17 Fevral 2019 01:08
670
SİYASƏT
A- A+

Erməni ordusunun real mənzərəsi: 1140 cinayət, 182 korrupsiya faktı və 2385 qanun pozuntusu


İşğalçı ölkənin silahlı qüvvələrində anarxiya, özbaşınalıq və böyük xaos hökm sürür


Digər sahələrlə yanaşı, hərbi müstəvidə də Ermənistanda böyük problemlərin hökm sürməsi heç kimə sirr deyil. Son vəziyyətin təhlili bu ölkənin silahlı qüvvələrində xaos halının daha da dərinləşdiyini göstərir.

Bu xüsusda narazılıq doğuran məqamlardan biri isə orduda artan itki hallarının gizlədilməsinə cəhdlər göstərilməsidir. Bu xüsusda cari ilin ilk günündə aldığı xəsarətlərdən ölən erməni hərbi qulluqçu Edqar Qriqoryan olayı ətrafında proseslərin daha da gərginləşməsi müşahidə olunur.


Hərbi qulluqçu odlu silahla öldürülüb


Xatırladaq ki, yeni il gecəsi Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu Edqar Qriqoryan odlu silah yarasından ölsə də, Müdafiə Nazirliyi və ya istintaq komitəsi bu barədə məlumat yaymayıb. İntihar həddinə çatdırma maddəsi üzrə cinayət işi açılıb. Edqar Qriqoryan 5 aydır müqaviləli hərbi xidmətə başlamışdı. Onun valideynləri isə intihar versiyasına inanmırlar. Qriqoryanın anası Alina Sarkisyan eyni vaxtda postda olan 8-9 nəfərin vicdanlarının susduğuna inana bilmədiyini deyərək, onların tez, ya gec cavab verəcəklərini bildirib.

Hərbi qulluqçunun anası onun aldığı xəsarətin döş qəfəsində olduğunu da qeyd etməklə, bu faktın da intihar hadisəsini inkar etdiyini, məsələ ilə bağlı hazırda istintaq orqanlarının məşğul olduğunu və hər şeyin üzə çıxacağına inandığını söyləyib.

Ermənistan müdafiə nazirinin çıxışı isə ölən hərbi qulluqçunun anasını hiddətləndirib: "Belə ki, müdafiə naziri qeyd edir ki, Edqar Qriqoryanın ölüm faktı hərbi xidmətlə əlaqəli deyil. O zaman sual yaranır: necə ola bilər ki, hərbi xidmətdə, postda olarkən baş verən ölüm hadisəsi xidmətlə əlaqəli olmasın? Müdafiə naziri qeyd edib ki, hərbi xidmətlə əlaqəli olmadığına görə bu fakta diqqət ayırmayıblar, indi kiçik bir xidməti araşdırma aparılır. Araşdırmadan sonra hadisənin başvermə səbəbi, xidmətlə əlaqəsi müəyyən ediləcək”.


Ordunun çöküşü sürətlənir


Hərbi hüquq sahəsində ixtisaslaşmış vəkil Norayr Norikyan bu faktın uzun müddət gizlədilməsinin ordudakı böyük cinayət şəbəkəsinin mövcudluğunu göstərən amil kimi qiymətləndirib: "Yeni il gecəsi odlu silah xəsarətlərindən ölən müqaviləli hərbi qulluqçu ilə bağlı baş vermiş fakt barədə məlumat verilməməsi səhlənkarlıq nəticəsi deyildir. Bu məsələdə hansı dövlət orqanının səhlənkarlığa yol verməsindən asılı olmayaraq, bu, hərtərəfli yönləndirilmiş və bundan irəli gələn nəticələrlə bağlı bir təlimat olub. Bir şey aydındır ki, bu kimi halların gizlədilməsi ictimaiyyət içərisində silahlı qüvvələrə, onun rəhbərliyinə qarşı şübhə toxumları yayır. Mən bunu yolverilməz davranış tərzi hesab edirəm”. Onun sözlərinə görə, bu hərəkət tərzinin bir izahı var və o, iki və ya üç orqan tərəfindən eyni vaxtda yol verilən nöqsan ola bilməz.

Jurnalistin "Müdafiə Nazirliyinin bir sıra vəzifəli şəxsləri, informasiyaya cavabdeh olanları, həmçinin müdafiə naziri qeyd edib ki, hadisəni gizlətmək və ya ört-basdır etmək kimi bir niyyətləri yoxdur. Nazir qeyd edib ki, kiçik xidməti araşdırma təyin edilib. Kiçik xidməti araşdırma nə deməkdir və məgər bu böyük məsələnin cavabını verə bilər?” deyə verilən suala vəkil belə cavab verib: "Əvvəla kiçik və ya böyük xidməti araşdırmalar olmur. Bundan başqa, praktika göstərir ki, bu barədə hərbi hissə komandiri məlumat vermir. Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsi, yaxud istintaq komitəsinin mətbuat katibi müvafiq bəyanatla çıxış edir. Buna görə də hər hansı elmi tədqiqat fəaliyyəti açmaq və yaxud böyük, kiçik xidməti araşdırma aparmaq lazım deyildi. Problem bəyanatın açıqlanması tərzində deyil, hadisənin motivini gizlətmək kontekstindədir”.


Daha bir əsgər ürək çatışmazlığından ölüb


Bu arada daha bir qalmaqal əsgər Frunzik Valerioviç Tamazyanla bağlıdır. Xatırladaq ki, fevralın 12-də saat 18:00 radələrində işğal altında olan Qarabağın şimal-şərq istiqamətində dislokasiya olunan qanunsuz erməni hərbi birləşmələrindən birinin hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü Frunzik Valerioviç Tamazyan qaraciyər çatışmazlığı, kəskin ürək çatışmazlığı diaqnozu ilə olduqca ağır vəziyyətdə Ağdərədəki hərbi hospitala təxliyyə edilib. Həkimlərin səylərinə baxmayaraq, saat 20:30 radələrində hərbi qulluqçu ölüb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovhannisyanın da məsələyə münasibəti olduqca maraqlıdır: "Əsgərin orduya sağlam gedib-getmədiyini komissiyadan öncə dəyərləndirə bilmərəm”.

Erməni jurnalist Artsrun Ovhannisyana "Necə olub ki, bu hərbi qulluqçu orduya çağırılıb” deyə sual edib. Ovhannisyan cavabında qeyd edib: "Mən indi necə olduğunu deyə bilmərəm, bunun üçün komissiya var. Komissiya öz rəyini verəcək. O zaman doğru, ya səhv olduğumuza qərar verərik”.


863 min dollarlıq ziyan


Belə faktların çoxluğu fonunda aydın görünür ki, ölkədə ordunun çöküşü əvvəlki dinamika ilə davam edir. Bunu hətta müvafiq rəsmi dairələr də təsdiq edir. Belə ki, Ermənistanın hərbi prokuroru Vaqe Arutyunyan 2018-ci ildə hüquq mühafizə orqanlarının silahlı qüvvələrdə cinayətkarlıqla mübarizə üzrə hesabatını təqdim edərkən qeyd olunan xüsusda çox maraqlı məqamlar açıqlayıb.

O bildirir ki, 2018-ci ildə Ermənistan silahlı qüvvələrində 3525 fövqəladə hadisə qeydə alınıb. Onlardan 2385-i (66,9 faizi) qanun pozuntusu, 1140-ı (36,2 faizi) isə cinayətdir.

Arutyunyanın sözlərinə görə, ötən il Ermənistan ordusunda ağır cinayətlərin sayı 8,1 faiz artıb. Xüsusilə ağır cinayət hadisələrinin sayı 43 fakt təşkil edib. Bu cinayətlərin içərisində hərbçilərin öz xidməti yoldaşına atəş açaraq qətlə yetirməsi və mülki şəxsin hərbçini öldürməsi halları da var.

Ermənistanın hərbi prokuroru bildirib ki, ötən il hərbi qulluqçuların bir-birinə qarşı müxtəlif bədən xəsarətləri yetirməsinə dair ümumilikdə 1173 hal qeydə alınıb. Ağır xəsarət alan hərbçilərin sayı isə 54 olub. Hərbi prokurorluğun hesabatına əsasən, 2018-ci ildə Ermənistan silahlı qüvvələrində 182 korrupsiya faktı qeydə alınıb ki, bu da 2017-ci illə müqayisədə 66 faiz çoxdur. Həmin korrupsiya faktları üzrə 173 cinayət işi açılıb. Onların içərisindən 83 nəfərə qarşı ittihamın irəli sürüldüyü 43 cinayət işi məhkəməyə göndərilib.

Rəsmi məlumatlara əsasən, 2018-ci ildə Ermənistan ordusunda baş verən qanun pozuntuları və fövqəladə hadisələr səbəbindən dövlətə ümumilikdə 863 min ABŞ dolları ziyan dəyib. Bu isə 2017-ci ilin göstəricisindən 7,3 dəfə çoxdur.


Korrupsiya tüğyan edir


Amma müstəqil rəsmi mənbələr cinayət və ölüm hallarının daha çox olması, korrupsiyanın miqdarının yüksək olması qənaətindədirlər. Məsələn, Ermənistan xüsusi istintaq xidməti sabiq müdafiə nazirinin müavini, "Yerkrapa” könüllü döyüşçülər təşkilatının rəhbəri general Manvel Qriqoryanın milyonlarla dollar mənimsədiyini üzə çıxarıb. Qeyd olunub ki, açılan cinayət işi çərçivəsində aparılan ilkin istintaq nəticəsində əldə olunan faktlar üzrə Qriqoryan külli miqdarda silah və döyüş sursatının qanunsuz saxlanılmasında, 1 milyard 228 milyon dram məbləğində vergidən yayınmada, 101 milyon 232 min dəyərində əmlakın və dövlətin 1 milyard 225 milyon dram vəsaitini qanunsuz şəkildə mənimsəməkdə, həmçinin şantaj yolu ilə 37 milyon 101 min dəyərində mülkiyyətə sahiblənməkdə ittiham olunur.

İstintaq nəticəsində sabiq müdafiə nazirinin müavininə qarşı ittihamların sayı artmaqla yanaşı, onun həyat yoldaşı Nazik Amiryana qarşı da ittiham irəli sürülüb. Ermənistan xüsusi istintaq xidmətindən bildirilib ki, Manvel Qriqoryan və xanımına qarşı başladılan cinayət işi baxılması və müvafiq cəza qərarının çıxarılması üçün məhkəməyə göndəriləcək. Manvel Qriqoryanın oğlu Arman Qriqoryan isə axtarışa verilib.

Bütün bunlar bir daha təsdiq edir ki, işğalçı ölkənin ordusunun çöküşü sürətlə davam edir.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video