərlərin məişətində də öz sözünü deyir. Hazırda Vətənin keşiyində dayanan hərbçilərimiz üçün hərbi bölmələrdə ən müasir səviyyədə sosial-məişət şəraiti yaradılıb.

Cəbhə xəttində yerləşən "N” hərbi hissəsinin müasir şəraiti bizdə xoş ovqat yaratdı. Burada xidmət edən əsgərlərin gülər üzləri, yüksək əhvali-ruhiyyəsi deməyə əsas verir ki, hər kəs yaradılan şəraitdən məmnundur və belə mühitdə xidmət etməkdən qürur duyur. Belə ürəkaçan şərait əsgər valideynlərini də razı salır. Bu gün əsgər valideynləri hərbi xidmətdə olan övladlarının qidalanması və məişəti sarıdan heç bir narahatçılıq yaşamırlar. Çünki şahidi olurlar ki, bütün hərbi hissə və bölmələrimizdə şəxsi heyətin sosial-məişət şəraiti, əşya-ərzaq təminatı yüksək səviyyədədir. Bunların da hamısı Ali Baş Komandan İlham Əliyevin orduya, hərbi qulluqçulara diqqət və qayğısının parlaq təcəssümüdür. Orduya çağırılan hər bir gənc də bu qayğıdan ilhamlanıb öz vəzifəsini şərəflə yerinə yetirir.

Bu da əlbəttə, hər kəsdə əminlik yaradır ki, Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir və bayrağımızı Şuşada, Xankəndidə dalğalandırmaq üçün Ali Baş Komandanın "hücum” əmrini gözləyir.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video