17 Fevral 2019 00:52
627
İQTİSADİYYAT
A- A+

Əhalinin məşğulluğunun təmin edilməsi diqqətdə saxlanılır


Dövlət başçısı İlham Əliyevin sürətli tərəqqiyə xidmət edən məqsədyönlü və ardıcıl siyasəti sayəsində əldə olunan müsbət göstəricilər respublikamızda ikinci böyük şəhər olan Gəncədə də özünü qabarıq göstərir. Başqa sözlə, şəhərin sosial-iqtisadi həyatının bütün sahələrində müşahidə olunan inkişaf dinamikası 2018-ci ildə də qorunub saxlanılmış, əhalinin sosial durumu daha da yaxşılaşmışdır.

Qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, görülən işlər davamlı inkişafa, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan vermişdir. Belə ki, 2018-ci ildə şəhər iqtisadiyyatının aparıcı sahəsi olan sənayedə fəaliyyət göstərən fiziki və hüquqi təsərrüfat subyektləri tərəfindən əvvəlki ilə nisbətən 399 milyon 912 min manat çox sənaye məhsulu istehsal olunmuşdur.

Sahibkarlığın inkişafı üçün yaradılan münbit şərait nəticəsində özəl müəssisələr tərəfindən istehsal olunan məhsulların həcmi ümumi sənaye məhsullarının 69,6 faizini təşkil etmişdir. Həmin məhsulların 54 faizi respublika daxilində, 46 faizi Rusiya, Türkiyə, Polşa, Çexiya, İtaliya, Ukrayna, Belarus, Gürcüstan və digər ölkələrə ixrac olunmuşdur. Sənaye sektorunda işləyənlərin əməkhaqqı 473 manat olmuşdur.

Əvvəlki illərdə olduğu kimi, "Gəncə avtomobil zavodu” İstehsalat Birliyi şəhər iqtisadiyyatında yenə də mühüm yer tutmuşdur. Minsk Traktor Zavodu ilə bağlanmış müqaviləyə əsasən Gəncə zavodu "Belarus” traktorlarının istehsal həcmini bir qədər də artırmışdır. Hazırda "Gəncə avtomobil zavodu”nun Türkiyədə filialının açılması istiqamətində işlər aparılır. Yaxın vaxtlarda zavodun qardaş ölkədə fəaliyyətə başlayacaq filialında həmin traktorların yığımına başlanacaqdır. Bundan başqa, "MAZ” markalı avtomobillərin bazasında respublikamız üçün əhəmiyyətli olan bütün növ xüsusi təyinatlı maşınların istehsalı, "KamAZ”, "URAL” markalı avtomobillərin yığımının genişləndirilməsi də nəzərdə tutulmuşdur.

Keçən il şəhərdə tikinti-quruculuq işlərinin həcmi də xeyli genişləndirilmişdir. Əhali sektorunda 3 milyon 967 min manat şəxsi vəsaiti hesabına ümumi sahəsi 15 min kvadratmetr olan yaşayış evi tikilmişdir. Ümumi sahəsi 5 min 586 kvadratmetr olan "Majestik” adlı mehmanxana, ümumi sahəsi 2 min 500 kvadratmetr olan,

8 mərtəbəli "Otel Univermaq” və Hacıkənd qəsəbəsində 7 mərtəbəli "ARFA”, Nizami Gəncəvi prospektində 8 və 4 mərtəbəli, Şah İsmayıl Xətai prospektində 4 mərtəbəli, Zərifə Əliyeva prospektində 2 mərtəbəli mehmanxanalarda inşaat işləri sürətlə davam etdirilir. İl ərzində şəhərin ayrı-ayrı ünvanlarında 182 çoxmənzilli binanın dam örtüyü yenilənmişdir. Şəhərdə genişmiqyaslı abadlıq-quruculuq işləri ilə yanaşı, əhalinin və nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nizami Gəncəvi prospekti, Fikrət Əmirov, Ş.Bahəddin, Əttarlar, Təbriz, Gəncəvi, Firdovsi, Qara Qarayev, Azərbaycan bayrağı, İsax Cəfərov adına və digər küçələrdə təmir işləri aparılmışdır.

"Hərəmiz bir ağac əkək!” devizi ilə keçirilən iməcilikdə Heydər Əliyev parkında 10 min ağac əkilmişdir. Həmin ərazilərin suvarılması üçün 18 subartezian quyusu təmir edilərək istifadəyə verilmişdir.

Dövlət başçısı İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən biri də nəqliyyat, rabitə və informasiya texnologiyaları sektorunun təkmilləşdirilməsidir. 2018-ci ildə də bu sahədə işlərin yenidən qurulması istiqamətində xeyli iş görülmüşdür. 5 hektar ərazidə inşa edilən Beynəlxalq Avtovağzal Kompleksi sərnişinlərin ixtiyarına verilmiş, dekabrın 29-da Bakı-Gəncə marşrutu üzrə sürət qatarı fəaliyyətə başlamışdır.

Dövlət siyasətinin prioritet sahələrindən olan əhalinin məşğulluğunun təmin edilməsi də daim diqqət mərkəzində saxlanılmışdır. Şəhər məşğulluq mərkəzinə müraciət edən 3944 nəfər vətəndaşın 2655 nəfəri işlə təmin edilmişdir ki, onların da 1106 nəfəri qadındır.

Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən biri də iş adamları tərəfindən investisiya qoyuluşuna diqqətin artırılmasıdır. Bu vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar şəhərdə sahibkarlığın inkişaf etdirilməsi üçün iş adamlarına hər cür şərait yaradılmışdır. Bunun nəticəsidir ki, bu istiqamətdə müəyyən nailiyyətlər qazanılmış, sahibkarlar tərəfindən istehsal müəssisələrinin və qeyri-istehsal sahələrinin yaradılması və yenidən qurulması üçün 108 milyon 818 min manatdan çox investisiya qoyulmuşdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2011-2018-ci illər ərzində 126 sahibkara 37 milyon manatdan çox güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşması nəticəsində 720 yeni iş yeri açılmışdır. Şəhərin iqtisadi potensialından səmərəli istifadə və ixracyönümlü məhsul istehsalının təşviqi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində ötən il istehsalla məşğul olan iş adamları tərəfindən 184 milyon manata yaxın məhsul dünya bazarlarına çıxarılmışdır. Bundan başqa, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi nəticəsində sahibkarlıq subyektlərinin sayı da xeyli artmışdır.

Gəncə şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı mühüm layihələr həyata keçirilir. Başqa sözlə, Almaniyanın KfW bankının krediti hesabına "Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti-quraşdırma işləri sürətlə davam etdirilir. Respublikanın qərb bölgəsinin içməli və suvarma suyu ilə təminatında mühüm əhəmiyyət daşıyan Şəmkirçay su anbarının istismara verilməsi ətraf şəhər və rayonların içməli su ilə təminatı üçün böyük imkanlar yaratmışdır. Şəmkirçay sutəmizləyici qurğusundan Gəncə şəhərinə suyun verilməsini təmin etmək üçün uzunluğu 27,5 kilometr olan magistral su kəmərinin tikintisi artıq yekunlaşmışdır. Gəncə və Şəmkir şəhərləri üçün alternativ mənbə hesab olunan Şəmkirçay sutəmizləyici qurğusu istismara verildikdən sonra bu mənbədən Gəncə şəhərinə saniyədə 1141 litr içməli su veriləcəkdir.

Şəhər icra hakimiyyətinin daim diqqət mərkəzində saxladığı məsələlərdən biri də elm, təhsil, eləcə də məktəbəqədər uşaq tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsilin keyfiyyətcə və məzmunca beynəlxalq standartlara inteqrasiyası məsələsidir. Bu istiqamətdə bir sıra məqsədyönlü işlər görülmüşdür. Belə ki, 1076 şagird yerlik 7 nömrəli tam orta məktəbin binasında əsaslı təmir işlərinə başlanılmışdır. 18, 28 və 34 nömrəli tam orta məktəblərin əsaslı təmiri üçün isə hazırlıq işləri görülür.

Təhsil sistemində aparılan yenidənqurma işləri ümumi göstəricilərdə öz müsbət nəticələrini göstərir. Bu inkişafı 2017-2018-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında da görmək mümkündür. Qəbul imtahanlarında 264 nəfər 500-dən, 90 nəfər 600-dən, 30 nəfər 650-dən yuxarı bal toplayan, 1 nəfər isə ən yüksək - 700 balla tələbə adını qazanmışdır.

Həm dövlət başçısı İlham Əliyev, həm də Azərbaycanın Birinci vitze-prezidenti Mehriban xanım Əliyeva əhalinin sağlamlığına böyük diqqət ayırır, hərtərəfli qayğı göstərirlər. Bu diqqət və qayğı sayəsində tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilir, təminat yaxşılaşdırılır. Xüsusilə tibbi kadrların ixtisas səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərin nəticəsidir ki, bu gün ölkəmizdə çox mürəkkəb əməliyyatlar həyata keçirilir, əvvəllər mümkün olmayan müasir müalicə üsulları tətbiq edilir ki, bunun da nəticəsində əhalinin sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur.

Son illər Gəncə səhiyyəsində də yenilənmə prosesi gedir. Belə ki, keçən il 200 çarpayılıq psixiatriya xəstəxanası üçün yeni müasir tələblərə uyğun 2 korpus və bir yardımçı binanın tikintisinə başlanılmışdır. Hazırda 2 saylı poliklinikada, 2 saylı uşaq xəstəxanasının anesteziologiya və reanimasiya şöbəsində, eləcə də 1 saylı uşaq xəstəxanasında təmir işləri sürətlə davam etdirilir.

Ötən il şəhərin səhiyyə müəssisələrinin yeni tibbi avadanlıq və qurğularla təchizatı istiqamətində də xeyli iş görülmüşdür. Qadın məsləhətxanası tərəfindən göstərilən tibbi xidmətə diqqət artırılmış, məsləhətxanaya koaqulometr, hematoloji laborator analizator, regional Perinatal Mərkəzə fototerapiya aparatı, uşaqlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə 1 saylı Birləşmiş Uşaq Xəstəxanasına elektroensefaloqraf verilmişdir.

Xalqımızın milli-mənəvi dəyərlərinin, zəngin mədəni irsinin qorunub saxlanması, gələcək nəsillərə ötürülməsi istiqamətində müəyyənləşdirilmiş kompleks tədbirlər dövlət siyasətinin əsas prioritetlərindən biridir. Keçən il bu baxımdan Gəncədə xeyli iş görülmüşdür. "Şah Abbas” və "Uğurlu xan” karvansaralarının əsaslı təmir və bərpası istiqamətində işlər başa çatdırılmışdır. Bundan başqa, Balabağban və Qazaxlar məscidlərində ilkin görünüşlərinə xələl gətirmədən təmir-bərpa işləri aparılmışdır. Hacıkənd qəsəbəsində Gəncə şəhər kitabxana sisteminin 17 saylı kitabxana filialı əsaslı təmirdən sonra yeni məkana köçürülmüş, "Nizami Gəncəvi: Sələflər və Xələflər” adlı park istifadəyə verilmişdir. İl ərzində Gəncə şəhərinə turist qismində gələnlər üçün Heydər Əliyev park kompleksinə, Mirzə Şəfi Vazeh muzeyinə, Məhsəti Gəncəvi Mərkəzinə, Nizami Gəncəvi muzeyinə, "Gəncəçay” park-bulvar kompleksinə, Hacıkənddə Xalq Cümhuriyyəti Muzeyinə və sair tarixi-memarlıq abidələrinə ekskursiyalar təşkil edilmişdir.

Keçən il Gəncə idmançıları üçün də uğurlu olmuşdur. Belə ki, il ərzində şəhərdə keçirilən 53 müxtəlif idman yarışlarında 9 mindən çox gənc iştirak etmişdir. 30-a yaxın respublika yarışlarında 64 nəfər birinci, 52 nəfər ikinci, 51 nəfər isə üçüncü yerə layiq görülmüşdür. İdmançılardan 100 nəfər beynəlxalq, 8 nəfər Avropa, 7 nəfər dünya çempionatlarında iştirak etməklə ümumilikdə 47 medal qazanmışlar ki, onlardan da 20-si qızıl, 5-i gümüş, 22-si bürünc medal olmuşdur.

Sabir ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video