17 Fevral 2019 01:07
620
SİYASƏT
A- A+

Ölkəmiz hərbi təcavüzün nəticələrini aradan qaldırmaq əzmindədir


Prezident İlham ƏLİYEV: "Azərbaycan həm danışıqlar masasında, həm də döyüş meydanında üstün mövqedədir”


Heç kimə sirr deyil ki, hazırda beynəlxalq münasibətlər sistemində indiyədək görünməmiş acınacaqlı mənzərə müşahidə olunur. XXI əsr bəşər tarixinə çoxsaylı insan tələfatına gətirib çıxaran silahlı münaqişələrlə, aparıcı dövlətlər arasında münasibətlərin gərginləşməsi və beynəlxalq hüququn çat verməsi ilə daxil olmuşdur.

Ötən yüzilliyin axırlarında sosializm sisteminin dağılması və soyuq müharibənin başa çatması, bir tərəfdən, müstəmləkəçilik əsarəti altında olan millətlərin azadlığa qovuşub milli dövlətlərini qurmasına şərait yaratmış, digər tərəfdən, güc mərkəzlərinin öz mənafeyi naminə dünyanın siyasi xəritəsini yenidən çəkməyə girişmişdir. Dünyanın gözü qarşısında insanlıq dramı yaşanır. Böyük dövlətlərin ayrı-ayrı regionları nəzarət altında saxlamaq cəhdləri faciələrə yol açır, yüz minlərlə insan həyatla vidalaşmalı olur, milyonlarla insan yurd-yuvasından məhrum olur.

Belə bir mürəkkəb şəraitdə nəinki yenicə müstəqillik yoluna qədəm qoymuş dövlətlərin, hətta oturuşmuş dövlətlərin varlığını qoruyub saxlaması məsələsi ümdə vəzifə kimi qarşıda durur. Azərbaycan Respublikası hələ milli müstəqilliyini bərpa etməzdən əvvəl beynəlxalq hüququn ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi təməl prinsiplərinin pozulması ilə qarşılaşmışdır. Güclü havadarlara bel bağlayan Ermənistanın hərbi təcavüzü nəticəsində ərazimizin 20 faizi düşmənin əlinə keçmiş, bir milyondan çox həmvətənimiz ev-eşiyindən didərgin düşmüşdür.

Prezident İlham Əliyev Real telekanalına verdiyi müsahibədə vurğuladığı kimi, tarixin hazırkı mərhələsində güc amili ön plana çıxmışdır: "Müxtəlif yerlərdə beynəlxalq hüquq kobudcasına pozulur. Əgər əvvəlki dövrlərdə bunu müəyyən formada gizlətmək istəyirdilərsə, bu gün heç buna ehtiyac da görmürlər. Bu gün dünyada "kim güclüdür, o da haqlıdır” prinsipi hökm sürür”.

Dövlət başçısı belə bir məqamı nəzərə çarpdırdı ki, güc amili həmişə gündəlikdə olub və bundan sonra da olacaq. Odur ki, həm dövlət, həm də hər bir vətəndaş mövcud reallığı nəzərə alaraq ölkənin ərazi bütövlüyünün bərpası naminə əlindən gələni etməlidir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində göstərilən səylər davam edir. Amma tərəflərdən hər birinin problemin həllinə öz baxışı var. Təcavüzkar tərəf beynəlxalq hüquq normalarını qulaqardına vurur, işğalın nəticələrini qanuniləşdirmək üçün dəridən-qabıqdan çıxır, gah Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyinə beynəlxalq dəstək qazanmağa çalışır, gah da Dağlıq Qarabağa müstəqillik verilməsinin yeganə həll vasitəsi olduğunu inandırmağa səy göstərir.

Münaqişənin tənzimlənməsinə münasibətdə Azərbaycanın ədalətli mövqeyi isə dəyişməz olaraq qalır: suveren dövlətin ərazi bütövlüyü və hamı tərəfindən tanınmış sərhədləri müzakirə mövzusu ola bilməz! Problemin həlli yalnız beynəlxalq hüquqa əsaslanmalıdır, çünki hərbi təcavüzün nəticələrinin tanınması ilə əldə edilən sülhün möhkəm və əbədi olması mümkün deyil.

Azərbaycan rəhbərliyi ötən müddət ərzində münaqişənin həlli üçün güclü hüquqi baza yaratmağa müvəffəq olmuşdur. Bir çox mötəbər beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı münaqişə ilə bağlı həqiqətləri əks etdirən qətnamələr qəbul etmişdir. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədində ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunmuşdur. Bu sənədlər münaqişənin tənzimlənməsi üçün yetərli hüquqi baza yaradır. Başqa sözlə, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır, Ermənistanın ərazi iddialarını yaxına buraxmır. Bu o deməkdir ki, münaqişənin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür.

Bununla yanaşı, Azərbaycan təcavüzkar tərəfi sülhə məcbur etmək üçün sərəncamında olan bütün vasitələri işə salır. Söhbət ilk növbədə Ermənistanın blokadasının gücləndirilməsindən gedir. Hərbi təcavüz nəticəsində Ermənistan Azərbaycan kimi mühüm bazarı itirmişdir. Qardaş Türkiyə də işğalçı dövlətlə sərhədlərini bağlamışdır. Üstəlik, Ermənistan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli inkişaf layihələrindən kənarda qalmışdır. Yerevanın havadarları nə qədər cidd-cəhd etsələr də, cürbəcür təzyiqlər göstərsələr də, onu regional əməkdaşlıq prosesinə qoşa bilməmişlər.

Digər tərəfdən, Azərbaycan milli iqtisadiyyatını inkişaf etdirərək hərbi gücünü artırmaqda davam edir. Ordumuzun müasir silahlarla təchiz edilməsi, hərbi hazırlığın yüksək səviyyəyə qaldırılması düşməni narahat etməyə bilmir. Eyni zamanda düşmən Azərbaycan əsgərinin gücünü hiss etməyə başlamış, Ermənistan ordusunun yenilməzliyi mifi puç olmuşdur. 1916-cı il aprel döyüşləri ordumuzun nəyə qadir olduğunu göstərdi, Azərbaycan əsgərinin qələbə əzmini nümayiş etdirdi. Düşmən işğal etdiyi ərazilərin bir hissəsindən geri çəkilməyə məcbur oldu, aldığı zərbənin səbəbkarı kimi havadarlarını suçlamağa başladı. İki ildən sonra Silahlı Qüvvələrimiz Naxçıvanda daha bir uğurlu əməliyyat keçirdi. Qoşunlarımız bir sıra strateji yüksəklikləri ələ keçirdi və bu, düşmənin strateji kommunikasiyalarına nəzarət etməyə imkan verdi. Bütün bunlar ordumuzun qüdrətini əks etdirən mühüm hadisə olaraq tariximizə qızıl səhifələr kimi yazıldı.

Göründüyü kimi, Azərbaycan erməni təcavüzünün nəticələrini aradan qaldırmaq üçün irəliyə doğru inamlı addımlar atır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, indi Azərbaycan həm danışıqlar masasında, həm də döyüş meydanında üstün mövqedədir.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video