17 Fevral 2019 00:49
955
Təhsil
A- A+

Tələbə gənclərə qayğı ölkə Prezidentinin daim diqqətindədir


Azərbaycanın iqtisadi gücü artdıqca ölkə vətəndaşlarının sosial həyat şəraiti, maddi rifah halı da yaxşılaşır. Bu sırada tələbə-gənclərə göstərilən qayğı xüsusi önəm daşıyır. Dövlət başçısının istəyi odur ki, müasir gənclik dünya standartlarına uyğun yaraşıqlı binalarda, geniş və rahat auditoriyalarda ali təhsil almaqla yanaşı, maddi cəhətdən də korluq çəkməsinlər.

Ölkə rəhbəri tərəfindən "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalaması da buna xidmət edir. Sənədə əsasən, ali məktəb tələbələri üçün Prezident təqaüdünün 185 manatdan 210 manata qədər artırılması nəzərdə tutulur. Bu fərman 2019-cu il martın 1-dən qüvvəyə minəcəkdir. Redaksiyaya daxil olan teleqramlardan, müraciətlərdən və telefon zənglərindən məlum olur ki, ölkənin tələbə-gəncləri, eləcə də onların valideynləri və yaxınları bu fərmanı minnətdarlıq hissilə qarsılayıblar.

Ölkə rəhbərinin "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin AMEA-nın magisturatura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamı da ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Sərəncama əsasən, dövlət büdcəsinin vəsaiti hesabına doktorantura pilləsi üzrə, elmlər doktoru hazırlığı üzrə doktorantlara 300 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara 180 manat, ali təhsil müəssisələrində və Milli Elmlər Akademiyasında təqaüd alan tələbələrə 170 manat təqaüd təyin edilib.

Magistratura səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr - 145 manat, 71-100 bal olan tələbələr - 120 manat, 51-100 bal olan tələbələr isə 80 manat alacaqlar. Bakalavr səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələrə 130 manat, 71-100 bal olan tələbələrə 110 manat, 51-100 bal olan tələbələr isə 75 manat təqaüd müəyyən edilib.

Orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri 91-100 bal olan tələbələrə 75 manat, 71-100 bal olan tələbələrə 60 manat, 51-100 bal olan tələbələrə 50 manat təqaüd veriləcək. Peşə təhsili müəssisələrinin tələbələrinə isə 50 manat təqaüd təyin edilib.

Sərəncamda bildirilir ki, təqaüdlərin ödənilməsi, doktorantura pilləsində, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistura səviyyəsində dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçiriləcək. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Bu sərəncam cari il martın 1-dən qüvvəyə minəcək.

Dövlət başçısı ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə də sərəncam imzalayıb. Sərəncam yüksəkixtisaslı, peşəkar kadrların hazırlanmasına dövlət qayğısının artırılmasına və təhsildə yüksək nəticələr əldə edən tələbələrin təqaüd almaları üçün əlavə imkanların yaradılmasına şərait yaradacaq.

Sərəncama əsasən, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu il martın 1-dən 16 min vahid artırılıb. Təqaüd alan tələbələrin sayının tələbələrin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq 50 faizdən az olmayan səviyyəyə çatdırılması qərara alınıb. Nazirlər Kabinetinə tapşırılıb ki, bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirlərin müəyyənləşdirilməsi məqsədilə cari ilin və növbəti illərin dövlət büdcəsinə maliyyə təminatı məsələlərinin həlli ilə bağlı zəruri tədbirlər həyata keçirsin. Nazirlər Kabineti Prezidentin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb ölkə rəhbərinə təqdim etməlidir.

Ölkə vətəndaşlarına məlumdur ki, son bir neçə ildə Azərbaycan Prezidentinin göstəriş və tövsiyələrinə əsasən təqaüdlər və pensiyalar artırılır. Yeri gəldikcə digər sosial problemlər də həllini tapır. Tələbələrin təqaüdlərinin artırılması isə Azərbaycan Prezidentinin ölkə gəncliyinə diqqət və qayğısının göstəricisidir. Bu, eyni zamanda gənclərin təhsilinin inkişafına və keyfiyyətinə təsir edəcək əsas amildir. Ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanan bu sərəncamlar respublikamızın gənc oğlan və qızlarının yaxşı oxumalarına, yüksək bilik və təhsil almalarına səbəb olacaqdır.

Rəhman SALMANLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video