16 Fevral 2019 01:12
1978
CƏMİYYƏT
A- A+

1 ünvanda 320 xidmət


Sumqayıtda 6 ildir ki, əhaliyə xidmət "ASAN”laşıb


"Burada göstərilən xidmətdən çox razıyam. Sözün həqiqi mənasında vətəndaşlara əla xidmət göstərilir. Dövlət rüsumlarının miqdarını da konkret bilirik. Kimsə səndən rüşvət istəmir. Hər kəs növbəsini gözləyir və kimsə növbədənkənar iş görə bilməz. Əməkdaşlar da insanlarla çox mehriban davranır. Bir şeyi neçə dəfə soruşsan da, məmnunluqla cavablandırırlar. Buradan heç kim hələ narazı getməyib. Get-gedə də belə mərkəzlərin sayı artır. Bu da hər bir vətəndaşı sevindirir. Ona görə ki, getdikcə hər şey asanlaşır”.

Bu fikirlər nəvəsinə şəxsiyyət vəsiqəsi almaq üçün Sumqayıt regional "ASAN xidmət” mərkəzində növbə gözləyən 68 yaşlı Baxşəli Abadova məxsusdur. Ağsaqqal deyir ki, burada insan özünü çox rahat hiss edir. Onunla söhbətləşən digər şəxslərin də bu fikirləri təsdiqləməsi və çöhrələrindəki məmnunluq ifadələrindən hiss olunur ki, hər kəs buradakı xidmətdən çox razıdır.

2013-cü ildən fəaliyyət göstərən Sumqayıt regional "ASAN xidmət” mərkəzi artıq 6 ildir bir neçə rayonun əhalisinə xidmət göstərir və bu sırada ilklərdən biridir. Biz də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevin müşayiətilə mərkəzə baş çəkib fəaliyyəti ilə yaxından tanış olduq.


Bakıdan üç ay sonra...


Yaradıldığı gündən fəaliyyətini "vahid məkan” prinsipi əsasında quran Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət” mərkəzləri artıq 6 ildir ölkə vətəndaşlarının xidmətindədir.

Sumqayıt regional "ASAN xidmət” mərkəzi 2013-cü il mayın 3-də Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Mərasimdə dövlət başçısı bildirmişdi ki, Sumqayıtda Bakı şəhərinə xas olan bütün standartlar tətbiq olunmalıdır: "Artıq "ASAN xidmət” Sumqayıta da gəldi, Bakıdan üç ay sonra... Sumqayıt, doğrudan da, ölkəmizin çox gözəl şəhərinə çevrilir və Bakıdan sonra Cənubi Qafqazda ikinci böyük sənaye şəhəridir. Sumqayıtın əhalisi də artır, iş yerləri açılır. İndi yeni yaradılan sənaye müəssisələri, texnoparklar kənar bölgələrdən də işçi qüvvəsini Sumqayıta gətirəcək. Yəni burada iş çox olacaq və bu mərkəz nəinki Sumqayıt sakinlərinə, eyni zamanda, Abşeron, Siyəzən, Şabran və Xızı rayonlarının sakinlərinə xidmət göstərəcək”.


Vətəndaşlar "ASAN xidmət”ə çox güvənirlər


Mərkəzə daxil olarkən ilk şahid olduğumuz mənzərə insan izdihamı idi. Hər kəs Məlumat Mərkəzinə yaxınlaşıb müraciət edir və xidmətin əməkdaşları işin çoxluğuna baxmayaraq, vətəndaşları xoş təbəssümlə qarşılayıb lazımi kömək göstərirlər.

Məlumat Mərkəzinin əməkdaşlarından biri də Gülşən Hüseynovadır. Gülşən deyir ki, hərdən vətəndaşla əməkdaş arasında anlaşılmazlıq da yarana bilir: "Əsasən, burada göstərilməyən xidmətlərlə bağlı belə hallar olur. Vətəndaşlar "ASAN xidmət”ə çox güvənirlər. Ona bizdə istədiyi məsələ ilə bağlı xidmət göstərilmədiyini izah edəndə incik düşür. Düşünür ki, "ASAN” hər bir dərdə dəvadır və bütün xidmətlər burada olmalıdır”.


10 rayona fasiləsiz xidmət göstərən mərkəz


"ASAN xidmət”in şöbə müdiri Elnur Niftəliyev söylədi ki, bu mərkəz Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz, Şamaxı, Qobustan rayonlarında qeydiyyatda olan vətəndaşlara xidmət göstərir. Mərkəz həftənin bazar ertəsi - cümə günləri saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri isə saat 09:00-dan 17:00-dək fəaliyyətdədir.

Hazırda bütün "ASAN xidmət” mərkəzlərində olduğu kimi burda da 11 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmət göstərilir.


Gün ərzində 2500 vətəndaşa xidmət göstərilir


Müşahidə etdik ki, "ASAN xidmət” mərkəzində vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, uşaq əyləncə guşəsi, internet-kafe, poçt şöbələri, fotostudiya da fəaliyyət göstərir. Mərkəzdə fəaliyyət göstərən dövlət orqanları və funksional yardımçı xidmətlər tərəfindən gün ərzində ümumilikdə 2000-2500 vətəndaşa xidmət göstərilir.

Sumqayıt regional "ASAN xidmət” mərkəzinin böyük məsləhətçisi Səbinə Nəsirova qeyd etdi ki, gün ərzində daha çox şəxsiyyət vəsiqəsinin verilməsi, dəyişdirilməsi, vətəndaş pasportunun dəyişdirilməsi, doğum haqqında şəhadətnamənin verilməsi, sürücülük vəsiqələrinin, vergi ödəyicilərinin qeydiyyata alınması ilə bağlı müraciətlər olur.


Fiziki məhdudiyyətli insanlar üçün hər cür şərait yaradılıb


Burada fiziki məhdudiyyətli insanlar üçün də bütün zəruri şərait yaradılıb. Binanın girişində onlar üçün xüsusi lift quraşdırılıb. Gözdən əlillərin sərbəst hərəkəti üçün isə hər bir mərtəbənin döşəməsinə xüsusi örtüklər vurulub və lövhələr onların oxuya biləcəkləri müvafiq hərflərlə hazırlanıb.

Vətəndaşlar mərkəzdə yerləşdirilən xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərinin, kredit və sığorta ödənişlərini həyata keçirirlər.

Mərkəzdə həm də ana otağı mövcuddur. Südəmər körpəsi ilə mərkəzə gələn ana bu otaqdan istifadə edə bilər. Birinci mərtəbədə yerləşən uşaq əyləncə mərkəzinə yaxınlaşan zaman isə 4-5 balacanın oyuncaqlarla oynadığının şahidi olduq. Könüllü Aysel İbadova onlara nəzarət edirdi. Ayselin dediyinə görə, bu xidmət pulsuz həyata keçirilir. Məqsəd, uşağı olan vətəndaşların işini asanlaşdırmaqdır. Uşaqlar burda maksimum 2 saat qala bilərlər. Bu müddətdə valideynlər işlərini başa vurur və uşaqlarını təhvil alıb gedirlər.


Xidmətin səlahiyyətləri artırılır


Mərkəzin üçüncü mərtəbəsində təmir işləri gedirdi. Əldə etdiyimiz məlumata görə, Prezident İlham Əliyevin bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 17 yanvar 2019-cu il tarixli fərmanından irəli gələrək bəzi xidmətlər üzrə pəncərələrin sayı artırılır və əhalinin rahatlığını təmin etmək üçün işlər aparılır.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, "ASAN xidmət”in icra etdiyi funksiyaların digər nazirlik və komitələrdə paralel şəkildə aparılması aradan qaldırılıb. Belə ki, indiyə qədər "ASAN xidmət”lə bərabər, digər rəsmi qurumlarda da paralel xidmətlər göstərilirdi. Bu fərmanla bütün səlahiyyətlər "ASAN xidmət”ə verilib. Bununla da, "ASAN xidmət” mərkəzləri müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevriləcək.

"ASAN xidmət”in şöbə müdiri Elnur Niftəliyev bildirdi ki, elə xidmətlər var ki, onunla bağlı daha çox müraciətlər daxil olur. Buna görə də elə "ASAN xidmət” mərkəzləri olacaq ki, orada pəncərələrin sayı, bəzi mərkəzlərdə isə əməkdaşların sayı artırılacaq. Amma yenə də əhaliyə təklif olunacaq dövlət qurumlarının xidmətləri həmin dövlət orqanlarının əməkdaşları tərəfindən reallaşdırılacaq. Şəxsiyyət vəsiqəsini Daxili İşlər Nazirliyinin əməkdaşları, yaxud doğum haqqında şəhadətnaməni Ədliyyə Nazirliyinin əməkdaşları verir. Sadəcə məkan olaraq artıq "ASAN xidmət” alternativsiz fəaliyyət göstərəcək.


Səyyar xidmət konsepsiyası


Onu da əlavə edək ki, Sumqayıt "ASAN xidmət” mərkəzi bölgələrdə də səyyar xidmət göstərir. Xidmətin səyyar avtobusunda səyyar xidmət konsepsiyasının əsas komponentləri - alternativ enerji mənbələrindən istifadə olunması, nağdsız hesablaşmaların və şəffaflığın təmin edilməsi, vətəndaşların dövlət orqanlarına etimadının gücləndirilməsi əksini tapıb. Səyyar qrupların hər biri şəhər və rayonlarda 15 gündən bir ayadək vətəndaşlara xidmət göstərir. Qrup müvafiq şəhər və rayona daxil olarkən xidmətlərin həyata keçirilməsi üçün iki iş günü ərzində nəzərdə tutulmuş xüsusi məkanlarda yerləşdirilir.

Hazırda regionlarda 10 Səyyar "ASAN xidmət” avtobusu və Səyyar "ASAN qatar” vasitəsi ilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən 1 milyon 600 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib. Səyyar "ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.


Könüllülər - cəmiyyətin fəal üzvləri


Hər bir "ASAN xidmət” mərkəzində olduğu kimi, Sumqayıt regional "ASAN xidmət”də də könüllülərlə rastlaşa bilərsiniz. Onlar "ASAN xidmət” konsepsiyasının bir komponentidirlər. Vətəndaşlara istənilən köməyi göstərən bu gənclərin sayı hazırda 75 nəfərdir. Ölkəmizdə "ASAN” könüllülərinin sayı isə 17 mindən çoxdur.

Prezident İlham Əliyev də Sumqayıt regional "ASAN xidmət” mərkəzinin açılışında könüllülərlə görüşdə onlara göstərdikləri təşəbbüsə görə minnətdarlığını ifadə etmişdi: "Bu, sizin üçün də gözəl təcrübədir. İlk növbədə gələcək fəaliyyətiniz üçün, hesab edirəm ki, çox vacib olan təcrübədir. Digər tərəfdən, bax bu valantyorluq sizin niyyətinizi göstərir, onu ifadə edir. Yəni, siz cəmiyyətin fəal üzvlərisiniz. Əgər siz könüllü şəkildə, necə deyərlər, vətəndaşlara və dövlətə təmənnasız kömək etmək istəyirsinizsə, deməli sizin niyyətiniz çox xoşməramlıdır və ölkəmizin ümumi inkişafına tam uyğundur. Bax, belə gənclər olmalıdır, Vətəni sevən, insanlara xoş münasibət bildirən, peşəkar, bilikli və müasir. Mən sizə uğurlar arzulayıram. Sizə bax bu təşəbbüsə görə minnətdarlığımı bildirmək istəyirəm”.


Mərkəzdə çalışan işçilərdən bəziləri könüllülərin arasından seçilib


Könüllülərdən 20 yaşlı Aytən İlyasova Bakı Dövlət Universitetinin tələbəsidir. İmtahanlarını bitirib qış tətilinə çıxdığı üçün evdəki boş zamanını dəyərləndirmək məqsədilə burda könüllü işləməyə başlayıb. Dediyinə görə, bu ona real iş həyatı ilə tanışlıq imkanı yaradır, eyni zamanda yeni dostluqlar qazandırır.

Taryel də 1 aydır ki, könüllülər sırasındadır. 24 yaşı var. Bir ay ərzində çox şey əldə etdiyini deyir. İşindən, vətəndaşlara xidmət etməkdən çox zövq alır. İş günü nə qədər gərgin keçsə də heç hiss etmədiyini vurğulayan Taryel bura gözəl kollektiv, sosial ətraf və iş təcrübəsi qazanmaq üçün gəldiyini deyir.

Vətəndaşlar arasında sorğu keçirən Gülşanə Əliyeva da gənc könüllüdür. Artıq günün yarısına kimi xeyli adam sorğuda iştirak edib. Hamı da razılığını bildirir. Qeyd edək ki, respublika üzrə keçirilən rəy sorğularına əsasən vətəndaşların "ASAN xidmət” mərkəzlərindəki xidmətlərdən məmunluq əmsalı 99,6 faiz təşkil edir.

Onu da öyrəndik ki, Sumqayıt "ASAN könüllüləri” tərəfindən mütəmadi olaraq müxtəlif tamaşalar reallaşdırılır. Elə bu yaxınlarda, 2 fevral - Gənclər Günü münasibətilə Sumqayıt "ASAN könüllülər”i Sumqayıt Dövlət Dram Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan” musiqili komediyasını səhnələşdiriblər.

Bu məlumatı da verdilər ki, Sumqayıt regional "ASAN xidmət” mərkəzində 20-yə yaxın işçi könüllülərin arasından seçilib.


2019-cu ildə "ASAN” bütün ölkəni əhatə edəcək


Ümumiyyətlə, "ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, müasir texnologiyaların tətbiqidir.

Elnur Niftəliyev deyir ki, 2019-cu ildə Tovuzda, Balakəndə, Ağcabədidə, Kürdəmirdə, Şamaxıda "ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayacaq: "Bununla da xidmət mərkəzlərinin sayı 20-yə çatacaq. Bu 5 mərkəz açıldıqdan sonra bütövlükdə ölkə ərazisini əhatə etmiş olacağıq. Hansı yerdə ki, "ASAN xidmət” mərkəzləri yoxdur, orada da səyyar "ASAN xidmət” mərkəzləri fəaliyyət göstərəcək. Bu, xidmətlərin vətəndaşlarımıza daha əlçatan və innovativ üsullarla çatdırılması üçün edilir.

Göründüyü kimi, 2013-cü ildən ölkəmizdə fəaliyyət göstərən "ASAN xidmət” hər bir vətəndaşın işini asanlaşdırır və problemlərin minimum qısa vaxt ərzində həllinə yardımçı olaraq xalqın rəğbətini qazana bilib.

Fərizə ƏHMƏDOVA,

A.MƏMMƏDOV (foto),

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video