16 Fevral 2019 01:10
1385
SİYASƏT
A- A+

LİDER ÖRNƏYİ


Xalqın İLHAM ƏLİYEV sevgisi sarsılmaz birliyin təcəssümüdür


Tarix sübut edib ki, hər bir xalqın, dövlətin inkişafında dahi şəxsiyyətlərin, siyasi liderlərin çox böyük rolu olub. Dövlət idarəçiliyində yüksək səriştə, milli maraqların hər şeydən üstün tutulması və qətiyyətlilik liderlərin fəaliyyətinin ana xəttini təşkil edir.

Məhz buna görə də tarixi şəxsiyyətlər əsrlərin və nəsillərin yaddaşında əbədi yaşayırlar. Zaman ötdükcə onların xalqı və vətəni üçün etdiklərinin, ölkəsinin inkişafındakı xidmətlərinin əhəmiyyəti daha çox nəzərə çarpır.

Bu bir həqiqətdir ki, Azərbaycanın 2003-cü ildən başlayan hərtərəfli sürətli inkişafı, uğurları və davamlı yüksəlişi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Məhz İlham Əliyevin uzaqgörən, qətiyyətli və prinsipial siyasəti nəticəsində son 15 ildə dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklər baş verib. Bu qısa zaman kəsiyində Azərbaycan tarixinin ən qüdrətli dövlətinə çevrilib.


Daim xalqın yanında


Dövlətlərin demokratiklik əmsalı sosial-iqtisadi inkişaf göstəriciləri ilə yanaşı, həm də siyasi hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə müəyyənləşir. Xalqdan mandat almış hakimiyyət fəaliyyəti ilə daim ictimai etimadı doğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi islahatları həyata keçirməyə çalışır.

Fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulan Prezident İlham Əliyev hər zaman qazanılan nailiyyətlərdən bəhs edərkən böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Elə bütün bunların səbəbidir ki, bu gün Azərbaycanda Prezident xalqına güvənir, xalq isə öz liderinə inanır. Hər bir addımını xalqın mənafeyinə uyğun atması cənab İlham Əliyevə ümumxalq sevgisi qazandırıb.

Daim xalqın yanında olmaq, onun çətinliklərini öyrənmək və problemlərin operativ həlli istiqamətində tədbirlər görmək Prezidentin iş tərzidir. İş qrafiki nə qədər zəngin və ağır olsa da, dövlət başçısı hər zaman xalqın marağını üstün tutaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyib. Azərbaycan xalqı da həmişə öz liderinə güvənib, ona ən güclü dayaq olub.


Özünəməxsus təmkin və həssaslıq


Təkcə son 20 gün ərzində ölkənin ictimai-siyasi və sosial həyatında baş verən hadisələrə nəzər yetirsək görərik ki, vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən və dərhal həlli üçün qəti tapşırıqlar verən İlham Əliyevin atdığı addımlar xalqın Prezidentinə olan etimadını daha da artırıb.

Şəhid ailələrinə 11 min manat birdəfəlik ödəmələrin verilməsi prosesində yaranan problemin həlli ilə bağlı bu kateqoriyaya aid vətəndaşlarla görüşü və dövlət başçısının ahıl şəhid valideynlərinə göstərdiyi ehtiram, qayğı, şəhid ailələrinə verilən müavinətlərin 242 manatdan 300 manatadək artırılması və minimum əməkhaqqının 130 manatdan 180 manata yüksəldilməsi ilə bağlı imzaladığı sərəncamlar hər bir ölkə vətəndaşı tərəfindən yüksək dəyərləndirildi.

Fevralın 12-də "Real” televiziyasına müsahibəsində Prezident bu istiqamətdə atılan addımları dəyərləndirərkən dedi ki, Azərbaycanda şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə analoqu olmayan bir yanaşma mövcuddur: "Köçkünlər üçün 100-dən çox şəhərcik tikilmişdir... Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 6500-dən çox mənzil verilmişdir. Mən eşitməmişəm hansı ölkədə bu kateqoriyadan olan insanlara bu qədər dəstək göstərilir. Şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım verilmişdir. Bu da dünya praktikasında analoqu olmayan bir yanaşmadır. Yəni bütün bunlar bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır”.

Bununla yanaşı, Prezidentin şimal bölgəsində baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində verdiyi tapşırıqların icrası ilə maraqlanmaq üçün Şamaxıya səfər edib evləri qəzalı vəziyyətə düşmüş sakinlərlə görüşü, onlara təskinlik verməsi, 92 yaşlı Saray nənə ilə uzun müddət xatirələrdən silinməyəcək maraqlı dialoqu xalqda bir daha əminlik yaratdı ki, dövlət və onun lideri hər zaman vətən-daşının arxasındadır.


Vətəndaşlarla səmimi görüşlərin xoş mənzərəsi


Saysız-hesabsız görüşləri, insanları səbirlə dinləməsi, onların hər bir məsləhətlərini, arzu və təkliflərini nəzərə alması Prezidentin həqiqətən hər bir azərbaycanlının sevimli rəhbəri olmasından xəbər verir.

Fevralın 13-də dövlət başçısının Beyləqana səfəri çərçivəsində yaşananlar da bunu bir daha təsdiqləyir. Öncə ölkə üzrə sayca 45-ci olimpiya idman kompleksinin açılışında idmançılarla görüşən Prezidentin bu sahəyə xüsusi diqqət göstərdiyi bir daha təsdiqləndi. Bu mərkəzin yaradılması dövlətin idman siyasətinin təzahürü kimi qiymətləndirilməlidir. Elə Prezident də bildirdi ki, bu gün Azərbaycan idman dövlətidir. Dövlət bütün bölgələrdə, hər bir rayonda müasir idman komplekslərinin tikilməsi üçün çalışır.

Tarix-diyarşünaslıq muzeyinin açılışında iştirak etdikdən sonra dövlət başçısının muzeyin yerləşdiyi parkda istirahət edən rayon sakinləri ilə görüşü hər kəsdə xoş təəssürat yaratdı. Prezident vətəndaşların problemləri ilə maraqlanıb onların həlli ilə bağlı tapşırıqların veriləcəyini, evi uçub-dağıldığını deyən qadına yeni tikiləcək binada mənzil veriləcəyini, əməliyyata ehtiyacı olan bir gəncə kömək göstərəcəyini söyləyərək xalqla birgə "Azərbaycanım” mahnısını ifa etdi.

Bu, insanlarla hər zaman yaxın təmasda, görüşlərdə olsun, qocalara, uşaqlara, kimsəsizlərə yardım edən İlham Əliyevin səmimiliyi, milli təəssübkeşliyi, xalqına sədaqətinin bariz təcəssümü idi.


"Sizə xidmət etməyə gəlmişəm”


Sakinlərin səmimi fikirləri, arzuları, liderə sevgiləri isə bir daha təsdiq etdi ki, İlham Əliyev bu müddət ərzində xalqın sevimli liderinə çevrilib.

Yaşlı bir qadının söylədiyi səmimi fikirlərə nəzər yetirək:

- Azərbaycanın fəxrisiniz. Səni bizə bəxş edən o kişiyə Allah rəhmət eləsin. Azərbaycanın gözəl oğlu, siyasətdə ən öndə duran balamız. Çox sağ ol. Sənin gəlişinə bütün nənələr qurban. Hər bir qüvvətli kişinin arxasında bir cəngavər qadın durur. Allah səni də, sənin arxanda dayanan Mehriban xanımı da qorusun. Hər ikinizə uğurlar arzulayıram... Nənələr, analar gecə-gündüz dua edirlər ki, qara qüvvələr Sizdən uzaq olsun.

Vətəndaşlar da təsdiq etdilər ki, dövlət başçısının xalqla bir yerdə olması, millətə arxalanması, arzu və təkliflərinə, istəklərinə vaxtında cavab verməsi, verdiyi bütün vədlərə əməl etməsi xalqın Prezidentinə inamını, etimadını daha da artırır.

Prezidentin "Mən verdiyim sözlərə həmişə əməl etmişəm. Həmişə bu dəstəyə arxalanmışam, mənə güc verən Sizin mənə olan inamınızdır.. Sizə xidmət etməyə gəlmişəm” fikirləri isə bir daha hər bir vətəndaşı qürurlandırdı.


Ali Baş Komandan kimi əsgərin, Prezident kimi xalqın yanında


Beyləqana səfəri çərçivəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı Müdafiə Nazirliyinin yeni inşa edilmiş "N” saylı hərbi hissəsində yaradılan şəraitlə də tanış oldu.

Bu bir həqiqətdir ki, hazırda dünyanın ən güclü 50 ordusu sırasında olan Azərbaycan Ordusunun bu uğurunu şərtləndirən ölkəmizin dinamik iqtisadi inkişafıdır. Bu inkişaf Silahlı Qüvvələrin də müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynayıb.

Hərbi hissə ilə tanış olduqdan sonra yeməkxanada yaradılan şəraitlə maraqlanan Prezident həm də əsgər atası kimi hərbi hissənin şəxsi heyəti ilə birlikdə nahar etdi. Bu da bir daha təsdiq etdi ki, İlham Əliyev hər zaman Prezident kimi xalqının, Ali Baş Komandan kimi əsgərin yanındadır.

Orduda aparılan islahatlar bəhrə verir. Döyüş hazırlığının yüksək tələblərə cavab verən səviyyəyə çatdırılmasını prioritet vəzifə kimi müəyyənləşdirən Prezident təmas xəttində yerləşən bölgələrə mütəmadi səfərlər edir. Ali Baş Komandanın əsgərlərlə keçirdiyi görüşlər onları Vətəni qorumağa, işğal altındakı torpaqlarımız uğrunda hər an savaşa qalxmağa ruhlandırır.


Prezident Ehtiyat Fondundan 5 milyon manat vəsait ayırdı


Əminliklə deyə bilərik ki, Azərbaycanda dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

Beyləqanda vətəndaşlarla görüşüb onların problemləri ilə maraqlanan və onların həlli istiqamətində göstərişlərin, sərəncamların veriləcəyini söyləyən Prezident İlham Əliyevin Bakıya dönən kimi verdiyi qərarlar da bunu bir daha təsdiqləyir.

Dövlət başçısı Beyləqan rayonunun Dünyamalılar kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi və Beyləqan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında 2 sərəncam imzalayaraq Prezidentin Ehtiyat Fondundan ümumilikdə 5 milyon manat vəsait ayırdı.

Bu vəsaitin 2 milyon manatı rayonun Dünyamalılar kəndində 624 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Təhsil Nazirliyinə, 3 milyon manatı isə istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq və abadlıq-quruculuq işlərini davam etdirmək məqsədilə rayon icra hakimiyyətinə ayrılıb.


Xalqının mənafeyini hər şeydən uca tutan lider


Göründüyü kimi, hər zaman siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanan Prezident İlham Əliyev atdığı addımlarla, verdiyi qərarlarla xalqın sevimli liderinə çevrilib. Dövlət başçısının məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasəti ölkəmizin müstəqilliyinin, iqtisadi tərəqqisinin təmin edilməsinə yönəlib.

"Real” televiziyasına müsahibəsində də bu məsələyə toxunan Prezident qeyd etdi ki, xalq-iqtidar birliyi hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Sabitliyin qorunmasının təminatçısı Azərbaycan xalqıdır: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm və bizim atdığımız addımlar dediklərimi sübut edir. Bizim imkanlarımız artdıqca, ilk növbədə, bu gün hələ də ağır vəziyyətdə, çətin şəraitdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq. Son illər bu istiqamətdə çox böyük işlər görülmüşdür... Dövlət-vətəndaş münasibətləri sağlam zəmində qurulub. Azərbaycan vətəndaşı bilir ki, ən ağır vəziyyətdə Azərbaycan dövləti onun yanında olacaq. Dövlət isə tam əmindir ki, vətəndaş hər zaman dövlətin arxasında olacaq”.

Azərbaycanın dünya siyasətinin mühüm halqasına, qlobal proseslərdə vacib aktora çevrilməsi məhz İlham Əliyevin nüfuzlu dövlət xadimi, qətiyyətli, xalqının mənafeyini hər şeydən uca tutan lider olması ilə şərtlənir. Əminliklə söyləyə bilərik ki, məhz İlham Əliyevin qətiyyətli qərarları ilə yaratdığı yeni tarixi reallıq Azərbaycanı yeni zəfərlərə, qüdrətli gələcəyə doğru aparır.

Bunu 16 il öncə ulu öndər Heydər Əliyev xalqa müraciətində də söyləmişdi: "Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcək. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Böyük öndər bu fikri ilə Azərbaycan xalqına onun alternativsiz siyasi kursunu davam etdirə biləcək ünvanı göstərmişdi. Çünki tam əmin idi ki, müstəqil Azərbaycanın işıqlı gələcəyi üçün müəyyənləşdirdiyi inkişaf konsepsiyasını məhz cənab İlham Əliyev uğurla davam etdirərək reallığa çevirə bilər və bu gün artıq ulu öndərin fikirləri təsdiqini tapır.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video