17 Fevral 2019 00:52
494
İQTİSADİYYAT
A- A+

İstehsal da artır, ixrac da...


Zaqatala gül, fındıq, tütün və barama məhsulları ilə "Made in Azerbaijan” brendinin dünyada tanıdılmasına böyük töhfə verir


Hazırda ölkəmizdə iqtisadiyyatın daha da inkişaf etdirilməsi üçün mühüm istiqamətlərdən biri regionların özünü maliyyələşdirməsi və mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunmasıdır. Bununla əlaqədar icra strukturlarına idxalı əvəzedən və ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması, inkişaf etdirilməsi istiqamətində tapşırıqlar verilib. Buna uyğun olaraq Zaqatala rayonunda da məqsədyönlü tədbirlər davam etdirilir.


Ölkəmizi dünyada daha çox tanıdan bölgə


Təsadüfi deyil ki, Zaqatala son illər qida sənayesinin inkişaf etdirilməsi istiqamətində öz sözünü deməkdədir. Eyni zamanda "Made in Azerbaijan” brendli məhsulları ilə ölkəmizi dünyada daha çox tanıdan bölgələrimizdəndir. İxrac yönümlü məhsullar arasında isə qərzəkli meyvələr, xüsusən də fındıq xüsusi çəkiyə malikdir.

Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə deyir ki, Prezident İlham Əliyevin göstərişi əsasında ənənəvi sahələrdən olan pambıqçılıq, fındıqçılıq, tütünçülük və kümçülüyün inkişafı eyni zamanda ixrac yönümlü məhsulların artımına da əhəmiyyətli töhfədir. Prioritet seçilən müvafiq istiqamətlərlə bağlı dövlət başçısının verdiyi tövsiyələr Zaqatalada da yerinə yetirilib. Respublikamızda gedən inkişaf fındıqçılıqda da özünü göstərib.

Belə ki, qərzəkli bağçılıq təsərrüfatlarının inkişaf etdirilməsi istiqamətində rayonda mövcud olan fındıq bağlarının sahəsinin iki dəfə artırılması ilə əlaqədar müvafiq tədbirlər davam etdirilib. Bu məqsədlə rayonda ötən illərdə təsis olunmuş Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyi, eləcə də "Zaqatala Aqrosənaye” MMC və "Agrarco” MMC-nin fəaliyyəti uğurlu olub.


19 min 505 hektarlıq fındıq bağları


Fındıq bağı sahələrinin artırılması istiqamətində əhali arasında mütəmadi maarifləndirmə işləri aparılıb. Bütün qüvvələr səfərbər olunmaqla Zaqatala rayonunda proqnozlaşdırılmış 10 min hektar sahədə yeni fındıq bağlarının salınması istiqamətində tədbirlər başa çatmaq üzrədir.

Məlumat üçün bildirək ki, fındıqçılığın inkişaf etdirilməsi üçün 2016-cı ilin payızında 1 milyon 700 min ədəd pöhrə tədarük olunmaqla, rayonda 2560 hektar sahədə yeni fındıq bağı salınıb. Ümumi fındıq bağlarının sahəsi 16 min 420 hektara çatdırılıb. 2017-ci ilin yaz mövsümündə isə 598 hektar sahədə yeni fındıq bağları salınıb. Məqsədyönlü tədbirlər davam etdirilərək elə həmin ilin payız mövsümündə 1134 hektardan artıq sahədə yeni bağlar salınaraq rayonda mövcud fındıq bağları 18 min 151,5 hektara çatdırılıb.

Keçən il də fındıq bağlarının salınması sistemli şəkildə davam etdirilib. Beləliklə də 2018-ci ilin yazında 352 hektar, payızında isə 1001,5 hektar olmaqla, cəmi 1353,5 hektar sahədə yeni fındıq bağları salınıb ki, hazırda mövcud bağlar 19 min 505 hektar təşkil edir.


Ötən il 15 min 69 ton fındıq satılıb


Müvafiq sahənin inkişafına elmi yanaşmanın təmin edilməsi üçün rayonda fəaliyyət göstərən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Zaqatala Bağçılıq Dayaq Məntəqəsində sınaq məqsədi ilə "Ocaq şəkilli”, "V” şəkilli, "Cərgə üsullu” və "8*8” əkin sxemləri ilə bağlar salınıb. Gələcəkdə əkilməsi üçün "Ata-baba” fındıq sortuna aid 8 min ədəd ting yetişdirilir.

Fındıq məhsulunun istehsalı və ondan əldə olunan gəlirlər də illər üzrə dinamikada cəlbediciliyi ilə seçilir. 2016-cı ildə 8910 ton fındıq istehsal olunduğu halda, bundan təxminən 78 milyon manata qədər vəsait əldə olunub. 2017-ci ildə isə 14 min 200 ton məhsuldan 124 milyon manata yaxın gəlir götürülüb. 15 min 69 ton isə fındıq 2018-ci ildə istehsal olunub və həmin məhsulun realizasiyası tam yekunlaşmadığı üçün əldə olunan qazanc bəlli deyil. Hələ ki, satış davam edir. Buna baxmayaraq qazancın əvvəlki illərdən çox olacağı ehtimalı böyükdür.


Almaniya, İtaliya, Rusiya və Türkiyəyə birbaşa ixrac


Hazırda sahibkarlar fındıq ləpəsinin satışını ya Türkiyədən olan həmkarları vasitəsi ilə, yaxud da birbaşa reallaşdırırlar. Rayon ərazisində fındıq emalı ilə məşğul olan qida sənayesi müəssisələri birbaşa Almaniya, İtaliya, Rusiya və Türkiyəyə öz məhsullarını satırlar. Bu da həmin müəssisələrin sənaye potensialı üçün böyük baza formalaşdırır.

Bu gün Zaqatala ixrac potensialına malik gül, fındıq, tütün və barama məhsulları ilə "Made in Azerbaijan” brendinin dünyada tanıdılmasına öz töhfəsini verməkdədir.

Hazırda əkilən fındıq bağları da yaxın gələcəkdə Zaqatalanın inkişafına lazımi təsirini göstərəcək. Çünki fındıq əkildikdən ən azından 5-6 il sonra məhsul gətirir. Rayonda 2006-cı ildə əkilmiş ağaclar indiki halda normal məhsul verməkdədir.


Məhsullarımız dünya bazarında şöhrət qazanır


Zaqataladakı fındıq emalı müəssisələrindən "Aqrovest” MMC xüsusi ilə seçilir. Direktor Malik Aslanov deyir ki müəssisə 2000-ci ildən fəaliyyətdədir. Onlar öz məhsullarını Rusiya Federasiyasına, əsasən də Avropa ölkələrinə ixrac edir. Bu sıraya Almaniya, Fransa, İsveçrə, İtaliya daxildir. Ümumilikdə isə müəssisənin məhsulları keyfiyyətinə görə dünyada tanınır.

2018-ci ildə müəssisə 5 min tona qədər fındıq məhsulu qəbul edib və bundan da təxminən 4 min tonu artıq emal edilib. Onun da 1000 tonu sifarişçilərə çatdırılıb. Hazırda qalan məhsulun satışa hazırlanması istiqamətində işlər gedir. Müqavilə bağlanan şirkətlərə tələbə uyğun həcmdə fındıq göndərilir.

Əsas tədarükçülər Zaqatala, Qax, Balakən və Qəbələ fındıqçılarıdır.

Müəssisədə işçilərin sayı 200 nəfərdir. Bunlar Lahıc, Suvagil, Qımır, Bəhmətli və Zəyəm kəndlərinin sakinləridir.

Məhsulun keyfiyyəti ilə bağlı müəssisədaxili laboratoriya da fəaliyyət göstərir. Eyni zamanda Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri buradakı məhsuldan götürdükləri nümunəyə verdikləri rəydən sonra məhsul xaricə göndərilir.

Görünən odur ki, Zaqatalada fındıqçılıq sahəsi başda olmaqla çoxlu sayda ixracyönümlü məhsullar var. Diqqətçəkən tərəfi də həmin məhsulların satış bazarı baxımından korluq çəkməməsidir. Nəticədə həm əliqabarlı istehsalçı qazanır, həm də emal prosesində iştirak edən zəhmətkeş insanlar. Bizə isə sonda bunu demək qalır: "Məhsulunuz hər zaman bol, ruziniz bərəkətli olsun”!

Əli SƏLİMOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video